AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Gəldiyim yeri unutmadım” Müsahibə

“Gəldiyim yeri unutmadım” Müsahibə

Mədəniyyət
05 Noyabr 2013, 11:35 1451
Son dönəmlər Türkiyədə çəkilən serialların əksəriyyətinin plagiat olduğunun şahidi oluruq. Plagiat olmasına baxmayaraq, həmin filmlər Türkiyədə və eləcə də vətənimizdə ən çox izlənilən filmlər sırasında yer alır. Belə ki, bu gün daha çox izlənilən türk seriallarından ən birincisi son 1 aydır nümayiş olunmasına baxmayaraq, reytinqləri qıran “Medcezir” serailıdır. “Medcezir” bu ay Türkiyədə ən çox izlənilən serial kimi reytinqlərdə birinci olub.

Baş rolları Serenay Sarıkaya və Cağtay Ulusoy canlandırdıqları üçün serialın bu qədər çox reytinq qazandığı da söylənilir. Serialın baş qəhrəmanı Serenay Sarıkaya çəkildiyi serail barədə Türkiyə mətbuatına müsahibə verib. Qeyd edək ki, Serenay “Adanalı”, “Lale devri” filmlərindən hər kəsə tanışdır, Azərbaycanda da sevilən aktrisalar sırasındadır.

Bizim üçün çətindir

- Çəkildiyiniz “Medcezir” serialı, son 1 ayda reytinqlərə görə ən ön sıralardadır. Serialın çəkiliş prosesi necə gedir?

- Serialın reytinqlərdə birinci olmasına görə çox sevinirəm. Filmə çəkilərkən onun tutub-tutmayacağını qabaqcadan bilmək və ya təxmin etmək olmur. Hər şeyi zamana buraxmaq lazımdır. Çəkiliş prosesinə gəlincə isə, komandamız çox səmimi və mehriban insanlardan ibarətdir. Orada çalışan hər kəs mənə doğma insanlardır. Filmə də sevə-sevə çəkilirəm. Bir sözlə, hər şey çox gözəl və öz axarında davam edir.

- “Medcezir” serialı dünyaca məşhur olan “The O.C” filminin plagiatıdır. Canlandırdığınız obrazın plagiat olduğunu bilmək necə bir hissdir? Siz özünüz oradakı qəhrəmanı heç izləmisinizmi?

- Əslində, oynanılmış obrazları yenidən canlandırmaq aktyor üçün çətindir. Ancaq digər tərəfdən baxanda, yaratdığımız obrazın xarakterini görə bilmək şansımız olur. İstər-istəməz serialın xarici versiyasını izləyənlər üçün, onları qarşılaşdırmaq şansı yaranır. Elə olan halda filmin rejissoru bizdən də məhz onların canlandırdığı kimi oynamağımızı istəyir. Bununla bərabər, komandada bir az fərqlilik olmalıdır deyə bizə şərt də qoyur. Təsəvvür edin ki, biz həm “The O.C” filminin aktyorları kimi, həm də fərqli şəkildə oynamalıyıq. Çəkilişlərdə çətin bir vəziyyətə düşürük. Hər bir halda filmin orijinalına sadiq qalırıq. Yəni hadisələr olduğu kimi qalır. Mən filmdə Mira obrazını canlandırıram. Bu obraza təklif almamışdan öncə filmi heç xarici kanallardan belə izləməmişdim. Rolum dəqiqləşdikdən sonra həmin filmin bütün bölümlərini izlədim. İzlədikdən sonra obrazımın üzərində 8 ay işlədim. Nəticədə isə məndə hər şey alındı.

Qəlbinizin səsini dinləyin

- Canlandırdığınız Mira xarakterinin digər qadın obrazlarından fərqi nədir?

- Mira çox həssas və kövrəkqəlblidir. O, daima özünə suallar verir və onlara cavab tapmağa çalışır. Yaman xarakterinin həyatına daxil olması ilə hiss edir ki, həyatında nələrsə çatmır və onları doldurmaq lazımdır. Ondan sonra Mira sevgisi uğrunda savaşmağa başlayır. Onun ətrafında olan insanlar soyuqqanlı və süni insanlardır. Miranın səmimiliyi onu filmdə olan digər obrazlardan ayırır. Daha doğrusu, mən oynadığım obrazı elə canlandırmağa çalışıram. Əslində onun ətrafı, ailəsi elə də pis insanlar deyil. Miranın qəlbi sevgisiz qaldığı üçün içində sanki bir boşluq var. O, bunu bilir və öz sevgisinin arxasınca gedir. Çünki ətrafında ona işığın ucunu belə göstərə biləcək kimsənin olmadığını bilir. Yaman da öz sevgisini ona verərək onun həyatında işıq kimi parlayır. Serialda yer alan hadisələr real həyatda da hər kəsin başına gələ bilər.

- Canlandırdığınız xarakter imkanlı bir ailə qızıdır. Sevdiyiniz insanın isə heç nəyi yoxdur. Belə sevgi real həyatda varmı?

- Bu hekayədə baş verən hadisələri tamaşaçı öncədən yəqin edə bilmir. Burada hər şeyin maddiyyatla əlaqəli olmadığı və baş verən hadisələrdə əsas məsələnin ürəklə hərəkət etmək olduğu göstərilir. Təəssüflər olsun ki, son dönəmlər cəmiyyətdə belə şeylər az hallarda baş verir. Yəni maddiyyat daha çox ön plana çəkilir. İndi evlənən qızlar üçün qarşı tərəfin işi və sosial statusu daha çox önəm kəsb edir. İstərdim ki, belə olmasın. Bu kimi halları seriallarda, filmlərdə görürük. Düşünürük ki, real həyatda heç də belə deyil. Serialı çəkməkdə məqsədimiz həyatda kimlərinsə sözünü dinləyib, onların fikirləri ilə idarə olunan insanları bu həyatlarından uzaqlaşdırmaqdır. Buradan tamaşaçılara, pərəstişkarlarıma səslənirəm ki, qəlbən kiməsə inanırlarsa, onun arxasınca getsinlər. Yəni qarşınızdakı insan heç nəyə sahib olmasa belə, iki qəlbin bir-birinə qovuşması mənə çox qiymətli və cəlbedici görünür.

