• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

Gürcüstanı yenə də məyus etdilər

08.10.19 17:01 9444
Gürcüstanı yenə də məyus etdilər
İllər uzunudur ki, "NATO, NATO” deyə-deyə duran gürcülərin arzusu reallaşmaq bilmir. 2003-cü il "qızılgül inqilabın”dan Şimal Atlantika Alyansına üzv olacaqlarına ümid edən Mixail Saakaşvili qısa zaman kəsiyində bu arzusunun baş tutmayacağına şahid oldu. Rusiya ilə müharibəyə başlayanda ümid edirdi ki, dərhal Qərb ölkələri, xüsusən də NATO ona yardım edəcək. Lakin nə baş verdi? Alyans, sadəcə bəyanatlar verməklə kifayətləndi. Mixail Saakaşvilidən sonra isə vəziyyət daha da qəlizləşdi. Hakimiyyətə gələn rusiyalı oliqarx Bidzina İvanişvili ilk bəyanatındaca bildirdi ki, ölkə neytral siyasət yürüdəcək. Bunun nəticəsidir ki, Qərb ölkələri bir-birinin ardınca Gürcüstanın NATO-ya üzvlük məsələsinin gündəm olmadığını bəyan edirlər. Bu dəfə də Almaniya analoji mövqe ortaya qoyub. Gürcüstanda səfərdə olan prezident Frank-Valter Ştaynmayer əsas diqqəti alman biznesinin Gürcüstana yeridilməsi olduğunu dilə gətirib. Qeyd edək ki, Ştaynmayer bu günlərdə dünya mediasına ən çox adı çəkilən fiqur kimi düşüb. Söhbət Ukrayna böhranının həll edilməsi ilə bağlı qəbul edilən "Ştaynmayer formulu”ndan gedir. Tbilisidə də yaddan çıxarmırlar ki, məhz Ştaynmayer 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlar başlayan zaman Suxumiyə gəlib və problemin dinc yolla həllinə çalışıb. Atəşkəs rejimi bərpa olunduqdan sonra isə sülh rejiminin bərpası və razılaşmasının tələblərinin yerinə yetirilməsinə çalışıb. İndi də Tbilisidə belə şayiələr dolaşır ki, Almaniyanın keçmiş xarici işlər naziri vəzifəsində çalışmış Ştaynmayer ölkəyə boş əllə gəlmir. Gürcüstana, nəzarət altında olmayan muxtar vilayətlərin müstəqilliyi ilə bağlı hansısa bir "sehrli” formula gətirib. Bir faktı da yaddan çıxarmaq gərəkdir ki, onun "sülh formulu” Gürcüstanda heç də birmənalı qarşılanmayıb. Maraqlıdır ki, ukraynalıların "Ştaynmayer formulu”na qarşı etiraz aksiyaları Ştaynmayerin təəccübünə səbəb olub. Almaniya prezidenti "Ştaynmayer formulu”nun Rusiyanın təsiri altında yaradılması barədə iddiaları təkzib edib. "Ukraynada yaşanan mübahisələr məni bir qədər təəccübləndirib, çünki bu formulla bağlı danışıqlarda o zaman Ukraynaya rəhbərlik etmiş Petro Poroşenko da iştirakçılardan biri olub”, - deyə Ştaynmayer vurğulayıb. Qeyd edək ki, 2015-ci ildə Frank-Valter Ştaynmayer Almaniyanın Xarici İşlər naziri olarkən Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək.Ukrayna münaqişənin nizamlanmasına dair "Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynada "Ştaynmayer formulu”na qarşı etiraz aksiyaları keçirilib. Sabiq prezident Poroşenko bildirib ki, yeni hökumət Rusiyanın təzyiqi altında buna razılaşıb.
Ukraynadan fərqli olaraq, Gürcüstanla bağlı hələ ki, hansısa bir formul mövcud deyil.
Bəlli olur ki, alman prezident Gürcüstana da, gözləntilərin əksinə olaraq, əliboş gəlib. Onun, gürcü həmkarı Salome Zurabişvili birgə mətbuat konfransında yalnız vədlər və tezislər səslənib. Bəyanat da belə olub ki, Gürcüstan hər zaman Almaniya tərəfindən siyasi dəstəyə, eləcə də, NATO və Avropa İttifaqına inteqrasiya məsələsində, ərazi bütövlüyün bərpasında yardıma ümid edə bilər. Əlavə edib ki, Gürcüstanın NATO-ya doğru irəliləməsi məsələsində, sadəcə blok daxilində qəbul edilən qərarlara üstünlük verir, eləcə də, Gürcüstanın NATO himayəsi ilə keçirilən tədbirlərinə yüksək qiymət verir. Yeri gəlmişkən, alman prezidentinin səfərindən bir neçə gün əvvəl NATO Baş katibinin müavini, xanımRose Gottemoellerdə Gürcüstanda ikigünlük səfərdə olub. O, Gürcüstanın baş naziriGeorgi Qaxariyailə birlikdə NATO-Gürcüstan Komissiyasının iclasına sədrlik edib. Toplantı Batumi kurort şəhərində keçirilib, aylansın daimi təmsilçiləri də ora qatılıb. "Bu gün Gürcüstan NATO-ya üzv olmağaçox yaxındır”. Bunu ölkəparlamentinin sədri Arçil Talakvadze NATO baş katibinin müavini ilə görüşdə bildirib. O deyib ki, Şimali Atlantika Şurasının toplantısının Batumidə keçirilməsi Gürcüstanın nailiyyətlərinə layiqli qiymətdir. Spikerin sözlərinə görə, Gürcüstan NATO-ya üzvlükdə irəliləyişə, alyans və onun tərəfdaşları ilə birlikdə nail olub. A.Takavadze Gürcüstanın məsuliyyətli və praqmatik xarici siyasət apardığını qeyd edib. Lakin NATO rəsmisi gürcü spikerin istəyinə uyğun olaraq, quruma üzvlük məsələsindən danışmayıb.
Maraqlı olan odur ki, alman prezident Gürcüstan ilə Rusiya arasında BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birbaşa dialoqa böyük önəm verdiyini deyib. Gürcüstan prezidenti bildirib ki, alyansa üzv olmaq üçün Tbilisi əlindən gələni edir və bu da əksər Qərb tərəfdaşları tərəfindən tanınır. S.Zurabişvili əmindir ki, Gürcüstanın NATO və Avropa İttifaqına üzvlüyünün Rusiyaya aidiyyəti yoxdur: "Rusiya hər zaman buna qarşı çıxıb. Necə ki, vaxtilə Baltik ölkələrinin üzvlüyünə qarşı çıxıb. Lakin buna baxmayaraq, sonda qərar qəbul edildi”. Onun sözlərinə görə, alman həmkarı ilə danışıqlarda işğal altında olan ərazilərdə vəziyyət müzakirə mövzusu olub. "Bu, sayca dördüncü görüş idi. Lakin bu il bu formatda ilk səfəri idi. Biz işğal altında olan ərazilərdə vəziyyəti müzakirə etdik. Gürcüstan digər münaqişələr fonunda, xüsusən də Ukrayna ilə bağlı unudulmamalıdır. Yayda bizim işğal olunmuş ərazilərdə gərgin vəziyyət yaranmışdı. Vəziyyəti nizamlamaq üçün plan gərəkdir. Bunlardan biri də hazır formatların möhkəmləndirilməsidir. Aİ müşahidə missiyasının arealını genişləndirmək zəruridir”, - deyə gürcü prezident bildirib. Əvəzində Almaniya prezidenti bildirib ki, onu daha çox gürcü şərabı maraqlandırır. Onun sözlərinə görə, Gürcüstan alman turistlər üçün də cəlbedicidir. Əlavə edib ki, Almaniya KİV-lərində Gürcüstan haqqında kifayət qədər çox məlumat var. Lakin Aİ ilə Gürcüstan arasında münasibətlərin genişlənməsi barədə suala özünəməxsus şəkildə cavab verib. Bildirib ki, gürcülər viza rejiminin liberallaşmasından sui-istifadə hallarına yol verməməlidirlər. Əlavə edib ki, Almaniyaya gəlmək, burada işləmək, peşə əldə etmək üçün bütün leqal imkanlar var. Beləliklə, hər dəfə olduğu kimi, bu dəfə də gürcülərin gözləntiləri özünü doğrultmadı. Belə getsə, gürcülər hələ bir neçə onillik ərzində üzvlüyü gözləməli olacaqlar.

Azər

banner

Oxşar Xəbərlər