• cümə axşamı, 18 aprel, 11:38
  • Baku Bakı 12°C

GUAM yenidən dirçəlir

16.12.19 17:20 478
GUAM yenidən dirçəlir
2020-ci il ərzində təşkilat daxilində Azad Ticarət Zonasının formalaşdırılması başa çatacaq

Uzun illərdən sonra GUAM (Demokratiya və iqtisadi inkişaf üzrə təşkilat) yenidən aktiv mərhələyə daxil olur. Təşkilata üzv olan 4 ölkənin - Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın hakimiyyət orqanları arasında hər hansı bir ticarət sərhədi və baryerinin olmaması barədə razılığa gəlinib. Azad ticarət zonası artıq 2020-ci ildə yaradıla bilər. Bu barədə təşkilatın Kiyevdə keçirilən toplantısında razılıq əldə olunub. Tərəflər bir-birilərinin beynəlxalq hüquq normaları ilə tənzimlənən mövcud sərhədləri çərçivəsində ərazi bütövlüyünün qorunması məsələsində ümumi mövqe nümayişi etdirib. "Kommersant” yazır ki, Kiyev görüşündə Ukrayna, Gürcüstan, və Moldova baş nazirləri – Aleksey Qonçarçuk, Georgi Qaxariya və İon Kiku iştirak edib. Azərbaycanı isə tədbirdə baş nazirin müavini Əli Əhmədov təmsil edib. Danışıqların iştirakçıları Azad Ticarət Zonasının formalaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi və Xəzərin enerji resurslarının Cənubi Qafqazla daşınması ilə bağlı nəqliyyat dəhlizinin yaradılması məsələsində razılığa gəliblər. "Biz üzv dövlətlər arasında ticarət sərhədləri və baryerlərin olmaması barədə həmrəyik. Ölkələrin şirkətləri azad şəkildə ticarət etməlidirlər”, - deyə Ukrayna baş naziri Aleksey Qonçarçuk iclasdan sonra keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, ikinci ambioz layihə nəqliyyat dəhlizinin yaradılmasıdır. "Bununla da bağlı prinsipial razılıq əldə olunub. Bu dəhlizin yaxşı bir ticarət yoluna çevriləcəyi gözlənilir. Bu layihənin reallaşması GUAM ölkələri arasında ticarət dövriyyəsini gücləndirə bilər”, - deyə o bildirib. A.Qonçarçuk xatırladıb ki, GUAM-a üzv dövlətin nümayəndələri iqtisadi və siyasi sahələrdə, eləcə də, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstanın baş naziri Georgi Qaxariya təhlükəsizliklə bağlı çoxtərəfli danışıqlarda daha konkret olub. "İqtisadiyyat məsələləri ilə yanaşı, biz GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünün qorunması məsələsini də müzakirə etdik”, - deyə o bildirib.
Moldovanın baş naziri İon Kiku isə ümidvardır ki, təşkilata üzv dövlətlər arasında Azad Ticarət Zonasının yaradılması nəinki təşkilat daxilində, eləcə də, üçüncü dövlətlər arasında ticarət dövriyyəsini artıracaq. O, ümidvardır ki, GUAM daxilində ATZ-nin formalaşdırılması 2020-ci il ərzində başa çatacaq.
Onu da qeyd edək ki, təşkilata sədrlik gələn ildən Azərbaycana keçir. Bununla bağlı baş nazirinin müavini Əli Əhmədov bildirib ki, rəsmi Bakı qarşılıqlı mənfəət doğuran əməkdaşlığın inkişafı və üzv dövlətlər arasında siyasi dialoqun dərinləşdirilməsinə geniş yer ayırır.
Kiyev sammitinin əsas yekunu dörd dövlətin gömrük xidmətlərinin avtomatlaşdırılmış iqtisadi operatorlarının tanınması barədə protokolun imzalanması olub. Kütləvi informasiya vasitələri üçün nəzərdə tutulan məlumatda bildirilir ki, operatorlar dünya boyu həm biznes-dairələrdə, həm də nəzarətedici orqanlarla qarşılıqlı münasibətlərdə xüsusi etimad əldə etmək imkanı qazanırlar. Bununla yanaşı, daha bir protokol tərtib edilib: malın keçməsi ilə bağlı sertifikatın verilməsində blokçeynin texnologiyasından istifadə edilməsi. Əldə olunan razılaşmaya uyğun olaraq GUAM ölkələrinin səlahiyyətli subyektinin (gömrük zabiti) imzası ilə yanaşı, xüsusi GR-kod sertifikatı təqdim ediləcək. Bunun köməyi ilə gömrük xidmətləri malın mənşəyinin həqiqi olub-olmadığını müəyyən edə biləcəklər.
Onu da qeyd edək ki, Gürcüstan baş naziri Kiyevə rəsmi səfəri çərçivəsində toplantıya qatılıb. Onunla birlikdə xarici işlər naziri David Zalkaliani də Ukrayna paytaxtına gəlib. Bununla da rəsmi Tbilisi Gürcüstan-Ukrayna münasibətlərindəki "pauza”nı pozub. Məsələ ondadır ki, xeyli müddətdir Ukraynada yaşayan eks-prezident Mixail Saakaşvilinin (o həm də Ukrayna vətəndaşıdır) aktivliyi ilə iki ölkə arasında münasibətlərdə bir soyuqluq yaranmışdı.
Bu yaxınlarda prezident Salome Zurabişvili Kiyevə səfərini də ləğv edib. Dövlət başçısının administrasiyası səfərin təxirə salınmasını tərəflərin qarşılıqlı diplomatik razılığı əsasında baş tutduğunu bəyan etsə də, məsələ heç də belə deyil. İş orasındadır ki, Ukrayna vətəndaşlığı olan Saakaşvili tərəfdarlarına xitabən bildirib ki, "rusiyalı oliqarx Bidzina İvanişvilini devirmək üçün bütün vasitələr keçərlidir”. O, Tbilisidə keçirilən antihökumət aksiyaların üzvlərinə etdiyi müraciətdə bildirib ki, "xəstə hakimiyyəti yatağındaca zorlamaq gərəkdir”. Gürcü polisini isə cinayətkar rejimin əmrlərini yerinə yetirməməyə çağırıb. Gürcü baş nazir də xarici siyasətdə "Ukrayna xəttini” bir qədər korrektə etmək qərarına gəlib və GUAM görüşünü ikitərəfli danışıqlar üçün istifadə etməyə çalışıb. Hökumətin mətbuat xidmətinin yaydığı məlumata görə, prezident Vladimir Zelenski, baş nazir Aleksey Qonçaruk və spiker Dmitri Razumovkov ilə görüşən Qaxariya iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin ümumi maraqlardan çıxış edərək genişləndirilməsi perspektivlərini müzakirə edib. "Ümumi maraq” dedikdə nələrin nəzərdə tutulduğunu baş nazir GUAM baş nazirlərinin birgə mətbuat konfransında açıqlayıb. O, ərazi bütövlüyünü üzv dövlətlər üçün əsas çağırış adlandırıb. Həmkarlarına Gürcüstanın ərazi bütövlüyünü müdafiə etdiklərinə görə təşəkkür edib. Əlavə edib ki, rəsmi Tbilisi ölkəsi ərazisindəki münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.
Xatırladaq ki, GUAM 1997-ci ildə o zamankı Ukrayna prezidenti Leonid Kuçmanın təşəbbüsü ilə yaradılıb. Gürcüstanın dövlət dəftərxanasının keçmiş rəhbəri Peter Mamradze "Kommersant”a bildirib ki, bu dörd dövlət MDB-yə üzv olsalar da, zaman-zaman öz gələcək inkişaflarını başqa inteqrasiya qurumlarında görməyə başladılar. Bu təşkilatın yaranmasını sürətləndirən hal üç prezident – Heydər Əliyev, Leonid Kuçma və Eduard Şevardnadze arasında yaxın münasibətlər, eləcə də, ABŞ-ın aktiv dəstəyi və yardımı olub. 1999-cu ildə Özbəkistan da quruma üzv olsa da, 2002-ci ildə təşkilatı tərk etdi. Gürcü politoloq David Avalişvili hesab edir ki, təşkilata yeni nəfəs verilməsi müasir geosiyasi şəraitdə baş verir. Hazırda iki dövlət –Ukrayna və Gürcüstanı MDB-ni tərk edib. Əlavə edək ki, 2008-ci il Gürcüstan-Rusiya müharibəsi və 2014-cü ilə Ukrayna-Rusiya hərbi əməliyyatları ilə regionda 22 il bundan əvvəlki vəziyyətdən köklü şəkildə fərqlənən bir vəziyyət yaranıb.
Azər NURİYEV



banner

Oxşar Xəbərlər