Homerə uduzan Hesiod
Antik
dünyanın ölməz söz ustadlarından olan Homer özündən əvvəl və sonra yaşayan
şairlərin demək olar ki, hamısını kölgədə qoyub. Təbii ki, bunun səbəbi onun
müəllifi olduğu qəbul edilən "İliada” və "Odisseya” əsrləridir. Bu əsərlər
dünya ədəbiyyatı tarixində nə qədər yer tutsa da onun ən böyük qiymət,i məncə,
bu cümlələrdir: "İliada” və "Odisseya” dastanı vahid yunan xalqının yaranmasına
səbəb oldu, tayfaların birləşməsini zəruri etdi”. Bu iki əsər ilkin düşüncə,
mifologiya, tarix və s. üçün əhəmiyyətli olmaqla yanaşı həm də istinad mənbəyi
kimi qəbul olunmaqdadır. Yəni əli heç bir fakta çatmayan araşdırmaçılar ordakı
hadisələrdən, təsvirlərdən yararlanaraq hansısa ciddi
qənaətə gəlirlər. Sonralar tərtib olunan yunan mifologiyası haqqında kitablarda
Homerin məlum dastanlarına çoxlu sayda istinadlar var. Lakin o dövr üçün
əvəzsiz mənbə kimi əsərləri ən çox istinad olunan Hesiodu unuduruq. Bəzən
mifologiya kitablarında Hesioda aid olan hansısa mifik süjetin mənbəyini yanlış
olaraq Homerin əsərləri kimi göstərilir. Bunun səbəbi isə Homerin şair kimi
Hesioddan daha çox tanınması, onun dastanlarının poetik və ictimai-sosial önəm
kəsb etməsidir. Homerlə Hesiodun əsərləri arasında müxtəlif fərqli tərəflər
var. Elmi araşdırmalar son olaraq belə bir qənaətə gəlmişdir ki, bu iki
sənətkar arasında zaman fərqi iki yüz ilə qədərdir. Şəxs olaraq Homerin
əsərlərində özü haqında ciddi fakt kimi nəyəsə rast gəlmək mümkün deyil. Lakin
Hesiod öz əsərlərində necə deyərlər özünü ələ verir. O "Teaqoniya” (Tanrıların
yaranması) və "İşlər və günlər” əsərində özündən danışır. İndiki Kiçik Asyaya,
Yunanıstan sahillərindən gəldiyini yazır, nəsli-nəcabəti özü və ailəsi
haqqında, dünya görüşü, ictimai-sosial baxışı haqqımda məlumat verir.
Səxavət Sahil
Onların
oxşar və fərqli cəhətlərindən kifayət qədər müzakirə açmaq olar. Hətta
üslubların və təsvirlərinin fərqindən də danışa bilərik. Lakin Hesiodun əsas
fərqi onun əsərlərindəki süjetlərin, mifik obrazların daha dolğun olması,
tanrıların necə və hansı səbəblə meydana gəlməsidir. Bu nüans ilk baxışdan
ciddi görünməsə də, olduqca əhəmiyyətli faktdır.
Bildiyimiz
kimi, qədim Yunanıstanda tanrılar panteonu vahid bir sistem olub. Olimp
sakinləri dünyada mövcud olan digər qədim xalqlarda olan tanrılar sistemindən
mükəmməlliyinə görə fərqlənib. Homerin dastanlarını oxuyanda tanrılar haqqında
müəyyən qaranlıq məqamlara rast gəlirik. Tanrıların hansı zərurətdən meydana
çıxması, hansı tanrının hansından yaranması tam dəqiqliklə göstərilmir, Olimp
panteonunun sakinlərinin "tərcümeyi-halını” oxuya bilmirik. Burda Homeri
günahlandırmaq fikrim yoxdur, sadəcə diqqətli oxucu üçün bu məsələlər aydın
olmalıdır. Hesiodun əsərində isə yuxarıda göstərdiyim faktlar tam aydınlığı ilə
ifadə olunub.
Bu
fərqlərlə bağlı antik ədəbiyyat araşdırmaçıları müxtəlif fikirlər yürüdürlər.
Bu fikirlər arasında daha çox diqqət çəkən məsələ Hesiodun miflərin kökünə,
yaranmasına bələd olmasıdır. Hesodun mifik süjetləri Homerin süjetlərindən
fərqlənir. Hesiodun süjetləri Kiçik Asyanın daha qədim sakinləri olan Het
tayfalarına məxsus mifik süjetlərlə səsləşir. Ehtimal var ki, Şumerlərdə
meydana gələn dünya haqqında ilkin təsvirlər, formalaşan düşüncələr qərbə doğru
hərəkət edib, müxtəlif dövrlərdən keçərək qədim yunanlara gəlib çatıb.
Araşdırmaçıların belə qənaətə gəlməsi bir çox suallara aydınlıq gətirməklə
yanaşı, eyni zamanda yeni polemikaya da səbəb olur. Düşüncələr yeni istiqamətdə
yönəlir. Belə nüansları nəzərə alanda Hesiodun dəyəri Homerdən daha çox olur.
Lakin müqayisə zamanı bu cür üstünlüklər nəzərə alınmır. Nəticədə isə
üstünlüklərinə baxmayaraq Hesiod Homerə "uduzur”.
Səxavət Sahil