• şənbə, 20 Aprel, 09:19
  • Baku Bakı 14°C

Ermənistanda repressiyaların yeni dalğasına hazırlıq gedir

10.09.19 18:25 631
Ermənistanda repressiyaların yeni dalğasına hazırlıq gedir
Nikol Paşinyanın terrorçularla təmasa girməsi, hətta onları hökumət binasında qəbul etməsi Ermənistan cəmiyyətində ən çox müzakirə olunan məsələyə çevrilib. "Sasna çrer” silahlı qruplaşmasının liderləri Qaregin Çuqaszyan və Jirayr Səfilyanla görüş, erməni mediası və siyasi dairələrində əsas müzakirə mövzusu kimi qalır. Erməni nəşrləri yazır ki, bu görüş general Vitali Balasanyanın 2008-ci il mart gülləboranı zamanı Levon Ter-Petrosyan və onun qrupunun xalqa atəş açması bəyanatına olan reaksiyadır. Məhz Balasanyan 2020-ci ildə qondarma qurumda keçiriləcək seçkilərdə əsas namizəddir. Səfilyan və onun dəstəsi isə hazırda separatçı qurumda siyasi proseslərə nəyin bahasına olursa-olsun müdaxilə etməyə çalışırlar. Nikolun da terrorçu qrup kimi ad çıxaran "Sasna çrer”lə danışıqlara getməsi qarşı tərəfi qorxutmağa çalışması ilə izah olunur. Paşinyanla görüş zamanı Səfilyan ondan sərt addımlar atmağı tələb edib və əlavə edib ki, onlar revanş əldə etməyə çalışan qüvvələrə imkan verməyəcəklər. Analitiklər erməni saytlarına bildirilər ki, Nikol "Sasna çrer”i Qarabağda vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə çalışa bilər. Hökumət başçısının terrorçuların köməyindən istifadə etməyə çalışması çox şeydən xəbər verir. Maraqlıdır ki, görüşdən sonra bildirilib ki, "Sasna çrer”lə görüşlər mütəmadi xarakter daşıyacaq. Bunu da erməni mediası yazır. "Qolos Armenii” yazır ki, Səfilyan-Çuqaszyan böyük məmnuniyyətlə Paşinyanı dəyişərdi, lakin hələ ki, onlar Nikolun baş nazir postundan getməsini sürətləndirə biləcək qəti addımlar atılmamasına çalışırlar. Başqa sözlə, Paşinyan silahlı qruplaşmanı öz məqsədləri üçün istifadə edə bilməz, qrup liderləri isə ondan hakimiyyətə gəlmək üçün yararlana bilərlər. Beləliklə, "siyasi payız” artıq başlayıb, lakin çoxları artıq his etməyə başlayıb ki, Paşinyanın əyləşdiyi stul necə oynayır.
Paşinyana ən ciddi problemin separatçı qurumun yaradacağı da göz önündədir.
Qondarma qurumda rəhbər dairələrə yaxın şəxslərdən biri olan, tanınmamış "Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan növbəti dəfə Paşinyanın ünvanına kobud ifadələr işlədib. "Vaxtında Ermənistan dövlətçiliyinə hörmət edərək susmuşam, indi isə deyirəm ki, Ermənistanda parlament də, hakimiyyət də qəsb edilib və 2018-ci il parlament seçkiləri qeyri-qanuni olub. Nikol Paşinyanın bütün hərəkətləri cinayət məsuliyyəti daşıyan əməllərdir”, - deyə Balasanyan Yerevanda çıxan "Aravot” qəzetinə müsahibəsində deyib. Bu, Qarabağdan, Nikol Paşinyana qarşı ilk demarş deyil. Daha əvvəl də KİV və sosial şəbəkələrdə Qarabağın "faktiki hakimiyyətinə yaxın şəxslər” tərəfindən yeni Ermənistan liderinin ünvanına xoşagəlməz şərhlər müşahidə olunub.
Tanınmamış DQR-in keçmiş və indiki liderləri isə Ermənistanda konstitusiya qurumunu devirməkdə ittiham olunan Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişməsi üçün Yerevan məhkəməsində zəmanət imzalayıblar.
Daha əvvəl də, 2018-ci il parlament seçki kampaniyası zamanı Paşinyanın "Vətəndaş müqaviləsi” bloku üzrlərinin bəzi emosional və mübahisəli ifadələri tanınmamış hakimiyyət nümayəndələrinin tənqidi şərhlərinə məruz qalıb. Qarabağ "Helsinki təşəbbüsü – 92” komitəsinin koordinatoru Karen Ohacanyan isə öz "facebook” səhifəsində Nikol Paşinyanın hərəkətlərindən hiddətə gəldiyini yazıb: "Qarabağ xalqını təhqir etdiyiniz və xalqımızın təhlükəsizlik səviyyəsini aşağı saldığınız üçün gərək camaat qarşısında onlardan üzr istəyəsiniz”. .
"Past” qəzeti isə öz mənbələrinə istinadən yazır ki, baş nazir son vaxtlar gözlənilməz qərarlar qəbul edir və proqnoz edilə bilməyən bir şəxsə çevrilib. Bu qərarlar tək siyasi planda deyil, həm də iş gününün təşkilində də özünü büruzə verir: "Bizdə olan məlumata görə, baş nazir öz səfərlərini hamıdan gizli saxlamağa başlayıb. Hətta onun təhlükəsizlik xidməti əməkdaşları belə son anda bilirlər ki, baş nazir hara gedəcək - istər hansısa bir vilayətə getmək məsələsində, istərsə də, şəxsi görüş olsun. Nəticədə gərgin vəziyyətdə tək təhlükəsizlik xidməti əməkdaşları deyil, həm də protokol xidməti qalır. Bundan əlavə, belə bir məlumat var ki, son anda, planlaşdırılan səfər belə dəyişir. Belə bir hal Paşinyanın Cermuxa səfəri zamanı baş verib”. Öz növbəsində Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da Paşinyanın ünvanına sərt tənqidlər yağdırıb. Onun sözlərinə görə, Paşinyan faktiki olaraq Ermənistanda keçmiş məmurlardan qisasalma missiyasını və bəzi oliqarxlara hədə-qorxu gələrək rüşvətalma kampaniyasını həyata keçirir: "O, xalqın fikirlərini yayındırmaq üçün "1 mart hadisələri” pərdəsi altında respublikaçıların fəal üzvlərini və keçmiş generalları siyasi təqiblərə məruz qoyaraq onlardan qisas alır. Lakin Paşinyan bu gün Ermənistanda polis zorakılığı nəticəsində dinc sakinlərə divan tutulduğunu görmür. Dünyada ikinci elə bir ölkə tapılmaz ki, son 1 il ərzində bu qədər sifarişli həbslər, polis zorakılığı baş versin. Həbsxanalarda, demək olar ki, boş yer qalmayıb. Məhkəmə orqanları isə sifarişləri həyata keçirməklə məşğuldur. Paşinyan mövqeyini qoruyub saxlamaq üçün hər cür üsula əl atır. O, terrorçu "Sasna çrer” blokunun lideri Jirayr Səfilyanla gizli görüşərək yeni plan hazırlayır. Paşinyan bu hiyləgər arzusunu reallaşdıra bilməyəcək”. Öz növbəsində "İşıqlı Ermənistan” Partiyasının parlament fraksiyasının üzvü Arman Babacanyan araşdırma aparıb və belə qənaətə gəlib ki, Ermənistanın başına gələn bütün bəlalarda günahkar Rusiya prezidenti Vladimir Putindir. Bu barədə Ermənistanın "Shame.am” nəşri yazıb. Erməni deputatın araşdırmasından belə çıxır ki, Vladimir Putinə qarşı Ermənistanda mütləq cinayət işi açılmalıdır. Babacanyan belə deyir: "Moskvanın nəyə görə "1 mart” məsələsində bu qədər maraqlı olmasını anlamaq yaxşı olardı”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər