AZE | RUS | ENG |

Hamı vergi güzəştləri tələb edərsə...

Hamı vergi güzəştləri tələb edərsə...
İqtisadçıların fikrincə, hər gün bir sahəyə güzəştlər tətbiq olunsa, xaos baş verə bilər

Son vaxtlar bəzi şirkətlər hökumətdən əlavə güzəştlər istəməyə başlayıblar. Xatırladaq ki, bu istiqamətdə ilk təklif iri supermarket şəbəkələri tərəfindən irəli sürülüb. Belə ki, bu yaxınlarda supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ünvanlayıblar. Supermarketlərin rəhbərləri manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri vəziyyətdən çıxmaq üçün hökumətdən vergi yükünün azaldılmasını xahiş edirlər. Bənzər təklif quş əti istehsalı ilə məşğul olan "Səba” şirkəti tərəfindən də gəlib. Fins.az xəbər verir ki, bu günlərdə  şirkət  investisiya təşviqi sənədi almaq üçün investisiya layihəsi hazırlayaraq İqtisadiyyat Nazirliyinə təqdim edib. İnvestisiya təşviqi sənədi alacağı təqdirdə sözügedən  şirkətin əldə etdiyi mənfəətin 50%-i vergidən azad olunacaq.  Həmçinin sənəd imkan verir ki, ölkəyə idxal olunan texniki avadanlıqlar və tikililərə güzəşt edilsin. 7 il ərzində bu mallara gömrük rüsumu və əlavə dəyər vergisi tətbiq edilməyəcək. 

Güzəşt tələb edənlərin sırasında ənənəvi mətbuat da var. Belə ki, qəzetlər kağız üzərindəki ƏDV-nin ləğvini tələb edirlər. Bəs bu güzəşt siyasətinin axırı hara gedir? Hamıya güzəşt edilməlidirmi? Güzəştlərin tətbiq olunacağı təqdirdə hansı mənfi hallar baş verə bilər? Ümumiyyətlə, dünya praktikasında belə bir hal varmı?
İqtisadçı ekspert Qalib Toğrul bildirdi ki, iqtisadi çətinlik  dövründə belə meyillərin artması təbiidir. Müsahibimiz vergi güzəştləri ilə bağlı dünya praktikasından nümunə gətirdi: "Fikir versək, görərik ki, bizdə güzəşt istəklərinin əksəriyyəti əlavə dəyər vergisi ilə bağlıdır. Avropa ölkələri ilə müqayisə etdikdə Azərbaycanda ƏDV norması bir o qədər də  yüksək deyil. Lakin bizdə  ƏDV həmin  ölkələrdən fərqli olaraq sabit bir rəqəmlə ifadə və tətbiq olunur. Xarici təcrübədə müəyyən məhsullar üzrə  ƏDV həm differensiallaşdırılır, həm də sabit rəqəm tətbiq olunur. Orada olan əksər məhsullarına sabit rəqəm, bir neçə digər mühüm məhsullar üzərinə, məsələn, kənd təsərrüfatı məhsullarına tətbiq edilən vergi isə differensiallaşdırılaraq daha aşağı normada tətbiq olunur”.

Ümumiyyətlə, sahibkarların güzəştlə bağlı müraciətlərinin başadüşülən olduğunu qeyd edən ekspert bildirdi ki, onların problemləri pərakəndə şəkildə qabardıb, dövlətdən himayəçilik istəmələrini düzgün qəbul etmir: "Azərbaycanda sahibkarlar təşkilatlanmayıb. Bununla  bağlı ayrı-ayrı sahələr üzrə mövcud  assosiasiyaların sayı  çox azdır. Onların əksəriyyəti də normal fəaliyyət göstərmir. Əslində bu kimi məsələlər dövlətlə özəl sektorun dialoqu şəklində qaldırılmalı və bu dialoq daha çox tərəfləri əhatə etməlidir. Burada səsləndirilən fikirlər aydın, şəffaf, açıq və əsaslandırılmış şəkildə ifadə edilməlidir. Təkcə bir sektorun  ƏDV-nin  ləğvini,  yaxud aşağı salınmasını tələb etməsi düzgün deyil”.

Q.Toğrul bildirdi ki, iri supermarket sahiblərinin nə istədiyi heç özlərinə də tam məlum deyil: " Əgər onlar ƏDV istəmirlərsə, sadələşdirilmiş vergidən yararlana bilərlər. Belə ki, Vergilər Məcəlləsinə edilən son dəyişiklikdən sonra əgər dövriyyə  200 min manat ekvivalentindən çox olarsa, onlar sadələşdirilmiş vergi sistemi ilə işləyə bilərlər. Bu isə o deməkdir ki, dövriyyədən cəmi 6 faiz vergi ödənməlidir. Lakin onlar bunu da qəbul etmək istəmir. Supermarket sahibləri  bildirir ki, onlara  məhsul gətirib təqdim edənlər  bütün vergidən azaddırlar. Burada onlar daha çox kənd təsərrüfatı məhsullarını nəzərdə tuturlar və bildirirlər ki, həmin şəxslər  yalnız torpaq vergisi ödəyirlər. Lakin bunu  onunla bir tutmaq olmaz. Həmçinin bir məsələ də var ki, ƏDV birbaşa yox, dolayı vergidir. Bu vergini isə istehlakçı ödəyir. Düzdür, bu, qiymətlərin yüksəlməsini şərtləndirən bir vergidir, amma hər halda bu vergi sahibkardan çıxmır”. 

Ekspertin fikrincə, ayrı-ayrı sahələr üzrə müxtəlif şirkətlər problemləri  pərakəndə şəkildə qaldırmaqdansa, yaxşı olardı ki, bu təkliflər assosiasiyalar tərəfindən müzakirə olunduqdan sonra müzakirəyə çıxarılsın: "Hesab edirəm ki, xüsusilə bu prosesə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası cəlb olunmalıdır. Onlar qanunvericilik aktına hər hansı bir dəyişikliyin edilməsini istəyirlərsə, bu təklifləri öz aralarında  müzakirə etdikdən sonra  dövlətə təqdim etməlidirlər. Çünki  hazırda büdcənin əsas vergi daxilolmalarının əsas istiqamətlərindən biri mənfəət vergisindən əldə olunan  əlavə dəyər vergisidir. Bu gün supermarketlərə, sabah digər bir sahəyə görə güzəştlər tətbiq olunsa, xaos baş verər. O zaman sual olunur ki. büdcənin gəlirlərinin təmin olunması hansı vəsait hesabına təmin olunacaq? Hesablama Palatası da ƏDV-nin differensiallaşdırılması ilə bağlı  təkliflər irəli sürüb. Amma həmin təklifdə də əsaslandırma yox idi. Hər bir təklif mütləq müəyyən bir tədqiqata əsaslanmalıdır. Burada təklifə qədər və yeni təklif qəbul olunacağı təqdirdə, ƏDV-dən dövlət  büdcəsinə nə qədər vəsaitin daxil olması kimi vacib amillər mütləq nəzərə alınmalıdır. Əks təqdirdə, kobud dildə desək, hər yerindən qalxan  "mənfəət vergisi yüksəkdir, sadələşdirilmiş vergi yüksəkdir, ƏDV yüksəkdir” - deyə şikayət edər. Bu şəkildə təklif qaldırmaq və qəbul etmək olmaz”.

İqtisadçı ekspert Qadir İbrahimli isə qeyd etdi ki, şirkətlərin tələb etdiyi güzəştlər çox yersizdir. O bildirdi ki, burada  heç bir vergi güzəştindən söhbət belə gedə bilməz: "Əgər ehtiyac yaranarsa, dövlət özü vergi yükünü bir qədər azalda, yaxud da ümumi dərəcələri aşağı sala bilər. Lakin supermarketlərin tələb etdiyi vergi güzəşti bir qədər anormaldır. Çünki bu güzəşt tətbiq olunsa, sadəcə, iri supermarket şəbəkələrinə tətbiq olunacaq. Digər kiçik marketlər isə bu güzəştdən yararlana bilməyəcək. Bu isə bir qədər haqsızlıqdır. Çünki, ola bilməz ki, bir  market ƏDV-dən azad edilsin, digər market isə ƏDV ödəyicisi olsun.  Bu, əslində absurd bir təklifdir”.

Q.İbrahimlinin sözlərinə görə, yalnız dövlət üçün prioritet olan sahələrə güzəştlər tətbiq oluna bilər: "Devalvasiyadan sonrakı dönəmdə bütün müəssisələr kimi marketlərin də gəlirləri bir qədər azalıb. Ona görə də onlar həmin gəlirləri kompensasiya etmək üçün belə bir təkliflə çıxış etdilər. Hesab edirəm ki, bu kimi təklifləri müzakirə etməyə belə dəyməz. Dövlət yalnız o müəssisələrə vergi güzəşti tətbiq edə bilər ki, həmin müəssisələrin inkişafı dövlət üçün prioritet olsun və burada yeni iş yerləri açılsın, yeni dəyər yaradılsın. Tutaq ki, kənd təsərrüfatı məhsullarının emal sənayesinə güzəşt tətbiq oluna bilər. Bu güzəşt sadəcə bir seqmentə yox, bütün emal müəssisələrinə tətbiq olunmalıdır. Güzəşt tələb edənlərin çoxu hətta şantajla da çıxış edirlər. Əslində bu kimi faktların heç bir iqtisadi və hüquqi əsası yoxdur. Böyük şirkətlər güzəşt tələb etsə də, kiçik şirkətlər heç bir güzəşt tələb etmir. Bu güzəştlər olunarsa, bu, gələcəkdə ölkədə haqsız rəqabətin yaranmasına gətirib çıxara bilər. Dövlət müəyyən sahələri stimullaşdırmaq və inkişaf etdirmək üçün hər hansı bir sahəyə güzəşt edə bilər. Lakin bu, bütövlükdə həmin sektora tətbiq olunmalıdır”. 

Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112