• cümə, 29 Mart, 12:33
  • Baku Bakı 14°C

İki cəbhədə “vuruşan” iqtisadiyyat

24.10.20 13:30 3352
İki cəbhədə “vuruşan” iqtisadiyyat
Mütəxəssislər hesab edirlər ki, pandemiya və müharibə iqtisadiyyatımıza köklü zərər vura bilməyəcək
Ölkəmizin iki cəbhədə müharibəsi davam edir. Qarabağdan gələn şad xəbərlərlə sevinir, ordumuzla fəxr edirik. Cəbhədəki düşmənə fokuslanıb, yanımızdakı düşməni unuduruq... O da "münbit” mühitdən istifadə edərək, yoluxdurmağa davam edir. Ordumuz zəfər xəbərləri versə də, biz virusla mübarizədə hələ ki, uduzuruq... Son günlər artan rəqəmlər bu "məğlubiyyəti” üzümüzə vurur... Azərbaycan iqtisadiyyatı həm müharibə, həm də virusla mübarizə aparır. Ölkə iqtisadiyyatı COVİD 19-a və müharibəyə tab gətirə biləcəkmi?
İqtisadçı ekspert Turab Rzayevdeyir ki, koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyata zərər vurub: "Virusla mübarizə apardığımız ilk günlərdə iqtisadi aktivlik aşağı düşdü, ticarət nöqtələri bağlandı, turizm sahəsi demək olar ki, dayandı. Müharibə zamanı isə iqtisadi fəal əhalinin bir hissəsi iş yerlərindən uzaqlaşır və cəbhəyə yollanır. Karantindən əlavə, komendant saatı tətbiq olunub və bununla bağlı da iqtisadi aktivlik aşağı düşüb. Hər gün axşam 9-da işlər dayanır. Bu da iqtisadi effektivliyə mənfi təsir göstərən amildir”.
Ekspert vurğulayır ki, müharibənin və virusun iqtisadiyyata təsirləri olsa da, iqtisadiyyatımıza köklü zərər vurmayacaq: "Düzdür, hərbi əməliyyatlar kifayət qədər xərc tələb edir və nəzərə alsaq ki, biz ən son istehsal olunan, müasir silahlarla döyüşürük, bu avadanlıqların qiyməti də yüksəkdir. Amma düşünürəm ki, müharibə Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmayacaq. Çünki biz illərlə buna hazırlaşıb, bu günü gözləmişik. Düzdür, bahalı silahlardan istifadə edirik, bu, iqtisadi xərcdir. Amma biz onsuz da bəzi dronları özümüz istehsal edirik və xaricdən aldığımız silahları öncədən almışdıq. Bunun üçün ölkə büdcəsindən pul xərcləmirik. Bu, kağız üzərində zərər kimi görünsə də, bizə əlavə xərc yaratmır. Digər məsələ ondan ibarətdir ki, müharibə nəticəsində artıq 3 rayon azad olunub və digər rayonlar da azad olunacaq. İşğaldan azad olunan ərazilərdə iqtisadi aktivlik yaranacaq. Azad olunan ərazilər yenidən qurulacaq. Hazırda Suqovuşana yol çəkilir. Bu, yeni bir iqtisadi katalizator rolunu oynayacaq. Bu ərazilərə qoyulan sərmayələr iqtisadiyyatı yenidən gücləndirəcək. Biz Dağlıq Qarabağın turizm potensialından geniş istifadə edə bilərik. Nə pandemiya, nə də müharibə iqtisadiyyatımıza köklü zərər vura biləcək. Çünki iqtisadi potensialımız bu çətinliklərin öhdəsindən gəlməyə imkan verir”.
Təsadüfi deyil ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da mətbuata açıqlamasında vurğulayıb ki, bizim kifayət qədər ehtiyatlarımız var ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra tez bir zamanda Azərbaycan iqtisadiyyatının artımını bərpa edək, inklüziv artım yoluna çıxaq: "Prezident tərəfindən növbəti 10 ildə iqtisadi potensialımızı 2 dəfə artırmaq vəzifəsi qoyulub. Hesab edirik ki, bu hədəf kifayət qədər realdır. Lakin yeni bir faktı qeyd etmək istəyirəm ki, o da Prezidentin azad olunmuş torpaqların tam bərpası proqramıdır ki, bu da, olduqca böyük miqyaslı proqramdır. Bu proqramın realizasiyası ilə işğaldan azad edilən torpaqlarımızın təbii resursları iqtisadi dövriyyəyə qaytarılacaq, həyata keçiriləcək nəhəng investisiya proqramları və yaradılacaq yeni iş yerləri iqtisadi artımımıza əhəmiyyətli impuls verəcək”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, indiyə qədər Azərbaycan iqtisadiyyatı Ordunu dəstəkləyirdisə, indi Ordu iqtisadiyyata töhfə verir: "Azərbaycan 5G – beşinci nəsil müharibə aparır və qanuni torpaqlarını azad edir. İşğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücünü artıracaq. Xüsusən də Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyi son 17 ildə iqtisadiyyatını 3 dəfədən çox böyütməsi, regional neft-qaz və nəqliyyat-logistika layihələrini gerçəkləşdirməsi ilə sübut olundu. Əhalisinə görə dünyada 90-cı və ərazisinə görə 114-cü ölkə olan Azərbaycan nüfuzlu "US News”un hesabatına əsasən, dünyada 45-ci gücə çevrilməyi bacarıb. Azərbaycanın regional oyunçu statusunda iqtisadi və siyasi üstünlüyünü hərbi potensialının təsdiqi tamamlamalı idi ki, ölkə regional liderliyini tam təsbit etsin. Son 10 ildə Azərbaycanın hərbi büdcəsi ÜDM-in 4 faizi və dövlət büdcəsinin 11 faizi həddində olub. Cari il sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənin 30 il müddətində yaratdığı müdafiə səddi yarılıb və 1988-1993-cü illərdə işğalına illər sərf edilmiş Azərbaycan torpaqları həftələr ərzində azad edilir. Beləliklə, Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə və düşmən üzərində üstünlüyə çevirməyi bacarıb. Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri – iqtisadi, siyasi və hərbi cəhətdən önə çıxması, regionun geopolitikasını və geoiqtisadiyyatını yenidən şəkilləndirir”.
Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərərlərdən danışan millət vəkili Vahid Əhmədov da deyir ki, vəziyyətdən çıxmaq üçün kifayət qədər ehtiyatlarımız var: "Pandemiya bütün dünya iqtisadiyyatına olduğu kimi, ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşməyib. Amma hazırkı situasiyada iqtisadiyyatda ciddi zərər gözlənilmir. Kifayət qədər ehtiyatlarımız var. Neftin qiyməti də hələlik çox aşağı deyil. Ona görə də, ciddi problem olmamalıdır. Fikir verin, pandemiya, müharibə şəraitində Azərbaycanın ərzaqla bağlı heç bir problemi yoxdur. Bütün mağaza və marketlərdə hər şey var. Eyni zamanda, Azərbaycan ordusunun təminatında heç bir problem yoxdur. Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlı olduğu üçün müharibənin təsirləri o qədər hiss edilmir, arxa cəbhədə həyat öz axarında davam edir, insanlar öz iş-gücündədirlər. Ordumuzun daha da qüvvətli olması üçün hər cür dəstəyi əsirgəmirlər. Müharibədən millətimiz əziyyət çəkir, amma bu, qürurlu əziyyətdir”.
Bunu da vurğulayaq ki, pandemiya iqtisadiyyatımıza ciddi ziyan vurmasa da, sağlamlığımızı təhdid altında qoyur. Üstəlik, müharibə getdiyi bir vaxtda xəstələnməyə haqqımız yoxdur. Hər savaşda yaralılar və şəhidlər olur. Biz burada gigiyena qaydalarına əməl etməyib yoluxduqda, xəstəxanalardakı çarpayıları, həkimləri məşğul edirik. Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim sayı və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək. Sağlamlığımızın qeydinə qalmalıyıq ki, indiki vaxtda dövlətə əlavə yük olmayaq.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər