AZE | RUS | ENG |

Ermənilərin növbəti “seçki" şousu

Ermənilərin növbəti “seçki
Politoloqların fikrincə, BMT-nin qərarları varsa, separatçıların keçirdiyi “seçkilər” tamaşadan başqa bir şey deyil

Azərbaycanın işğal edilmiş ərazilərində separatçıların yaratdığı qondarma "Dağlıq Qarabağ” rejimi bir neçə gün əvvəl "yerli özünüidarə qurumları”na "seçkilər” keçirib. İşğal müddəti boyunca bu "evcik-evcik” oyunundan əl çəkməyən ermənilər növbəti dəfə qınaq hədəfinə çevriliblər. Çünki Azərbaycan torpaqlarını işğal etdikləri müddət ərzində nə qondarma rejimlərini, nə də keçirdikləri seçkiləri dünyada tanıtdıra biliblər. Heç Ermənistanın özü də rəsmi şəkildə qondarma rejimi tanıya bilməyib. Bütün bunlara rəğmən, separatçılar hər dəfə bu "seçki şou”sunu göstərir və hər dəfə də heç nəyə nail ola bilmirlər. Təbii ki, bu məsələdə Azərbaycanın apardığı uğurlu xarici siyasət öz sözünü deyir. Bu gün nəinki dünya dövlətləri, o cümlədən heç bir beynəlxalq təşkilat Azərbaycanın işğal olunmuş ərazilərində mövcud olan separatçı rejimin keçirdiyi "seçkiləri” tanımır. Bəs görəsən ermənilər hər dəfə "seçki şousu” nümayiş etdirməklə nəyə nail olmaq istəyirlər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, ermənilər tərəfindən "seçki” tamaşası birinci dəfə deyil ki, keçirilir: "Bunlar hər dəfə kimə isə bəyan etmək istəyirlər ki, guya müstəqil qurumdurlar və Azərbaycanın tərkibində olmadan kimi isə seçirlər, kimə isə dəstək verirlər, etimad göstərirlər və sair. Belə bir oyuncaq səhnələr tək Qarabağda qurulmur. O cümlədən Cənubi Osetiyada, Abxaziyada, Dnestryanı vilayətində və digər separatçı rejimlərdə də keçirilir. Əsas məqsədi separatçıların özlərinin müstəqil olduğunu dünyaya göstərməkdir. Amma bu separatçı rejimləri indi olduğu kimi, gələcəkdə də heç bir dövlət tanımayacaq”.

F.Sadıxov qeyd etdi ki, Qarabağdakı separatçı rejimi "müstəqil qurum” kimi heç Ermənistanın özü belə tanımır: "Başa düşürlər ki, "seçki” və buna bənzər addımların hamısı cəfəngiyatdır və absurd yanaşmalardır. Əgər danışıqlar gedirsə, Minsk qrupu mövcuddursa və BMT-nin qərarları varsa, Azərbaycanın ərazi bütövlüyü tanınırsa, "seçkilər” sadəcə olaraq ermənilərin "seçki tamaşasından” başqa bir şey deyil”.
 
Politoloq Nəzakət Məmmədova bildirdi ki, ermənilərin növbəti "seçki” şousunun əsas məqsədlərindən biri özlərinin separatçı rejimini dünyada legitimləşdirmə cəhdlərinin növbəti təzahürüdür: "Onlar hər dəfə belə "seçki" şousu düzəltməklə dünyanı fakt qarşısında qoymağa çalışaraq, göstərmək istəyirlər ki, biz müstəqil dövlət olmaq iqtidarındayıq, hətta seçkilər də keçiririk və s. Təbii ki, onlar bunun qeyri-qanuni, beynəlxalq hüquqa zidd hal olduğunu bilirlər. Amma bununla yanaşı ümid edirlər ki, dünyanı da nə vaxtsa öz yalanlarına inandıra biləcəklər. Məsələn, separatçı rejimin rəhbəri Bako Saakyanın qondarma "seçkilərlə" bağlı ünvanladığı təbrik məktubunda qeyd etdiyi fikirlər rejimin mahiyyətini ifşa edir. Bu məktubda yazılanlar da onu təsdiq edir ki, rejim dünya ictimaiyyətini demokratiya nağılları ilə aldatmağa növbəti dəfə cəhd göstərir. B.Saakyan bu hadisəni "dövlət quruculuğu" prosesində mühüm mərhələ adlandırır. Bu da onu göstərir ki, separatçılar işğal olunmuş Azərbaycan torpaqlarında bu cür mənasız qanunazidd hərəkətlərlə öz işğal siyasətlərini legitimləşdirməyə çalışırlar.
Halbuki, işğal və demokratiya bir-birinə zidd məfhumlardır. Ermənilər isə əməldə işğalçı, sözdə demokrat olduqlarını bu cür addımlarla pərdələməyə, ört-basdır etməyə çalışırlar. B.Saakyanın "seçki demokratik ölkələrə xasdır" fikirləri belə bir haqlı sual yaradır: "Bəs işğalçılıq, separatizm hansı ölkələrə xasdır?”
 
N.Məmmədova vurğuladı ki, bəzi "müşahidəçilər" "seçkilər”də qanun pozuntusu aşkar etdiklərini qeyd ediblər, halbuki bu proses və orada iştirakın özü böyük qanun pozuntusu, hüquqazidd əməldir: "Məsələn, Transparency International təşkilatı tərəfindən yaradılmış bəzi qeyri-hökumət təşkilatları separatçıların bu qeyri-qanuni aksiyasında müşahidəçi qismində iştirak ediblər. "Helsinki Təşəbbüsü- 92" təşkilatının Qarabağ komitəsi "seçkiləri" ədalətli və şəffaf "qiymətləndirib”. Fikrimcə, Azərbaycan bütün bu təşkilatlara, onları dəstəkləyən güclərə öz etirazını bildirməlidir. Bu proseslər onu göstərir ki, bütün dövrlərdə zəmanənin nəbzini tutub axına qoşulmağa çalışan ermənilər - necə ki, Bizans ordusunda bizanslı, Xaç yürüşlərində səlibçi, Osmanlıda sadiq təbəə, Üçüncü Reyxdə qatı faşizm tərəfdarı idilərsə, müasir dövrün alternativsiz ideologiyasının demokratiya olduğunu görərək, özlərini dünyaya demokrat kimi göstərməyə çalışırlar. Eləcə də öz işğalçılıqlarını "seçki" kimi demokratiyaya xas məfhumlarla ört-basdır etməyə çalışırlar. Azərbaycan ermənilərin bu oyununu bütün dünya qarşısında ifşa etməli, onların işğalçı mahiyyətini daha da üzə çıxarmaq üçün hərtərəfli səylərini artırmalıdır. Habelə, qondarma "seçkilər"də iştirak etmiş bütün əcnəbilər və təşkilatlar müəyyən olunmalı, onlar barədə lazımı hüquqi tədbirlər həyata keçirilməlidir”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973