• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Gürcüstanın yeni baş nazir vəd verdi

09.09.19 15:47 649
Gürcüstanın yeni baş nazir vəd verdi
Gürcüstanın yeni baş nazir Georgi Qaxariyanın Rusiya ilə münasibətlərdə loyallıq nümayiş etdirəcəyi barədə ehtimallar özünü doğruldub. Baş nazir elə ilk bəyanatı ilə bütün məsələlərə aydınlıq gətirmiş olub. Rusiya ilə qarşılıqlı münasibətlər barədə danışarkən məsələyə "soyuq baş” mövqeyindən yanaşmağa üstünlük verdiyini bəyan edib. Parlamentin plenar iclasında çıxış edən Qaxariya bəyan edib ki, Abxaziya və Cənubi Osetiyanı, Rusiya tərəfindən işğal edilən ərazilər hesab edir: "Bu o deməkdir ki, ölkəmizin potensial inkişafının 20 faizi işğal altındadır. Bizim əsas məqsədimiz Gürcüstanın ərazi bütövlüyünü müharibəsiz bərpa etməkdir. Gürcüstanın əsas problemi ərazi bütövlüyüdür. İşğal olunmuş ərazilər bizim daxili və xarici təhlükəsizliyimiz üçün olduqca vacib məsələdir. Hökumətlə yanaşı, müvafiq qurumlar da bu istiqamətdə fəal iş aparır. Biz hamımız anlamalıyıq ki, Gürcüstanın ərazi bütövlüyü bərpa olunmayana qədər ölkənin siyasi və iqtisadi planda tam inkişafı barədə danışmaq mümkün deyil. Ona görə də, biz bütün səylərimizi birləşdirməliyik”. Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə münasibətlərə emosiya ilə deyil, soyuq başla yanaşmalıdır.
Beləliklə, əgər əvvəlki hökumət başçıları torpaqların bütün mümkün vasitələr - o cümlədən hərbi yolla azad olunmasını irəli sürürdülərsə, oliqarx Bidzina İvanişvilinin yeni kadrı hərbi variantı tamamilə istisna edir.
Baş nazir onu da deyib ki, Gürcüstanın qonşu ölkələr, o cümlədən Azərbaycan və Türkiyə ilə əlverişli siyasi, iqtisadi, ticari münasibətlərinin qurulması üçün olduqca dəqiq və fəal iş aparılmalıdır. Onun sözlərinə görə, Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistan ilə effektiv, məhsuldar və pozitiv münasibətlər qurması çox vacibdir. Bundan əlavə, yeni baş nazir xarici siyasətdə Avropa İttifaqı və NATO ilə inteqrasiya kursuna sadiq qalacaqlarını bildirib. Daxili siyasətdə isə maarifləndirmə və kənd təsərrüfatına üstünlük verəcəklərini deyib. Əsas problem kimi isə işsizliyi göstərib: "Gürcüstan hökumətinin çox sayda yaxşı təşəbbüs və planları var. Hazırda diqqəti konkret nəticələr üzərində cəmləməyin vaxtıdır. Hökumətin başlıca vəzifəsi bütün yaxşı təşəbbüslərin reallaşdırılmasıdır. Biz yaxın gələcəkdə hər bir vətəndaş üçün əhəmiyyətli nəticə əldə etmək üçün əlimizdən gələn hər bir şeyi edəcəyik”.
G.Qaxariya qeyd edib ki, yeni hökumətin əsas prinsipləri arasında effektivlik birinci yerdə olacaq.
Yeri gəlmişkən, Georgi Qaxariyanın təsdiq olunması Mixail Saakaşvili tərəfdarlarının etiraz aksiyaları fonunda keçib. Onlar yeni baş naziri Rusiyaya xidmət etməkdə ittiham ediblər. Yeni baş nazir də bu səbəbdən Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat”ı destruktiv müxalifət adlandırıb. Maraqlıdır ki, onun "destruktiv müxalifət” adlandırdığı qüvvələr müttəfiq partiyalarla birlikdə parlament qarşısına onlarla qoyun gətiriblər. Onlar jurnalistlərə bunun səbəbini belə izah ediblər ki, Qaxariyaya səs verənlər rusiyalı oliqarx Bidzina İvanişvilinin qoyunlarıdır. Performans zamanı binadan "Vətəndaşlar Alyansı”nın üzvü olan deputat, Kodor dərəsinin keçmiş qubernatoru Emzar Kviçiani çıxıb. Mixail Saakaşvilinin partiyadaşları onu çox vaxt Federal Təhlükəsizlik Xidmətinin casusu adlandırırdılar. İddia edirdilər ki, bu şəxs 2006-cı ildə Saakaşviliyə tabe olmaqdan boyun qaçırıb. Ardınca da Rusiyaya qaçıb, yalnız 2013-cü ildə, hakimiyyət dəyişdikdən sonra qayıdıb. Etirazçılar ona doğru yaxınlaşaraq təhqir etməyə başlayıblar. Deputat da onlara cavab verib. Nəticədə parlament qarşısında kəskin mübahisə düşüb. Polis, sabiq qubernatoru insident yerindən güclü çıxara bilib. Onu da qeyd edək ki, planer iclas zamanı Qaxariyanın opponentləri zalda olmayıb. Səbəb də odur ki, "Vahid Milli Hərəkat” və "Avropa Gürcüstanı” iclasın işini boykot ediblər. Səsvermədə iştirak edən 150 deputatdan 98-i Qaxariyanın lehinə səs verib. Hökumətin təsdiqlənməsi üçün 76 səs kifayət edirdi. Qaxariya hökumətində yalnız iki dəyişiklik var – müdafiə naziri postunu İvanişvilinin aktiv tərəfdarı İrakli Qaribaşvili tutub. Yeni müdafiə naziri bildirib ki, ölkənin müdafiə sənayesini yeni inkişaf mərhələsinə çatdıracaqlar. O, ölkənin müdafiə qüvvələrinin və müdafiə qabiliyyətinin daha da güclənməsinə çalışacağını bildirib. Nazir deyib ki, müdafiə qüvvələrinin vahid orqanizm və bir ailə olması üçün əlindən gələni əsirgəməyəcək. İ.Qaribaşvilinin sözlərinə görə, müdafiə sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar yaxın gələcəkdə ictimaiyyətə açıqlanacaq. O ki qaldı daxili işlər nazirinə - bu postu İvanişvilinin mühafizə xidməti rəhbərinin keçmiş müavini Vaxtanq Qomelauri tutub. Onun son işi Dövlət təhlükəsizlik xidmətinin rəisi postu olub. Dünən Gürcüstan prezidenti Salome Zurabişvili Qaxariyanın baş nazir vəzifəsinə təyin olunması barədə fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat üzrəmüşaviriİrine Şengeliyabildirib.
Qeyd edək ki, keçmiş Baş nazir Mamuka Baxtadze sentyabrın 2-də istefa vermişdi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər