• cümə, 29 Mart, 16:31
  • Baku Bakı 14°C

“Ev mənimdir, əl çəkin” yanaşması, icbari, yoxsa müştərək yol?

18.03.20 10:00 1391
“Ev mənimdir, əl çəkin” yanaşması, icbari, yoxsa müştərək yol?
Daşınmaz əmlakın sığortasının könüllü, yoxsa icbari olması ilə bağlı məsələyə mütəxəssislərin yanaşmaları fərqlidir
Daşınmaz əmlakın sığortası ölkəmizdə icbari, yəni məcburidir. Bununla bağlı qanun 2011-ci ildən qüvvədədir. Ancaq keçən 9 ildə bu icbarilik təmin edilməyib. Yalnız daşınmaz əmlak alğı-satqıda iştirak edəndə, məcburən bir illik sığorta etdirilir. Bir ilin tamamında həmin şəxslər əksər hallarda buna təkrara getməyə maraq göstərmirlər.
Əslində, daşınmaz əmlakın icbari olduğu haqqında da çox adam xəbərdar idi. Ta ki ötən ilin ikinci yarısında bu məsələ gündəmə gələnə qədər. Həmin vaxt elan edildi ki, 2019-cu ilin sonuna qədər daşınmaz əmlakını sığortalamayanlar cərimələnəcəklər, hətta cərimələrin məbləği də açıqlandı. Vaxt yetişdi, ancaq cərimələnmə olmadı və məsələ müzakirə mövzusu olaraq gündəmdən düşdü.
Ancaq gündəmdə olduğu müddətdə müzakirə edildi və bu zaman fikirlərin heç də birmənalı olmadığı göründü.
"Bunun nəyi pisdir ki? İcbaridir, biz bunu etməliyik. İnsan çox vaxt pis günü düşünmür, hadisə birdən olur və heç də çoxumuzda, evin təmir və bərpası üçün pul olmur. İldə 40-50 manatı birtəhər vermək mümkündür”.
Ancaq məsələyə "öz uşağımdır, oxutmuram, əl çəkin” prinsipi ilə yanaşanlar da az olmadı: "Məndə həyət evidir, ev mənimdir, qoy yansın. Kimə nə dəxli var? Nə ziyan dəyəcəksə, mənə dəyəcək. Sığortalamıram. Bina evləri sığortalanmalıdır, lakin həyət evləri məcburi olmamalıdır”. "Bəlkə mənim pulum yoxdur, indi məni niyə cərimələməlidirlər ki?”
Qeyd edilən tipli fikirlər bu sualı yaratdı: daşınmaz əmlakın sığortası könüllü olsun, yoxsa icbari?
İndiki halda başqa yol yoxdur
Sığorta üzrə ekspert Kamran Babayev deyir ki, ilkin mərhələ üçün daşınmaz əmlakın sığortası icbari olmalıdır: "Bir çox ölkədə bu sığorta növü könüllüdür. Əmlak kirayə verilirsə, bu zaman sığorta icbari olur. Dünya ölkələrində əsas təcrübə budur. Bizdə icbaridir. Düzdür, çox adam bunun tərəfdarı deyil, ancaq qəbul etməliyik ki, bizdə insanlar daşınmaz əmlaklarını sığortalatmağa meyilli deyillər. Sonra problem yarananda, onlara dəyən zərərin pulunu dövlətdən istəyirlər. Dövlətin isə belə bir öhdəliyi yoxdur. İnsanlar daşınmaz əmlaklarını sığorta etdirməyin faydasını tam başa düşdüklərində, özləri bunu etdirməyə maraqlı olacaqlar. O zaman artıq icbariliyi aradan qaldırmaq olar. İndiki durumda könüllülük doğru olmazdı”.
Əmlak bazarı üzrə ekspertNüsrət İbrahimli də ilkin mərhələdə icbariliyin tərəfdarıdır: "Daşınmaz əmlakı sığortalatmağa insanlar ona görə meyilli deyillər ki, bizdə bununla bağlı ənənə yoxdur. Sovet dövründə belə təcrübə olmayıb. Yalnız müstəqillik dövründə sığorta məsələsi ortaya çıxdı. Müstəqilliyin ötən dönəmində də sığortanın üzərinə çox gedilməyib. Avtomobillərin icbari sığortası üzərində işləndi və o artıq bir sistemə düşdü. Daşınmaz əmlak sahəsində ənənə formalaşmayıb, bununla bağlı işlək mexanizm hazırlanıb ortaya qoyulmayıb. Ənənə və işlək mexanizm olmadığından, o sahə bizdə müəyyən qədər axsayır. İşlək mexanizm olsa, bir neçə il icbari tətbiq edilsə, insanlar buna öyrəşərlər. İndiki halda başqa yol yoxdur”.
Prinsip pozulub
İqtisadçı-hüquqşünas Əkrəm Həsənov isə daşınmaz əmlakın sığortasının könüllü olmasının tərəfdarıdır: "Sığortanın hansı hallarda könüllü, hansı hallarda icbari olması ilə bağlı ümumi prinsiplər var. Məsələn, avtomobillərin icbari sığortasına baxaq. Bu sığorta, avtomobil sahibinin başqasına vurduğu zərərə görə məsuliyyətidir. Avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəyən zərərin qarşılanması ilə bağlı sığorta isə könüllüdür. Daşınmaz əmlakın sığortasında isə bu prinsip pozulub. Deyirlər ki, hər bir hala görə evini sığortala. Bu, artıq mənim öz məsuliyyətimdir. İcbarilik başqasına dəyən zərərə görə ola bilər. Məsələn, mən aşağı mərtəbədə yaşayan şəxsin mənzilini suya basmışam. Bunun icbari sığortası olmalıdır. Özümə dəyən zərərə görə sığorta etdirməyə isə məni məcbur etməməlidirlər. Təklif edərdim ki, bu, bölüşdürülsün. İcbarilik başqasının daşınmaz əmlakına vurulan zərərə görə olsun”.
Əkrəm Həsənov deyir ki, daşınmaz əmlakın sığortası bir çox ölkədə könüllüdür: "Öz daşınmaz əmlakına dəyən zərərdən sığortalanmaqla bağlı hər hansı ölkədə sistemin icbari olduğunu bilmirəm. Əksər ölkələrdə könüllündür. İcbari olduğunu eşitdiyim ölkə yoxdur. Mənə vurulan ziyana görə məni məcbur etməməlidirlər. Hər yerdə üçüncü şəxsə vurulan zərər görə sığorta icbaridir”.
Qanunda var və belə də olmalıdır
Hüquqşünas Ceyhun Cəfərov da düşünür ki, vətəndaşı belə bir sığortaya məcbur etmək doğru yanaşma deyil: "Bu məsələlər İcbari Sığortalar Haqqında Qanunla tənzimlənir. Qanuna görə, daşınmaz əmlaklar iki cür sığortalanır. Birincisi, mülki məsuliyyətin icbari sığortasıdır. Bu, hüquqi şəxslərə aiddir. Bir də mənzillərin, tikililərin, fərdi yaşayış evlərinin və s. Hansı ki, fiziki şəxslər burda mülkiyyət sahibi kimi çıxış edirlər. Daşınmaz əmlakın icbari sığortası da iki yerə bölünür. Biri könüllü olur, digəri isə icbari. Düşünürəm ki, burda da avtomobillərin icbari sığortasındakı kimi yanaşma olmalıdır. Çünki orda sığorta, avtomobil sahibinin başqa avtomobilə vurduğu zərəri qarşılayır. Bunu daşınmaz əmlak məsələsinə gətirsək, yuxarı mərtəbədə yaşayan evin sahibi aşağıdakı qonşunun evinə hər hansı bir maddi ziyan vurubsa və bunu qarşılamaq imkanı yoxdursa, bu zaman ona dəyən zərəri kim qarşılamalıdır? Buna görə, başqasının daşınmaz əmlakına dəyən zərərə görə sığorta məcburi olarsa, bunu normal qəbul etmək olar. Ancaq vətəndaşı öz əmlakını sığorta etdirməyə məcbur etmək olmaz. Sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslərin öz mülkiyyətlərində olan daşınmaz əmlaklarının istismarı ilə bağlı öz mülki məsuliyyətlərini icbari sığorta etdirməlidirlər. Qanunda bu var və belə də olmalıdır. Amma əmlak sığortası kimi, şəxsin öz əmlakını sığortalaması könüllü olmalıdır. Qanundur, amma könüllü olmalıdır”.
Sistem tam qurulanda, könüllülük təmin oluna bilər
9 ildə daşınmaz əmlakın sığortasının icbariliyinin tətbiq olunmamasının səbəblərinə gəlincə, Kamran Babayev bildirdi ki, hələ ki, bu işdə sistem tam qurulmayıb: "Avtomobillərin icbari sığortasında da eyni məsələ olmuşdu. Radarlar yox idi, cərimələr aşağı idi, vətəndaşların sığortasının olub-olmadığını DYP maşını saxlayıb yoxlayanda bilirdi. İndi yola sığortasız çıxmaq olmur, radarlar cəriməni avtomatik yazır. Həmin elektron mexanizm daşınmaz əmlakda da olanda, eyni vəziyyət olacaq, hamı sığorta etdirəcək. Bu da artıq vərdiş halını alacaq. İnsanlar sığortaya vərdiş etməlidirlər. Bu işdə sistem tam qurulanda, könüllülük təmin oluna bilər”.
Məcbur etməyək, maarifləndirək
İcbarilik çıxış yolu deyilsə, nə etmək olar? Əkrəm Həsənov bildirdi ki, insanların daşınmaz əmlaklarını könüllü sığorta etdirməsi üçün maarifləndirmə işi aparılmalıdır: "Daşınmaz əmlakın sığortası vacibdir, mən bunun tərəfdarıyam, amma könüllü olsun. Könüllü olaraq insanların buna getməsi üçün maariflənmə olmalıdır. Maariflənmə isə ilk növbədə Mərkəzi Bankın vəzifəsidir. Çünki Azərbaycanda ötən ilin sonundan başlayaraq sığorta bazarına nəzarət bu quruma tapşırılıb. Sığorta şirkətlərinin qanunla belə öhdəlikləri yoxdur. Amma yaxşı olardı ki, onlar da maarifləndirmə aparsınlar. Yerli icra hakimiyyəti orqanları bu işdə aktiv olmalıdırlar. İcbari sığorta etdirməyən şəxslərin qanunda inzibati cəriməsi nəzərdə tutulub. Həmin cəriməni də yerli icra hakimiyyəti orqanları tətbiq etməlidir. Bunu etmirlər. İcbari olsa, əvvəl-axır cərimələməyə başlayacaqlar. Amma onlar bunu etməzdən əvvəl insanlar arasında maarifləndirmə aparmalıdırlar”.
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bu istiqamətdə insanların maarifləndirilməsi məsələsinə toxunmuşdu: "Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməli, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir”.
"Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı" təsdiq edilib. Tədbirlər Planına görə, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək sığorta fəaliyyəti, o cümlədən daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirməlidir.
Dövlətin belə öhdəliyi yoxdur
Sığorta etdirməyənlərin hadisə baş verəndə dövlətdən kömək istəməsi məsələsi də qabardılır. Kamran Babayev deyir ki, belə halların olmaması üçün sığorta etdirmək vacibdir: "Ev mənimdir, istərəm, sığortalayaram, istəmərəm, yox” deyənlər problem olan kimi dövlətdən kompensasiya istəyirlər. Ancaq dövlətin belə öhdəliyi yoxdur”.
Ə.Həsənov bildirdi ki, maariflənmə olarsa, insanlar kömək üçün yanlış ünvanlara müraciət etməzlər: "Könüllü olsa, əhali maarifləndirilmiş halda buna müraciət edəcək. İstəməsə, etməyəcək. İnsanlara tövsiyə ediləcək ki, daşınmaz əmlakınızı sığortalatdırın, əks halda bilin ki, sizin daşınmaz əmlakınıza zərər dəysə, dövlət bunu qarşılamayacaq. İnsanlar bunu biləcək və istəsə sığorta etdirəcək, istəməsə yox. Zərər dəyəndə də dövlətin qapısını döymək lazım olmadığını başa düşəcək. Ticarət mərkəzlərində də yanğınlar oldu, hamısı dövlətdən kömək istədi. Onların sığortası var idi? Əgər yoxdursa, dövlət niyə onlara kömək etməlidir? Ancaq o insanların sözündə də haqq var. Kim maarifləndirdi ki, onlar sığorta etdirmədilər?”
Cərimə effektiv yol deyil
Ötən ilin sonunda daşınmaz əmlakın icbari sığortalatması gündəmə gələndə, bu, insanlar arasında təşviş yaratdı. Əkrəm Həsənov deyir ki cərimələnmə, ümumilikdə, daşınmaz əmlak sığortasının vacibliyi ilə bağlı əks reaksiya verə bilər: "Maariflənmə odur ki, izah olunsun ki, bu, vətəndaşın xeyrinədir. Bizdə "etməsəniz, cəzalandırılacaqsınız” yanaşması oldu. Bu, maariflənmə deyil. Cərimə əks fikir yaratdı. İnsanlarda o fikir yarandı ki, bizdən sığorta şirkətlərinin cibini doldurmaq üçün pul istəyirlər”.
Müştərək yol?
Əkrəm Həsənov bildirdi ki, müştərək sığorta növü insanların daşınmaz əmlaklarını sığorta etdirməyə maraqlı olmaları üçün effektiv üsul ola bilər: "Ötən il Azərbaycanda Sığorta Fəaliyyəti Haqqında Qanuna müştərək sığorta fondu ilə bağlı maddə əlavə edildi. Həmin qanun bu ilin yanvar ayının 1-dən qüvvəyə mindi. Bunun adi sığortadan fərqini qısa şəkildə izah edim. Yəni adi sığortada siz avtomobilinizi bir illik sığortalayırsınız. Bir il ərzində avtomobilinizlə bağlı problem olursa, sizə sığorta ödənişi edilir. Əgər sığorta hadisəsi baş vermirsə, o pul batır və bir ilin tamamında yenidən şirkətə sığorta üçün ödəniş edirsiniz. Pulunuz sığorta şirkəti sahibinin cibinə getdi. Müştərək sığortada prinsip başqadır. Müştərək sığortada hər bir əmlak sahibi sığorta şirkətinə sığorta haqqını ödəyir və orda fond yaradılır. Tutaq ki, 5 milyon manat yığıldı. Onun bir milyonu sığorta şirkətinin olur, qalan məbləğ isə sığorta hadisələrinə sərf olunur. İl ərzində sığorta hadisələrinə sərf olunan pulun yerdə qalanı şirkətin deyil, vətəndaşların olur. Növbəti illərdə bizim sığorta haqqımız kimi nəzərə alınır. Əgər məbləğ az olarsa, sadəcə əlavə ödəyirik. Hesab edirəm ki daşınmaz əmlakın sığortası ilə bağlı insanları maraqlandırmaq üçün bu yola getmək lazımdır”.
Aygün Asimqızı
Yazı İcbari Sığorta Bürosunun keçirdiyi "Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” müsabiqəsinə təqdim edilir
banner

Oxşar Xəbərlər