AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Etibarlı sosial təminat başlıca vəzifə kimi - Fotolar

Etibarlı sosial təminat başlıca vəzifə kimi - Fotolar

Siyasət
27 Dekabr 2019, 17:20 3917
2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb

Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. O, 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, cari ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr həyatda öz əksini tapıb, Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Dövlət başçısının sözlərinə görə, bu inkişaf imkan verir ki, gələcək illərdə də düzgün addımlar atılsın və 2020-ci il ölkəmiz üçün uğurlu olsun. Xarici siyasətlə bağlı məsələlərə toxunan Azərbaycan prezidenti deyib ki, il ərzində ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıb, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, çox önəmli razılaşmalar əldə edilib. Dövlət başçısı son illər ərzində qonşu ölkələrlə əlaqələrimizin inkişaf etdiyini xatırladaraq, bu əlaqələrin qarşılıqlı anlaşma, hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulduğunu dilə gətirib. Bildirib ki, özünün və hökumət üzvlərinin xarici səfərləri ilə yanaşı, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib. Azərbaycanın il ərzində bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşlərinə ev sahibliyi etdiyini söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu tədbirlər ölkəmizin xarici əlaqələrinin daha da güclənməsinə xidmət edib. Vurğulanıb ki, Qoşulmama Hərəkatında birləşən 120 ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda Qoşulmama Hərəkatına üzv olmayan digər türkdilli dövlətlər, ümumilikdə beynəlxalq aləmin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, ölkəmizə inanır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdar çıxırlar.
 


Prezident İlham Əliyev cari ildə Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldığına da diqqət çəkib. Qeyd edib ki, ümumi iqtisadi artım 2 faizdən çox, sadəcə qeyri-neft iqtisadiyyatımız isə təqribən 3,5 faiz artıb. O, qeyri-neft sənaye sahəsində artımın təxminən 14 faiz olmasını sevindirici hal kimi qiymətləndirib. Deyib ki, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulub, böyük islahatlar paketi icra edilib və burada da 7 faizdən çox artım özünü göstərib. Bununla yanaşı, inflyasiya 11 ayda təqribən 2,6 faiz olub, xarici ticarət dövriyyəsi artıb. Xarici borcumuz aşağı düşüb və ümumi daxili məhsulun 17 faizini təşkil edib ki, bu, dünyada 9-cu göstəricidir. Azərbaycanın valyuta ehtiyatlarının xarici dövlət borcundan 5 dəfə çox olduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, bu, dünya təcrübəsində nadir nəticədir. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə isə Azərbaycan MDB-də birinci yerdədir. Prezident qeyd edib ki, ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. İl ərzində maaşlar, pensiyalar, sosial müavinətlər, tələbələrin təqaüdləri artırılıb, ümumilikdə sosial sahədə olan bütün məsələlər kompleks şəkildə öz həllini tapıb. 
 


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə verdiyi müsahibə 2019-cu ilin 9 ayının yekunları ilə bağlı olsa da, ümumilikdə dövlət başçısının fikirlərində 2003-cü ildən bu günə kimi həyata keçirilən siyasətin əsas paradiqmaları öz əksini tapıb: "Prezident müsahibə zamanı bir sıra mühüm məsələlərə toxundu. Bu məsələlər içərisində Azərbaycanın xarici siyasəti ilə bağlı mühüm tezislər, beynəlxalq münasibətlərdə rolu və bugünkü nüfuzunu təmin edən fəaliyyətinin istiqaməti ilə bağlı fikirlər var. Eyni zamanda, burada regional və qlobal çağırışlar kontekstində beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi Azərbaycanın davranışlarının əsas istiqamətləri də yer alıb. Azərbaycan Prezidenti qeyd etdi ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir. 2003-cü ildən bu günə qədər həyata keçirilən siyasətə diqqət yetirdikdə görmək olar ki, heç nə təsadüfi baş verməyib. Bu illər ərzində həyata keçirilən siyasət əvvəlcədən düşünülmüş, strateji məqsədlərə və milli maraqlara hədəflənmiş intensiv fəaliyyət proqramı kimi nəzərdən keçirilə bilər. Bunun nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edib, qüdrətlənib. Həm xarici, həm daxili siyasət komponentləri milli maraqlar çərçivəsində uzlaşdırılaraq bugünkü qüdrətli Azərbaycan yaradılıb”.
 


Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən sosial siyasət və iqtisadi uğurlar üzərində xüsusi dayandığını xatırladan millət vəkili deyib ki, hər iki komponent bir-birindən asılı olan vahid tamın iki ayrılmaz hissəsidir: "İqtisadiyyat olmasa, sosial problemləri həll etmək olmaz və sosial problemlərin həlli birbaşa iqtisadiyyatla bağlıdır. Sosial dövlət olma öhdəliklərini yerinə yetirmək üçün, ilk növbədə, güclü iqtisadi gücə malik ölkə olmaq lazımdır. Prezident İlham Əliyev bu məsələlərə toxunaraq ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışdı. Eyni zamanda, 9 ay ərzində görülən işlərin, həyata keçirilən islahatların, nəticə etibarilə, Azərbaycan vətəndaşının rifahına yönəlmiş olduğunu diqqətlə təqdim etdi. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsasında vətəndaşların rifahı durur. Azərbaycanın inkişafı başlıca prioritet hədəfdir. Ölkənin hərbi gücü və siyasi nüfuzunun artması Qarabağ probleminin ərazi bütövlüyümüz çərçivəsində həll olunmasına imkan verəcək”.
 


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə son illər ölkənin daxili və xarici siyasətində böyük uğurlar əldə olunduğunu, Azərbaycanın dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazandığını, sürətli inkişaf, tərəqqi nümunəsi göstərdiyini söyləyib. Bildirib ki, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin hakimiyyətə gəldiyi gündən indiyə qədər ötən müddət ərzində Azərbaycan beynəlxalq əlaqələrini bir qədər də artırıb, ölkə vətəndaşının etibarlı sosial təminatı başlıca vəzifəyə çevrilib. Onun sözlərinə görə, ölkə başçısının 16 il əvvəl söylədiyi "Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir, bu, mənim borcumdur” sözləri bu gün tam təsdiqini tapıb. Millət vəkili qeyd edib ki, Prezidentin yerli jurnalistlərə verdiyi müsahibə sadəcə 2019-cu ilin 9 ayının yekunları ilə məhdudlaşmayıb, onun bütünlüklə fəaliyyətinin real nəticəsini növbəti dəfə nümayiş etdirib, bir növ hesabat xarakteri daşıyıb: "Cənab İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başladığı dövrdən xalqın marağını hər şeydən üstün tutan, xoşniyyətli əməlləri, imzaladığı fərman və sərəncamları, praqmatik qərarları ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Hər zaman xalqın yanında olan dövlətimizin başçısı xoş və sevincli günlərində olduğu kimi dar gündə də vətəndaşların kədərinə şərik çıxıb, onların əsl himayədarına çevrilib. Çətinə, dara düşən hər bir azərbaycanlı inanır ki, onun köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezidenti – cənab İlham Əliyev gələcək və dəstək olacaq. Yalnız cari ilin 9 ayında deyil, ümumilikdə son 16 ildə Prezident İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları sayəsində əldə edilən uğurlar, nailiyyətlər xalqımızın rifahının yalnız bu gün deyil, gələcəkdə təmin olunmasına zəmanət yaradıb”.
 


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkədə həyata keçirilən islahatların Azərbaycanın qüdrətinin daha da artmasına xidmət etdiyini dilə gətirib. Onun fikrincə, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. 2019-cu il, demək olar ki, sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə etdi. Hələ ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı həm də ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisi idi. Bunu dekabrın 23-də jurnalistlərə müsahibəsində möhtərəm Prezidentimiz də bildirdi. Dövlət başçısı qeyd etdi ki, bu məsələ daim diqqət mərkəzində idi. Sadəcə, artıq dövlətin buna tam gücü və imkanı çatdı və bu problem öz həllini tapdı. 2019-cu ildə maaşların, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, eləcə də digər sosial təminat məsələləri diqqət mərkəzində olub: "İlin yekunları ilə bağlı müsahibəsində cənab Prezident bildirdi ki, müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Cənab Prezident vurğuladı ki, sosial islahatlar gələn il də davam etdiriləcək”. 
 
 

Milli Məclisin insan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində səsləndirdiyi fikirləri ədalət anlayışına xüsusi münasibət ifadəsi kimi dəyərləndirib. Qeyd edib ki, dövlət başçısı müsahibədə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatının ən müxtəlif tərəflərinə dair fikirlər səsləndirib, bununla da cəmiyyətdə, vətəndaşlarda əminlik yaradıb. Millət vəkili vurğulayıb ki, Prezident gələcəkdə də vətəndaşları narahat edən tendensiyalara münasibətdə barışmaz olacaq: "Biz görürük ki, barışmır da. Onun apardığı struktur və kadr islahatları bunu təsdiqləyir. Heç şübhəsiz ki, islahatlar davamlıdır. Bu isə Azərbaycan xalqının rifahına, daha yaxşı yaşamasına olan ali təminatdır. İlham Əliyev həmçinin, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini də izah etdi. Xarici siyasətimizdəki 2 əsas xətti gördüm. Bunlardan birincisi, bütövlükdə beynəlxalq siyasi proseslərin kontekstində Azərbaycanın mövqeyi, xüsusən də enerji siyasəti, Avropaya inteqrasiya məsələləridir. Digər məqam Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi-diplomatik fəaliyyətdir. Cənab Prezident müsahibəsində hər iki məsələyə yetərincə əhatəli yanaşdı. Ölkəmizin xarici siyasətdəki dayanıqlılıq faktorlarını açıqladı. Təbii, Dağlıq Qarabağ münaqişəsi başlıca hədəfdir”.
 
 

Ə.Amaşov söyləyib ki, ümumən ölkəmiz enerji sahəsindəki üstünlüyünü Dağlıq Qarabağ münaqişənin ədalətli həlli yolundakı diplomatik fəaliyyətə kifayət qədər bacarıqla tətbiq edir. Onun sözlərinə görə, bu, xarici siyasətimizin mühüm təsir qüvvəsi, prinsipiallıq dayağıdır: "İlham Əliyevin düşüncələri, açıqladığı fikirlər də bundan xəbər verir. İstənilən cəmiyyət ədalət axtarışındadır. Fərqi yoxdur, inkişaf etmiş olsun, ya inkişaf etməkdə olan. Əlbəttə, müəyyən mənada bu anlayışın özü də nisbidir. Ancaq nəzərə alaq ki, geniş ictimaiyyətin, toplumun baxışlarındakı ədalətin kökü həmin cəmiyyətin milli-mənəvi dəyərlər sisteminə, ənənələrinə söykənir. Cənab Prezident müsahibəsində bu cəhətlərə kifayət qədər incəliklə toxundu. Onun fikirləri ədalət anlayışına xüsusi münasibət ifadəsidir. Dövlət başçısı bəyan edir ki, bu münasibət dövlət idarəçiliyinin qayəsini təşkil etməlidir. Hesab edirəm ki, hər bir məmur, vəzifəli şəxs gələcək fəaliyyətini ölkə başçısının müsahibədə səsləndirdiyi fikir və düşüncələrdən ciddi nəticə çıxararaq qurmalıdır”.

Rufik İSMAYILOV