• çərşənbə axşamı, 19 mart, 09:02
  • Baku Bakı 8°C

“İkinci əl” bazarda komfortlu maşın qıtlığı var

11.07.18 09:00 5271
“İkinci əl” bazarda komfortlu maşın qıtlığı var
Azərbaycanda ildən-ilə avtomobillərə tələbat çoxalır. Artan maraq təbii ki, maşınların qiymətinə də təsir edir. Son günlər "ikinci əl” avtomobillərin qiymətində artım müşahidə edilir. Bu artımın səbəblərini və nə vaxta qədər davam edəcəyini öyrənməyə çalışdıq.
"Vip Escort MMC”nin bas direktoru, avtoekspert Rəşad Quliyev vəziyyətin yay mövsümü boyunca, yəni sentyabrın sonuna qədər davam edəcəyini deyir: "İkinci əl avtomobil bazarında, xüsusilə də dizel avtomobillərdə müəyyən qədər də olsa qiymət artımı var. Çünki gözlənti var idi ki, yanacağın qiyməti qalxdıqdan sonra dizelin də qiyməti qalxacaq. Amma gözləntilər olmadı. Ona görə də hər kəs dizellə işləyən maşınlara üstünlük verdi. Digər tərəfdən, mövsümlə əlaqədar olaraq minivanlarda satış qiyməti qalxdı. Burada söhbət başqa model avtomobillərdən də gedə bilər. Amma real olaraq turistlərin qarşılanması, onların ölkə ərazisində gəzdirilməsində minivanlardan daha çox istifadə edilir. Xüsusilə də "Mercedes Vito, Viano V, Klass sprinter kimi modellərə daha çox üstünlük verilir. Ona görə də bu vaxtlarda onların qiymətində artım müşahidə olunur. Bu vəziyyət yay mövsümü boyunca, yəni sentyabrın sonuna qədər davam edəcək”.
Müsahibimiz bu halın normal olduğunu, hər mövsüm belə artımın baş verdiyini deyir: "Keçən il aksizlərdə, bu il isə gömrük rüsumunda olan artımlar istər-istəməz maşın bazarına təsirsiz ötüşmür. Əslində, maşın bazarında qiymətlər heç vaxt düşmür. Müəyyən aylarda durğunluq müşahidə olunur, amma ucuzlaşma olmur. Gömrük rüsumlarına gəlincə, təbii ki, azalmadan söhbət gedə bilməz. Amma önümüzdəki aylarda qalxma da gözlənilmir. Azərbaycan artıq maşın istehsalı sahəsində də kifayət qədər uğur qazanıb. Yavaş-yavaş maşın idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilir. Ona görə maşın bazarında da qiymətlərdə ucuzlaşma gözlənilən deyil. Bəlkə rüsumlarda azalma olarsa, avtomobillərin də qiyməti aşağı düşər. Bu da cüzi miqdar olacaq, elə də ciddi qiymət dəyişikliyi olmaz”.
Ekspert deyir ki, qiymət artımının digər bir səbəbi isə son dövrlər ölkəyə gətirilən yararsız avtomobillərdir: "Maşın alveri ilə məşğul olanların bəziləri yarasız avtomobili gətirib, "bəzəyib” satırlar. Və bu mövsümdə həmin maşınların kondisioner, motor problemləri ortaya çıxır. Ona görə də keyfiyyətli, hər bir avadanlığı işlək vəziyyətdə olan avtomobillərdə qiymət artımı olur”.
Avtomobil üzrə ekspert Eldəniz Cəfərov da qiymətlərdəki artımın kəskin olmadığını bildirir: "İkinci əl” maşınların qiymətində kəskin artım müşahidə edilmir. Lakin bununla yanaşı, qiymətlərdə azalma da yoxdur. Bu, o deməkdir ki, ikinci əl avtomobil bazarında komfortlu maşınların qıtlığı var. Mühərrik həcminə görə dövlət rüsumlarının artırılması ilə ilin əvvəlindən başlayaraq ölkəyə gətirilən ikinci əl maşınların sayında azalma müşahidə olunur. Bunun əksinə, rəsmi dilerlər tərəfindən gətirilən yeni maşınların sayında artım var. Hazırda yeni avtomobillərin qiymətində heç bir atım yoxdur. İkinci əl maşınlarda müəyyən qədər də olsa artım müşahidə olunur. Onu da deyək ki, artım bu ilin yay mövsümündə əsasən 2011-2014 il istehsalı krossoverlərdə (CUV) və D seqmentli maşınlardadır”.
E.Cəfərov qiymətlərdə enmə olacağını proqnozlaşdırmır: "Qeyd etdiyimiz kimi, mühərrik həcminə görə rüsumun artırılması pərakəndə şəkildə ölkəmizə minik avtomobili gətirən şirkət və şəxslərə iqtisadi baxımdan o qədər də sərf etmir. Turizmin inkişafı ilə əlaqədar onlar əsasən minivan gətirilməsinə üstünlük verirlər. Çünki minivanın mühərrik həcmi elə sedan və ya yolsuzluq avtomobilləri ilə eynidir, rüsum da eyni olur, lakin alqı-satqı zamanı daha gəlirlidir. Azərbaycanda "ikinci əl” avtomobil bazarında qiymətlərdə enmə olmayacaq. Amma kəskin yüksəlmə də gözlənilmir”.
"Sirena Motors”un marketinq departamentinin rəhbəri Eyyub Əliyev deyir ki, köhnə maşınların sıradan çıxması yeni maşınlarda qiymət artımına şərait yaradır. Beləliklə də bazarda olan maşınların qiyməti artır: "Açığı, bu, elə də ciddi bir artım deyil. Sadəcə, bəzi maşınların qiymətlərində kiçik artımlar müşahidə olunub. Bu da daha çox ölkəyə gətirilən yeni maşınlarla əlaqədardır. Bildiyimiz kimi, 2014-cü ildən 2006-cı ildən əvvəl istehsal olunan maşınlar Azərbaycana buraxılmır. Köhnə maşınlar gəlmir deyə, bazarda olan maşınların qiyməti artır. Məsələn, əvvəllər 2001-ci ilin Mercedes C-Klass-nın qiyməti 7-8 min idisə, indi 8500-dir. Hətta tam yaxşı vəziyyətdə olanını 9 minə də satan var”.
Departament rəhbəri qiymət artımında bazardakı alverçilərin də rolu olduğunu qeyd edir: "Yay mövsümü maşın bazarının ən qızğın dövrüdür desək, yanılmarıq. Bu aylarda alış-veriş çox olur deyə, qiymətlərdə qalxma baş verir. Mən deyərdim ki, bəzi hallarda artımı bazardakı alverçilər edir. Bu süni artımın əsasında da digər vətəndaşlar maşınlarını baha qiymətə satışa çıxarır. Maşınını satmaq istəyən sadə vətəndaş bazarı araşdırır və görür ki, onun maşınından elə də yaxşı vəziyyətdə olmayanı 10 minə satırlar. O da tutaq ki, nəzərində 9 min tutmuşdusa, bu zaman satış qiymətini 11 min edir. Beləcə qiymət artımı baş verir. Düşünürəm ki, bazara yeni avtomobillər daxil olduqca qiymətlərdə azalma ola bilər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər