Həbsxanada qələmə alınan Odisseya
Qreqori Devud Robertsin "Şantaram”
romanı (Şantaram tərcümədə sakit adam və ya Tanrının rahat tale bəxş etdiyi
insan mənasını verir) əsasən "non-fiction” (sənədli ədəbiyyat) kitab
yarmarkalarında təqdim olunur. Artıq nəşr sahəsində bu roman ətrafında fanat
dairəsi yaranıb. Başadüşüləndir: oxucu
nəşriyyata nə qədər yaxın olarsa, o qədər geniş imtiyaza malik olar.
"Şantaram”ı oxumaq isə elə də asan məsələ deyil. Məsələ burasındadır ki, oxucu və tənqidçilərdən
fərqli olaraq, müəllif heç yerə tələsmir: Qreqori Devid Roberts romanı silahlı
basqın səbəbindən məhkum edildiyi on doqquz illik həbs həyatının ardınca yazıb.
Nəticədə, olduqca qalın bir kitab ərsəyə gəlib – mən hələ ki, romanın son
səhifəsini çevirən oxucunun rəyinə rast gəlməmişəm. Bədxahlar sosial şəbəkədə
ehtimal olaraq rusiyalı redaktorların məqsədlərinə nail ola bilmədiyi fikrini
irəli sürürdülər, amma bu təbii ki, sadəcə olaraq qərəz idi.
Əsasən isə əksər şərhlər insanda fərəh
yaradır. Moskva ədəbiyyat mətbəxinin şef-aşbazı hesab edilən, naşir və mədəni
xadim Aleksandr Qavrilov oxucu mövqeyindən çıxış edərək yazır: "Oxucu hələ
810-cu səhifədə Şantaramın nəhayət ki, döngəyə dirəndiyini görür. İndi isə,
necə qurtulacağı maraqlıdı”.
Biz isə təkcə janr qanunlarına əsasən
deyil, həm də iddia olunduğu kimi romanın bütünlüklə avtobioqrafik əsər olması
səbəbindən qurtuluşun baş tutacağını dəqiq bilirik. "Şantaram” eyni
zamanda bu qəbildən, özü də bu ölçüdə
növbəti iki kitab da yazmağı planlaşdıran (Artıq "Dağın kölgəsi” adlı kitab
yazıb – X.N.) Q.D.Robertsin macəralarının kiçik hissəsinin təsviridir.İlk səhifədə oxuyuruq: "Mən ideallarımı
uyuşturucu dumanında itirmiş inqilabçı, cinayət aləmində özünü unudan filosof,
istedadımdan xüsusi ciddi rejimli həbsxanada məhrum olmuş şair idim. Həmin
həbsxanadan iki pulemyotluq qüllə arasında dayanan divardan keçərək (qaçaraq)
ölkədə ən populyar şəxsə çevrildim – insanlar mənim qədər heç kimlə inadla
görüşməyə çalışmırdılar.
Məni daim müşayiət edən uğur dünyanın o
başına – Bombey mafiyasına qoşulduğum Hindistana aparıb çıxardı. Mən silah
taciri, kontrabandçı və saxta pul kəsənə çevrildim. Üç qitədə qandallanaraq
həbs edildim. Davamlı döyülmüş, dəfələrlə yaralanmış, aclıqla üz-üzə qalmış,
müharibədə düşmən güllələri arasında hücuma keçmişəm”. Ədəbiyyat nöqteyi-nəzərincə roman sanki qədim
və yeni janrlardan ibarət detektiv hekayə, avantüralı roman, "Xaç atası”,
traveloq, melodram, özünüaxtarış kitabı kimi kataloqları özündə cəmləşdirir.
Xoşbəxtlikdən mənəvi axtarışlar tipik "ağ adam tərəfindən qələmə alınmış hind
kitabı” nümunəsi kimi deyil, yüksək dozaya malik qoca müsəlmansayağı Don Vito
Karleoninin fəlsəfi görünüşündə təqdim olunur. Bunu xüsusi olaraq qeyd etmək
istəməyimə səbəb, son illər bu cür ədəbiyyat növünün digər janrlara güzəştə
gedərək böyük və hörmətli Britaniya ənənəsini müstəmləkə ədəbiyyatına
çevirməsinə qarşı ciddi xəbərdarlıq yaratmasıdır. Qoanı əsir götürən bir neçə
yappi-daunşifterlərlə (daunşifter ingilis dilindəki "aşağıya doğru hərəkət”
ifadəsindən götürülüb. Bu insanlar sanballı vəzifə və yüksək əmək haqqından
ailə, hobbi, səyahət və ya... divanda istirahət etmək xatirinə vaz keçirlər.
Termin dildə 1994-cü ildən işlənməyə başlayıb – X.N.), bizim bədbəxtliyimiz
sayəsində bambuk çəkməyi yazıçı aktivliyi olaraq fərqləndirirlər, "Hindistan”
sözü ədəbiyyat kontekstində son zamanlar məlumatsız turistlərin heyrəti ilə ev
xütbəsinin sıx assosiasiyasına səbəb olur. Yaşamaq uğrunda mübarizədən sağ
çıxmış toxqarınlı avropalılara öz vətənlərinin əzablarını çatdıra bilmək üçün
təhsil almış üçüncü dünya ölkələrinin sakinlərinin Nobelə layiq görülən
əsərlərini yada salmağa insanın həssaslığı ilə bərabər bəzən oxucu skepsisi də
səbəb olur.
Bununla belə "Şantaram” məhz tıxac şlemini
çıxaran və mehriban (əslində isə, belə deyil) kontrabandçıları ürəkdən sevən
avropalı haqqında yazılmış müstəmləkə romanıdır. Romanın qəhrəmanı həşiş çəkir,
doğma və həmişəlik itirdiyi Avstraliya üçün darıxır. Müəllifi (həm də
qəhrəmanı) sağlam baxışı fərqləndirir: ona sığınacaq vermiş səmimi qəlbdən
sevdiyi ölkəyə qarşı rəğbət və minnətdarlıq hiss edir. O, mənfi rəylərdən uzaq
olaraq burdakı ənənələrin özünəməxsusluğuna hörmətlə yanaşmasına baxmayaraq,
bütün hallarda məsafə saxlayır.
O ki qaldı süjetə, mənim
nöqteyi-nəzərimcə Aleksandr Qavrilovun diqqət etdiyindən daha əvvəl və tez-tez
məqsəddən yayınır. Görünür, bu hal janr ədəbiyyatının detektiv sevərlərin
intriqasını başa düşmək üçün sonluğa nəzər salmağın gərəksiz olması haqqındakı
çoxillik sərxoşluq həvəsindən qaynaqlanır. Qəhrəmanın çoxçalarlı qeydləri
("əgər mən o zaman ona qulaq assaydım, hər şey başqa cür ola bilərdi...” və ya
"mən bu barədə ondan soruşmalı idim, bu isə bir çox şəxsin həyatını xilas edə
bilərdi” kimi) məsələnin əsl mahiyyətini çoxdan fərqinə varan oxucunun
fəaliyyətini zəiflədir. Ümumiyyətlə isə, romanı fikşn (belletristika – X.N.)
kimi qəbul etməli olsaq, ona qarşı bir çox iddialar irəli sürə bilərik:
onlardan ən başlıcası sentimentallığın gerçəkliyin son həddinə kimi
qorunmasıdır. Şantaram tipik qəhrəmandır – şəxsi qənaətinə görə doğma vətənində
atalıq hüququndan məhrum edilmiş pikaro (ispancada "dələduz” – X.N.), qarətlə
heroin əldə edən narkoman, ən xırda narazılıq zamanı düşünmədən bıçağa əl atan,
rəqibin üzünü dişləyən şəxsdir. Eyni zamanda romanın elə həmin səhifələrində o,
Fransisk Assizskidən daha çox, doktor Qaaza bənzəyir. İlk baxışdan sevdiyi
qızın Bombey küçələrində ona qarşılıq verəcəyinə ümid edən rahib kimi yaşayır.
Bu – şəxsi istəyi ilə kasıblar üçün pulsuz klinika təşkil edən qərəzsiz insan
özü gecəqonduda yaşayır, vəba epidemiyası ilə qəhrəmancasına mübarizə aparır.
O, günün və gecənin istənilən zamanında heç bir çağırışı cavabsız qoymur,
qızları bordeldən xilas edir, avara təlimçiləri həbsxanalardan satın alaraq
qurtarır, sevən qəlblərə qovuşmağında yardım edir və sairə. Amma sözügedən
bioqrafik faktlar əksəriyyətə məlum olduğu və həqiqətlə üst-üstə düşdüyü üçün
kimsənin tələb irəli sürməsinə, intriqa yaratmasına önəm verməyə də gərək
qalmır. Həyat detektiv əsər deyil, təsvir edilən hadisələrin həqiqətən baş
verdiyi haqqında məlumat isə dolaşıq süjetdən daha çox iddiaya zəmanət verir.
"Şantaram”dakı gözlənilmədən baş verən
avantüralı dəyişikliklər müəllifin səxavətli əllə kütləvi şəkildə maraqlı
etnoqrafik oçerkləri əlavə etdiyi əsasda plan yaradır. Həmin planda Hindistanda
korrupsiya və mütəşəkkil cinayətkarlığın patriarxal xüsusiyyətləri haqqında, Bombey
gecəqondularındakı həyat, Hindistan qatarlarında davranış qaydaları ilə əyalət
avtobuslarının hərəkət xüsusiyyətlərindən, qara bazarda valyutadan, gömrüyü
aldatmağa yardımçı olan saxta pasport və başqa sənədlərin hazırlanması
prosesindən, küçə döyüşü zamanı bıçağı necə saxlamaq qaydasından, Hollivud
kinomətbəxindən və hindistanlıların sonsuz mərhəmətlilik, sədaqət, qardaşlıq
həmrəyliyi və yaxınlarına qarşı cinayət hərəkəti törədən günahkarı yerində linç
etmək kimi ənənələrlə zəngin sevgi hisslərinin birləşməsinin mentallığından
bəhs edir. Bütün bunlar isə həqiqətən də maraqlıdır.
Yaradıcılıq şərtləri Qreqoru Devid
Robertslə eyni olan O.Henri hekayələrindən birində unudulmaz ali xoşbəxtliyin
nədən ibarət olduğunu dəqiq bilən fəhlə Ceyms Terner obrazını yaradıb. Məhz
yorğun iş günündən sonra evə dönən, "ayağından başmaqlarını və corablarını
çıxarıb çarpayıya uzanan Ceyms Terner, isti ovuclarını çarpayının soyuq dəmir
dirəklərinə dayayaraq, Klark Resselin dəniz haqqındakı hekayələrinin
dərinliyinə varır. Dünyada heç bir milyoner özünü Ceyms Ternerin dincəldiyi
zaman olduğu kimi xoşbəxt hiss etmir”. Bu cür sadə istəklərinin təmin edilməsi
şərtləri daxilində Ceyms Terner hətta həbsxanada da xoşbəxt olur. Görünür,
həbsxanalarda qeyri-adi həyat eşqi ilə dolu maraqlı kitabları mütaliə etmək və
yazmaq daha rahatdır.
Varvara Babitskaya
Rus
dilindən tərcümə edən: Xatirə Nurgül