• cümə, 29 Mart, 16:44
  • Baku Bakı 14°C

Əsgərlərimizə şəfqət yayan tibb bacısı

26.12.20 10:00 1952
Əsgərlərimizə şəfqət yayan tibb bacısı
Ağır yaralanan Rəmziyyə Quliyeva indi özü qayğıya möhtacdır
Ölkəmizin ərazi bütövlüyünün bərpası üçün apardığımız Vətən Müharibəsi zamanı döyüş bölgələrində və arxa cəbhədə hərbi qulluqçularla bərabər tibb işçiləri də şücaət göstərdi. Onlar sağlamlıq xidmətinin əsgərləri idi. İnsanların həyatı uğrunda yorulmadan mübarizə apardılar. Əməliyyat stollarının yanında yuxusuz gecələr keçirdilər, yaralıları, meyitləri döyüş meydanından çiyinlərində daşıdılar. Bu fədakar, cəsur insanların arasında çoxlu tibb bacları var. Rəmziyyə Quliyeva da onlardan biridir. O, Bərdə rayon Diaqnostika Mərkəzinin tibb işçisi kimi müharibə başlayandan döyüş gedən ərazilərdə olub. Yaşadığı rayonun səhiyyə işçilərinə qoşularaq həmişə ön və arxa cəbhələrdə paralel xidmət edib. Xüsusən Tərtər Rayon Xəstəxanasında yaralı əsgər və zabitlərin sağalması üçün gecə-gündüz çalışıb. Ən çətin cərrahi əməliyyatlarda həkimlərə köməkçi olub. Müharibədən əvvəl koronavirusla mübarizə aparan tibb işçilərindən biri kimi də çalışıb. Sentyabrın 27-dən isə Tərtər rayon xəstəxanasına gətirilən yaralı əsgər və zabitlərin sağalması üçün mübarizə aparıb. "Xəstəxanaya ağır yaralılar gətirirdilər. Onlara ilk yardımları edirdik. Gecə-gündüz çalışırdıq. Sonra onları rayon xəstəxanalarına paylaşdırırdılar. Sonrakı talelərinin necə olacağını bilmirdik, amma biz əlimizdən gələni edirdik...”- deyə xatırlayır.
Ayağa qalxa biləcəyəmmi?
Təəssüf ki, tibb bacısı özü də müharibənin insanlara gətirdiyi fəlakətdən yaxa qurtara bilməyib. Vətən Müharibəsi zamanı vəzifə borcunu yerinə yetirərkən ağır yaralanıb. Oktyabrın 28-də Bərdə rayonunda çalışdığı xəstəxananın yaxınlığına düşən mərminin qəlpəsi onun səhhətinə müharibənin yarasını ömürlük vurub - onu yataq xəstəsinə çevirib. R.Quliyeva həmin müdhiş anı belə xatırlayır: "Ermənilər Bərdəyə, mülki əhaliyə ən müasir silahlarla zərbələr endirirdilər. Atılan mərmilərdən biri çalışdığım xəstəxanadan xeyli uzağa düşdü, amma qəlpəsi məni yaraladı. Həmin an da yerimdən tərpənə bilmədim. Məni Yevlax xəstəxanasına apardılar. Bir gün orada qaldıqdan sonra, vəziyyətim ağır olduğu üçün Bakıya - Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına göndərildim. Bu xəstəxanada üç dəfə əməliyyat olundum. Həm onurğam, həm də onikibarmaq bağırsağım zədələnmişdi. Onurğa əməliyyatından sonra bağırsağımı da əməliyyat etdilər. Cərrah bir müddətdən sonra 4-cü əməliyyatın da olacağını deyir. Vəziyyətim çox ağırdır, onurğam, demək olar ki, tamam dağılıb. Nə zaman sağalacağım, ayağa qalxacağım barədə heç kim bir söz demir”.
Fədakar tibb bacısı səhhətinin bundan sonra necə olacağını – ayağa qalxıb-qalxmayacağını bilmir. Təkcə onu bilir ki, iki aydan sonra onurğasında yenidən əməliyyat olacaq. Ümidləri ilə Allaha sığınıb, ondan kömək umur. Cərrah Nuru Bayramov tibb bacısının onurğa beyni və onurğa sütunundan aldığı zədədən konservativ müalicə olunduğunu bildirib: "Hazırda iki aylıq müalicə kursu almalıdır. Xəstənin aşağı ətrafı işləmir, onun ayağa durması üçün nə qədər vaxt tələb olunur, demək çətindir. Yerli mütəxəssislər xəstənin durumunu daimi olaraq izləyirlər”.
R.Quliyeva hazırda Bərdədə, evində müalicəsini davam etdirir. Əlaqə saxlayıb vəziyyəti ilə maraqlandıq. Çarpayıda olduğunu, hərəkət edə bilmədiyini söylədi: "Ayaqlarımda güclü ağrılar var. O qədər güclü ağrılardır ki, vurulan iynələr də, içdiyim ağrıkəsicilər də kömək eləmir. Başımı çarpayıdan qaldıran kimi ağrılar başlayır”. Bu çətin günlərində iş yoldaşları onun pənahına çatır: yarasını sarıyır, sarğısını dəyişir, çatışmayan tibbi ləvazimatları gətirir, əhvalının yaxşı olması üçün dəstək olurlar. "Yaxşı ki, iş yoldaşlarım var. Onlar mənim qayğıma qalırlar, çarpayımın yanından çəkilmirlər. Hər an mənə həyandırlar. Hər gözümü açanda başımın üzərində ailə üzvlərimlə bərabər onları da görürəm. Bu, məni sevindirir, ümidlərimi artırır”- deyə minnətdarlığını bildirir.
Yaşadığı rayonda bu fədakar tibb işçisinin taleyi ilə maraqlanan elə təkcə qohumlar və iş yoldaşlarıdır. Nə Bərdə Rayon İcra Hakimiyyətinin, nə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli şöbəsinin və s. qurumların əməkdaşları bircə dəfə qapısını döyüb ehtiyacını soruşmayıblar: "Heç kim gəlib bircə dəfə maraqlanmır ki, mərmi qəlpəsindən yaralanan bu insanın taleyi necə oldu? Mən iş başında, vəzifəmi yerinə yetirərkən yaralanmışam. Heç olmasa, buna görə mənə diqqət göstərsinlər” deyir. Tibb bacısının sözlərinə görə, müharibədə yaralananlara dövlət tərəfindən tətbiq edilən təzminatların hələ ki, heç birindən yararlana bilməyib: "Mənə heç bir yardım olunmayıb. Təkcə Bakıdakı Tədris Cərrahiyyə Klinikasında əməliyyatlardan başqa... Heç bilirlərmi, rayonda belə bir xəstə var?”- deyə hıçqırıqlar onu boğur...

Əməliyyat uğurlu nəticə versə...

Rəmziyyə Quliyevanın çalışdığı Bərdə Müalicə Diaqnostika Mərkəzinin direktoru Vüsal Məmmədovla söhbətləşib xəstənin hazırkı durumu ilə maraqlanıram. O, rəhbəri olduğu xəstəxananın personalını ordunun xüsusi təyinatlılarına bənzədir: "Rəmziyyə də həmin işçilərdən biri olub. Pandemiya başlayandan Goranboy rayonundakı xəstəxanada COVİD-19-la mübarizə tədbirlərinə cəlb olunmuşdu. Müharibə başlayandan isə iki yerdə - həm Bərdədəki Diaqnostika Mərkəzində, həm də Tərtər rayon xəstəxanasında çalışırdı. Son bir həftə idi ki, Bərdə xəstəxanasına qayıtmışdı”. Direktor onu son dərəcə məsuliyyətli, işini sevən, insanlara qayğı ilə yanaşan, fədakar tibb işçisi kimi xarakterizə edir: "Rəmziyyənin çox həlim xasiyyəti var. Xəstələrə qarşı həmişə nəvazişlə davranıb. Kollektivdə böyük hörməti var. Ona görə də işçilər növbə ilə hər gün ona baş çəkir, evdə müalicəsi üçün əllərindən gələni əsirgəmirlər. Şəxsən özüm də sarğısı üçün gedirəm. Bizim hazırda ən böyük işimiz ona psixoloji dəstək və ümid verməkdir”. V.Məmmədov deyir ki, tibb bacısının əməliyyatları uğurlu nəticə versə, motorlu arabada hərəkət etmək və çalışmaq şansı var. Belə ki, Türkiyə xəstəxanalarında toplumdan ayrı düşməyən bu cür işçilər çalışır: "Bu baxımdan ona maddi və mənəvi dəstək olmağa çalışırıq. Hazırda vəziyyəti ciddidir. Yaraları sağalmayıb, yataq yarası da var”. Direktor da təkcə Rəmziyyə Quliyevaya qarşı deyil, ümumən COVİD-19 xəstəxanası kimi çalışan xəstəxanaya böyük diqqətsizlikdən gileylənir: "Pandemiya başlayandan bu xəstəxana virusla mübarizə apararaq, insanların sağlamlığı üçün çalışır. Amma indiyə qədər bir səlahiyyətli nümayəndənin bu səhiyyə müəssisəsinin qapısını açdığını görmədim. Elə bu laqeydlik Rəmziyyədən də yan keçmədi. Amma biz bu cür münasibətə baxmayaraq öz fəaliyyətimizi məsuliyyətlə davam etdiririk. Çünki başa düşürük ki, vətənimizə, xalqımıza xidmət edirik”.
Hazırda xəstəxana rəhbərliyi R.Quliyevanın müalicəsi üçün lazım olan dava-dərmanı verir, çatışmayan tibbi ləvazimatları öz ciblərinin pulu ilə alırlar. Bir halda ki, müharibə zamanı yaralanan tibb işçisinə rayon səviyyəsində diqqət göstərilmir, onda vəziyyətdən çıxış yolu ətrafdakı insanların xeyirxahlığına qalır. Düzdür, onlar da mərhəmətlərini əsirgəmirlər. Amma maddi ehtiyaclara dirənəndə bir gün mərhəmət də "tükənə” bilir: "Rayon İcra Hakimiyyətində şəhid və yaralı ailələri ilə bağlı şöbə də fəaliyyət göstərir. Rəmziyyə Bakıda xəstəxanada olanda tez-tez onun vəziyyəti ilə bağlı soruşurdular, mən də məlumat verirdim. Amma qayıdandan sonra maraqlanan yoxdur. İndi Rəmziyyə üçün önəmli olan ona diqqətin olmasıdır”. Direktor yaraları sağalmayan tibb bacısı üçün lazım olan bütün ləvazimatları bundan sonra da alacaqlarını deyir: "Onun üçün pultla idarə olunan funksional çarpayı da təşkil etdik. Çünki o adi çarpayıda uzana bilməz. Rəmziyyənin nəyə ehtiyacı olsa, biz onu qarşılayacağıq. Amma açığı, administrativ məsələlərə qarışa bilmirik”. V.Məmmədov tibb bacısının sağalması üçün ona ilk növbədə psixoterapevt xidmətinin lazım olduğunu bildirir: "Ona psixoterapevt lazımdır ki, xəstəni həyata bağlasın, qopan ümidlərini geri qaytarsın. Rəmziyyə sağalacağına, ayağa qalxacağına inansın”.
Məsuliyyət hissi olmayanda
Rəmziyyə Quliyevanın 22 və 23 yaşlı iki oğlu var. Hər ikisi tələbədir. Vətənin müdafiəsi üçün iki əsgər böyüdüb. Həyat yoldaşı Rəmziyyənin sağalması, ailə ocağının qorunması üçün əlindən gələni edir. Ancaq Vətəni canından çox sevən fədakar tibb işçisinin yaralarını dərinləşdirən, sağalmağa qoymayan, həm də üzləşdiyi laqeydlikdir. Özünün dediyi kimi, yaşadığı rayonun yerli orqanların laqeyd münasibəti onu yaralarından da çox ağrıdır. Amma o yenə də, müharibədəki zəfərimizin sevincindən ilham alır. Fikirləşir ki, onun da bu qələbədə bir tibb işçisi, bir vətəndaş kimi payı var: "Heyf ki, yaralandım. Yoxsa hərbçilərimizə daha çox xidmət göstərə bilərdim, yaralarını sarıyardım. Müharibənin son gününə qədər onların yanında olardım”.
Qeyd edək ki, müharibədə yaralananların müalicəsi və tibbi təminatı döyüşlərin ilk günlərindən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır. yaralıların sağlamlığının bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzləri açılır, ehtiyaclarının qarşılanması üçün dövlət vəsait ayırır, onlara lazımı dəstək göstərilir.
Təəssüf ki, yerlərdə müharibə iştirakçıları da, şəhid ailələri də, qazilər də, yaralılar da bəzən yerli icra orqanlarının məsuliyyətsizliyi ilə üzləşirlər. Onların işlərinə barmaqarası münasibəti dövlətin gördüyü böyük işlərin ətrafında lazımsız söz-söhbətlər yaradır. Elə nəql etdiyimiz bu hadisə kimi...Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, böyük qəhrəmanlıq və şücaət göstərən tibb işçiləri isə bu cür laqeyd münasibətləri haqq etmirlər.
Rəmziyyə Quliyeva, bəlkə də ömürlük çarpayı xəstəsidir. Hər halda həkimlərinin diaqnozu belədir. Ayağa qalxması bir möcüzə ola bilər. Amma onu əlil arabasında oturmağa, yaşatmağa sövq edəcək psixoloji məqamlar var: diqqət, qayğı göstərməyə borclu olan insanların öz məsuliyyətini dərk etməsi...
Təəssüf ki, başqalarına şəfqət göstərən tibb işçisinin indi özünün şəfqətə ehtiyacı var.
Məsələ ilə bağlı Bərdə rayon İH-ə açdığım telefon zənglərinə, elektron ünvanlarına yazdığım məktuba cavab verən olmadı. Görünür, ermənilərin terrorundan sonra dünyanın diqqətinin yönəldiyi, işləri başından aşan, ən azı Rəmziyyə Quliyeva timsalında sağalmaz xəstəsi olan rayonun səlahiyyətliləri "onlayn” rejiminə keçib...
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər