AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"İİTKM dövlət-özəl dialoqu məkanı kimi islahatların səmərəliliyinə xidmət edir"

Müsahibə
09 Avqust 2020, 15:45 768
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatları çərçivəsində yaradılmış, uğurla fəaliyyət göstərən qurumlardan biri də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir (İİTKM). Qurumun çevik və yığcam strukturu, güclü kadr bazası, innovativ layihələri, ən əsası nizamnaməsindən irəli gələn təhlil, monitorinq, qiymətləndirmə və kommunikasiya kimi funksionallıqları var. Bəs koronavirus pandemiyası şəraitində İİTKM necə fəaliyyət göstərir? Bununla bağlı "Report"un suallarını Mərkəzin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı cavablandırıb. 

- Vüsal müəllim, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yeni reallıqlarda fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan dövləti eyni vaxtda pandemiya, quraqlıq, aşağı neft qiymətləri və Ermənistanın sərhəddə yaratdığı hərbi təxribata qarşı böhran idarəetməsi nümunəsi göstərir. İİTKM da öz fəaliyyətini nizamnaməsindən irəli gələn tələblər nəzərə alınmaqla yeni reallıqlar şəraitində təşkil edir. İlk növbədə kadrlarımız peşəkarlıq və dövlətçilik prinsipini əsas götürərək və indiki şəraitdə məsuliyyətini dərk edərək komanda işini ortaya qoyur. İİTKM-in tətbiq etdiyi rəqəmsal həllər xüsusən pandemiya şəraitində məsafədən fəaliyyət göstərməyə imkan yaradır. İnnovativ layihələrimiz post-pandemiya dövründə daha böyük perspektivlər vəd edir. İndiki şəraitdə həm yerli, həm də beynəlxalq səviyyədə kommunikasiya daha da gücləndirilib. Bunun üçün Mərkəzin analitik aparatı lazımi təhlil materialları ilə kommunikasiya siyasətini təmin edir. Bu mənada dövlət proqramları və strategiyalarının tərəfimizdən monitorinqi və qiymətləndirilməsi də həm islahat təkliflərinin verilməsinə, həm də kommunikasiya üçün materialların hazırlanmasına dəstək verir. İİTKM-in analitik aparatı dövlət strategiyaları və proqramlarının hazırlanması üçün kifayət qədər hazırlıqlıdır. Beləliklə, İİTKM-də əsas funksionallıqlar – təhlil, monitorinq, qiymətləndirmə və kommunikasiya – bir-birilə sinerji effekti yaradır. Bu xüsusda İİTKM-in dövlət-özəl dialoqu məkanı kimi fəaliyyət göstərməsi iqtisadi siyasətin və islahatların effektivliyinin, ünvanlılığının və inklüzivliyinin təmin olunmasına kömək edir. Bütün komandamız Mərkəzin strateji inkişaf planına uyğun eyni istiqamətdə işləyir. Bu günlərdə İİTKM-də rəhbər vəzifələrə yeni kadr təyinatları həyata keçirildi ki, bu bir tərəfdən meritokratik yanaşma idi, digər tərəfdən isə komandanın motivasiyasını daha da artırmış oldu. Ən əsası odur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında və onun etimadına qarşılıq İİTKM-in komandası öz işinin əhəmiyyətini və məsuliyyətini dərk edir və dövlətçiliyimizə və xalqımıza xidmətdən məmnunluq duyur. 

- İİTKM pandemiya şəraitində əsas funksionallıqlarından olan monitorinq və qiymətləndirmə fəaliyyətini necə həyata keçirir?
- İİTKM-nın fəaliyyəti əvvəlcədən tam rəqəmsallaşdığından pandemiya şəraitinə uyğunlaşmağımız asan oldu. Bildiyiniz kimi, Mərkəz tərəfindən 12 strateji yol xəritəsi, həmçinin rəqəmsal ödənişlərin genişləndirilməsi, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması, qida təhlükəsizliyinin təmin edilməsi, məşğulluq strategiyası, yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadə kimi dövlət sənədlərinin monitorinqi  aparılır. Bu çərçivədə görülmüş işlərlə bağlı 50-yə yaxın dövlət qurumundan daxil olmuş hesabatlar emal edildikdən sonra işçi qrup nümayəndələri ilə onlayn qaydada müzakirələr keçirilib və yekun hesabatlar hazırlanıb. Strateji yol xəritələrinin, dövlət proqramlarının, strategiyaların, tədbirlər planlarının monitorinq və qiymətləndirilməsinin aparılması üçün www.monitoring.az  portalı işlək vəziyyətə gətirilib. Dünya Bankının "Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatında qeyd edilib ki, Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə "nəticə-əsaslı yaxşı idarəetmə” nümunəsi yaradıb. Azərbaycanda yaradılan rəqəmsal monitorinq və qiymətlədirilmə institutu Dünya Bankı tərəfindən başqa ölkələrə nümunə olaraq innovativ təcrübə kimi təqdim olunur. İdarəetmədə səmərəlilik, çeviklik, hesabatlılıq və şəffaflığı artıran www.monitoring.az portalı həm də ekoloji cəhətdən uyğundur. Biz BMT İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, BP şirkəti və digər tərəfdaşlarımızın köməyilə monitorinq və qiymətləndirmə metodologiyalarının yerli şəraitdə tətbiqi və bu sahədə bacarıqların artırılması istiqamətində faydalı əməkdaşlıq edirik. Ən əsas məsələ "fəaliyyət əsaslı”dan "nəticə-əsaslı” monitorinq və qiymətləndirməyə keçiddir. Bu həm də nəticə-əsaslı büdcə siyasəti ilə uzlaşır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin ”Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 17 mart tarixli Sərəncamı da həm yerli, həm də mərkəzi icra hakimiyyəti qurumlarının fəaliyyətinin qiymətləndirilməsi üçün yeni vəzifələr müəyyənləşdirmişdi. Pandemiya şəraiti bütövlükdə dövlət sərmayələrinin idarəedilməsi, o cümlədən monitorinq və  qiymətləndirilməsi ilə bağlı yeni çağırışları ortaya qoymuşdur. Bu gün İİTKM-da monitorinq və qiymətləndirmə sahəsində formalaşan institutsional yaddaş, kadr ehtiyatı, proqram təminatı və metodoloji çərçivə bu sahədə işlərin daha da irəli aparılmasında faydalı olacaq. 

- Bilirik ki, Sizin Mərkəz Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya ilə sıx əməkdaşlıq şəraitində işləyir. Bu sahədə vəziyyət necədir?
- İİTKM-da monitorinq və qiymətləndirmə fəaliyyəti imkan verir ki, bizdə iqtisadi siyasət sahəsində "böyük verilənlər bazası” toplansın. İndi datanın nə qədər əhəmiyyətli olduğunu deməyə lüzum yoxdur. Xüsusən yeni islahatların hazırlanmasında monitorinq və qiymətləndirmə nəticəsində əldə olunan datalardan istifadə etmək olur. Beləliklə, islahatlarla monitorinq və qiymətləndirmə arasında "müdrik çevrə” yaranır. Biz təkcə monitorinq və qiymətləndirmə fəaliyyətini deyil, həm də islahat prosesi üçün də rəqəmsal platforma yaratmışıq. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı olan azranking.az-da işçi qruplarının tərkibi, onların  fəaliyyəti, həyata keçirilən islahatlar üzrə video təqdimatlar, beynəlxalq indekslər üzrə bütün lazimi məlumatların, müqayisəli təhlil sisteminin yerləşdirilməsi və daimi olaraq yenilənməsi həyata keçirilir. Mərkəzimiz Biznes Komissiyasının Katibliyinin və işçi qrupların iclaslarının keçirilməsinə dəstək göstərir, Komissiyanın iclaslarında baxılacaq məsələlər üzrə təkliflər, işçi qrupların fəaliyyətinin təşkil və koordinasiya edilməsinə dəstək verir. Biznes Komissiyasının dövlət-özəl dialoqu platforması kimi fəaliyyət göstərməsi üçün bütün lazımi addımlar atılır. Xüsusilə də, sahibkarların, beynəlxalq təşkilatların, müstəqil ekspertlərin, QHT-lərin və konsaltinq şirkətlərinin islahat prosesinə cəlb edilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi fəaliyyətlər həyata keçirir. Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları da daxil əsas heyəti qeyri-dövlət qurumlarının təmsilçiləridir. Bu da islahatların inklüzivliyi üçün əsaslar yaradır. 

- Sizin Mərkəzdə həm də güclü analitik aparat formalaşdırılıb. Hansı istiqamətlərdə təhlillər aparırsınız? 
- Mərkəzimizdə "EconLAB” iqtisadi təhlil laboratoriyası qurulub. Laboratoriyada makro, mezo və mikro səviyyədə təhlillərin aparılması üçün beş modelin versiyaları var və müvafiq testlər aparılıb "EconLAB”-ın beynəlxalq təqdimatı ilk dəfə olaraq Bolqarıstanın Sofiya şəhərində yerləşən İqtisadi Siyasət İnstitutunda keçirilib. Laboratoriyanın imkanlarından istifadə edərək, iqtisadi sektorlar üzrə investisiya xərclərinin ümumi buraxılışa təsirləri analiz edilib. Bundan əlavə, pandemiyanın iqtisadiyyata və xüsusilə də, turizm sənayesinə təsirlərinin qısa və uzunmüddətli təsirləri təhlil edilərək arayiş və təqdimat hazırlanıb və müvafiq olaraq təqdim edilib. Beynəlxalq Valyuta Fondunun (BVF) "Maliyyə Proqramlaşdırılması (FP)” modeli əsasında ekonometrik təhlillər və proqnozlar hazırlanmışdır. "Qeyri-neft sektorunda potensial artım” tədqiqatında məşğulluq, əmək, kapital, məhsuldarlıq təhlil edilmiş, artımın mənbələri, cari hesab, büdcə və monetar sektor üzrə hesablamalar və proqnozlar hazırlanmışdır. Bundan əlavə, Maliyyə Proqramlaşdırılması modeli əsasında Azərbaycan üzrə fiskal multiplikatorun hesablanması üzrə tədqiqat aparılmış və gəlir, sosial paket, istehlak artımı, idxala təsirlər təhlil olunub. Eləcə də, büdcənin kapital investisiya xərcləri ilə tikinti sektorunun artım tempi arasında reqresiya təhlili aparılmışdır. BVF-nin Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) reqressiya-əsasli modelində 2019-cu il üzrə cari hesab və real effektiv məzənnə kəsirinin ("gap analysis”) təhlili aparılıb. İİTKM ADB və Avstraliyanın Viktoriya Universiteti birlikdə Azərbaycan üçün ORANİ modelini qurub. Bir tərəfdən monitorinq və qiymətləndirmə zamanı əldə olunan data, digər tərəfdən isə güclü analitik aparat bizə imkan verir ki, müxtəlif dövlət proqramları və strategiyalarının hazırlanmasında yaxından iştirak edək. 

- Pandemiya şəraitində elektron ticarətin əhəmiyyəti və miqyasları artır. Bu mənada vaxtilə Azexport.az portalının yaradılması uzaqgörənlikdir.
