Əylənərkən əyləndirməyi də sevirəm Müsahibə

Əylənərkən əyləndirməyi də sevirəm Müsahibə

Mədəniyyət
12 Oktyabr 2013, 11:22 1012
Türkiyənin ən məşhur simalarında olan prodüser, aparıcı Acun Ilıcalı ötən həftə Türkiyə mətbuatına müsahibə verib. Bir müddət əvvəl araşdırma nəticəsində məlum olub ki, o, Türkiyədə ən çox qazanan məşhurlar sırasında ən ön sıralarda yer alıb. Bu xəbərdən sonra şoumen mətbuat nümayəndələrinin diqqətini daha çox cəlb etməyə başlayıb. İsminin manşetlərdə yer almasına heç bir etiraz bildirməyən Acun müsahibəsində hər şeyə Allahın rizası ilə sahib olduğunu söyləyib.

Televiziya tarixinin ən xeyirli proqramı

- Acun bəy, artıq yeni mövsüm başlayıb. Bu mövsümdə tamaşaçıları nələr gözləyəcək?

- Bu mövsümdə gördüyünüz kimi “O səs Türkiyə” musiqi yarışmasında münsiflər heyətinin iki üzvünü dəyişdik. Düşünürəm ki, bu şəkildə komanda daha gözəl oldu. Münsiflər heyəti kürsüsünü tərk edən Hülya Avşar və Mustafa Sandalla da münasibətlərimiz çox yaxşıdır. Bir sözlə, hər şey qaydasındadır.

- Necə oldu ki, yeni münsiflər kimi Ebru Gündəşlə Gökan Özoğuzu seçdiniz?

- Bu ifaçıların həmin layihədə yer almasını çoxdan istəyirdik. Ebru Gündəşin səsinin heyranıyam. O, insanlara müsbət enerji bəxş edir. Ebru Gündəş beyin qanaxması keçirdiyi gün təsadüfən mən də orada idim. Hadisələrin hamısı mənim gözümün qarşısında oldu. Həmin gün çox kədərlənmişdim. Bəlkə də ona görədir ki, o mənim qəlbimdə xüsusi bir yer tutur. Düşündüm ki, münsiflər heyəti qismində Ebru Gündəş oturarsa, bəlkə bir az keçmişdəki o xoş günlərini, gəncliyini xatırlayar. İnanıram ki, bu yarışma sayəsində o, bambaşqa biri olacaq. Gökan üçün isə deyə biləcəyim tək şey həyatımda tanıdığım ən sevimli insanlardan biri olmasıdır. Onun çəkildiyi “O şimdi asker” filmini izləmişdim. Həmin filmi də çox bəyənirəm. Ümumiyyətlə, layihələrimdə iştirak edən bir çox məşhurlara hələ ki istirahət verməyi düşünürəm.

- Onların içində Hülya Avşar da varmı?

- Onu dəqiq deyə bilmərəm. Hülya bizim ailənin üzvlərindən biridir. Hər yeni mövsüm başlayanda, o mənə deyir ki, “Acun, sən qərar ver. Mənim üçün heç bir problem yoxdur”. Hülya mənim dostumdur deyə, ona bütün layihələrdə yer ayırmaq niyyətim də yoxdur. Həm də Hülya mənim hər layihəmdə yer ala biləcək bir ifaçıdır. Dostluq etdiyim insanlarla işimi heç zaman qarışdırmıram.

20 milyona yaxın pul dağıtdıq

- İndi hansı layihələr üzərində işləyirsiniz?

- Hazırda bir çox insanı xoşbəxt edə biləcək bir layihə üzərində işləyirəm. Ümid edirəm ki, bu layihə hər kəsin işinə yarıyacaq. İşinə yarıyacaq deyəndə ki, mənim “Var mısın, yok musun” layihəm ən sevdiyim yarışmalardan biri oldu. O layihədə 20 milyona yaxın pul dağıtdıq. 250-300 insan bu layihədən yararlandı. Mənə görə bu layihə televiziya tarixinin ən xeyirli proqramı oldu.

- Hər layihənizin siması özünüz olursunuz. Heç kimə etibar etmirsiniz?

- Mən səhnədə baş verən hadisə ilə tamaşaçı arasında bir vasitəçiyəm. Yəni səhnədə yaranan hər hansı bir enerjini xalqa müsbət şəkildə ötürməyə çalışıram. Əgər mənə “Sənin bacarığın nədən ibarətdir?” - deyə sual verərsinizsə, tək cavabım o olar ki, iştirak etdiyim layihələrdə hadisələri mülayimləşdirirəm və onları komik bir obraza salıb tamaşaçılara təqdim edirəm. İnsanların təbii olmasını və bu enerjinin xalqa keçməsini təşkil edirəm. Bu da bir bacarıqdır. Görsəm ki, həmin layihədə mən çox sıxılıram, onu dayandıraram. Əyləncəli bir proqram hazırlayıramsa, layihə zamanı özümü proqramın rəhbəri hesab edirəm. Əylənərkən əyləndirməyi də sevirəm.

- Show TV ilə uzun illər çalışdınız. Nə üçün həmin kanaldan ayrıldınız?

- Show TV-də çox çətin günlər keçirdim. Təsəvvür edin ki, 10 bölümlük olan layihəni biz 100 bölümə hazırlayırdıq. Həmin kanalın maddi çətinliklərini bildiyim üçün, uzun müddət orada işləməli oldum. Şərtlər elə bir yerə gəldi ki, tükəndiyimi hiss etdim. Ekranlarda çox görünməyi sevən bir insan deyiləm. Efir məkanlarında 20 ili tək layihə ilə keçirən bir insanam. Bu, yaradıcı insan üçün inanılmaz bir vaxtdır. Ancaq mənim özümlə bağlı xəyallarım var. Qəribəsi də odur ki, heç zaman xəyal qurub onun arxasınca getmədim. Rəhbəri olduğum layihələrim, hər şey öz-özlüyündə yarandı.

Kanal sahibi ola bilərəm

- Bəs gələcəyə dair planlarınızda kanal sahibi olmaq kimi istək yer alırmı?

- Hər şey qismətdən asılıdır. Son iki ildə iki dəfə kanal sahibi olmaq şansım oldu. Bu mövzuda Türkiyədə məşhur olan isimlərlə görüşlərim oldu. Açığını desəm, öz iradəmin bir kanalı idarə edə biləcək qədər çox olduğunu düşünmürəm. Kanal sahibi olmaq məni çox xoşbəxt və bəxtəvər etməz. Ancaq dünyanın işini də bilmək olmaz. Bəlkə elə bir vəziyyətə düşdüm ki, hadisələr məni hansısa televiziya rəhbəri vəzifəsinə qədər gətirib çıxardı.

- Demək olar ki, ömrünüzün çoxunu televiziyada çalışmaqla keçirdiniz. Əgər siz kanal sahibi olsanız, nələr edərsiniz?

- Bir kanalın mənim iradəmdə olduğunu düşünsək, çox fərqli layihələr həyata keçirərəm. Həmin kanalın hər kəsin maraqla izləyə biləcəyi efir olacağına çox inanıram. Orada öz sevdiyim layihələri həyata keçirib tamaşaçılara təqdim etməyi düşünürəm.

- “Xəyal qurub arxasınca getmirəm”- dediniz. Gerçəkləşdirmədiyiniz bir xəyal qaldımı?

- Əslində xəyalını qura biləcəyim bir şey qalmadı. Daha bundan artıq nə xəyal edim ki? Amma digər tərəfdən baxanda görürük ki, insan öz xəyalları ilə xoşbəxt olur. Allaha şükürlər olsun ki, xəyallarımın hamısını həyata keçirmişəm. İndi Allahdan tək can sağlığı istəyirəm. Ancaq onu da qeyd edim ki, psixoloji olaraq insanın hər istədiyini əldə etməsi asan deyil. Mənim ən müsbət cəhətim kiçik şeylərdən xoşbəxt olmağı bacarmağımdı. Əgər ruhumu pul ilə doldurmağa çalışsaydım, indi nə edəcəyini bilməyəcək insanların sırasına düşərdim. Uşaq vaxtından oynadığım kiçik oyunlarla xoşbəxt olan biri olduğum üçün bu gün heç bir problem yaşamıram. İnsanın bu dərəcədə uğurlu olmasının iki təhlükəli tərəfi var. Birincisi, artıq uğura alışırsınız. Bu, uğursuzluqla qarşılaşdığınız zaman sizin üçün böyük problem yarada bilər. İkincisi, bəzən daha nə edə bilərəm, deyə özünüzə sual verirsiniz. Bu da çox asan deyil.

Bu gün işsiz də ola bilərdim

- Mətbuatda sizinlə bağlı demək olar ki, hər həftə xəbərlər çıxır. Bu xəbərlər sizi narahat etmir ki?

- Məşhur olduqdan sonra mətbuat nümayəndələri sənət adamlarına xüsusi münasibət göstərir. Mətbuatda mənim barəmdə çıxan xəbərləri oxuduqca düşünürəm ki, mən məşhur, uğurlu bir insan olmasaydım, bu xəbərlər də olmazdı. Hər şey Allahın əlindədir. Bu gün işsiz də ola bilərdim. Mənimlə bağlı xəbərlər çıxmasın deyə başqa bir ölkəyə getmək fikrim də yoxdur. Xəbərlər mənim işimin bir parçasıdır. Bunları gözə almasan, heç vaxt məşhur ola bilməzsən.

- Artıq şirkət sahibisiniz. Özünüzü şirkət direktoru kimi hiss edirsinizmi?

- Məndən rəhbər olmaz (gülür). Məsələn, ötən yayımı demək olar ki, Play Station oynamaqla keçdi. Mənim həmin şirkətdə hər hansı otağım və ya stolum belə yoxdur. Heç zaman ad arxasınca qaçmadım, qaçmaram da. Şirkətdəki işçilərimin demək olar ki, əksəriyyəti mənim uşaqlıq dostlarımdır. Onların hamısını da özüm çağırdım. Hər şeydən önəmlisi, şirkətimdə işləyən insanlar saf və təmiz insanlardır.

Hazırladı: Xəyalə Rəis