Geriyə baxmaq anı
Əməkdar rəssam Natiq Fərəcullazadənin yubiley
portreti
Bir
həqiqətdir ki, sənətdə müəyyən uğur
qazanmaq və hansısa iz qoymaq üçün yaş məhdudiyyəti müəyyən olunmayıb. Çoxəsrlik
incəsənət tarixini vərəqləsək, onda müxtəlif yaradıcıların onları əbədiyyətə
qovuşduran uğurlarını bəzən gənc, bəzən də
kamillik dövrlərində qazandıqlarını görərik. Bununla belə, taleyini sənətə
bağlayanların adətən 20-30 illik səmərəli fəaliyyətdən sonra arxaya baxıb,
yaratdıqlarını bütün mənalarda dəyərləndirilməsi təbii qəbul olunur. Bu mənada
bu günlərdə anadan olmasının 60 illiyi qeyd olunacaq Azərbaycan Respublikasının
Əməkdar rəssamı Natiq Fərəcullazadə üçün özünə "bədii güzgü” tutmaq anının
yetişdiyini təbii sayırıq. Sərtliyi və barışmazlığı ilə çoxlarını "qorxudan” həmin
"bədii güzgü”də görünənləri dəyərləndirməyi
isə biz öhdəmizə götürürük...
Tanışlıq
üçün deyək ki, Bakıda dünyaya göz açan Natiq Fərəcüllazadə ixtisas təhsilini əvvəlcə
paytaxtdakı məşhur "Əzimzadə məktəbi”ndə, sonra isə M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunda almışdır. Təhsilsonrası müxtəlif yerli və beynəlxalq
sərgilərdə uğurlu iştirakı baş tutmuşdur. 2005-ci ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür. Əsərləri müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda
saxlanılır. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə ölkə
Prezidentinin sərəncamı ilə 2018-ci ildə "Azərbaycan Respublikasının Əməkdar rəssamı”
fəxri adına layiq görülmüşdür.
Etiraf edək ki, on il əvvəl – 2010-cu ildə V.Səmədova
adına salonda təşkil olunan və anadan olmasının 50 illiyinə həsr edilmiş fərdi
sərgisi ilə müasir Azərbaycan təsviri sənətində xüsusi yer tutduğunu təsdiqləyən
Natiq Fərəcullazadənin çoxşaxəli yaradıcılığı sənət xiridarlarına yaxşı
tanışdır. Bu gün onun istedadlı və özünəməxsus rəngkar, həm də heraldika ustası
kimi tanınması da onun bədii irsinin kifayət qədər ictimailəşməsinin və təqdir
olunmasının nəticəsidir. Bu deyilənlərə onu əlavə edək ki, onun yaradıcılığı mövzu və janr baxımından kifayət qədər müxtəlifdir. Diqqət çəkən isə rəssamın bu rəngarəng bədii tutumun hər səhifəsinə özünəməxsus münasibət göstərə bilməsidir. Odur ki, onun hamıya məlum olan tarixi hadisələrə və məkanlara, tanınmış şəxsiyyətlərə və əşyalara bədii-tarixi yanaşması hər dəfə maraqla qarşılanmaqdadır.
Natiq Fərəcullazadənin rəngkarlıq irsi bütün mənalarda
maraq doğurur. İlk növbədə müəllifin xalqımızın uzaq-yaxın keçmişinə müraciətlərinin
nəticələri diqqət çəkir. "Türkmənçay”, "Şəmkir yaxınlığında döyüş”, ”Xudafərin”,
"Qanlı Yanvar”, "Şah İsmayıl Xətai” və s. əsərlərində onun məkana və hadisələrə,
taleyüklü hadisələrin yükünü daşıyanlara bədii-obrazlı baxışlar həm də
düşündürücü-fəlsəfi tutuma bələndiyindən görünənlər kifayət qədər mənalı və
yaddaqalandırlar.
Rəssamın tariximizin bədiiləşdirilməsinə yönəli əsərlərində
zamanında yaşananların obrazlı-bədii, çoxqatlı tutumda təqdimatı, həm də
onların müəllifinin təxəyyül gücünü əyaniləşdirməyə xidmət edir. Onun Azərbaycanın
faktiki olaraq bölünməsini şərtləndirən Türkmənçay müqaviləsinin (1828) mahiyyətini
açıqlayan əsəri rəmzi-düşündürücü təqdimatı ilə diqqət çəkir. O, üfüqi
kompozisiyada bədii təzadlardan məntiqlə istifadə etməklə Rusiya ilə İran
arasında bağlanan bu müqavilənin reallıqda bir milləti iki yerə parçaladığını təsirli
şəkildə ifadə etməyə nail olmuşdur. Bu azdetallı kətan səthinin iki –
"yandırıcı” rəngə bölünməsi, bədəni iki hissəyə bölməyə hazırlaşan bədxah
qılıncının həsrətyaradıcı görüntüsü kifayət qədər cəlbedicidir. Bölünən bədənə
ağı kimi qəbul olunan və zamansızlığa qovuşduğunu təsdiqləyən bu əsərin
düşündürücülüyü də birmənalıdır...
Natiq Fərəcullazadənin "Xudafərin” tablosunu, əslində,
"Xudafərin”in davamı hesab etmək olar. Belə ki, zamanında iki sahili birləşdirən
tarixi körpünün bu gün ayrılıq rəmzinə çevrilməsi məhz 1828-ci ildən sonra baş
vermişdi. Odur ki, əsərdə çoxtağlı qədim memarlıq tikintisinin ifadəli
görüntüsü nə qədər qürurdoğurucudursa, körpü üzərində sıralanan xilaskar qoşunu
əsarətə almağa hazır olan yuxarıdan asılmış torun yaratdığı həsrət-ayrılıq
hissləri yaratması duyulandır...
Rəssamın təqdimatında Şah İsmayıl Xətainin portreti
də kifayət qədər düşündürücüdür. Hakimiyyəti dövründə həyatını Azərbaycan
torpaqlarının bütövlüyü, ana dilimizin təmizliyi uğrunda mübarizəyə həsr etmiş
sərkərdə-şairin obrazı nə qədər nikbin boyalarla işlənsə də, daxili yaşantıları
pozasında və üz cizgilərində hiss olunan hökmdarın baxışlarında onun
narahatlığı duyulmaqdadır...
Natiq Fərəcullazadənin qan yaddaşımızda əbədi yer
tutmuş 20 yanvar hadisələrinə yaradıcı-vətəndaş münasibətində onun bədii təxəyyülünü
əvvəlkilərdən çox fərqli bədii tutumda görürük. Qənaətimizcə, rəssamın ifadə tərzinin
mücərrədləşməsi, bir qədər də məşhur Pikasso "Gernika”sı ilə doğmalaşması-onunla anım yaratması təbiidir.
Belə ki, hər iki əsərdə insanlığa qarşı törədilmiş çox dəhşətli faciəyə münasibət
öz əksini tapmışdır. Odur ki, onun
"Qanlı Yanvar”inda paralanmış
insan əzaları, həyəcandoğurucu müxtəlif detallar qırılmış talelərin ümumiləşdirilmiş
obrazı kimi cəlbedicidir. Elə bədii vasitələrdə qabarıq görünən ekspressiya da
faciənin təsirliliyinin yaddaqalan təsvirinə xidmət edir...
Bütünlükdə tarixi mövzuda əsər yaratmağın elə də
asan olmadığını vurğulamaqla, rəssamın
digər mövzu və janrlarda çəkdiyi əsərlərdə də onun bədii təxəyyülünün özünəməxsus
estetikaya malik olduğunu qeyd etmək lazımdır. Onun "Abşeron qadınları”,
"Novruzda”, "Yumurta döyüşdürənlər”, "Muğam”, "Söhbət”, "Güləş”, "Yağışlı gün”,
"Uzaq sahillərdə”, "Əbədi payız”, "Səhər”, "Kitabxanaçı”, "Sevgi”, "Ruhlara
dua”, "Güzgü”, "İstedad”, "Meyvələr”, "Güllər” və s. əsərləri bu qəbildəndir.
Bu lövhələrin önəmli xüsusiyyəti onların tamaşaçıda ovqat yaratmaq gücünə malik
olmalarıdır. Rəssamın bu vacib estetikanı kolorit özünəməxsusluğu ilə yaratması
da hər bir əsərdə duyulmaqdadır. Əsərlərindəki ifadəli siluet, kolorit şuxluğu
və məntiqli stilizələr isə onun qədim milli ənənələrdən yaradıcılıqla
faydalanmasının nəticələridir.
Çox vaxt rəssamların rəsmetmə çatışmazlığını rəng və
yaxıların hesabına ört-basdır edənlərdən fərqli olaraq Natiq Fərəcullazadə əksinə,
kətandakı müxtəlif səthlər arasındakı sahələri duyulası dəqiqliklə göstərməyə
çalışır. Onun dəsti-xəttini səciyyələndirən qrafik icra mədəniyyətindən rəngkarlıq
tablolarında uğurla istifadə edən müəllif, bununla da əsərlərinə bədii aydınlıq
verir və onları tamaşaçı üçün dolğun estetik qaynağa çevirir, desək,
yanılmarıq...
Onun ifadə tərzindəki bu bədii dəqiqlik sənətkar
kamilliyinin göstəricisi kimi onun müstəqillik dövründə yaratdığı çoxsaylı
heraldika nümunələrində də özünü nümayiş etdirmişdir. Bu gün o,Azərbaycanınbir sıra orden və medallarının eskiz müəllifi
kimi tanınır. Bu mənada onun hazırladığı "Əsrin müqaviləsi - 20 il",
"Naxçıvan Muxtar Respublikasının 90 illiyi", "TANAP" xatirə-pul
nişanlarının, I Avropa Oyunlarının xatirə medalının, Üzeyir Hacıbəylinin 130
illik yubiley medalının,Nizami Gəncəvi
medalının,"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)"
yubiley medalının,"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
(1918-2018)" yubiley medalının,"Rəşadət"
ordeninin,"Şücaətə
görə" medalınınvə başqa heraldika nümunələrin adını çəkmək olar.
Sonda demək lazımdır ki,
Natiq Fərəcullazadənin yaradıcılığı Azərbaycanla yanaşı, qardaş Türkiyədə də kifayət qədər tanınandır. Müstəqillik illərində
bir müddət Türkiyədə fəaliyyət göstərən rəssam 2003-cü
ildə ölkənin paytaxtı Ankarada yaradılmış "Disney qəhrəmanları
parkı"nın tərtibatında yaxından iştirak etmişdir. Onun burada ərsəyə gətirdiyi
bədii kompozisiyalar bu məkanda yüksək icra sənətkarlığı ilə diqqət çəkir. Rəssamın elə həmin şəhərdə yerləşən "Şeraton"
mehmanxanasında yaratdığı relyefli
dekorativ kompozisiyası da cəlbedici monumental sənət nümunəsi kimi ziyarətçilər
tərəfindən maraqla qarşılanmaqdadır...
Ziyadxan Əliyev