• cümə, 29 Mart, 15:47
  • Baku Bakı 14°C

Ermənistanın əbədi problemi

14.02.20 18:21 1646
Ermənistanın əbədi problemi
Paşinyan da orduda baş verən ölüm hallarını artmasının qarşısını ala bilmir

Hakimiyyət dəyişsə də, Ermənistanın problemləri əvvəlki tək qalmaqdadır. Sosial gərginlik, miqrasiya, yoxsulluq və s. kimi problemlərin içində sözsüz ki, ən ciddisi ordudakı özbaşınalıqdır. Paşinyanın hakimiyyətə gəlməsi ilə bu problemlər nəinki azalıb, əksinə daha da fəlakətli həddə çatıb. Orduda dinc şəraitdə ölən əsgərlərin sayı artmaqdadır. Artıq bir çox erməni eksperti iddia edir ki, erməni hərbçilərin qətlinə görə məsuliyyəti baş nazir Nikol Paşinyan və müdafiə naziri David Tonoyan daşıyır. Bu fikri Ermənistan parlamentinin deputatı Arutyun Babayan səsləndirib. O, Ermənistan ordusunda cinayət "submədəniyyəti”nin olduğunu və Paşinyanla Tonoyanın bunu həll edə bilmədiyini söyləyib. Babayan bu məsələ ilə bağlı Tonoyanla müzakirələr apardığını bildirib: "Mən nazirə "elit hərbi hissə” barədə sual verdim, amma təəssüf ki, onun cavabı məni qane etmədi. Düşünürəm ki, bizim çox işimiz var, ona görə ki, ordunun hansısa əcaib ənənələri mövcuddur. Biz bunun barəsində dayanmadan danışmalıyıq. Heç bir məsələ gizli saxlanmamalıdır. Erməni elitası susmamalıdır”.
"Orduda 13 gündə 7 itki qəddar rəqəmdir, bu isə oturub şeir yazır”. Bunu isə erməni ictimai xadim Aram Manukyan öz "Facebook” səhifəsində yazıb. O qeyd edib ki, baş nazir bir-iki əyləncə yerinə də az getsin, bir-iki mədəniyyət tədbirlərindən özünü məhrum saxlasın, ordu ilə məşğul olsun, bunlar dinc şərait üçün ali baş komandan adına dəhşətli rəqəmlərdir. "2020-ci il yanvarın 30-da, saat 13:15 radələrində tədris mərkəzində "N” saylı hərbi hissənin məcburi müddətli hərbi qulluqçusu, sıravi Vahram Mkrtiç Avaqyan ölüb. 2020-ci il fevralın 9-da, saat 07:45 radələrində, "N” saylı hərbi hissənin ərazisində müddətli hərbi qulluqçu, sıravi Valeri Nelson Petrosyan huşsuz vəziyyətdə tapılıb. 2020-ci il fevralın 7-də, saat 17:00 radələrində, Ermənistan Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin döyüş məntəqəsində döyüş növbətçiliyi dəyişdirildiyi vaxt qar uçqunu nəticəsində müqaviləli hərbi qulluqçular Karapet Sedrak Nazaryan, Tiqran Armen Arzumanyan, Nver Tiqran Şahbazyan ölüb. 2020-ci il fevralın 12-də 2000-ci il təvəllüdlü Tiqran Manvel Manvelyan və Tiqran Husik Mxoyan ölmüş vəziyyətdə tapılıb”, - deyə Manukyan qeyd edib. Ötən gün işğal altında olan Qarabağda iki erməni hərbi qulluqçu ölüb, üstəlik, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovanisyanın qeyd etdiyi kimi müxtəlif hadisələr olub. Bu o deməkdir ki, birdən-birə iki hərbi hissədə ölüm hadisəsi baş verib. İlin əvvəlindən etibarən artıq 10 erməni əsgər ölüb. Ermənistanda cinayət submədəniyyətinə qarşı elan edilmiş şəraitdə bu, təxribat və müharibə elan olunmasına bənzəyir. Fevralın 2-də ölmüş Vahram Avaqyanın yaxınları intihar versiyasına inanmayıblar və bütün kəndlə ölmüş əsgərin cənazəsini götürüb İrəvana getmək istəyiblər. Ölmüş əsgərin yaxınlarını kəndə qayıtmağa və əsgərin meyitini torpağa tapşırmağa inandırmaq çətinliklə mümkün olub. Mütəxəssis və hüquq müdafiəçiləri güman edirlər ki, bütün alayın gözü qarşısında baş vermiş hadisə orduda pul toplanmaları ilə əlaqəlidir. "2020-ci ildə ordumuzda 12 əsgər ölüb. Onlar rəqib gülləsindən ölməyiblər. Nazirliyin açıqlamalarında naməlum şərait qeyd olunur”. Bunu Ermənistanın "Araşdırma aparan jurnalistlər” ictimai təşkilatının sədri Edik Bağdasaryan öz "Facebook” səhifəsində yazıb. O qeyd edib ki, Ermənistan müdafiə naziri, prezident susur, Milli Məclisin sədri və deputatlar səssizdir, Baş nazir danışır, lakin bu mövzuda səssizdir. "İndi millət olaraq nəyi müzakirə edirik, Konstitusiya Məhkəməsinin 7 hakimini vəzifəsindən azad etmək referendumunu? Bu isə bir əsgərin həyatı qədər dəyərə sahib deyil”, - deyə Bağdasaryan qeyd edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da orduda məzuniyyətdən qayıtmış əsgərlərdən "vergi” tələb olunduğunu istisna etməyib. Ermənistan parlamenti bir neçə gün bundan öncə cinayət submədəniyyətinə qarşı mübarizə üçün qanun qəbul edib və ekspertlər söyləyirlər ki, bu işə ilk növbədə ordudan başlamaq lazımdır.
"Əgər vaxtilə orduda qeydə alınmış cinayət hadisələrinin günahkarları kim olmasından asılı olmayaraq aşkara çıxarılsaydılar və məsuliyyətə cəlb etsəydilər, bu gün bu cür təsvirə sahib olmazdıq. Sonunda bütün bunların qarşısını almaq lazımdır, elə deyil?”. Bunu hərbi hüquq üzrə ixtisaslaşmış erməni vəkil Norayr Norikyan bildirib. Erməni vəkilin sözlərinə görə, bu cür vəziyyətin əsas günahkarı hərbi hissələrdə hökm sürən atmosferi tənzimləmək iqtidarında olmayan zabit heyətidir. Norikyan qeyd edib ki, hazırkı Ermənistan Silahlı Qüvvələri bu cür məsələləri həll edə bilmir və bu cür atmosfer hökm sürdükcə silahlı qüvvələrdə belə hadisələr davam edəcək. "Ermənistan parlamenti elə bir qanun qəbul etməlidir ki, orduda hər bir bu cür hadisədən sonra cavabdeh komandirlər qanunun qüvvəsi ilə məsuliyyətə cəlb olunmalı, bölük isə dağıdılmalıdır”. Bunu isə Yerevan Dövlət Universitetinin tarix fakültəsinin Mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Hamlet Petrosyan öz "Facebook” səhifəsində qeyd yazıb. O, öz yazısında 2020-ci ildə orduda dinc şəraitdə baş vermiş ölüm hadisələrinə toxunub. "Siz kimə qarşı müharibə aparırsınız, rəqibə, yoxsa öz xalqınıza?”, - deyə o qeyd edib. Petrosyan həmçinin qeyd edib ki, Ermənistan parlamenti fəaliyyətsizdir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər