• cümə axşamı, 25 aprel, 10:21
  • Baku Bakı 14°C

“Ermənistanda ağıl hakim mövqedə deyil”

06.09.19 18:27 862
“Ermənistanda ağıl hakim mövqedə deyil”
Terror və faşizm ideyalarını dövlət siyasətinin əsas prioritetləri elan edən Ermənistan öz ampluasındadır. Faşist əlaltısı Qaregin Njdeyə ucaldılan abidəyə beynəlxalq təpginin kifayət qədər olmamasından vəcdə gələrək bu dəfə daşnak terrorçu Soqomon Teyliryana abidə ucaldıb. Lakin bu dəfə erməni hərbi xuntası dünyanın heç bir yerində rast gəlinməyən xəstə yeniliyə imza atıb – heykəl terrorçunun ayağı Tələt Paşanın kəsilmiş başına qoyulmuş formada ucaldılıb.
Bu iyrənc mənzərəyə qarşı Türkiyədə etirazlar günbəgün artır. Qardaş ölkənin "Aydınlıq” qəzetinə açıqlamalarında keçmiş səfir və diplomatlar, millət vəkilləri heykəlin utancverici bir hal olduğunu, dünya praktikasında rast gəlinmədiyini bildiriblər. Onların gəldiyi qənaət budur ki, Ermənistan nifrət və kin-küdurətlə hərəkət etməyə üstünlük verib. Qəzet yazır ki, Türkiyədə Ermənistanda Tələt Paşanı qətlə yetirən terrorçuya abidə qoyulmasına etirazlar günbəgün artır. Türkiyə siyasiləri, diplomat və millət vəkilləri hökumət və müxalifəti bu olaya sərt təpgi göstərməyə çağırıblar. Onlar Ermənistanın Türkiyədən üzr istəməsini və heykəlin qeyd-şərtsiz aradan qaldırılmasını tələb ediblər. Məsələn, Türk Tarix Qurumunun rəhbəri və keçmiş millət vəkili, professor Yusif Halaçoğlu qəzetə açıqlamasında bildirib ki, "ermənilərin indiyə qədər etdikləri həqiqəti əks etdirmir. Danışıqları və hərəkətləri şişirdilmiş, yalan dolu... Məsələn, tək qondarma soyqırımı iddiaları siyasi və saxta deyilmi? Siyasi tezislərini öz xalqlarına və onları dəstəkləyən ölkələrə bir mesaj kimi təqdim edirlər, amma bu, bəşəriyyət üçün ayıbdır. Avstriyada da Vyananın ikinci dəfə mühasirəsini etmiş Qara Mustafa Paşanın abidəsinə qarşı belə hal baş vermişdi. Osmanlı heykəlləri, bayraqları ayaqlar altına salınmışdı. Dolayısı ilə Tələt Paşanın ermənilərə qarşı sərt qərarları olsa da, belə bir heykəl düzəltmək insanlığa ziddir”.
İstefada olan keçmiş səfir Ulut Özülker isə baş verənlərə iki mövqedən münasibət bildirir. "Birincisi, Ermənistanda bu məsələ ilə bağlı bir paranoya var. Dolayısı ilə bunun onları hara qədər apara biləcəyi ilə bağlı ciddi narahatlığım var. Qəribə heykəllər düzəltməklə özünüzü məmnun edə bilməzsiniz, probleminiz varsa, bu problemi sülh yolu ilə həll edə bilərsiniz. Bunun ən optimal yolunu artıq Türkiyədə müəyyən ediblər. Şəxsən hörmət etdiyim Doğu Perinçek qondarma soyqırıma qarşı Avropa İnsan Haqları Məhkəməsində dəfələrlə iddia qaldırıb. Bu iddiaların əsassız olduğu barədə qərarlar çıxarılmasına müvəffəq olub. Türkiyənin haqlı mövqedə olduğunu göstərən bir nəticə ortaya qoyub. Ermənistanın məqsədi məsələni tamamilə siyasiləşdirmək və Türkiyənin beynəlxalq siyasətdə yaşadığı çətinliklərdən öz çirkin məqsədləri üçün istifadə etməkdir. İkincisi, məsələ beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş qərarlar əsasında həll edilməlidir, bu bir həll yoludur. Nəticə etibarilə bu cür fanatik vəziyyətdə gərginliyi artırmaqla Ermənistan Türkiyə kimi güclü bir ölkə ilə münasibətləri pozmağa çalışır. Bunun isə ona ziyandan başqa heç bir xeyri dəyməyəcək. Beləliklə, vəhşiliyi əks etdirən bu qəribə heykəli ləğv etmək ağıllı addım olardı. Amma etmirlərsə, onda onlara ciddi şübhələrim var. Çünki Ermənistanda ağıl hakim mövqedə deyil”.
Öz növbəsində, digər bir keçmiş səfir və millət vəkili Osman Taney Korutürk də hesab edir ki,
bu abidə ermənilər üçün də, onu inşa edənlər üçün də utandırıcıdır: "Bunun heç bir izahı yoxdur. Bu, bir dövlət kimi ortaya çıxan Ermənistanın istifadə edə biləcəyi bir simvoldurmu? Nifrət üzərində qurulan bu abidə insanlığa və sivilizasiyaya uyğun deyil. Həmin hadisələr barədə müzakirə aparmadan bir dövlət xadiminin qatilinin başını əks etdirib heykəl ucaltmaq utancvericidir. Birincisi, bu, dövlətin ciddiliyinə uyğun deyil. İkincisi, mütləq onu dayandırmaq məcburiyyətindədirlər. Dünya dəyişib. İnsanlarla ölkələr arasında yaxşı münasibətlər qurmalıyıq. Bunu etmək əvəzinə qeyri-insani işlər görürlər. Deyəcək bir şey yoxdur, etməli bir şey yoxdur. Utanclarıyla onları tək qoymağa ehtiyac var”.
Keçmiş səfir və millət vəkili Onur Öymən isə təəssüflə bildirir ki, Türkiyə bu kimi məsələlərdən gec xəbər tutur, reaksiyası də gözlədiyimiz qədər qüvvətli olmur. "Bundan əvvəl, səhv etmirəmsə, 2000-ci ildə Gerablus hərbi qəbiristanlığında ASALA terrorçularını müdafiə edən bir abidə ucaldılmışdı. Türkiyədən buna qarşı kifayət qədər reaksiya daxil olmadı. Bunu təkrar-təkrar söylədik və qəzet və televiziyalarda izah etdik. Bunları iqtidar və müxalif siyasətçilərdən soruşmaq lazımdır. Hər şey haqqında danışırsan, niyə bunlara reaksiya vermirsən?”.
Başqa bir keçmiş səfir, Ərdahandan seçilən müstəqil millət vəkili Öztürk Yılmaz isə bildirib ki, "Ermənistan rəhbərliyində irqçi, faşist və yüksək təxribatçı bir yanaşma var. Bir tərəfdən barışıq və barışıq mesajları verərkən, digər tərəfdən tarixlə nə qədər düşmən olduqlarını, nə qədər intiqam hissi ilə alışıb-yandıqlarını və türk millətinə nə qədər düşmən olduqlarını açıq şəkildə büruzə verirlər. Ermənistan Türkiyədən üzr diləməli və o heykəli qeyd-şərtsiz götürməlidir. Ermənistana "sən bunu edirsənsə, mən də yüz minə yaxın Ermənistan vətəndaşını vətəninə göndərirəm. Götür onları, bu heykəlin açılışına alqış tutan ölkələrə göndər” demək lazımdır. Türkiyə dəqiq bir rəftar ortaya qoymalıdır. Ağrı dağının yamaclarında Ermənistana baxan Tələt paşanın nəhəng heykəlini ucaltmaq gərəkdir. Ermənistanın Türkiyə və Azərbaycan ilə əlaqələrini normallaşdırmaq kimi bir səyi yoxdur. Torpaqlar hələ də işğal olunmuş vəziyyətdədir. Hökumət belə vəziyyətdə səssiz qalmamalıdır”.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə Vətən Partiyası da abidəyə etiraz olaraq aksiya keçirib. Onlar görkəmli dövlət xadimi Tələt Paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada etiraz nümayişi keçiriblər. Minlərlə insanın iştirak etdiyi aksiyada "erməni qatilə ucaldılan heykəl yıxılacaq!”, "Ermənistan, Qarabağdan rədd ol!”, "Xocalı soyqırımını törədənlər cəzalansın!”, "Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlar səsləndirilib. Nümayişçilər 1921-ci ildə Tələt Paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçuya Yerevanda ucaldılan heykəlin götürülməsini tələb ediblər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər