Həyat başqa yerdə
Milan Kunderanın 1969-cu ildə çap olunan bu
romanını oxumaq fotokolleksiyaya baxmaq
kimi idi. İndiyəcən oxuduğum bir çox bədii kitablar,
psixologiya problemləri, fəlsəfi təlimlər, müxtəlif müəlliflər təqvim vərəqləri
kimi fikrimdə qopub bir-bir ətrafıma səpələnirdi –şair, şeir, Haydeger,
kommunizm, bir az da Freyd.
Əsərin qəhrəmanı olan şairin kommunistlərə
qoşulması, kommunizmi dəstəkləməsi boşuna deyil - pulsuz, sinifsiz, dövlətsiz bir cəmiyyət tərəfdarı
olan kommunizm ucsuz-bucaqsız xəyal dünyasında üzən bir şairin simvolik
işarəsidir, Artur Rembonun "bütün şairlər qardaşdır’ fikrinin kod yazısıdır
sanki. Jaromilin (əsərin qəhrəmanı)
anası ilə münasibətlərinin fonunda yaradılan mənzərə isə Freydin ‘Edip
kompleksi’ nə tamam əks qütbdən – ana tərəfdən baxmaqdır ki, fikrimcə, buna nə
psixologiyada, nə də psixoanalizdə (həmçinin ədəbiyyatda da) hələ ki, cəhd edən olmayıb.
Eksiztensializmin öncüllərindən sayılan
Haydeger öz fəlsəfəsində belə bir fikir irəli sürür : "heç bir insan bu dünyada
yalnız varola bilməz. İnsanın varoluşu digər insanlarla birgə mövcuddur.
Özünün "man sferası’’ (yaxud, onlar sahəsi) adlandırdığı bu "digər
insanlar’’ asanca görülən, təxmin edilən adamlar deyil, varlığımızın ətrafında,
beynimizdə, içimizdəkilər – kim olduqları məlum olmayanlardır.
"Həyat başqa yerdə’də Jaromilin xəyalında
canlandırdığı, yaşatdığı, haqqında danışdığı Xavieer də Jaromilin man sferası’ndakı
insanlardan yalnızca biridir.
Haydegerin
düşüncəsinə görə insanın içində mövcud olduğu dünya onun öz seçimi deyilsə, demək
ki, insan bu dünyada yaşamağa məcbur edilmişdir (dünyaya atılmışlıq fikri) və
buna görə də bizim içində var olduğumuz dünya bizim deyil, o bizə yaddır, düşməndir.
"Dünyaya atılmışlıq fikri’’ qorxu, can sıxıntısı gətirir, amma bu adi, hansısa
təhlükə düşüncəsinə qarşı yaranan qorxudan tam fərqli, naməlumluq qarışıq bir vəziyyətdir
– eynilə Jaromilin qorxuları kimi. Və insan özünü axtarmağa, tanımağa başlayır,
bunun üçün öz üzərində düşünmək əvəzinə, öz bacarıqlarının sərhədlərini
zorlamaq, haracan gedə biləcəyini izləmək lazım olduğunu deyir Haydegger fəlsəfəsi.
İnsan durmadan "mən”in sərhədlərini ötməklə məşğuldu, başqa sözlə –
varoluş daimi bir aşmadır. Jaromil də yazmaqla, rəsm çəkməklə elə bunu
edirdi. Özünü aşmağa, naməlumluq duyğusundan arınmağa çalışırdı. Adam başı çəkə
bilmədiyi üçün portretlərini it başı ilə çəkməsi kənarda anlaşılmazlıq, maraq,
doğursa da, özü səbəbin nə olduğunu bilirdi. Başqalarının qorxulu, vahiməli,
maraqlı qəbul etdiyi bir hadisənin necə sadə səbəbi vardı, deyilmi?
Və şairlər də çox vaxt şeirlərində bu sirli,
dumanlı abu-havanı yaradırlar, sanki nələrinsə qarşısına pərdə çəkməyə
çalışırlar. Metaforalar, altqatda gizlənmələr... Şairlər içinə atıldıqları dünya
ilə içlərindəki dünyanın heç birində yaşaya bilməyənlərdir, iki dünyanın
arasında yuxuda olanlardır. Bütün şairlər yuxuyla reallıq arasındakı sərhəddi
itirib, nəyin xəyal, nəyin reallıq olduğunu çaşdıran "kəpənək
filosof’lardır.
Əsərdə belə bir fikir var – şeir deyilən hər
şeyin gerçək olduğu bir nəsnədir .Şairin nəyisə isbatlamaq, sübut etmək kimi
bir məcburluğu yoxdur. Hər şey duyğuların gücü ilə var olur. Şair şeirləri ilə
avtoportret çəkir, özünü anlaşılmaz hiss etdiyi üçün şeirləri ilə özünü çəkməyə
– aydınlanmağa çalışır.
Əsəri oxuduqca
düşünürsən ki, bəlkə də şair özü şeirləri ilə yaratdığı alatoranlıqda azır,
qurduğu tələyə özü düşür, oxucuya ötürməyə çalışdığı sualın cavabını özü
tapmağa çalışır, sonra görür ki, axı bu az öncə özünün yaratdığı, səbəbini (adi
bir səbəb) bildiyi bir şeydir. Və "necə oldu ki, bu tələyə özüm düşdüm” - deyə
düşünməyə başlayan şair yenidən o toz-dumanın içində qərq olur. Beləcə "dumanlı
vəziyyət’’ daimi hökmranlığa başlayır.Əsər oxucuya belə bir mesaj ötürür – şeir məntiqsizliyi məntiqə düzmək cəhdidir. İnsan
doğularkən məntiq yoxdur, məntiq yaşadıqca öyrənilir – ilk dəfə əlini yandıran
uşaq oddan uzaq gəzəcək. Çünki tanıyır, bilir, düşünür. Şair də o uşaqdır – tanımadığı,
bilmədiyi üçün darıxan, maraqlanan, əlini yandıran od haqda danışan, gileylənən,
qorxan, çəkinən...
"Həyat başqa
yerdə” – bir şairin öz beynində azmasının, öz düşüncəsində itməsinin
hekayəsidir.
Fəridə Uğur