- Bəli, cənab Prezident tərəfindən Azexport portalının 2016-cı ildə yaradılması strateji bir addım idi. Müqayisə üçün deyim ki, dünyada və Azərbaycanda bu tip dövlət-özəl partnyorluğuna əsaslanan e-ticarət platformalarının yaradılmasına edilən cəhdlər həmişə uğurla nəticələnməyib. Azexport isə Azərbaycan məhsullarını beynəlxalq elektron ticarət vitrinlərində nümayiş etdirməklə yanaşı, həm də ölkəmizə milyadlarla dollar dəyərində ixrac sifarişləri gətirir. Azexport bununla yanaşı, həm də elektron ticarət sahəsində maarifləndirmə və bacarıqların artırılması işinə də böyük töhfələr verir. Azexport  "Worldef Business School” və "Worldef "şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, "My Broker” gömrük təmsilçiliyi ilə birgə 30 aprel – 19 may 2020-ci il tarixlərində "Distant Amazon və Elektron Ticarət” layihəsi həyata keçirilib. Azexport portalı Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center - ITC) ilə birlikdə "Ticarətə Hazır" layihəsi çərçivəsində bu günlərdə onlayn təlimlər təşkil edir. Layihə çərçivəsində beynəlxalq elektron ödənişlər, "WordPress/WooCommerce" tətbiqi vasitəsilə elektron ticarət saytını qurulması, Amerika və Avropa ölkələrində elektron ticarətlə məşğul olmaq üçün şirkət qeydiyyatı, "Amazon" elektron ticarət platformasında açılan hesabın aktiv saxlanılmasına dair həll yolları kimi mövzuları tədris olunmuşdur. Bu yaxınlarda Azexport.az portalının tərəfdaşlığı ilə  ixracatçı sahibkarlara Rusiya bazarında "Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda onlayn müzakirə keçirilib. Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının elektron ticarətin inkişafı Şurası ilə Azexport portalı arasında tətbiq olunan uğurlu yeni elektron nümunələrin qarşılıqlı hər iki ölkədə tanıdılmasına dair ilkin razılıq əldə olunub. Ümumiyyətlə, Azərbaycanda e-ticarətin inkişafı üçün sistemli fəaliyyətlər aparılır. Azərbaycan Asiya və Sakit Okean ölkələri arasında sərhədlərarası kağızsız ticarətin asanlaşdırılmasına dair Çərçivə Sazişini qəbul edən ilk ölkədir. Azərbaycan BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı qlobal tədqiqatında ilk pillədə yer alıb. Hesabatda göstərilir ki, Azərbaycan bütün göstəricilərə görə dünyada ən öndə gedən ölkələr arasında, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında isə liderdir. Bu il sentyabr ayının 28-29-da UNESCAP-ın təşkilatçılığı ilə Bankokda keçiriləcək "Sərhədlər arası kağızsız ticarətin asanlaşdırılması üzrə müvəqqəti hökumətlərarası idarəetmə qrupunun altıncı iclası”nda aşılış nitqi etmək üçün dəvət olunmuşam. 

- İxracın dəstəklənməsi həm də "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilir. Bu qurumun pandemiya şəraitində fəaliyyəti necə qurulub?  
İxracımızın artması yeni çağırışları özündə ehtiva edir ki, bunlardan biri də ticarət prosedurlarının sadələşdirilməsidir. Prezident İlham Əliyevin 23 Fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılan "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi çevik, yığcam və şəffaf şəkildə prosedurları həyata keçirməyə imkan yaradır və sahibkar məmnunluğunu artırır. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən dövlət qurumları ölkədən ixrac olunan bütün növ mal və məhsullar üçün icazə və sertifikatlar verərək, ixracatçıların əməliyyatlarını asanlaşdırır, vaxt və xərc itkisinin qarşısını alır.  "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəilə  son 3 ildə 400 milyon ABŞ dollarına yaxın ixrac həyata keçirilmişdir. Mərkəzin xidmətlərindən istifadə edən sahibkarların məmnuniyyət səviyyəsi 99 faiz səviyyəsində qiymətləndirilib. Bundan əlavə, "bir pəncərə" sistemi sahibkarlara elektron qaydada xidmətlər göstərir. İİTKM dünyada ilk dəfə olaraq vahid onlayn ixrac ərizəsi təqdim edib ki, bu da sahibkarların məsafədən bütün prosedurları həyata keçirməsinə şərait yaradır. Elektron tətbiqlərdən istifadə edə bilməyən, icazələr üçün sənədləşmə haqqında konsultasiya almaq istəyən sahibkarlar Mərkəzə müraciət edərək dolğun məlumat alır və ikinci addımda ixracını reallaşdırır. Hazırda "Bir Pəncərə”də bank xidmətləri, o cümlədən, akkreditiv, faktorinq və ixrac sığortası kimi sahələrdə "Kapital Bank”la əməkdaşlıq qurulub. Bir sözlə, ixracata lazım olan bütün istiqamətlərdə sahibkarlara dəstək göstərilir.    

