AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Heç zaman ayıya dayı demədim Müsahibə

Heç zaman ayıya dayı demədim Müsahibə

Mədəniyyət
15 Noyabr 2013, 11:32 1360
Türkiyənin məşhur ifaçısı Gülbən Ergen ötən gün “Hürriyyət” qəzetinə maraqlı bir müsahibə verib. Müsahibədə tanınmış ifaçı bir neçə dərnək sahibi, Türkiyədə son dövrlərin ən tanınmış aparıcısı və qarşıda yeni verilişi ilə insanları sevindirəcək Gülben kimi təqdim edilib.
Qeyd edilib ki, ifaçı səhnəyə hər çıxışında böyük xəzinəyə sahib olduğunu vurğulayır. Müsahibə zamanı Gülbən Ergen hər zaman efirdə qeyd etdiyi xəzinəsinin övladları olduğunu söyləyib.

Sakit həyat yaşamağı sevirəm

- Uzun müddətdir ki, sizi ekranda aparıcı kimi görürük. Bəs yeni mahnılar necə?

- Qeyd etdiyiniz həmin o uzun müddətdə mən heç də boş oturmuram. Zamandan əlverişli şəkildə istifadə edirəm. Çoxlu sayda kitablar oxuyuram. İşləmədiyim bu müddət ərzində musiqi albomum da çıxmadı. Sadəcə olaraq kitab oxuyub, verilişimlə maraqlandım. Ancaq yeni mahnılarım da var, bir neçə aydan sonra tamaşaçılarıma təqdim etməyi düşünürəm.

- Gülbən xanım, sizin səhnəyə ilk dəfə çıxmağınız barədə müxtəlif fikirlər gəzir. Bəlkə bunu sizdən eşidək.

- Bəli, bu barədə çox fərziyyələr eşitmişəm. İlk dəfə İbrahim Tatlısəsin “Haydi söylə” klipi ilə gündəmə gəldim. Ondan sonra “Mərziyə” ilə efirlərə çıxdım. Bunlar mənim tanınmağımda böyük rol oynadı. Tanındıqdan sonra isə filmlərə dəvət almağa başladım. Televiziya proqramlarına çıxdım, reklamlara çəkildim və sonunda ifaçı kimi albom çıxardım. Ancaq deyəsən tamaşaçıların qəlbində daha çox ifaçı kimi qaldım (gülür).

Musiqi ilə çoxalıram

- Sizcə, Gülbən Ergen yaxşı ifaçıdırmı?

- Mən özümü peşəkar ifaçı hesab etmirəm. Müğənnilikdən aparıcılığa gedən yolda xeyli zaman itirdim. Bu qədər oxumağıma, iş təcrübəmə baxmayaraq, yenə də görürəm öyrənəcəyim hələ çox şey var. Musiqiyə bağlıyam, o olmasa nəfəs ala bilmərəm. Mən musiqi ilə çoxalıram. Bu sualı niyə verirsiniz ki, səsimi bəyənmirsinizmi (gülür)?

- Biz bəyənirik, ancaq deyəsən ananız səsinizi elə də bəyənmir...

- Bəli. Anama nəyisə bəyəndirmək çox çətindir. O, məni görəndə hər zaman söyləyir ki, səsin bu qədər boğuq olan halda niyə oxuyursan? O zaman anama verməyə bir cavab tapmıram. Mən albom çıxardıqda bəyənmədiyini görüb, yenisini və bundan öncəki albomumdan daha da yaxşısını çıxarmağa çalışıram ki, anam heç olmasa, az da olsa səsimi bəyənsin. Anam mənim uğurlarımın qaynağıdır. Son zamanlarda albomlarımı aldığının şahidi olmuşam. Deyəsən özümü yavaş-yavaş anama bəyəndirə bilirəm.

- Ananızın bu fikirləri sizi ruhdan salmırmı?

- Heç vaxt. Anam çox mehriban və səmimi insandır. O mənim üçün dişi aslandır, canımdır. Anam məni təkbaşına yetişdirib, boya-başa çatdırıb. Atam öldükdən sonra dərdini unudub, qalan ömrünü nəvələrinə həsr edib. Onu içində gizlədiyi, boğmağa çalışdığı dərdləri ilə birlikdə sevirəm. Onun nəfəsi belə bu həyatda yaşamağıma yetər. Anamın nəfəsinə qurban olaram.

- Gülbən xanım, saxta və ikiüzlü insanlarla münasibət qurmaq məcburiyyətində qaldınızmı heç?

- Xeyr. Heç zaman məcburi şəkildə də olsa ayıya dayı demədim. Hər zaman işini bilən insanlarla, lazımı vaxtda öz işimi gördüm. Kimsəyə də boyun əymədim.

Ağıl hər zaman haqlı ola bilməz

- Siz mətbuatda hər zaman qərarlarınızı ağlınızla deyil, qəlbinizlə verdiyinizi söyləyirsiniz. Bu, işlərinizdə sizin üçün çətinlik yaratmır ki?

- İnsan ağlı ilə verdiyi qərarlarda da peşmanlıq hissi yaşaya bilər. Ağıl hər zaman haqlı ola bilməz. Artıq bütün qərarlarımı qəlbim ilə verirəm. Həyatımdakı riskli qərarlarda da əsas qəlbimin səsinə qulaq asıram. Ona görə də heç zaman etdiyim işlərə görə peşmançılıq hissi keçirmirəm. Musiqilərimi də elə seçirəm və onların tamaşaçı tərəfindən sevildiyini görəndə uçmağa qanad axtarıram.

- Qəlbinizlə qərar verdiyinizə görə heç peşman olmamısınız?

- İnanmayacaqsınız, amma heç zaman keçmişimə baxıb nədənsə peşmançılıq hissi keçirməmişəm. Yaşadığım hər şeyə minnətdaram, onlar məni bu səviyyəyə qədər gətirib çıxarıb. Mən də hər kəs kimi güldüm, ağladım, yeri gəldi, insanlar tərəfindən ittiham olundum. Həyat mənə çox şey öyrətdi. Demək olar ki, böyük bir imtahandan çıxdım. Burdan həyatımda pis xatirə kimi qalan insanlara salam göndərirəm. Deyirəm, yaxşı ki, sizlərdən zamanında ayrıldım.

- Hər kəs sizin qəbizin gözəl olduğunu söyləyir. Bəs ruhunuzu necə zənginləşdirirsiniz?

- Mən boş vaxtımda dini kitablar oxuyub, dualar edirəm. Könlümü onunla doydururam. Ruha ətir vurmaq olmaz ki, gözəlləşsin. Ruh gözəlliyinin dərmanları bunlardır - dürüstlük, xeyriyyəçilik, ədəb-ərkan və nəzakət. Əgər bunların hamısı bir insanda cəmlənibsə, deməli o, gözəl ruh sahibidir.

Məni göstərmədilər

- Son zamanlar baş nazirlə olan müsahibəniz gündəmi zəbt edib. Amma sizi efirdə görə bilmədik, sadəcə səsinizi eşitdik.

- Bəli. Bu mövzu mətbuatda və dostlarım arasında çox müzakirə olundu. Haqqımda söylədilər ki, guya mənə səhnəyə çıxmaq qadağası qoyulub. Əslində, təşkilatçılar məndən bir aparıcı kimi baş nazirə bir neçə sual verməyimi istədilər. Baş nazir ilə bizim ortaq dostlarımız yoxdur, onunla heç səmimi dostluğumuz da mövcud deyil. Ona çox böyük hörmətim var. Onunla hər görüşəndə məni və övladlarımın halını soruşur. Ona iki sualla müraciət etdim. Suallardan biri işi, digəri isə mənim yaratdığım dərnək ilə bağlı idi.

- Çoxları bunu birmənalı qarşıladı amma...

- Çəkiliş zamanı hər kəs gözəl alındığını deyərək məni təbrik etdi. Sonra verilişi izləyəndə, hər kəs göründüyü halda mənim ekranda görünmədiyimin şahidi oldum. Allahdan, müsahibə alarkən prodüserim telefonla hər şeyi çəkib. Bu mənim sübutumdur. Mən sakit, heç kimə qarışmayan bir insanam.

- Son zamanlar sizi məşhurların gecə həyatında görə bilmirik. Gecələr gəzməyi sevmirsinizmi?

- Xeyr. Gecələr zamanımı uşaqlarıma həsr edirəm. Nə gecələr gəzirəm, nə də moda məkanlarına gedirəm. İldə bir-iki dəfə Nihat məni çölə çıxarsa, bəlkə o vaxt havamı dəyişməyə çıxaram. Ancaq boşuna vaxt itirən ifaçılardan deyiləm.

- Mətbuatda öldükdən sonra basdırılmaq üçün Mevlana və Şemsinin türbələri arasında olan məzarlıqdan yer almaq istəməyiniz haqda xəbər oxuduq. Bu xəbər doğrudurmu?

- Bəli, doğrudur. Almaq istədim, amma olmadı. Konyada Şəms və Mövlana türbələri arasında bir məzarlıq var. Oradan özünə qəbir yeri almaq istəyən ilk məşhur da mən deyiləm.

- Niyə almadınız?

- Öyəndim ki, hər yerdən qəbir yeri ala bilərəm, ancaq həmin məzarlıqda ölməmişdən əvvəl ala bilməyəcəm. Oradan yer almaq üçün əvvəlcə ölmək lazım imiş. Bu, insana çox şey demək istəyir.

Hazırladı: Xəyalə Rəis