• şənbə, 20 Aprel, 00:00
  • Baku Bakı 15°C

Ermənistan dövlət səviyyəsində faşizmi himayə edir

05.09.19 18:23 1043
Ermənistan dövlət səviyyəsində faşizmi himayə edir
Ermənilər tarixin müxtəlif dövrlərində öz mənfur siyasətlərini reallaşdırmaq və başqa xalqların mənsub olduğu torpaqları zəbt etmək üçün qətliamlar, soyqırımları həyata keçiriblər. Elə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımları buna əyani sübutdur. Erməni faşizmindən irəli gələn bu mənfur siyasət bu gün də Ermənistan dövləti tərəfindən bilavasitə və dolayı yolla həyata keçirilir. Hitler Almaniyası dönəmində öz qeyri-adi cinayət metodları ilə seçilən faşist Nijdeyə və Tələt Paşanı qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana Ermənistanda heykəl qoyulub. Bütün etirazlara rəğmən ermənilər onu "milli qəhrəman” kimi qəbul edirlər. Bu günlərdə isə Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal, faşist təfəkkürlü Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Bütün bunlar onu göstərirmi ki, Ermənistan dövlət səviyyəsində faşizmi dəstəkləyir və bu düşüncəli insanların sığındığı bir məkana çevrilir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistan rusiyalı müxalifətçiyə siyasi sığınacaq verməklə Rusiya əleyhinə daha bir addım atmış oldu: "Bir el məsəlində deyildiyi kimi, keçinin buynuzu gicişəndə çobanın çomağına sürtür. İndi görün, ermənilər kimə qarşı addım atırlar. Təsəvvür edin ki, bunlara dövlət yaradana, çörək verənə, müdafiə edənə və qoltuğuna alıb qoruyana indi "kəllə” atırlar. Vitali Şişkin məsələsi bunu tam açıqlığı ilə göstərdi. Amma sual yaranır ki, bunlara niyə dəyib-toxunmurlar? Yəqin ki, yaxın zamanlarda rusların ermənilərlə bağlı atacağı addımlar olacaq”.
Erməni faşizminə diqqət çəkən E.Məmmədov qeyd etdi ki, son 120 ilə nəzərə salmaq lazımdır: "Son 120 il ərzində ermənilərin hər Türkiyə, həm də Qafqazlarda törətdiyi soyqırımılara, kütləvi qırğınlara baxaq. Alman faşizmi ermənilər qədər qəddar olmayıb. Müharibə dönəmində almanlar əraziləri işğal edirdi, lakin həmin torpaqlardakı əliyalın əhaliyə dəymirdi, onlar yaşayırdı. Ancaq erməni faşizmi qarşısına məqsəd qoyurdu ki, bütün əraziləri ermənilər istisna olmaqla digər millətlərdən təmizləməliyik. Onlar xüsusilə müsəlman əhalisini və türkləri nəzərdə tuturdular. Ermənilər hesab edirdilər ki, türklərin körpələrdən tutmuş yaşlı insanlarına qədər hamısı məhv edilməlidir və yaşadıqları torpaqlar onların olmalıdır. Bax, əsl faşizm, qəddarlıq budur. Ermənilərin faşizm ideologiyası ilə yaşamaları tarixən mövcud olub, bu gün də davam edir və getdikcə də sərtləşir. Hesab edirəm ki, tarixin spiralvari bir dövriyyəsi var və müəyyən proseslərdə bu, özünü sübut edib. 1913-1923-cü illərə nəzər salsaq görərik ki, ermənilər məhz bu dövrdə təşkilatlandı, xaricdən təlimatlandırıldı, maliyyələşdirildi, silahlandırıldı və ərazilərində yaşadıqları dövlətə qarşı ərazi iddiası ilə üsyan qaldırdılar. Bu gün də həmin proses gedir. O vaxt ermənilərin bu addımlarının axırı nə oldusa, bu gün də gedişat ona doğru aparır. Hesab edirəm ki, bunu da məhz Azərbaycan əsgəri edəcək. Ermənilərin bu faşizminin, qəddar hərəkətlərinin cavabını Azərbaycan Ordusu verəcək və o gün uzaqda deyil”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan torpaqlarının işğalı zamanı həyata keçirilən qətliamlar, Xocalı soyqırımının özü belə Ermənistanda olan qüvvələrin faşistlərdən təşkil olunduğunu göstərir: "Yəni, biz bu qətliamları öz "təcrübəmizdə” müşahidə etmişik. Ermənilər bu siyasətlərini davam etdirir. Çox təəssüf ki, bizdən fərqli olaraq, dünyada erməni faşizmi haqqında kifayət qədər məlumat yoxdur. Bu gün də ermənilər siyasətlərini dolayı yolla həyata keçirirlər. Ermənistanın mərkəzində faşist Nijdeyə heykəl qoyulub. Bundan başqa, bu günlərdə Ermənistanda Tələt Paşanı qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana heykəl ucaldıldı. Bu heykəl qeyri-insani rəftarın tam təcəssümüdür və heç alman faşizmi dönəmində belə bir şey olmayıb. Təsəvvür edin ki, bir nəfər dayanıb, ayağının altında kəsilmiş insan başı var. Heç qəddar adlandırdığımız terror təşkilatı İŞİD-in belə bu heykəli yaratmaq ağlına gəlməzdi. Bax, bu heykəlin özü Ermənistandakı qüvvələrin faşizmə necə rəğbət bəslədiyini göstərir”.
E.Şahinoğlu vurğuladı ki, Ermənistan həmçinin Rusiyada axtarışda olan bir şəxsə siyasi sığınacaq verib: "Bunu bir az da Ermənistanın Rusiyaya qarşı atılmış addımı kimi qiymətləndirmək olar. Çünki Paşinyan Rusiyadan bir neçə keçmiş məmurun Ermənistana təhvil verilməsini istəyir. Bu insanlara da Rusiya sığınacaq verib. Paşinyan da özlüyündə düşünür ki, müstəqil siyasətçidir. Halbuki, rəhbərlik etdiyi dövlət Rusiyadan asılıdır. Oktyabrın əvvəlində Ermənistanda Avrasiya İqtisadi İttifaqının toplantısı olacaq. Putin dostu Koçaryana ikinci təbrik məktubu göndərib. Bu da Paşinyanı narahat edir, amma o, asılı olduğu qonşusuna açıq şəkildə etirazını bildirə bilmir. Hətta düşünürəm ki, Putin Yerevanda olanda dostu Koçaryanla həbsxanada görüşmək istəsə, bu, Paşinyan üçün növbəti zərbə olacaq. Bütün qeyd edilənlərdən irəli gələrək deyə bilərəm ki, ermənilər bütün zamanlarda olduğu kimi indi də öz mənfur siyasətlərindən əl çəkmək niyyətində deyillər. Ermənistanda hakimiyyətlər dəyişsə də, millətçi-faşizm siyasəti dəyişmir. Necə ki, əvvəlki hakimiyyət Azərbaycan torpaqlarının işğalında azərbaycanlılara işgəncələr veriblər, qətllər törədiblər, indi onun başqa bir formasını indiki hakimiyyət həyata keçirir. Hansısa bir faşistə siyasi sığınacaq verir, o cümlədən bu ideyaları özündə əks etdirən heykəl ucaldılır və sair. Bütün bunlar onu göstərir ki, əslində heç nə dəyişməyib”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər