AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

İqtisadiyyat
11 İyul 2020, 13:15 330
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 may tarixli iclasında təsdiq ediImiş "Bərpaolunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi üzrə Tədbirlər Planı”nın icrası müzakirə olunub.
Energetika Nazirliyindən bildirilib ki, 10 tədbir üzrə görülən işlər diqqətə çatdırılıb.
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrin icrası istiqamətində torpaqla bağlı məsələlərin həll edildiyi, külək-ölçü müşahidə stansiyalarının quraşdırıldığı, "Enerji alqı-satqı Müqaviləsi”, "İnvestisiya Müqaviləsi”, "Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və "Torpaq İcarə Müqaviləsi” sənədlərinin investorlara təqdim edildiyi və imzalanmanın gələn aya planlaşdırıldığı qeyd olunub. İnvestorlara veriləcək maliyyə və qeyri-maliyyə öhdəlikləri üzə dövlət zəmanətləri müəyyənləşdirildiyi, layihələrin iqtisadi, ekoloji və sosial qiymətləndirilməsinin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, şəbəkənin gücləndirilməsi və layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən müvafiq texniki şərt layihələri və qoşulma sxemləri hazırlanıb, eyni zamanda, ən optimal variantın seçilməsi üzrə tədbirlər davam etdirilir.
Qeyd olunub ki, qoyuIuş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılması məqsədilə elektrik şəbəkəsinə qoşulacaq əlavə güclərin dövrlər üzrə optimal həddinin müəyyən edilməsi tədbiri üzrə məsləhətçi şirkət cəlb etməklə müvafiq təkliflərin hazırlanmasına başlanılıb. Bərpaolunan enerji üzrə əlavə güclər üçün ərazilərin müəyyən edilməsi və hərraca çıxarılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı təkliflər təqdim etmiş şirkətlərlə əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. Bərpaolunan enerji mənbələri ərazilərində elektrik stansiyalarının tikintisinə icazələrin və istismara qəbulun sadələşdirilmiş prosedurlarının hazırlanmasından irəli gələn məsələlər də müzakirə edilib.