• çərşənbə axşamı, 19 mart, 13:48
  • Baku Bakı 8°C

Gücsüzlüyü ört-basdır etməyə hesablanmış qərar

09.12.19 18:12 1855
Gücsüzlüyü ört-basdır etməyə hesablanmış qərar
Ekspertlərin fikrincə, radikal müxalifətin boykot taktikası əvvəldən aydın şəkildə gördükləri məğlubiyyəti ört-basdır eləmək cəhdindən başqa bir şey deyil

Siyasi təşkilatlar hər zaman ölkədə keçiriləcək seçkiləri səbirsizliklə gözləyir və imkandan istifadə edərək hakimiyyətə sahib olmaq niyyəti güdürlər. Lakin Azərbaycanda mövcud olan radikal müxalifət düşərgəsi uzun zamandır "cəmiyyətin drujinaçısı” rolundan o yana gedə bilmir. Reallıqdan uzaq düşən radikal düşərgə virtual aləmə necə aludə olubsa, fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı da boykot qərarı verib. Belə olan halda haqlı olaraq sual yaranır ki, boykot qərarı vermədən öncə keçirilmiş hansı seçki də uğur qazanmısınız? Axı siyasi təşkilat, düşərgə hansı məntiqə əsaslanaraq belə bir qərara gəlir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirdi ki, radikal müxalifətin atdığı bir sıra addımlar müəyyən konkret prinsiplərə, arqumentlərə, reallıqlara yox, məhz məntiqsizliyə söykənir: "Son illər Azərbaycan tarixində baş verən bir sıra hadisələri misal gətirməklə sübut etmək olar ki, həmin hadisələrə münasibətdə radikal müxalifət düşərgəsinin mövqeyi tam məntiqsiz şəkildə üzə çıxıb. Bu dəfə seçkilərə münasibətdə də bunun şahidi oluruq. Əvvəla onu deyim ki, radikal müxalifətin sıralarında parçalanmanın özü artıq bu düşərgənin daxilində gedən proseslərdən xəbər verir. Yəni, radikal müxalifət düşərgəsinin bir hissəsi, hansılar ki, indiyə qədər seçkiləri ənənəvi şəkildə boykot edirdilər, bu dəfə seçkiyə getmək qərarı veriblər. Radikal düşərgənin başqa hissəsi, xüsusilə, Əli Kərimlinin ətrafındakı Milli Şura ənənəvi şəkildə yenə də seçkini boykot etməkdə davam edirlər”.
A.Quliyev qeyd etdi ki, boykot qərarının indiki şəraitdə radikal müxalifət düşərgəsi üçün hər hansı bir ciddi nəticələri gözlənilmir: "Dünya praktikası da sübut edib ki, boykot taktikası o hallarda nəticə verir ki, bunu elan edən siyasi təşkilatın ölkədə böyük sosial bazası və dayaqları olsun. Eləcə də istənilən an hakimiyyətin siyasətinə təsir göstərmək üçün yüz minlərlə insanı küçələrə tökmək kimi bir xarizmatik gücü olsun. Ancaq bu qeyd edilənlərin heç biri Milli Şurada yoxdur. Ona görə də hazırkı boykot taktikası əvvəldən aydın şəkildə gördükləri məğlubiyyəti və sosial bazasızlığı ört-basdır eləmək cəhdindən başqa bir şey deyil”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksioneri Nəzakət Məmmədova bildirdi ki, radikal müxalifət bir qayda olaraq son illərdə əksər seçkiləri - prezident, parlament və bələdiyyə seçkilərini boykot etdiyini açıqlayır: "Bu, dərsini bilməyən şagirdin onsuz da kəsiləcəyini anladığı üçün bəhanə ilə imtahandan yayınmasına oxşayır. 26 ildir hakimiyyət eşqi ilə alışıb-yanan bu insanlar ortaya bir konseptual yanaşma qoymayıblar və indi də hər şeydə əsassız yerə hakimiyyəti günahlandırırlar. Şübhəsiz ki, əgər bir siyasətçi, yaxud siyasi partiya əqidə, prinsip, qanunla, seçkilərdə qalib gəlmək yolu ilə məqsədinə nail olarsa, bu, siyasət olimpinə yüksəlişdir. Yox, əgər mənəviyyatını çirkin oyunlara qurban verərsə, hakimiyyətin alternativsiz və barışmaz opponenti görünmək üçün öz ətrafını, xüsusilə gəncləri, qadınları qəsdən "siyasi dustaq" damğası vurub, beynəlxalq güc mərkəzləri qarşısında "əzabkeş demokrat”, "alovlu liberal” adı ilə öz siyasi ambisiyalarına, pərdəarxası məkrli sövdələşmələrə alət edərsə, bu, qaranlıq dibi olan quyuya enişdir. Xalqla, sadəlövh insanlarla manipulyasiya etmək heç bir siyasi etikaya, mənəviyyat çərçivəsinə sığmır. Azərbaycanın taleyi Azərbaycan hakimiyyəti və xalqı arasında dialoq, qarşılıqlı anlaşma, problemlərin həlli yollarının birgə axtarışı ilə həll olunmalıdır, vətənimizdə hansısa məkrli maraqları olan xarici qüvvələrin hakimiyyət eşqi ilə yanıb-tutuşan radikal təfəkkürlü müxalif qüvvələrlə gizli sövdələşməsi nəticəsində yox”.
N.Məmmədova vurğuladı ki, bütün bu baş verən proseslər Azərbaycan müxalifətinin bir neçə problemini ortaya çıxardı: siyasi mədəniyyət və mənəvi dəyərlərin tənəzzülü, sistemin köhnəlməsi və onun özünüyeniləmə prosesinin tamamilə mövcud olmaması, müasir dövrün, daxili və xarici şəraitin tələblərinə çevik, adekvat reaksiya verə bilməmək və s: "Hakimiyyət bu çağırışlara reaksiya verərək sistem daxilində yenilənməni uğurla həyata keçirməkdədir və bununla öz dayanıqlığını qoruyub-saxlamağa qabil olduğunu nümayiş etdirməkdədir. Lakin hakimiyyəti ittiham edən və hakimiyyətə iddia edən müxalifət bu prosesə nəinki uyğunlaşaraq rəqabət mühitini gücləndirmək, hətta bir addım öndə olub iqtidarın addımlarını qabaqlamaq və beləliklə də, hakimiyyətə gəlməyə layiq və qabiliyyətli olmaq imkanları nümayiş etdirmir. Xalqı düzgün gələcəyə aparmaq üçün çalışan dövlət başçısına əngəl olmaq cəhdləri ilə, virtual qarayaxmada trol dəstəsindən yararlanmaqla, qeyri-qanuni mitinqlər təşkil edib qarşıdurma, çaxnaşma yaratmaqla hakimiyyətə gəlmək mümkün deyil. Kimlər üçünsə xaricdən alınmış qrantlarla, verilmiş təlimatlarla görülmüş işlərin uyğun gəlib-gəlməməsi bununla ölçülə bilər. Lakin xalq bu prosesdə neytral qalmağa üstünlük verir. Uzun illər ölkədə baş verən proseslər xalqda siyasətə inamsızlıq, ümidsizlik yaradıb. Müxalif partiyaların adlarının daxildə və xaricdə müxtəlif fırıldaqlarda hallanması onların imicini xeyli dərəcədə ləkələyib. Bundan tək çıxış yolu müxalifət partiyaları sıralarında yenilənmə, gənclərə meydan verilməsi, hakimiyyətlə qarşıdurmanın müstəvisini küçə iğtişaşlarından və sosial şəbəkələrdə təhqirlərdən sağlam siyasi debatlar formatına kökləmək və s. olardı. Boykot isə seçkinin pozulmasına yönəlmiş addım olsa da, son nəticədə passivləşən müxalif qüvvələrin tənəzzülünə gətirib-çıxaracaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər