• cümə, 29 Mart, 03:43
  • Baku Bakı 7°C

Günəşin elçisi

11.11.19 12:00 1412
Günəşin elçisi
Naməlum qadın... Əzizim Elçin! Mən bilən, Nurəngiz Günün 80 illiyinə həsr etdiyin "Günəşin elçisi” esse-monoqrafiyanı birnəfəsə yazmısan, çünki mən də birnəfəsə oxudum, bu qənaətə gəldim. Nurəngiz Günlə ilk tanışlığımızı heç cür xatırlaya bilmirəm, buna ehtiyac da olmayıb. Ancaq onu dəqiq bilirəm ki, təxminən əlli il bundan qabaq onunla tanış olnada mənə elə gəldi ki, mən bu qızı lap çoxdan tanıyıram. Sənin də qeyd etdiyin kimi Nurəngiz ailənin ilki olub, sevgi, diqqət, qayğı əhatəsində böyüyüb, ona heç vaxt "yox” deyilməyib. Belə götürəndə Allah da ondan heç nə əsirgəməmiş, ona "yox” deməmişdi, bəndə nə karəydi ki.... gözəllik, gözəllik dolusu səmimiyyət, səmimiyyət dolusu həssaslıq, həssaslıq dolusu sevgi, sevgi dolusu ədalət, ədalət dolusu əsərlər... nələr, nələr... Hər yerindən duran bəndə belə mühitə düşmür, bu cür yaşamır. Belə mühitdə boya-başa çatmaq üçün Allahın razılığı – rəsmi dərkənarı olmalıdır. Və belə mühitdə böyüyən adamın içində sevgi tüğyan eləyir, onun içi sevgi ilə dolur, sevgi gözlərindən tökülür... töküldüyü yerdən damcı-damcı bənövşələr çıxır...
Bizim Nurəngiz Gün də o yerin Adamıdı... Düzü, xanım-xatınlığı ilə göz oxşayan Nurəngiz haqqında lap çoxdan fikirləşib bu qərara gəlmişdim ki, belə bir qənirsiz gözəli yaradıb dünyaya gətirmək təkcə iki nəfərin – ata ilə ananın işi deyil və bura üçüncü tərəfin müdaxiləsi çox vacibdi: Sevginin! Mən Nurəngizin valideynlərini görməsəm də inanıram ki, onlar bir-birini Nurəngiz həyatı sevdiyi qədər seviblər – yoxsa ortalığa belə nadir bir "məhsul” çıxarmaq qeyri-mümkün olardı... Valideynlərinin qəbri nurnan dolsun – baxmayaraq ki, o dünyada işığa-filana heç bir ehtiyac yoxdu – elə sevginin də qəbri... təəssüflər olsun ki...
Sevgi adamın içində lövbər salıb uzun müddət qalmamalı, ətrafındakı canlılar arasında, ana südü halallığı ilə dədə malı kimi bölünməli, parçalanmalıdır; əks halda adam çatlaya bilər. Ətrafa ötürülməyən, insanın içində daimi sakinə çevrilən sevgi, ən yaxşı halda, adamın öz əllərilə öz içinə basdırdığı mina kimi bir şeydir. Bizim Nurəngiz də sevginin bu xasiyyətini duyduğuna görə, ancaq özünəməxsus olan pak, şəffaf, ilıq sevgisini dörd tərəfinə - insanlara, övlada, valideynlərə, dostlara, ağaclara, günəşə, səmaya, göyərçinə, pişiyə - bir sözlə gözünə görünənlərin hamısına ana südü halallığı ilə dədə malı kimi ötürürdü.
Əzizim Elçin İsgəndərzadə! Nurəngiz Günə həsr etdiyin esse – monoqrafiyada yazırsan: "Məşhur rus rəssamı İvan Kramskoyun dünyaca tanınan bir əsəri var, "Naməlum qadın!. O əsər niyəsə mənə Nurəngiz Günü xatırladır həmişə. Bəlkə də, heç bənzəyiş yoxdu, amma mənim zənnimdə hətta o əsərin adı da Nurəngiz Gündü. Tretyakov qalereyasında olarkən o "Naməlum qadın” rəsminin qarşısında xeyli dayandım və içimdə onunla söhbət etdim. ...Qalereyada doğma adamımı görürmüş kimi xeyli sevindim, kövrəldim, imkanım olsaydı rəsmin boynuna da sarılardım...” Sənin hisslərin başa düşülən olduğuna görə birbaşa qəbul edilir. Mən sənin ordakı vəziyyətini bütün çılpaqlığı ilə gördüm, elə sərrast gördüm ki, hətta o vəziyyətində sənin yanında olub səni tək qoymaq istəmədim. Buna görə sənə eşq olsun. Ancaq məsələ burasındadır ki, mən də Tretyakov qalereyasında o "Naməlum qadın”la görüşdüm, tanış olduq. Oxşar hisslər mənim də içimdə şimşək kimi bir an çaxdı, "Naməlum qadın”ı məlum Nurəngiz Günə oxşatdım. Sən deyən kimi mənə də elə gəldi ki, rəssam bizim Nurəngizi çəkib, ancaq onun dünyaya bəs edəcək sevgisini verə bilməyib. Hətta onu da fikirləşdim ki, rəsam naturadan Nurəngizi çəkib, ancaq ürəyində başqasını tutub; buna o qədər inandım ki... Ancaq Nurəngizin bundan xəbəri olmadı, xəbəri olsaydı qanadlanıb uçacaqdı, uça-uça gedib haqqın qapısını açacaqdı, oturacaqdı qapının ağzında ki, hər gədə-güdə bu qapıdan içəri girməsin... Yeri gəlmişkən, Nurəngiz Gün yer üzündə bugünkü naməlum qadınlar bolluğunda ən məlumu və məlum qadınlar boluğunda ən naməlumudur - əlbəttə, söhbət mənim tanıdığım bizim Nurəngizdən gedirsə... Nurəngizi bir az valideynləri, bir az Jalə, bir az Elçin İsgəndərzadə, bir az tamaşaçılar, bir az oxucular, kimlər, kimlər və bir az da Seyran Səxavət tanıdı.
Ancaq bunların hamısını üst-üstə gəlsən bu da bir azdı, azdı, az onu tanımaq üçün... Əzizim Nurəngiz! Mən bu yazını Səni dünyalar qədər sevən Elçin İsgəndərzadənin sənə həsr etdiyi essedən çox təsirlənərək yazdım. Elçin İsgəndərzadənin səsi dünyanın hər yerindən gəlir, mən Bakıda oturub o səsi çox aydın eşidirəm. Təkcə "Sol” şeiri bəsdi ki, o ədəbiyyat tariximizdəki yerini özəlləşdirsin. Məhz belə bir qələm sahibinin sətirlərindən sənə dair süzülən Sevgi, bu sətirlərin üzərində sənin üçün ucaldılan Söz Abidəsi mənim boynuma böyük minnət qoydu; axı, sən mənim çox sevdiyimsən... Əzizim Nurəngiz! Yəqin ki, bu yazımı oxuyacaqsan. Xahiş edirəm zəng elə, fikrini de... Seyran Səxavət
***
Ayrılıq... Ayrılıqları heç sevmirəm. Ayrılıqdan danışmaq istəmirəm. Amma hardan gəlsən, hara getsən neçə-neçə ayrılıqlara çıxırsan. Hər şey ayrılıqdan başlayır sanki və ayrılıqda da bitir. Heç ağlıma gəlməyənlər başıma gəldi. Ayrılıq neçə doğmalarımı aldı məndən. Neçə sevdiyimi itirdim. Deyərdim bu dünyada ən dəhşətli şey ayrılıqdır. Ürək susur, dodaq susur, Ağac susur, budaq susur, Nə bir hənir, nə bir nəfəs, Qımıldanmayır yarpaqlar, Gecə yalqızlıq laylası deyir, Uyuyur qollarımda meh əsimi, Xatirə yelləyirəm beşik kimi, Kimsə yoxmuş, beşik bomboş, Kimsəsizlik yeyir içimi, Ayrılıqlar boyum biçimi!... Sanki ayrılıqlar adamın boyuna biçilən bir ağrıdır. Və sən o ağrını geyinirsən bir ömür. Bir ömür ayrılıqlar təqib edir səni. Sonra da özün qarışıb ayrılıqlara gedirsən, gedirsən, yenə də yolun ayrılıqlara çıxır. Doğmaların ayrılığı ürəyimdən keçdi, ürəyimin çatlarından keçdi. Çox çətin keçirtdim ayrılıqları. Pəncərə ağzında gedənləri gözləmək, gecələr xısın-xısın ağlamaq, xatirələrdə qovrulmaq, sonra da oturub ayrılıqlardan şeir yazmaq. Və bütün bunları yaşamaq çox çətindir. İnsan bu çətinliyin içində vurnuxur, vurnuxur, bir yana çıxa bilmir. Ayrılıq birmi, beşmi, onmu...
Ürəyim iki bölünür, hər gün belə, yavaş-yavaş hər şey ölür Artıq əllərim «o müqəddəs ayrılığın» əllərindədir. Əl-ələ vermişik onunla, O çəkidə məndən çox ağır, Mən onun tuşunda qov kimiyəm, Çəkir məni, oyunu o aparacaq, Nə fərqimə, artıq ayrılığa öyrəncəliyəm. Ah, ayrılıq! Biz ki, çoxdan tanışıq?!... Elə əvvəlki tək, bənizimiz sopsoluq... Xoş gəldin son ayrılıq. Qolboyun olaq. Artıq qorxum yox. O qədər itirə-itirə gəlirsən ki, axırda itirməyə də, itkilərə də, ayrılıqlara da alışırsan. Sanki elə belə ayrılıqlarla dolu olmalıymış həyatın. Ayrılıqlara alışsan da, öyrəşsən də sanki yanğınlardan çıxa bilmirsən. Ayrılıqlar yanğın yerləri kimi ömrünü-gününü qaraldır. Bax, mən doğmalarımdan, itirdiyim çox şeylərdən, sevdiklərimdən sonra eləcə yanğın yerlərində yanmaqdayam. Amma heç kəs hər gün yandığımı görmür. Mənsə yanıram, yanıram... Və ayrılıq elə bir yanğındır ki, heç kim su səpə bilmir bu yanğına, söndürə bilmir bu yanğını. Çox dəhşətli yanğındır. Hamını itirib onların yerində yanmaq, dəhşətdi... Ayrılıqları heç, heç sevmirəm... Hər şeyimi aldılar məndən. Bir gün də məni alacaqlar məndən.
***
Məşhur rus rəssamı İvan Kramskoyun dünyaca tanınan bir əsəri var, ‘Naməlum qadın’. O əsər niyəsə mənə Nurəngiz Günü xatırladır həmişə. Bəlkə də, heç bənzəyiş yoxdu, amma mənim zənnimdə hətta o əsərin adı da Nurəngiz Gündür. Tretyakov qalereyasında olarkən o naməlum qadın rəsminin qarşısında xeyli dayandım və içimdə onunla söhbət elədim. Sanki Nurəngiz xanımla danışırdım. Bilirəm ki, Nurəngiz xanımın da bu əsərdən xoşu gəlirdi, amma soruşmağı unutmuşdum ki, siz də bu oxşarlığı hiss edirsinizmi? Bəlkə, o da hiss edib, bəlkə də yox, amma mən bu əsərdəki obrazda həmişə Nurəngiz xanımı gördüm. Qalereyada doğma adamımı görürmüş kimi xeyli sevindim, kövrəldim, imkanım olsaydı rəsmin boynuna da sarılardım. Bu əsərin şəklindən Şuşadakı evimizdə varıydı, divara vurmuşduq. Onda Nurəngiz xanımı televiziyada görürdüm tez-tez. Elə o vaxtdan da bu əsəri Nurəngiz xanıma bənzətmişdim. Sonra illər keçdi, mən ali təhsil aldım, Bakıda yaşadım, televiziyada gördüyüm adamları yaxından gördüm, yaxından tanıdım, o cümlədən də, Nurəngiz xanımı. Və Nurəngiz xanımı ilk dəfə görəndə, yanılmadığımı hiss elədim. Yəni zənnimdə aldanmamışdım. Mənim aləmimdə oxşarlıq çoxuydu. Bu əsərin sirri, sehri nə qədəriydisə elə Nurəngiz xanımın əsrarı, gözəlliyi o qədəriydi.
***
Sanki sevgidən yoğrulmuşdu. İnsanda insanlara, otlara, ağaclara, hər bir canlıya, ya elə cansız şeylərə də, məsələn adi qələmə, adi stula, bir güllü nəlbəkiyə, bir xırda böcəyə qarşı nə qədər mərhəmət olardı, nə qədər qayğı olardı. Güllərlə danışardı, divara sığal çəkərdi, ağacları dinləyərdi, yağışı ovcuna yığıb nəsə deyərdi. Bir çatlayan əşyaya ürəyi yanar, bir qırılan stul ayağına ufuldayardı. Yanından ötdüyü adamları saxlamaq, niyə bikefsən, nə dərdin var, soruşmaq istəyərdi. Əlindən gələni edərdi hamı üçün, əlindən nə gəlirdisə əsirgəməzdi. Bir ananın xəstə uşağına, Bir yaralı quşun qırıq qanadına, bir kimsəsizə, bir işsizə, bir arxasıza arxa olmuşdu. Hardanıydı bu qədər sevgi, bu qədər mərhəmət... Heç özü də bilmirdi. Amma bir şeyi bilirdi ki, zəifə, imkansıza, gücsüzə, kasıba mütləq kömək etmək, dərdini dinləmək, söykək olmaq lazımdır. Vəfatından sonra Nurəngiz xanımı el ağladı, el yola saldı, el haray çəkdi. Qızı Jalə xanım deyir ki, anamı sevən və anamdan yaxşılıq görən nə çox insan var imiş. Heç bunların çoxundan mənim xəbərim olmayıb. Anam bunları necə edib, necə çatdırıb, bilmirəm...
***
Bir də Nazim Hikməti sevirdi. Elə çox sevirdi ki, şeirlərini oxuyanda, ya dinləyəndə gözlərini yumardı. Dəfələrlə şahidi olmuşdum bunun. Harasa uzaqlara gedərdi Nazim Hikmətin sətirlərinin qanadlarında. Bir xeyli vaxtdan sonra qayıdardı. Bu qayıdış bahara qaranquş qayıdışıydı... Sevdiyi şeir "Günəşi içənlərin türküsü" Nazim Hikmətin ən məşhur və ən sevilən şeiridir ki, Nurəngiz xanım bu şeiri Günəş kimi ciyərlərinə çəkirdi. Sətir-sətir içirdi bu şeiri. Bu bir türkü: - toprak çanaklarda güneşi içenlerin türküsü! Bu bir örgü: - alev bir saç örgüsü! kıvranıyor; kanlı; kızıl bir meş'ale gibi yanıyor esmer alınlarında bakır ayakları çıplak kahramanların! İlk dəfə Nurəngiz xanımın ifasında tanıdım bu şeiri. Tanıdım və sevdim. Bildim ki, Günəşi içənlər də var və Günəşi də içmək olarmış, necə ki, o qəhrəmanlar kimi. Ben de gördüm o kahramanları, ben de sardım o örgüyü, ben de onlarla güneşe giden köprüden geçtim! Ben de içtim toprak çanaklarda güneşi. Ben de söyledim o türküyü! Nazim Hikmət sevgisi bir həsrət kimi keçirdi içindən. O böyüklükdə şairin qədrini bilmədilər, deyirdi və kədərlənirdi ki, o böyüklükdə şairinə yiyə çıxmadılar. O gözəllikdə şair vətənindən didərgin düşdü, zindanlarda şeirlər yazdı, axırda da vətən həsrətiylə qürbətlərdə öldü. Bu çox ağrıdırdı onu.
Söhbətlərimizdə dəfələrlə vurğulayırdı ki, Nazim Hikmət türk şeirinə yeniliklər gətirdi, azadlıq uğrunda çarpışdı, qeyri-adiliyi ilə seçildi, sevildi, amma qürbətdə gözlərini yumdu, bax bu onu ağrıdırdı. İşte: şu güneşten düşen ateşte milyonlarla kırmızı yürek yanıyor! Sen de çıkar göğsünün kafesinden yüreğini; şu güneşten düşen ateşe fırlat; yüreğini yüreklerimizin yanına at! Akın var güneşe akın! Güneşi zaptedeceğiz güneşin zaptı yakın!
Həm də çox maraqlı və şərəfli bir hadisədir ki, Nazim Hikmətin ilk kitabı "Günəşi içənlərin türküsü" 1928-ci ildə Bakıda çap olunub və beləliklə sərbəst şeirin sehrinə salıb oxucularını. Heç yadımdan çıxmaz... Nurəngiz xanıma həsr olunmuş televiziya proqramının birində belə bir ifadə işlətdim ki, sərbəst şeirimizin baniləri Nazim Hikmət, Rəsul Rza, Mikayıl Rəfili və digərləri olub. Ancaq şeirimizə sərbəstliyi Nurəngiz Gün gətirib. Bu ifadəm ədəbiyyatşünaslar tərəfindən çşqəbul edildi. Nurəngiz xanım deyirdi, çoxları elə bilir şeir sərbəstdirsə onu yazmaq çox asandır, yəni sərbəstin nə qafiyəsi olur, nə də hecası. Amma düşünmürlər ki, sərbəst şeirin öz ritmi, öz musiqisi, öz ahəngi olur və şeir su kimi axıb gedir adamın dilində. Güneşi içiyoruz sesinde! Coşuyoruz, coşuyor!..
Yangınlı ufukların dumanlı perdesinde mızrakları göğü yırtan atlılar koşuyor! Şairin vətən yanğısından danışardı Nurəngiz xanım, Pirayəyə sevgisindən, həyat eşqindən, mübarizəsindən, qorxmazlığından, şeirlərindən yanğıyla danışardı. - Mabirzə bu gün də var, yarın da... misralarını həyatının şüarı kimi həmişə önə çəkərdi. Bir də xatırladırdı ki, "Şair öz xalqının carçısı olmalıdır" və Nazim Hikmət həm öz xalqının, həm də bütün insanlığın yorulmaz azadlıq carçısıydı. Akın var güneşe akın! Güneşi zaaaaptedeceğiz güneşin zaptı yakın! Bu sərbəst şeirin özünəməxsus ahəngi var və oxuduqca o ritmə düşürsən. Şeirin sərbəstliyini unudursan, sətirlər elə ahənglə oxunur ki, o ahəngdən çıxa bilmirsən. Nazim Hikmətin böyüklüyü həm türk şeirinə gətirdiyi sərbəstlikdə, həm yenilikdə, həm sərbəst şeirin ritmində, həm də Günəşi içən şair olmasında idi. Nurəngiz Gün həmişə Nazim Hikməti yada salanda Günəşi içən adam deyirdi. Və Günəşi içən adamın həsrəti şeirlərindən keçirdi.
Merdivenlerimizin çengelini yıldızlara asarak, ölülerimizin başlarına basarak yükseliyoruz güneşe doğru! Nazim Hikmət təkcə türklərin deyil, elə bütün dünyanın da böyük şairi idi. Onun nəfəsi, şeirləri, açdığı cığır yeni, avanqard idi. Bununla belə bu yenilikdə bir azadlıq hayqırtısı, bir azadlıq həsrəti vardı. O böyük inqilablar şairi idi. O dövrün bütün ictimai-siyasi hadisələrinə həmişə öz münasibətini bildirmiş və bu hadisələr onun yaradıcılığına sirayət etmişdir. Şair haqsız olan hər şeyə qarşı mübarizə aparmış və öz sözünü deməkdən çəkinməmişdir. Hərdən də deyirdi ki, o boyda sevgi yaşayasan, bir qadını o qədər sevəsən, axırda ömrünü bir rus qadınla başa vurasan. Həyat elə amansız sürprizlərlə doludur ki, bu amansız sürprizləri amansızcasına yaşamağa məhkumsan. Nazim Hikmət ölənə kimi Pirayənin həsrətiylə yandı, yandı və axırda da kül oldu. Böyük sevgiydi Nazim Hikmətin sevgisi. Elə Günəş boyda böyük idi.
Günəşi içən adam Nazim Hikmət! Günəşli günlər yaxındadır, Günəşli günlərdən keçirik... Umudlar bizim, Sabahlar bizim. Hələ sabahlarda Günəşli günlər görəcəyik, Hələ Günəşli günlər adına sənin Günəşli şeirlərini oxuyacağıq, səni Günəşli sevəcəyik, Günəşli xatırlayacağıq. Toprak bakır gök bakır. Haykır güneşi içenlerin türküsünü, Hay-kır Haykıralım! Nurəngiz xanım Nazim Hikmət şeirinin qanadlarında gözlərini yumub Günəşə yol aldı və Günəşi içənlərin türküsünü oxuya-oxuya Günəşdən keçdi... uzaqda azadlıqlar ölkəsində indi Nazim Hikmətlə birlikdə oxuyur "Günəşi içənlərin türküsü”nü.
***
Həzin bir xəyal kimi xatırlayıram... Yerişini, duruşunu, gülüşünü, səsini, baxışlarını, gözəlliyini... Bu dünyadan bir gözəl keçdi, gözəlliklərdən keçdi! Və gözəlliyə doğru yol alıb gözəlliyə qarışdı. Gözəl nə varsa onları sevdi, gözəl nə varsa onlardan yazdı, gözəl nə varsa... Gözəl nə varıydı ki... Gözəl uşaqlıq varıydı, gözəl gənclik varıydı, gözəl günlər varıydı, gözəl güllər varıydı, şəbgül adlı, gözəl quşlar varıydı, qu adlı, gözəl şəhər varıydı, Bakı adlı... Bu şəhərin qədim küçələrini qarış-qarış gəzdi, ağaclarıyla söhbət elədi, daşlarıyla dost oldu, insanlarını sevdi... Sevgisi Xəzər boydaydı, bəlkə də Xəzərdən də böyük, göylər qədəriydi, bəlkə də xəyallar qədəriydi- xəyallar tükənmir axı. Hamını sevdi, hamını doğma sandı, hər kəsi anlamaq istədi, anladı da... Geniş ürəkli, təmiz qəlbliydi... ürəyinə dünyaları sığışdırdı, göylərdə qanadlandı, şeirlər yazdı, yazdı...
Bir gün də anladı ki, şeir onun həyatıdır, və şeirsiz yaşaya bilmir, şeirsiz nəfəs ala bilmir, şeirsiz həyat yox ona. Qollarını geniş açdı, açdı.. uçdu, uçdu, şeir oldu, ən gözəl şeir. Bəlkə də rəssamıydı... Rənglərin diliylə danışırdı, mavinin çalarlarıyla, yaşılın çeşidləriylə, qaranın ağıyla, ağın qarasıyla, güllərin qoxusuyla, çiçəklərin rəngiylə... Bəlkə də bəstəkarıydı, şeirləri nəğmə kimi oxuyurdu, sözləri yağış kimi bəstələyirdi, misraları not-not çizirdi vərəqlərə. Sonra çiçəklər oxuyurdu bəstələrini, quşlar oxuyurdu nəğmələrini, sular zümzümə edirdi həmin notları.
Bəlkə də buluduydu... Səhralara yağırdı, meşələrə yağırdı, susuz çöllərə yağırdı. quruyan göllərə yağırdı. Yağdı çiçəklər cana gəldi, yağdı torpaqlar yaşıllandı, yağdı bahar gəldi, qaranquşlar qayıtdı, qayıtdılar yuva qurmağa. Bəlkə də şəbgülüydü, gecə açırdı, səhər gördüklərindən şirə çəkirdi arı kimi. Bəlkə də arıydı... sözlərə qonurdu, misralara qonurdu, şeirlər süzülürdü dodaqlarından. Bəlkə nağıllardan gəlmişdi, Günəşli nağıllardan. Qəmərə dost oldu, Hilala yoldaş, Ayparayla sirdaş... Sonra da nağıllara qarışdı, Günəşli nağıllara, Günəşlə birgə qüruba endi, qüruba endi ki, nə vaxtsa Günəşlə birgə doğsun.

Elçin İsgəndərzadə
banner

Oxşar Xəbərlər