• şənbə, 20 Aprel, 15:26
  • Baku Bakı 23°C

Hamının xoşbəxtliyi

27.07.20 14:00 8239
Hamının xoşbəxtliyi
(Nizami Gəncəvinin "Xosrov və Şirin” poeması əsasında)
Biri var idi, biri yox idi. Öz əzəmətli görünüşü, ağır addımları, zəhmi ilə seçilən sərkərdə atasının vəfatından sonra taxta çıxmış – böyük bir vilayətin padşahı olmuşdu. Hələ sərkərdə olanda həmişə el-oba, xalq onun ədalətindən, insanlara xoş münasibətindən və mərhəmətindən danışardı. Taxta çıxandan sonra isə insanlar gözləyirdi ki, görəsən, indi o hansı ibrətamiz əməli ilə xalqa örnək olacaq? Çünki bu günə qədər belə yaddaqalan, insanların qəlbində çox illər yaşayacaq əməlləri, hərəkətləri, söhbətləri çoxlarının xatirində idi. Belə hadisələr sonralar rəvayət və əhvalat kimi uzaq-uzaq ellərə də yayılır, camaat arasında danışılırdı. Bu baxımdan, insanlar padşahdan növbəti ürəklərə şükranlıq bəxş edən ibrətamiz addım gözləməkdə haqlı idilər...
Padşah taxta çıxandan bir neçə gün sonra xalqın meydana cəm olmasını əmr etdi. İnsanlar meydana toplaşanda sıra-sıra dayanmış adamları görüb təəccübləndilər. Görəsən, padşahın hüzurunda bu adamlar niyə belə düzülmüşdü? Tamam sakitlik idi və padşah taxtında əyləşib ətrafı zəhmli nəzərlərlə seyr edirdi...
Padşahın qarşısında səf-səf, sıra-sıra dayananlar da onları nəyin, hanı aqibətin gözlədiyindən xəbərsiz idilər və arxalarında dayanan adamların kimliyi çoxları üçün bəlli deyildi. Xalq sıra-sıra dayanmış adamları düzülüşündən bir məna anlaya bilmirdilər...
Sıra isə bu şəkildə düzülmüşdü: Birinci səfdə zənginlər, arxa tərəfdə kasıblar, üçüncü sırada əlillər, naxoşlar, dördüncü sırada qolları qandallı dustaqlar, beşinci sırada isə daha ağır cinayət işləyən qatillər...
Tamam sakitlik çökmüşdü, hamı padşahın əmrini gözləyərdi. Belə çətin məqamlarda padşahın bircə nişanı, əl hərəkəti bəs idi ki, insanların qəlbindəki intizara son qoyulsun, təşnə ürəklərə su çilənsin...
Nəhayət, padşah gözətçiyə işarə etdi. Sıranın qarşısında dayanmış gözətçi səflərə baxıb səsinin qalın yerinə salıb qışqırdı: "Geriyə dön!”
Əmri eşidən kimi hər kəs geri çevrildi. Belə olan təqdirdə sıradakı varlılar qarşılarındakı yoxsulları görüb öz aqibətlərinə sevindilər, yoxsullar onlardan öndə dayanan xəstələrə nəzər salıb sağlamlıqlarına görə Allaha şükür etdilər. Xəstələr çevrilib dustaqları görəndə gen dünyada asudə gəzə bilməyin gözəlliyini anladılar, dustaqlar isə daha ağır cinayət işləmiş qatillərə baxıb cəzalarının daha tez başa çatacağını düşünüb toxtaqlıq tapdılar. Qatillər isə çevrilib gen dünyanı qarşılarında açılan ucsuz-bucaqsız nəhayətsizliyini – ümid yolunu görüb həyata daha çox bağlandılar...
Xalq bu hadisədən çox təsirləndi... Padşah isə dinməz-söyləməz meydanı tərk etdi. Bu ibrətamiz yığıncaq çoxlarının qəlbində Allaha şükür, padşaha sədaqət hissini daha da artırdı. Həmin ölkə dünyanın ən gözəl və ədalətli məmləkətinə çevrildi...

Fərid Hüseyn

banner

Oxşar Xəbərlər