• şənbə, 20 Aprel, 17:46
  • Baku Bakı 23°C

Ermənistan hökumətinin atdığı addımlar beynəlxalq qanunlara ziddir

13.06.20 18:00 639
Ermənistan hökumətinin atdığı addımlar beynəlxalq qanunlara ziddir
Hələ keçən ilin sonlarında Ermənistanın baş naziri Paşinyan Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək 3-cü avtomobil yolunun çəkiləcəyi haqqında açıqlama vermişdi. Keçən həftə isə bu ölkənin Təhlükəsizlik Şurasının katibi nəzərdə tutulan yolun Qubadlı və Cəbrayıl rayonları ərazisindən keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Xocavənd rayonu ilə birləşdirəcəyini və tikinti işlərinin yaxın 2-3 il ərzində başa çatdırılacağını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi işğalçı ölkənin rəhbərliyi tərəfindən ortaya atılan növbəti təxribatla bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinə müvafiq bəyanatla müraciət edib. Lakin həmişə olduğu kimi, bu dəfə də Minsk qrupunun həmsədrləri susmağa üstünlük verirlər. "Susmaq qızıldır” deyiblər. Amma bu, həmişə belədirmi?
Bu sözləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.
Cavanşir Feyziyev deyib: "Görünən odur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində beynəlxalq təşkilatların susqunluğu işğalçı ölkənin status-kvo vəziyyətini uzatmaq və işğal olunmuş ərazilərdə möhkəmlənmək cəhdlərini stimullaşdırır. Təcavüzkar Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli üzrə aparılan danışıqların hər vəchlə uzadılmasına və hətta pozulmasına çalışır. BMT-nin üzvü olan müstəqil dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına zəmanət verən beynəlxalq təşkilatlar dünyada sabitliyin və təhlükəsizliyin təmin olunması, beynəlxalq siyasi sistemin beynəlxalq ədalət prinsipləri əsasında fəaliyyət göstərməsi üçün Ermənistan kimi işğalçı ölkələrin apardığı destruktiv siyasətə kəskin münasibət bildirməli, dünyanın bütün bölgələrində ölkələrarası münasibətlərin harmonik inkişafına öz töhfəsini verməlidir. Elə buna görə də Avropa Parlamentinin yüksəksəviyyəli rəsmiləri – Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Azərbaycan üzrə Avropa Parlamentinin məruzəçisi xanım Jelena Zovko və Ermənistan üzrə məruzəçi Trayan Basesku birgə bəyanat verərək növbəti erməni təxribatına qarşı qəti etirazlarını bildiriblər. Bəyanatda bildirilir ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri ərazisində xalqları bir-birinə yaxınlaşdıracaq, insanlararası təmasları canlandıracaq bütün nəqliyyat dəhlizlərinin açılmasını alqışlamaq istərdi. Lakin Ermənistan tərəfindən irəli sürülən layihənin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilməsi nəzərdə tutulur və belə bir layihənin reallaşması Azərbaycan Respublikasının icazəsi olmadan mümkün deyil. Bəyanatda, həmçinin qeyd olunur ki, bu layihə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermir, əksinə, işğal olunmuş ərazilərdə möhkəmlənməyə xidmət edir və Ermənistan hökumətinin atdığı addımlar beynəlxalq qanunlara ziddir. Avropa Parlamenti rəsmiləri hər iki ölkəni ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çağırıblar. Bəyanat Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəsmi "Twitter” səhifəsində də yayımlanıb”.
Deputat qeyd edib ki, göründüyü kimi, Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə səlahiyyətli şəxsləri açıq mətnlə Dağlıq Qarabağın və ona bitişik rayonların məhz Ermənistan tərəfindən işğal olunduğunu bir daha vurğulayır, bu ərazilərdə Azərbaycanın razılığı olmadan Ermənistan tərəfindən hər hansı bir fəaliyyətin aparılmasına etiraz edirlər. Bəyanat Ermənistan daxilində böyük rezonans doğurub. Müxtəlif siyasi partiyalar və cərəyanlar Avropa Parlamenti tərəfindən belə obyektiv münasibətin açıqlanmasında bir-birini günahlandırır, eyni zamanda, bəyanatın müəlliflərinin ünvanına saysız-hesabsız şantaj və təhdidlərlə dolu müraciətlər göndərirlər. Beynəlxalq təşkilatlar tərəfindən o qədər də tez-tez rastlaşmadığımız belə bir ədalətli yanaşma həqiqətən də alqışalayiqdir. Onların bu cəsarətli addımını Azərbaycan dövləti tərəfindən aparılan təmkinli, ardıcıl və sülhsevər siyasətə verilən yüksək qiymət kimi dəyərləndirmək olar.
"Avropa Parlamentinin belə cəsarətli addımına rəğmən, digər beynəlxalq təşkilatların susqunluğu, regionda sülhə və sabitliyə təhlükə yaradan addımlara laqeyd münasibəti Ermənistana öz işğalçılıq siyasətini davam etdirməyə imkan verir, mövcud status-kvo vəziyyətinin mümkün qədər uzadılmasına şərait yaradır. Bu baxımdan, bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən vaxtaşırı olaraq Ermənistanın atdığı təxribatçı addımlara etirazın bildirilməməsi təəssüf doğurur. Avropa Parlamentinin rəsmiləri tərəfindən erməni özbaşınalığına qarşı verilən adekvat reaksiya Avropa Şurası və ATƏT Parlament assambleyalarının da bölgəmiz üzrə rəsmi məruzəçiləri üçün gözəl bir nümunədir. Lakin erməni lobbiçilərinin təlimatına uyğun olaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyalarında mütəşəkkil şəkildə fəallaşan AŞPA məruzəçiləri bu dəfə də erməni diasporunun səxavətinə sığınaraq susmağa üstünlük verirlər. Bəli, "susmaq qızıldır” deyiblər. Amma ədalət naminə həqiqəti söyləmək və müdafiə etmək bəşəri dəyərdir. Deməli, susmaq qızıldan qiymətli dəyərləri erməni riyakarlığına qurban vermək deməkdir. Bölgəmizdə sülhə və sabitliyə nail olmaq üçün Azərbaycan cəmiyyəti ATƏT-in Minsk qrupunun, Avropa Şurasının və onun Parlament Assambleyasının da Ermənistan hökuməti tərəfindən aparılan təcavüzkar siyasətə qarşı səsini qaldırmasını və ədalətli mövqe sərgiləməsini gözləyir”, - deyə C.Feyziyev bildirib.
banner

Oxşar Xəbərlər