- Bəs sizin sevgi anlayışınız necədir?

- İndiyə kimi sevginin bir çox şeyi həll etdiyinin, həddindən artıq şeyi dəyişdirdiyinin, kobud insanları necə yumşaltdığının şahidi olmuşam. Mən də içimi sevgi hissləri ilə doldurmağa çalışdım və hər zaman şən göründüm. Sevgi deyilən varlıq enerjilər arasında ən güclü olanıdır. Kiməsə çox güclü bir şey yollayarsansa, mütləq onun qarşılığını alarsan.

Bütün günü küçələrdəyəm

- Bu ayın sonunda sizi “Behzat Ç. Ankara Yanıyor” filmində görəcəyik. Filmin premyerasının keçilmədiyinə baxmayaraq, hər kəs filmi maraqla gözləyir. Yüksək reytinqli filmlərdə rol almaq necə bir hissdir?

- Filmin çəkilişləri çox maraqlı idi. Filmlə bağlı hələ ki bir söz deyə bilmərəm. Çünki filmi tam olaraq mən də izləməmişəm. Mən də sizin kimi filmi qala-da izləyəcəm. Amma bilirəm ki, film gözəl alınıb, çünki Serdar Akara güvənirəm.

- Bir çox filmdə mahnı ifa etmisiniz. Səsiniz də çox bəyənilib. İfaçı olmaq istəyərsinizmi?

– Xeyr. İştirak etdiyim seriallarda məcburən səsimdən istifadə etməli oldum. Əslində, niyyətim səsimin gözəl olduğunu göstərmək deyildi. Ancaq mahnı ifa etməyi çox sevirəm.

- Bu sənətə çox gənc yaşda başladınız. Ancaq özünüzü heç də məşhur insan kimi aparmırsınız.

- Bəli. İşimi sevərək görürəm, ancaq onun da çətinlikləri var. Hərdən çox əsəbiləşirəm. O zaman heç kimə bir söz deyə bilmirəm, çünki bu mənim işimdir. Bütün günü küçələrdəyəm, ürəyimin istədiyi şeyləri etməyə çalışıram. Heç kimlə yaxın münasibət qurmağa çalışmıram. Düşüncəmə görə insan heç zaman gəldiyi yeri unutmamalıdır. Özlüyümdə etdiyim hər hərəkətimdə bunu xatırlayıram.

- Bütün günü küçələrdəyəm deyirsiniz. Məzəli hadisələr olurmu küçələrdə?

- Bəli. Ötən həftə taksiyə mindim. Sürücü mənə dedi ki, “Bəs indi soruşanlara nə deyəcəyəm?” Heç nə başa düşmədim. Sürücü sözünə davam edərək, “Taksi dayanacağına gedəndə məndən soruşacaqlar ki, taksinə hansı məşhur mindi?” dedi. Mənim yaşadığım ərazidə məşhurlar çoxdur. Yəni orada taksilər məhz məşhur insanlar üçün işləyir. Mən də sürücüyə özümü təqdim etdim. Sonra gülməyə başladım.

- Gələcəyə dair xəyallar qurursunuzmu?

- Gələcəyə dair xəyallarım hər zaman olub, yenə də olacaq. Bir arzum həyata keçdikdən sonra o birisini arzulayıram. Hələ ki gəncəm, həyatım qarşıdadır. Yaşadıqca Allah mənə nəyi qismət edərsə, onu da görəcəyəm.

- Bəs evlənib övlad sahibi olmaq istəmirsinizmi?

- Təbii ki, istəyirəm. Ancaq psixoloji cəhətdən özümü buna hazır hiss etmirəm. Özümü hələ çox gənc hesab edirəm. Hazırda bütün fikirlərimi işimə yönəltmişəm. Ancaq hər kəs evləndi deyə evlənmək də istəmirəm. Olduğum yerdən, yaşadığım həyatdan və işimdən çox razıyam.

Yaxşı ki bu sənəti seçdim

- Aktrisa olmaqdan heç peşman oldunuzmu?

- Bu yola çıxarkən müxtəlif xəyallar qurdum. Onların yarısına da nail oldum. Bunun şans və ya uğur olduğunu anlaya bilmirəm. Həyatın mənə təqdim etdiyi və qarşılığını verdiyim qərarlar hər zaman məni bir addım irəliyə apardı. İndi geriyə dönüb baxanda fikirləşirəm ki, yaxşı ki bu sənəti seçmişəm.

- İşinizlə əlaqədar olaraq hər zaman göz önündəsiniz. Geyiminiz sizə mane olurmu?

- Olmazmı? Siması tanınan insanlar hər zaman gözəl geyinmək və mükəmməl görünmək məcburiyyətindədirlər. Çünki insanların sosial şəbəkədə “Filan aktrisanı gördüm, dəbsiz və yersiz geyinmişdi” sözü adama pis təsir edir. Ola bilər ki, o günə qədər yaxşı geyinmisən. O gün isə pis bir seçim etmisən. İnsanların məhz gedib elə o pis şeydən yazacaqlarını düşünərəkdən hər zaman baxımlı olmağa çalışırıq. Misal üçün, mən makiyaj etmədən evdən çölə çıxmıram.

Hazırladı: Xəyalə RəisMüsahibə"> Müsahibə">