• cümə axşamı, 25 aprel, 02:06
  • Baku Bakı 19°C

İlham Əliyev məsələ qaldırdı, Rusiya hərəkətə keçdi

15.10.19 17:41 715
İlham Əliyev məsələ qaldırdı, Rusiya hərəkətə keçdi
Ermənistanda faşist əlaltılarının xatirəsini əbədiləşdirməsi, qəhrəmanlaşdırılmasına qarşı prezident İlham Əliyevin çıxışı Rusiya mediası və siyasi dairələrində geniş rezonans doğurub. Qonşu ölkənin əksər media vasitələri prezident İlham Əliyevin arqumentləri qarşısında baş nazir Nikol Paşinyanın aciz qalmasını dönə-dönə qeyd etməkdədirlər. Artıq "Change.org” saytında faşistlərlə əməkdaşlıq edən daşnak tör-töküntüsü Qaregin Njdeyə Rusiyanın Aramvir şəhərində qoyulan xatirə lövhəsinin demontaj edilməsi barədə petisiya hazırlanıb. Petisiya üçün onlayn-platdormada bildirilib ki, faşist reyxi ilə əməkdaşlıq edən Njdenin abidəsi sökülməlidir. Məlumat üçün bildirək ki, erməni radikal millətçiliyinin ideoloqu kimi tanınan Q.Njdeyə Yerevanla yanaşı, Rusiyanın Armavir şəhərində, yerli erməni məbədinin ərazisində də lövhəcik qoyulub. Yerli sakinlər 2012-ci ildə qoyulan lövhənin sökülməsi tələbi ilə dəfələrlə çıxış ediblər. Hətta baş prokurorluğa da müraciət olunsa da, hər hansı bir reaksiya olmayıb.
"Moskva-Baku” portalında dərc olunan məqalədə bildirilir ki, Armavirdə xatirə lövhəciyinin götürülməsi prosesinə federal hakimiyyət orqanları da qoşulub. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov portala müsahibəsində bəyan edib ki, Njdeyə qoyulan lövhəciklə bağlı məsələnin araşdırılması və qısa zaman kəsiyində götürülməsi ilə şəxsən məşğul olacaq. Deputat əvvəlcə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal altında olan Azərbaycan torpaqlarına səfərini şərh edib. Bəlli olduğu kimi, ermənipərəst deputat işğal altında olan torpaqlara getməklə yanaşı, oradan təxribatçı bəyanatlar da səsləndirib. L.Kalaşnikov hesab edir ki, bu, onun şəxsi mövqeyidir, Dövlət Duması bu mövqeyi ümumiyyətlə bölüşmür: "Yəni bu, dövlətin mövqeyi deyil. Mən komitə sədri kimi bütün üzvlərimizə belə bir fikir yeritməyə çalışıram ki, onların vəzifəsi fikir ayrılıqları və ziddiyyətlər yaratmaq deyil. Dostluq telləri qurmaq, MDB-yə üzv dövlətlər arasında sülh və razılığa nail olmaqdır. Elə ola bilməz ki, biri ilə körpülər qurasan, digəri ilə mübahisə, ziddiyyətlər yaradasan. Bu, bizim vəzifəmiz deyil. Lakin deputat niyə belə bir hərəkəti özünə rəva görür - çünki, qanun ona belə bir hüquq verib və heç kim də onu dəyişə bilməz, hətta ölkənin ən ali şəxsləri belə ona bunu qadağan edə bilməz”. L.Kalaşnikov təəssüflə bəyan edib ki, Rusiyanın Ermənistan Azərbaycanla münasibətlərinə sülh və əmin-amanlıq gətirməsinə dəstək vermək əvəzinə, bu tip bəyanatlar səsləndirilir. "Bu tip bəyanatlarla isə münasibətlərə çətin ki, sülh gətirmək olar. Mən hər zaman bəyan etmişəm ki, Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir və onu Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri həll etməlidir. Hətta bu məsələdə ATƏT-in Minsk qrupuna da o qədər də etibar etmirəm. Çünki, bu neçə illər ərzində Minsk qrupu heç nə əldə edə bilməyib. Məsələ yalnız üç ölkənin liderlərinin siyasi iradəsi əsasında həllini tapa bilər”, - deyə bildirib.

Komitə sədri "MDB dövlət başçılarının Aşqabadda keçirilən sammiti zamanı prezident İlham Əliyev MDB ərazisində faşizmin qəhrəmanlaşdırılması məsələsini qaldırıb. Xüsusilə də Yerevanda faşist əlaltısı Qaregin Njdeyə abidə qoyulmasını. Rusiya prezidenti də iclas zamanı nasizmin təmizə çıxarılması cəhdlərinin yolverilməz olduğunu bildirib. Buna münasibətiniz necədir” sualına "Qaregin Njdeyə abidə qoyulması əvvəlki rəhbərliyin dövründə baş verib. O zaman da mən qəti şəkildə bəyan etdim ki, bu addım artıq bir şeydir. Bir çoxları başa düşür ki, bu qərar düzgün deyil və nasizmin digər ölkələrdə də qəhrəmanlaşdırılmasına gətirib çıxara bilər”, formasında cavablandırıb. "Lakin Ermənistan suveren dövlətdir. Rusiyada belə bir qərar qəbul edilib ki, Njdeyə abidə qoyulması tənqid edilməlidir. Biz istənilən ölkədə bu cür hallar baş verərsə, onları tənqid etməkdə davam edəcəyik. Prezident İlham Əliyevin də MDB dövlət başçılarının sammitində bu məsələni qabartması yerinə düşdü və vaxtında səslənib. Çünki, MDB Şurasının toplantısında faşizm üzərində Qələbənin 75 illiyinin bayram edilməsi var”, - deyə komitə sədri bəyan edib. Əlavə edib ki, bu günlərdə Bakıda prezident İlham Əliyevlə görüşüb və müzakirə olunan məsələlər arasında Böyük Qələbənin qeyd olunması da olub: "Görüşdə Prezident Administrasiyasının nümayəndələr də iştirak edirdilər, onlar 75 illik bayrama hazırlıq işlər ilə məşğuldurlar. Qeyd edildi ki, bu, bizim ümumi qələbədir. Azərbaycanın qələbənin əldə olunmasında verdiyi töhfələr barədə danışdıq. Azərbaycanlılar tək cəbhədə döyüşlərindən deyil, bütövlükdə Azərbaycan SSR-in üzərinə düşən əlavə yüklərdən bəhs etdik. Axı o zaman Azərbaycan hospitalları minlərlə xəstə qəbul edib, onlara dəstək olub. Bugünkü gənclik Azərbaycanın cəbhənin yanacağa olan tələbatının 80 faizini təmin etdiyi barədə az məlumatlıdır. Hitler nədən Stalinqrada can atırdı. Məqsəd bu şəhəri tutmaqla Azərbaycana çatmaq idi - bunu da xüsusi qeyd etmək gərəkdir”.
Deputat sonda bildirib ki, bu gün bir sıra ölkələrin liderləri nasizmin qəhrəmanlaşdırılması məsələsində ikili oyun oynayırlar: "Təəssüf ki, Qaregin Njdeyə abidə qoyulması məsələsi ilə də bağlı eyni vəziyyətdir. Njde faşistlərin əlaltısı olub. Rusiya Müdafiə Nazirliyi də bu faktı qeydə alıb və ona abidə qoyulması səhv addım idi. Belə məsələlərlə oynamaq olmaz. Müttəfiq dövlətsən deyə, belə şeylərə göz yummalıyıqmı? Belə olmaz. Ölkələr arasında münasibətləri belə hallarla pisləşdirmək, müxtəlif deputatlar vasitəsilə oyunlar oynamaq - təəssüf ki baş verir. Və biz də bunu başa düşürük”. Deputat Rusiyanın Armavir şəhərində bir neçə ildir ki, Qaregen Njdeyə qoyulan lövhəciyin sökülməsinin əngələ dönməsindən də danışıb: "Mən şəxsən bu məsələ ilə məşğul olacağam. Özüm ora sorğu göndərib onun sökülməsinə çalışacağam. Mübarizə aparacağıq, məşğul olacağıq”, - deyə fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər