Gürcü-erməni münasibətlərində növbəti qalmaqal

Gürcü-erməni münasibətlərində növbəti qalmaqal

Siyasət
16 Oktyabr 2019, 17:59 814
Qonşu Gürcüstanın yeni baş naziri Georgi Qaxariya Ermənistana səfər edib. Baş nazir Nikol Paşinyan gürcü həmkarını qəbul edərkən bəyan edib ki, ölkəsi Gürcüstanla münasibətlərə xüsusi önəm verir. Lakin Paşinyan nədənsə zaman-zaman rəsmi Yerevanın Gürcüstanda separatizm əhval-ruhiyyəsini gücləndirməsi siyasətindən danışmaq istəməyib. Bundan əlavə, iki ölkə arasında mütəmadi olaraq qarşıdurmaya səbəb olan kilsələr məsələsinə də toxunulmayıb. Bir faktı da qeyd etmək yerinə düşər ki, konseptual sənədlərdə Azərbaycandan fərqli olaraq Ermənistanla Gürcüstan arasında münasibətlər strateji tərəfdaş statusa malik deyil. Paşinyan gürcü həmkarı ilə görüş zamanı bu məsələni qabartsa da, qarşı tərəf buna hər hansı bir reaksiya verməyib. Başqa bir maraqlı fakt. Əvvəlki dövrlərlə müqayisədə iki ölkə arasında ticarətin həcmində də azalma var. Əgər 2017-ci ildə bu rəqəm 240 mln. dollar idisə, 2018-ci ildə bu göstərici 138-ə düşüb.
Ümumiyyətlə, elə qonşu dövlətlər var ki, onların münasibətlərində sözün əsl mənasında səmimiyyət heç vaxt olmayacaq. Düzdür, qarşılıqlı səfərlər, qardaşlıq barədə ən yüksək səviyyədə bəyanatlar səslənəcək, lakin ziddiyyətlər və gərginlik tarix boyu davam edəcək - Ermənistanla Gürcüstan arasındakı münasibətlər kimi. Ötən əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində qurulan Ermənistan bəlli olduğu kimi, ilk gündən qonşularına – Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib. İlk növbədə Azərbaycan və Gürcüstan hədəfə alınıb. Azərbaycanla bağlı siyasət bəllidir. Havadarlarının dəstəyi ilə işğal etdiyi Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq. İkinci mənfur niyyəti isə Gürcüstanla bağlıdır. Bu ölkə ərazisində məskunlaşan ermənilər arasında separatizm əhval-ruhiyyəsini qızışdıraraq, onları Gürcüstan hakimiyyətinə qarşı qaldırmaq. Dəfələrlə iki ölkə arasında bununla bağlı gərginliklər yaşanıb. Gürcü tərəfi bu separatçı iddiaları cavabsız qoymayaraq, həmin qüvvələrə qarşı sərt addımlar atıb, həbslər həyata keçirib. Bir müddət məsələ ilə bağlı sakitlik yaransa da, zaman-zaman ermənilər öz mənfur siyasətlərini yeritmək istiqamətində addımlar atıblar.
Yeri gəlmişkən, gürcü baş nazirin Ermənistana səfəri ərəfəsində maraqlı hadisələr yaşanıb. Belə ki, erməni jurnalistləri Gürcüstana buraxmayıblar. Ermənilərin epress.am saytının əməkdaşları separatçı bölgə kimi ad çıxaran Cavahetiyaya səfər edib Rusiya mediasının regiona təsiri barədə reportaj və müsahibə almaq niyyətində olublar. Lakin saytın üç əməkdaşını Gürcüstana buraxmayıblar. Sərhədçilər bunun səbəbini açıqlamaq istəməyiblər. Sadəcə bildiriblər ki, jurnalistlərin Gürcüstan ərazisində fəaliyyəti arzuolunan deyil. "JAMnews”ə açıqlamasında Gürcüstana yollanan jurnalistlərdən biri Yuri Manvelyan bildirib ki, çəkiliş qrupu Rusiya mediasının regiona təsiri ilə bağlı açıqlamalar almaq istəyib. Gürcü sərhədçiləri isə onlara erməni-gürcü sərhədini keçməyə icazə verməyiblər. Səfərin məqsədi barədə məlumat əldə edən gömrükçülər bildiriblər ki, onların çəkiliş üçün akkreditasiyası olmalıdır. Sonra isə ümumiyyətlə onları noutbuk və videokameralarla gəlmələrinə icazə verməyiblər. Jurnalistlər bütün texnikanı Ermənistanda qoyub sərhədi keçməyə razılıq versələr də, sərhədçilər onlara yenə də sərhəd-buraxılış məntəqəsini keçməsinə razı olmayıblar. Görünür, onların əsl məqsədlərinin nədən ibarət olduğunu başa düşüblər. "Aqressiv tonda bizə bildirdilər ki, icazə olmadan Gürcüstan ərazisində jurnalistlik fəaliyyəti ilə məşğul ola bilməzsiniz. Biz xahiş etdik ki, bir aydınlıq gətirilsin. Lakin cavabında bildirdilər ki, qərar dəyişilə bilməz və onlara ölkə ərazisinə girişi qadağandır”, - deyə erməni jurnalist bildirib. Onu da deyib ki, bu, onun və saytın digər əməkdaşlarının Gürcüstana birinci səfəri olmayıb və əvvəlki səfərlərində heç bir zaman hansısa problem yaşamayıblar: "İrad bildirəndə ki, bəs əvvəl də Gürcüstan ərazisində işləyib fəaliyyət göstərmişik. O zaman sərhədçi bildirdi ki, artıq qaydalar dəyişib”. Y.Manvelyanın sözlərinə görə, sərhədçilər onların hansı səbəbdən Gürcüstan ərazisinə buraxılmaması barədə yazılı heç bir sənəd də təqdim etməyiblər. Bütün məsələlər "yuxarıdan” gələn tapşırıq formasında yerinə yetirilib: "Biz bilmək istəyirik ki, nədən belə vəziyyət yaranıb və növbəti dəfə bizi ora buraxacaqlarmı? Elə saytlar var ki, erməni-gürcü münasibətlərində problemləri qabardır və qızışdırırlar. Lakin biz belə işlərlə məşğul olmuruq. Ola bilsin gürcü məmurları tərəfindən erməni resurslarına qarşı hansısa bir gərgin münasibət var? Bunun konkret məhz bizə qarşı yönəldiyini düşünmürəm”.
Saytın əməkdaşları Xarici İşlər Nazirliyinə də müraciət ediblər, onlar da öz növbəsində gürcü həmkarlarına sorğu göndəriblər. Hələ ki, gürcü XİN-dən bir cavab yoxdur. Gürcüstan XİN jurnalistlərə "yox” cavabını qanunun müvafiq bəndi ilə əlaqələndirib. Yeri gəlmişkən, erməni jurnalistlər ümid edirdilər ki, bu məsələ Qaxariyanın Ermənistana səfəri zamanı qaldırılacaq. Lakin bu, baş verməyib.
"Nezavisimaya qazeta” isə yazır ki, "gürcü baş nazirin Yerevana səfəri heç də qeyd edildiyi kimi, xoş əhval-ruhiyyə fonunda keçməyib. Belə ki, Yerevanda diqqəti Qaxariyanın Bakıda səsləndirdiyi məlum bəyanata yönəldiblər. Baş nazir Bakıda olarkən bildirib ki, Tbilisi və Bakı düşmənlərinin açığına qardaş və dost münasibətlər sərgiləyir və bütün problemləri həll edirlər”. Qəzet yazır ki, "dərhal da erməni bloger sferasında belə bir sual ortaya çıxır – gürcü baş nazir bunu deyərkən nəyi nəzərə tutub? Axı hamıya məlumdur ki, Tbilisi Moskvanı dost olmayan ölkə hesab edir, Bakı isə Yerevanı”.

Azər NURİYEV