- İİTKM-in innovativ layihələrindən biri də EnterpriseAzerbaijan.com portalıdır. Hazırda portal hansı fəaliyyətləri həyata keçirirlir?
- Hazırda EnterpriseAzerbaijan.com portalı Britaniya Şurası ilə əməkdaşlıq çərçivəsində İngiltərənin Newcastle Universiteti ilə birgə həyata keçirdiyi "Creative Spark” (Kreativ-yaradıcı qığılcım) layihəsi uğurla icra edir. "Creative Spark” layihəsi çərçivəsində www.enterpriseazerbaijan.com portalına inteqrasiya olunan seminarlar, görüş və təlimlər keçirilir. Cari ilin fevral ayında layihə çərçivəsində pilot olaraq seçilmiş üç universitetin (UNEC, BMU və ADAU) biznes və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən müəllimləri (16 nəfər) ilə birlikdə "Təlimçiyə təlim” adlı biznesin innovativ tədris metodikası mövzusunda intensiv seminarlar keçirilib. Seminar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin partnyoru Newcastle Universitetindən professorlar tərəfindən aparılıb. EnterpriseAzerbaijan.com portalı Azərbaycan startapını dünyaca məşhur qlobal kraudfanding platforması olan "Kickstarter”ə yerləşdirdikdən sonra, təqdimat video çarxının və digər bütün təqdimatlarının hazırlanmasında professional dəstək göstərıb. EnterpriseAzerbaijan.com və Azərbaycan Beynəlxalq Bankının birgə əməkdaşlığı çərçivəsində Azərbaycandakı startap və innovativ layihələrin xarici maliyyə resurslarına çıxışında dəstəklənməsi istiqamətində beynəlxalq kraudfandinq imkanlarının təqdim olunduğu müsabiqə pandemiya ilə əlaqədar bir müddət ləngisə də, onlayn iş rejiminə keçiddən sonra davam etmişdir. Hal-hazırda müsabiqəyə müraciət etmiş layihələrin sırasında 10 layihə seçilmiş və yaxın zamanda təqdimatların hazırlanmasında professional dəstək alacaq qaliblərin elan olunması gözlənilir. www.enterpriseazerbaijan.com portalı 14 innovativ layihənin təqdimatına dəstək olaraq həmin layihələri əməkdaşlıq etdiyi Dövlət Məşğulluq Xidmətinin 2020-ci il üçün "Özünüməşğulluq” proqramına təqdim etmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, carı ilin fevral ayında Mərkəzin "Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq çərçivəsində www.enterpriseazerbaijan.com portalı "Microsoft Azərbaycan”ın dəstəyi ilə Mərkəzdə gənclər üçün "Layihələrin idarə olunması sistemləri” və ”Mürəkkəb analitika və data vizualizasiyası” mövzularında seminarlar təşkil edib.

- Dünyda ikinci Rəqəmsal Ticarət Qovşağı (DTH) Azərbaycanda yaranmışdır. Sizin Mərkəz bu qovşağın operatorudur. DTH qarşısına qoyduğu məqsədləri necə realizasiya edir?  
- Rəqəmsal Ticarət Qovşağı (RTQ) 2017-ci il 22 fevral tarixində Cənab Prezident İlham Əliyevin 1255 nömrəli Fərmanı əsasında təsis edilmişdir. Qovşaq vasitəsilə Azərbaycan dünyada elektron və mobil imza təqdim edən ikinci dövlət olubmuşdur. Bu qeyri-rezidentlərə və xaricdə yaşayan vətəndaşlarımıza Azərbaycana gəlmədən müxtəlif elektron xidmətlərdən yararlanmaq və həmçinin biznes fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmışdır. Elektron və mobil rezidentlik xidmətindən yararlanmaq üçün artıq 30 ölkədən 100-ə yaxın vətəndaş müraciət etmiş və Azərbaycanın rəqəmsal rezidentliyini əldə etmişdir. Bu ölkələr arasında ABŞ, Danimarka, İsveç, Belçika, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Yunanıstan, Braziliya, CAR, Yaponiya, Rusiya, Belarus, Estoniya və digərləri yer almışdır. Proqrama olan çox-millətli maraq Estoniyanın diqqətini cəlb etmiş, onun haqqında dünyada böyük nüfusa malik www.e-estonia.com portalında geniş məqalə bu yaxınlarda dərc olunmuşdur. RTQ bu təqdim edilən xidmətlərin spektrini genişləndirmək və istifadəçilərin rahatlığını təmin etmək məqsədilə həm özəl həm də dövlət sektorunun təmsilçilərilə birgə layihələr həyata keçirmişdir. RTQ Paşa Bank ilə korporativ bank hesablarının tam məsafədən açılması üçün pilot layihəyə başlamış, onu uğurla həyata keçirmişdir. Paralel olaraq Qovşaq Asan Xidmət, Mərkəzi Bank, Dövlət Vergi Xidməti, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və ƏƏSMN ilə müxtəlif istiqamətlərdə rəqəmsal həllər təqdim etmiş, yeni layihələr üzərində əməkdaşlıqlar qurmuşdur. Ümumilikdə qeyd edə bilərik ki, Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi dövlət-özəl tərəfdaşlığı prinsipi unikal və funksional rəqəmsal xidmətlərin ölkəmizdə və onun hüdudları xaricində daha da geniş formatda təqdim edilməsinə dəstək göstərmişdir. Beləliklə,  Rəqəmsal Ticarət Qovşağı öz fəaliyyəti dövründə həm elektron və mobil rezidentlik, həm də transsərhəd əməliyyatların aparılması istiqamətində əhəmiyyətli işlər görmüş və Azərbaycanın rəqəmsallaşmasına töhfə verən önəmli layihələrdən birinə çevrilib. 

- İqtisadi islahatların kommunikasiyası üçün hansı tədbirlər həyata keçirilir? 
- İİTKM-nın 40-a yaxın internet resursu – www.iqtisadiislahat.org, www.ereforms.org, www.ecoreform.az, www.azexport.az, www.enterpriseazerbaijan.com, www.azerp.az, www.azranking.az, www.monitoring.az, eləcə də,  Facebookda 6 səhifə, Twitterdə 3 səhifə, Linkedində 2 səhifə, İnstagramda 3 səhifə və Youtube kanalı fəaliyyət göstərir. Təkcə 2020-ci ilin əvvəlindən Mərkəzdən 120-ə yaxın, başqa sözlə, iş günləri ərzində hər gün iki-üç  press-reliz KİV-ə ötürülüb. Bu xəbərlər ölkədə aparılan iqtisadi islahatlara yanaşı, həm də İİTKM-in fəaliyyətinə aiddir. İxrac icmalı, İslahat İcmalı və Video İcmal kimi xüsusi buraxılışlarımız isə demək olar ki, hər həftə hazırlanır. "İxrac icmalı”nın hər buraxılışında (ayda 1 dəfə) Mərkəzin brifinqi təşkil edilib. "İxrac İcmalı” 2017-ci ilin aprel ayından etibarən müntəzəm olaraq hər ay yayımlanır. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət etməkdir. "İslahat İcmalı” 2018-ci ilin yanvar ayından etibarən yeni formatda yayımlanır. İcmalın məqsədi iqtisadi islahatlarla bağlı maarifləndirmə işinə xidmət etməkdir. Azərbaycan, rus və ingilis dillərində yayımlanan xəbərlər təkcə Azərbaycanın daxilində deyil, həm də ölkə xaricində yayımlanır. İİTKM son bir ayda BMT, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi, İtaliya Xəzinədarlığı, E-Estonia, Daily Sabah, İnterfax kimi beynəlxalq platformalarda təqdim olunub. Sosial şəbəkələrdə izləyicilərimizin sayı yüz minlərlədir. Bir sıra tədbirlərimizdən Facebook üzərindən canlı  yayımlar təşkil edirik, onlayn mətbuat konfransları keçiririk. Hazırda İİTKM, Mərkəzi Bank və Bank Tədris Mərkəzi məsuliyyətli kreditləşməyə aid onlayn təlimlər təşkil edirlər.  "Əhalinin kreditlər üzrə izafi borclarının qarşısının alınması üçün maarifləndirmə tədbirləri" çərçivəsində jurnalistlər üçün məsuliyyətli kreditləşmə siyasəti barədə təlimlər keçirilmiş, "Kredit potensialının hesablanması”, "İstehlak kreditləri: ödənişlərin xüsusiyyətləri”, "Asan kredit: alım, ya qalım?”, "Zaminin hüquq və öhdəlikləri” kimi mövzularda bukletlər hazırlanıb. 

- Son vaxtlar İİTKM-in "İslahat Könüllüləri” təşkilatı aktiv fəaliyyət göstərir. Könüllülər ili şəraitində bu fəaliyyətin əhəmiyyəti böyükdür. "İslahat Könüllüləri” necə işləyir? 
- Azərbaycan gənclərinin bilik və bacarıqlarını artırmaq, təcrübə qazanmaq, Mərkəz tərəfindən təşkil edilmiş tədbir, təlim və layihələrdə iştirak etmək, karyera istiqamətini seçmək, ölkəmizin iqtisadi inkişafının dəstəklənməsi və inkişaf etdirilməsi üçün şərait yaratmaq məqsədilə 2016-cı ildən İİTKM-də gənclər üçün Təcrübə Proqramı təşkil edilib. Prezidentin 2019-cu il 30 dekabr tarixli 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında Sərəncamına müvafiq olaraq Mərkəzimizdə Təcrübə Proqramının bazasında "İslahat Könüllüləri” qrupu yaradılıb. Hazırda aktiv fəaliyyət göstərən Azexport.az, EnterpriseAzerbaijan.com portallarının yaradılmasında, "Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyətində könüllülər yaxından iştirak edib. Onlardan bir qismi İİTKM-də işlə təmin olunub, digər hissəsi isə fərqli dövlət və özəl qurumlarda işləmək imkanı əldə edib, xarici universitetlərdə magistr və doktorluq səviyyəsində təhsillərini davam etdirirlər.  Bu günə kimi Könüllü Proqramını uğurla başa vuran 300 nəfərdən çox gəncə sertifikat, fəaliyyət zamanı fərqlənən gənclərə müsbət xasiyyətnamə və təşəkkürnamə təqdim olunub. Təcrübə müddətində gənclər Mərkəzin müxtəlif departamentlərinin fəaliyyətində yaxından iştirak edir və tədqiqatlar aparırlar. Karyerasında uğur əldə etmiş könüllülər haqqında məlumatlar "İslahat Könüllüləri” qrupunun sosial şəbəkələrdəki səhifələrində "Həftənin Könüllüsü” başlığı ilə işıqlandırılır. Son iki ayda "İslahat Könüllüləri” təşkilatı pandemiya şəraitində Parlamentin Komitə sədri Tahir Mirkişili, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və AzTV-nin rəhbəri Rövşən Məmmədovun iştirakı ilə respublika könüllülərinin silsilə videokonfranlarını təşkil edib. Məqsəd gənclərimizi düzgün istiqamətləndirmək, onların peşəkarlıq səviyyəsini artırmaq və mənəvi keyfiyyətləri aşılamaqdan ibarətdir. "İslahat Könüllüləri”nin təşkil etdiyi video-konfranslarda minlərlə könüllülər iştirak edir və bu tədbirlərin davamı olacaq. "İslahat Könüllüləri” təşkilatı həmçinin dünyanın müxtəlif ölkələrində olan üzvləri ilə birlikdə müxtəlif mövzularda onlayn konfranslar təşkil edir.