AZE | RUS | ENG |

Fransanın vasitəçilik missiyasına ciddi zərbə

Fransanın vasitəçilik missiyasına ciddi zərbə
Fransalı bələdiyyə başçılarının işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfərləri həmsədr dövlətə olan etimadı sarsıdır

Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində Azərbaycan və Fransa siyasi münasibətləri gərginliyi ilə yadda qalıb. Fransanın Ermənistanla yaxın dostluq əlaqələri o dövrdə Azərbaycanla bu Avropa ölkəsinin yaxınlaşmasına imkan verməyib. Lakin 1993-cü ildən sonra ölkələrimiz arası münasibətlər yeni müstəviyə qədəm qoyub. Ümummilli lider Heydər Əliyev ilk rəsmi səfərini Fransaya edib. Dünya şöhrətli siyasətçi 2003-cü ilə qədər bir neçə dəfə Fransaya rəsmi və qeyri-rəsmi səfərlər edib. Ulu öndər siyasi kursunun layiqli davamçısı İlham Əliyev də bu siyasətə sadiq qalıb. Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə həyata keçirdiyi xarici siyasət nəticəsində Fransa ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edib. Siyasi, humanitar sahə ilə yanaşı, iqtisadi sahədə də ölkələrimiz arasında yaxşı münasibətlər var. Misal üçün, Fransanın şirkətləri Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bu sırada Suez, Total, Thales və sair digərlərini qeyd edə bilərik. 

Məlumdur ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında, sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış Minsk qrupunun tərkibinə daxildir. 1 yanvar 1997-ci ildən Fransa Minsk qrupunun həmsədridir. Təbii ki, belə olan halda rəsmi Parisin üzərinə böyük məsuliyyət düşür. Fransa münaqişə tərəfləri ilə danışıqlar aparan bir ölkə kimi neytrallığını qorumalı, beynəlxalq hüququn prinsipləri çərçivəsində hərəkət etməlidir. Lakin əfsuslar olsun ki, bəzi hallarda bir qrup Fransa rəsmisi bu prinsiplərin fövqündə dayanır, məsuliyyətsiz davranışlara yol verirlər. Ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçısı tərəfindən (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr – Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi də bu qəbildəndir. İlk növbədə qeyd edək ki, fransalı bələdiyyə başqanlarının bu səfərləri beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması halıdır. Eyni zamanda, bu səfərlər Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejimi ilə "dostluq dərnəyi”nin digər üzvlərinin belə səfərlərə qoşulması onların sifarişli xarakter daşıdığını açıq-aşkar sübut edir.
 
 

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə məsul olan həmsədr bir dövlətin bələdiyyə başçılarının qeyd edilən səfərləri qondarma rejimin sui-istifadə etdiyi işğal və azərbaycanlıların kütləvi etnik təmizləmələri əsasında qurulan status-kvonun təşviqi üçün nəzərdə tutulmuş təxribat xarakterli addımlardır. Belə ki, Fransadan olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə "bəyannamə”lər imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmə nəticələri ilə razılıq bildirilməsi deməkdir. Yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Paris tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamağı, səfərlər həyata keçirməyi və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və Yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təlimat məcburi xarakter daşıyır. 

Lakin məlum olmayan səbəblərdən Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir və həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. Fransa barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.
 

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov mövzu ilə bağlı bildirib ki, fransalı merlərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanat imzalanması cəmiyyətimizdə kəskin şəkildə pislənməklə yanaşı, böyük hiddət doğurur.
 
 
 
O, təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır: "Bu kimi qeyri-qanuni əməllərə əl atan Fransanın bəzi şəhərlərinin rəhbərləri, o cümlədən Sent-Etyen şəhərinin meri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazilərin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və ona bəraət qazandırır. İşğal altında olan Şuşa şəhəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər xalqımız üçün tarixi, mədəni, mənəvi və eləcə də rəmzi əhəmiyyətə malikdir. "Azərbaycan musiqisinin beşiyi” və "Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub”.
 
 

E.Əhmədov bildirib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib: "Unutmaq olmaz ki, insan hüquqları universal və bərabərhüquqlu xarakter daşıyır. Hazırda sayı 80 min nəfərdən artıq olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, o cümlədən sayı 33 mindən artıq olan Şuşa sakininin Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində fundamental hüquqlarının kobud şəkildə pozulması şəraitində Dağlıq Qarabağın yalnız erməni icmasının hüquqlarından danışmaq ədalətsizlik və insan hüquqlarına hörmətsizlikdir. Fransa hökumətini ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq”.

Alpər TURAN

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163