• cümə, 19 Aprel, 17:29
  • Baku Bakı 25°C

“Google” sizi yaxşı tanıyır

02.02.20 11:00 4792
“Google” sizi yaxşı tanıyır
Qalmaqallar, xaos, "çağdaş qeybət”çiliklə adını tarixə yazdırmış media baronlarından Culian Assanc internetin bəşəriyyətin sivilizasiyası üçün təhdid olduğu iddiası ilə yaddaşlarda iz saldı. Bəli, nəzərə alsaq ki, bu iddianın müəllifi internet sisteminə "yüngül müdaxilə” ilə siyasət, din, sənət dünyasının hədəfinə çevrilən "WikiLeaks”-in qurucusudur, anlamaq mümkündür. Amma bu iddiada həqiqət payı yoxdurmu?! On il bundan əvvəl bu sual haqqında düşünsəydik, tərəddüdsüz internetin necə hüdudsuz azadlıq meydanı yaratdığı fikrini müdafiə edərdik. İnternetin dünya tarixində və insanların həyatında inqilabi dəyişikliyə səbəb olduğunu danmaq mümkün deyil. Amma son onillikdə elə eyni miqyaslı ictimai problemin də mənbəyidir: insanlar internetə getdikcə daha çox bağlanır və bu, kütləvi nəzarət proqramları imperatorluqlarının yaranmasına səbəb olur. Artıq elektronik ünsiyyət və sosial media hədəflənmiş müəyyən sahələrdə iqtidarı ələ keçirmək üçün insanları açıq müstəvidə müşahidə etmək, izləmək, dinləmək və manipulyasiya etmək deməkdir. Cəmiyyətin qlobal miqyasda izlənməyə məruz qaldığı son dövrlərdə bu təslimiyyətdə kim olacağımızı isə özümüz seçirik: ya gücsüz, mərhəmətli, xeyriyyəçi olmaq, ya da cəsus, şantajçı və manipulyator kimi Assancın iddiasındakı məqsədin xırda xidmətçiliyini icra etmək.
Culian "Gizlilik müharibəsi” ("War on secrecy”) kitabında yer alan iddialarla internetin tarixdə bənzəri görülməmiş totalitarizmin, təzyiq, senzura və kölələşdirmə siyasətinin əsas silahı olduğunu əsaslandırmağa çalışır. "The nation” dərgisi Assancın çıxışlarını Ceykob Appelbom, Endi Müller və Ceremi Zimmerman ilə müzakirə etdiyi söhbəti dərc edib. Həmin söhbətdə Assancın səsləndirdiyi diqqətçəkən məqamları bölüşürük.
Bu kitab manifest deyil. Məşhurluğunu artırıb, mahiyyətini azaltmağa xidmət edən "manifest” sözünü işlədən olsa, qəbul etməyin. Mən sistemin uzunmüddətli müşahidəsindən qidalanan qənaətlərimi qələmə aldım. Əgər sıradan bir "Google” istifadəçisisinizsə, "Google” sizin kimlərlə ünsiyyətdə olduğunuzu, dini və fəlsəfi inanclarınızı bilir. İki il, üç gün, dörd saat əvvəl "Google”-da nə axtardığınızı xatırlayırsınız?! Amma "Google” xatırlayır. Hansı günlər, hansı saatlarda internetə daha uzunmüddətli bağlandığınızı, nə axtardığınızı bilir və unutmur. Haqqınızda nəinki ananızın, özünüzün belə bildiyinizdən daha çox şey bilir. Bu fikir sizi qorxutdu?! Sanki gizli bir əl sizi hər an hər şeylə şantaj edə bilər fikri aşıladı?
Bu sözü yəqin ki, hamınız çox işlətmiş və ya eşitmisiniz – "Telefon mənə zəng üçün lazımdır”. Əslində? isə mobil telefonlar izləmə cihazıdır, sadəcə bəzən ünsiyyət qurmaq üçün istifadə olunur. Mərkəzləşdirilmiş elektron mafiya tarixi təhrif etməklə kifayətlənmir, tarix olmamış kimi, yox imiş kimi davranır və öz istədikləri şeyləri xatırlamamıza imkan verir. Corc Oruelin məşhur sözü yadınıza düşdümü?! – "Bu gün iplər kimin əlindədirsə, keçmişi də o idarə edir. Keçmişi idarə edən kimdirsə, gələcəyin hökmünü də o verir”.
Katolik kilsəsinin iqtidar sahibi olduğu, hər şeyin bir əldən idarə edilib, bir ələ yığıldığı dövrlərə geri qayıdırıq. Kobud şəkildə açıqlama versək - əvvəllər kimsə diplomatik statusu, birgə işlədiyi firmalar kimi haqqında şübhə doğuran səbəblərdən müşahidə altına alınardı. Bu gün isə "əvvəl hər şeyi bir-bir qeyd edib, sonra şübhələnmək” sistemi işləyir.
Pis işlər görüb, pul qazanmaq olar. Bunun əvəzində yaxşı işlərlə, düzgün yolla irəliləyib bir sent belə qazanmaya da bilərsiniz. "Hüquqa uyğun cinayət” deyimini eşitməmiş olmazsınız. "Google”-un mexanizmi də buna uyğundur – hüquqa uyğun izləmə. Pul qazandıran pis işlərin də qarşısına "hüquqa uyğun” ifadəsi yapışanda "layiqlik” statusu alır. Çünki bu işlərin altına dövlətin də imzası atılır.
İdarə etmirik, idarə edilirik. İstənilən müəssisənin, evin yaxınlığında dayanmış GSM müşahidəli maşın heç bir polis icazəsi, şəbəkə dəstəyi, hansısa qanuni mərhələ olmadan içəridə nə danışıldığını sizə çatdıra bilər. Bu, nə eşidildiyini bilmək istəyən tərəf üçün "internetin yararı” kimi görünə bilər. Amma ümumi fonda "sərbəstləşmə vasitəsi” kimi tanıdığınız internet totalitarlığının ağlalmaz dərəcədə təhlükəli bir idarəçilik sisteminə çevrildiyi açıq-aydın görünür.
"Siemens” Almaniyanın ən böyük telekommunikasiya şirkətlərindən biridir. Ehtimal ki, hələ bir neçə əsr də belə qalacaq. Çünki bu şirkət həm də Almaniyanın qlobal kəşfiyyat şəbəkəsi rolunu icra edir. Kodlu yazıların açılması, şifrə pozulması, axtarış filtrlənməsi kimi bir çox işləri icra edən professionallar və sistemlər bu şirkətin damı altında toplanıb.
İndi nə düşünürsünüz? Yeni dünyanın sahibi olmaq, ən azından öz həyatımızın sahibi olmaq üçün özümüzəxas silahlarla qurşanmağın, sevdiklərimiz və arzuladığımız gələcək üçün mübarizə aparmağın vaxtı deyilmi? Çox vaxt əsl şiddətin, təzyiqin nə qədər yaxınımızda olduğunu başa düşmürük. Çünki müvəqqəti olaraq, işimizə yarayan şeylər naminə bu nəhəng təhlükənin qulağımızın dibinə kimi gəlməsinə özümüz icazə veririk. Bu gün dozası durmadan artan ən ağır fiziki şiddət belə bir riyazi hesablamanın, şifrələmənin qarşısında acizdir. "Google” kimi iri kəşfiyyat şəbəkələri də ancaq güclü bir şifrələmə qarşısında aciz qala bilər. Bu şəbəkələrin utopik sürətlə irəliləməsinin qarşısını almaq, öz adımıza qərar vermək haqqımızı geri qazanmaq üçün şəbəkələrdən istifadəni həyatımızdan çıxarmalıyıq.

İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər