Ermənistanla Rusiya arasında gərginlik

Ermənistanla Rusiya arasında gərginlik

Siyasət
18 Noyabr 2019, 18:21 1602
Rusiyalı deputatın faşist Njdenin xatirə lövhəsini rəngləməsi, iki ölkə arasında qalmaqal yaradıb

Faşistlərlə işbirliyində və əməkdaşlıqda ittiham olunan erməni daşnak lideri Qaregin Njde ilə bağlı Rusiya və Ermənistan arasında gərginlik davam edir. Bəlli olduğu kimi, Rusiyanın Krasnodar vilayətində yerli sakinlər dəfələrlə faşist əlaltısına qoyulan xatirə lövhəsinin götürülməsi tələbini səsləndirsələr də, buna məhəl qoyulmurdu. Nəhayət ki, şəhər dumasının deputatı Aleksey Vinoqradov özünəməxsus şəkildə buna reaksiya verib. O, Böyük Vətən Müharibəsi veteranlarının xatirəsini təhqir edən bu abidəni qara rənglə örtüb. "Hələ ki, külüngdən imtina etdim. Əgər kimsə hələ də ağıllanmayıbsa, növbəti dəbə bunu da edəcəyəm”, - deyə Armavir deputatı bəyan edib. Parlamentari əlavə edib ki, şəhər hakimiyyət orqanlarının nümayəndələri və Rusiya erməniləri ittifaqının yerli şöbəsi bəyan etmişdilər ki, özləri bu xatirə lövhəciyini sökəcəklər. Lakin bunu etmədilər və nəticədə deputat müstəqil şəkildə bunu etmək qərarına gəlib. Onu bu addımı atmağa sövq edən, nasistlərə dəstək və kömək edən bir şəxsin xatirəsinin əbədiləşdirilməsidir. "Bu, istənilən şəxs üçün əhəmiyyətli bir məsələdir. Bu lövhə vətənini, Rusiyanı sevənlərin, müharibədə qələbə qazanılmasında böyük şücaətlər göstərib canını qurban verənlərin, döyüşənlərin xatirəsinə təhqirdir. Sağlam düşüncəli bir insan bütün bunlara laqeyd qala bilməz. Onların ata-anaları, babaları faşizmdən əziyyət çəkib, Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasında hər cür əziyyətə qatlaşıb. Faşist əlaltısına kömək edən, onlarla əməkdaşlıq edən Njdenin şəhərimizdə xatirə lövhəsinin qoyulması, haqlı şəkildə insanların narazılığına səbəb olub. "Moskva-Baku” portalı yazır ki, Kuban polisi bu insidentdən sonra araşdırmalara başlayıb. Deputat isə atdığı addımı bir daha müdafiə edərək Dövlət Dumasının deputatlarından dəstək gözlədiyini bəyan edib. Onunla Rusiyanın tanınmış ekspert və siyasətçiləri də razıdır. Məsələn, Dövlət Dumasının Avrasiya inteqrasiyası və soydaşlarla iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov dəfələrlə bu məsələ ilə bağlı sərt fikirlər səsləndirib. "Dövlət Dumasının komitə rəhbərlərindən biri kimi mənə Qaregin Njdeyə abidə qoyulması – qırmızı əski kimi bir şeydir. Onu götürməyincə, mən sakitləşməyəcəyəm”, - deyə L.Kalaşnikov bəyan edib.
Yeri gəlmişkən, A.Vinoqradovun bu addımı Ermənistanda əməli-başlı ajiotaj doğurub. Bu insident iki ölkə arasında münasibətlərdə ciddi olay kimi qiymətləndirilib. Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Ermənistanın Rusiyadakı səfirliyi ilə baş verənləri vandalizm adlandırıb. Ermənistan səfirliyinin fikrincə, bu hərəkətlər Ermənistan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil və millətlərarası (erməni icması və rus əhalisi arasında) gərginliyə səbəb ola bilər”, - deyə diplomatik nümayəndəliyin şərhində bildirilir.
Səfirlik Armavir şəhərinin rəhbərliyini baş verənlərə müvafiq qiymət verməyə çağırıb.
Hətta Rusiyanın Armavir şəhərində yaşayan ermənilər Qaregin Njdeyə dəstək aksiyası təşkil ediblər. Nasist ideologiyalı Njdeni özlərinə qəhrəman edən ermənilər bu dəfə öz avtomobillərinin üzərinə "Njde bizim qəhrəmanımızdır” yazısını yapışdırıblar.  Njdenin satqın olması, nasist Almaniyasına qulluq etməsi artıq tarixi faktlarla bir çox müstəqil tarixçilər tərəfindən sübut olunub. Amma Ermənistan bu ideologiyaya sadiq olduğunu göstərməyə davam edir. Njdenin Ermənistan paytaxtındakı heykəli sökülmək əvəzinə, yeni abidələr açılır, fləşmoblar düzənlənir. Bu isə ermənilərin nasist ideologiya ilə bəsləndiklərinin sübutudur.
Rusiya nəşrləri yazır ki, Azərbaycan Rusiya ilə birlikdə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxır. Məhz prezident İlham Əliyev bu məsələni MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində qaldırıb. Njdenin faşistlərlə əməkdaşlıq etdiyini hətta Nikol Paşinyan da təkzib etməyib.
Rusiyanın "Seqodnya.ru” nəşri isə Armavirdə deputatın hərəkətini az qala millətlərarası münasibətlərə zərbə vura biləcək bir addım kimi qiymətləndirir. Məqalədə bildirilir ki, Njde Böyük Vətən Müharibəsi illərində ermənilərdən ibarət legionların formalaşdırılmasında iştirak edib. Həmin birləşmələr Sovet Ordusuna qarşı Şimali Qafqaz cəbhəsində döyüşüb. 1948-ci ildə isə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən antisovet fəaliyyəti və faşistlərə dəstək verməkdə ittiham olunub. Barəsində 25 illik həbs qərarı çıxarılıb. "Vestnik Kafkaza”nın əməkdaşı ilə söhbətində Rusiya hökuməti yanında Maliyə Universitetinin politologiya departamentinin dosenti Gevorq Mirzayan da bildirib ki, Rusiyada Njdenin xatirəsini əbədiləşdirən heç bir abidə olmamalıdır.
 "Ritm Avrazii” nəşrində dərc olunan "Qəti şəkildə nasizmin ağardılmasına qarşı çıxış edirik – kağız üzərində deyil, əməldə” başlıqlı məqalədə də bu məsələdən bəhs edilib. Məqalədə faşist əlaltısına Yerevanın mərkəzində abidə qoyulması sərt şəkildə pislənilir. Müəllif Njdenin vaxtilə səsləndirdiyi bir fikri qabardır. Faşist əlaltısı deyirmiş: "Almaniya uğrunda ölən, Ermənistan uğrunda ölür”. Məqalədə bildirilir ki, bu gün Ermənistanda vaxtilə Njdenin törətdikləri əməllər sanki olmayıb kimi nəzərdən keçirilir. Onun adı ətrafında ən ciddi şəkildə bir pərəstiş kampaniyası aparılır: xatirəsinə pul buraxılır, sənədli və bədii filmlər çəkilib, medal təsis edilib. Rusiya tərəfi XİN səviyyəsində baş verənlərə əvvəlcə sərt reaksiya göstərsə də, sonradan bəyan edilib ki, bu, Ermənistanın daxili işidir. Rusiya Kommunist Partiyasının Krasnodar bölməsinin katibi Aleksandr Safronov özünün sosial şəbəkə hesabında yazır ki, faşizmlə əməkdaşlıqda adı hallanan şəxslərin xatirəsinin əbədiləşdirilməsinə heç vəchlə yol vermək olmaz. Üçüncü Reyxlə əməkdaşlıq etmiş şəxslər cinayətkar və vətən xainidirlər. A.Safronov qeyd edib ki, erməni xalqının Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş xeyli nümayəndəsi var. Xatirə lövhələri və abidələr məhz həmin şəxslərin şərəfinə ucaldılmalıdır.
Digər ekspert, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deputat A.Vinoqradovun tamamilə doğru addım atdığını vurğulayıb. O, Njdenin nasist rejiminin əməkdaşı olduğuna şübhə etmir və Armavirdə n xatirəsinin əbədiləşdirilməsini böyük məsuliyyətsizlik sayır. Politoloq xatırladıb ki, Böyük Vətən Müharibəsi illərində Hitlerlə əməkdaşlıq etmiş bir çox insanlar var, məsələn, Ataman Krasnov, fransız generalı Paten və başqaları. Lakin nə Rusiyada, nə də Fransada onlara heykəl qoyulmur. S.Markov, ictimaiyyətin birləşərək Njdenin adının əbədiləşdirilməsi kimi milliyyətçilik təzahürlərinə qarşı etiraz etməsinin vacibliyini vurğulayıb.

Azər NURİYEV