Fermerlərə verilən subsidiya məbləği məqbuldurmu?
2020-ci
ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun
veriləcək. Belə ki, Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Aqrar
Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun
tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları
istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq,
2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul
və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının
müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara
əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin
subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən
olunub. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv meyvə
bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
-
alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam
bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi
bağlar;
-
xurma və nar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlar;
-
limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd
tingin əkildiyi bağlar;
-
fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
-
əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum
330 ədəd tingin əkildiyi bağlar.
Üzüm
və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış
bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı
üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş
tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar
Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara,
Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və
Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər
qəbul olunur. Pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan,
Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli,
Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və
Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul
olunur. Tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı,
Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala
rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul
olunur. Fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax,
Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil
edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Çay üzrə əkin
əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər
rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Aqrar Subsidiya Şurası emal
müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər
tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna
4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.
Aqrar
Subsidiya Şurası həmçinin 2020-ci ildə toxum əmsalları və toxum subsidiyasının
məbləği, toxun kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının
hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan
torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci
reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar
qəbul edib. Qeyd edək ki, açıqlanan əmsallar üzrə subsidiyaların verilməsinə
2020-ci ildən başlanacaq. Həmin ildən subsidiyalar yalnız Elektron Kənd
Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.
Bəs
görəsən bu əmsalları məqbul hesab etmək olarmı?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli deyir ki, əmsal və kvotaları məqbul hesab edir: "Kənd təsərrüfatında
idarəetmənin aləti kimi subsidiya vəsaitinin ünvanlı və şəffaf idarə olunmasına
imkan yaradacaq. Subsidiya proqrammı 400 min fermeri əhatə edir. Bu mexanizmin
yaradılması ilə ilk növbədə bürokratik və subyektiv yanaşmalar aradan
qaldırılır. İndiyə kimi təqribən 1350 komissiya subsidiyanın təyin olunmasında
iştirak edirdi. Bu komissiya kənddə, rayon mərkəzlərində və nazirlikdə olmaqla
üç mərhələdə formalaşırdı. Amma indi
elektron sistem vasitəsi ilə insanların iştirakı olmadan fermerlərin həm əkin
sahələri, həm də əkin sahələrinin həcminə və keyfiyyət göstəricilərinə uyğun
olaraq subsidiya təyin olunacaq. Əvvəllər fermerlər hər il sənəd toplamalı idi.
Bəzən komissiyalar bu sənədləri geri qaytarırdı. Yəni, artıq şəffaflığa tam
nail olunacaq. Subsidiya proqramı 2007-ci ildən bəri tətbiq olunur və bu illər
ərzində kənd təsərrüfatının stimullaşdırılmasında mühüm alət kimi çıxış edir.
Yeni qaydalarda əsas strateji hədəf kimi keyfiyyət göstəricilərinin
yüksəldilməsi qarşıya qoyulub. Çünki həm heyvandarlıq, həm bitkiçilik üzrə
məhsuldarlıq göstəriciləri dünya ortalamasından aşağıdır. Başqa bir hədəf isə
hər bir istehlakçını narahat edən qiymət məsələsidir. Subsidiya proqramı imkan
verəcək ki, bazarlarda qiymət tənzimlənsin. Əmsallara gəldikdə isə, hektar
başına görə məbləğ 200 manatdan başlayır. Maksimum məbləğ isə 700-800 manat
müqabilində təyin olunur. 200 manat indiyə qədər dövlətin hər hektara görə fermerə
verdiyi subsidiya və güzəştlərin həcmidir. Ona görə də 200 manat əmsal
götürülür. Ümumi iqtisadi mənada yanaşsaq, təyin olunan əmsal və kvotalar 1
hektarda becərmənin 70 faizinin dövlətin vəsaiti hesabına ödənilməsini əhatə
edir. Bildiyiniz kimi, dövlətin fermerə verdiyi dəstək 70 faizdir. Yəni,
xərclərin 30 faizini fermer özü qarşılayır. Bu mənada qeyd olunan rəqəmlər
reallığı tam olaraq əhatə edir. Xüsusilə çoxillik əkmələr, intensiv bağçılıq
üzrə əmsalları hesablasaq, 2800 manata yaxın vəsait əmələ gəlir. Bu da bir
hektar üzrə becərmələrin aparılması üçün kifayət qədər normal rəqəmdir. Qeyd
olunur ki, ilk 7 ildə bu qədər məbləğ ödəniləcək. Çünki çoxillik əkmələrdə
məhsul 7-8 ilə ərsəyə gəlir. Bu da o deməkdir ki, məhsula düşənə qədər dövlət
fermerə dəstək olacaq. Məhsul bazara girdikdən və fermerin gəlirləri
formalaşdıqdan sonra əmsallar azaldılacaq. Düşünürəm ki, bu, kifayət qədər
rasional bir yanaşmadır. Yəni bütövlükdə götürsək, təsərrüfatın qurulmasına
tələb olunan xərclərdə dövlətin 70 faiz həcmində iştirakı deməkdir. Bu mənada
qeyd olunan kvota və əmsalları bazar iqtisadiyyatı şəraitində normal
qiymətləndirirəm”.
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı bildirdi ki, fermerlərin fəaliyyətinin təşviqi üçün atılan hər bir
addım müsbət qiymətləndirilməlidir: "Xüsusilə, bu təşviqin subsidiya formasında
həyata keçirilməsi çox mühümdür. Çünki fermerlərin belə təşviq mexanizmlərinə
ciddi ehtiyacı var. Bu ehtiyaclar nə qədər çox ödənilərsə, fermerlərin
uzunmüddətli fəaliyyətini təmin edər. Son illər ərzində kənd təsərrüfatına
göstərilən diqqət və qayğı artmaqdadır. Artıq görülən işlər yavaş-yavaş müsbət
nəticələrə gətirib çıxarır. Artıq bu sahədə dünya təcrübəsi öyrənilir. Amma
subsidiya mexanizmi islahatların başlanğıcı sayıla bilər. Əsas məsələ bu subsidiyaların
yerlərdə icrası ilə bağlıdır. Çox vaxt dövlət tərəfindən qəbul edilən
qərarların yerlərdə icrasında problemlər yaranır. İndi həmin əmsalların
yerlərdə tətbiqi və fermerlərin maarifləndirilməsi çox önəmlidir. Əgər bütün
fermerlərə eyni şərait yaradılacaqsa və şəffaflıq əldə olunacaqsa, bu əmsallar
üzrə uğurlu nəticələr əldə etmək olar. Yəni, bütövlükdə götürdükdə, qeyd olunan
rəqəmlər kifayət qədər məqbuldur və kənd təsərrüfatı sahəsində islahatların
əsası kimi qəbul edilə bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, fermerlərin dəstəklənməsinə ehtiyac var: "Çünki aqrar sahə
riskli sahələrdən biri kimi qiymətləndirilir. Eyni zamanda, kənd təsərrüfatı müqayisəli
üstünlüyə malik olan sektorlardan biridir. İxracın strukturuna baxsaq, görərik
ki, təqribən 30-40 faiz qeyri-neft məhsullarının ixracında kənd təsərrüfatı
məhsullarının payı var. Həmçinin ölkənin ərzaq təhlükəsizliyi kimi məqamı
nəzərə alsaq, subsidiyalaşma müsbət addımdır. Amma mexanizmdə müəyyən
çatışmazlıqlar da var. Məsələn, əkin sahələrinə görə subsidiyaların verilməsi
doğru yanaşma deyil. Yaxşı olardı ki, subsidiya son məhsula görə verilsin.
Çünki sui-istifadə hallarına yol verilə bilər. Son məhsula görə subsidiya
verilərsə, sahibkar daha çox məhsul istehsal etməyə çalışacaq. Əmsallara
gəldikdə isə, deyə bilərəm ki, bu rəqəmlər dəqiq araşdırma tələb edir.
Göstəricilərin məqbul olub-olmadığını demək üçün bir qədər tezdir”.
Şəbnəm Mehdizadə