AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənilər rusları ittiham edir

Ermənilər rusları ittiham edir

Siyasət
08 Aprel 2020, 18:40 390
İddia edirlər ki, koronavirusu ölkə ərazisində qonşu ölkədən gələnlər yayır

Ermənistanda yenidən Rusiyaya, xüsusən də onun Gümrü şəhərində yerləşən hərbi bazasına qarşı hücumlar start götürüb. Mediada və siyasi dairələrdə artan ittihamların bir qismi Rusiyanın Ermənistana satdığı qazla bağlıdırsa, digər ittihamlar gülməli görünsə də, koronavirus epidemiyasının sürətlə ölkəyə yayılmasında Kremlin günahkar olması haqdadır. Halbuki, ötən gün Rusiya Ermənistana koronavirusla bağlı tibbi yardım göndərib. İki ölkənin liderləri arasında koronavirusla bağlı mübarizənin necə aparıldığı barədə telefon danışığı baş tutub. Amma buna baxmayaraq, Ermənistanın müəyyən dairələrində isə anti-Rusiya əhval-ruhiyyə səngimək bilmir. Gah Kremli Ermənistanda hakimiyyət çevrilişinə cəhddə, gah həbsdə olan Robert Koçaryanı yenidən hakimiyyətə gətirmək planının olmasında ittiham edirlər.
Erməni siyasi şərhçi Qalust Qriqoryan bu yaxınlarda kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, Rusiyanın hərbi bazası sadəcə erməni torpağındakı işğalçı baza deyil, həm də Ermənistan vətəndaşlarının cibindən maliyyələşir. Bu isə hiddət doğurur. Siyasi şərhçi Rusiyanı Ermənistanda koronavirus yayılmasının mənbəyi kimi göstərib: "Məni maraqlandıran əsas məsələ odur ki, Rusiya koronavirusu Uhana təsadüfən və yaxud məqsədyönlü şəkildə aparıb? Biz başa düşməliyik ki, Putin Rusiyası koronavirus pandemiyasının yayılmasının səbəbkarı ola bilər. Bizim ölkədə təəssüf ki, hər zaman Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi olub. Əlavə edim ki, Gümrüdə Rusiya hərbi baza fəaliyyət göstərir. Onun Ermənistan üçün təhlükəsi hər zaman yüksəkdir. Koronavirusa yoluxan ermənilərin sayının artması fonunda aydın olur ki, virus Ermənistan ərazisinə haradan daxil olur”.
Yeri gəlmişkən, erməni mediası onu da yazır ki, Ermənistanda 102-ci hərbi bazada yoluxmuş hərbçilərin olub-olmaması gizli saxlanılır. "Epidemiya Gümrü şəhərinə və ümumiyyətlə ölkəyə yayıla bilər... Bazada 4500 nəfərin olduğu deyilir, koronavirusun qarşısını almaq üçün onları bir-bir yoxlamaq lazımdır”. Bu fikri Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri, erməni hüquq müdafiəçisi Artur Sakunts səsləndirib. O bildirib ki, bu, Rusiyadan kənarda yerləşən bazaların hərbçiləri arasında infeksiyanın yayılması ehtimalı böyükdür. "Onların sərhədləri çox nəzarətsiz şəraitdə keçdiklərini iddia etmək olar. Rusiya tərəfindən hərbi bazada xidmətə gələn hər bir əsgərin bir-bir testdən keçirilməsi tələb edilməlidir. Problem ondadır ki, koronavirusun yayılmasının qarşısı təkcə bazanın ərazisində alınmamalıdır. Çünki müqavilə əsasında xidmət edən hərbi qulluqçular və rus bazasının zabitləri baza ərazisindən kənarda -Gümrü şəhərində yaşayırlar, buna görə də epidemiya Gümrü şəhərinə və ümumiyyətlə ölkəyə yayıla bilər”, - deyə Sakunst qeyd edib. Hüquq müdafiəçisi ilə söhbət edən jurnalist xatırladıb ki, Gümrüdəki bir çox insan da hərbi baza ərazisində işləyir. "Söhbət elə bundan gedir, insanlar da baza sahəsindən kənarda yaşayırlar, çəpərləri keçir, Gümrüdəki mənzillərdə yaşayırlar, insanlarla ünsiyyət qururlar, mağazaya gedib yemək alırlar. Başqa sözlə, Ermənistan vətəndaşları ilə ünsiyyət mövcud olduğundan daha çoxdur və risklər də bununla bağlı daha yüksəkdir. Bazada 4500 nəfərin olduğu deyilir, koronavirusun qarşısını almaq üçün onları bir-bir yoxlamaq lazımdır. Bu, Rusiya tərəfinin vəzifəsi olmalıdır, testdən keçməli, mənfi nəticə verməlidirlər”, - deyə erməni hüquq müdafiəçisi bildirib.
Sakunts qeyd edib ki, onlar vaxtilə Ermənistan-Rusiya münasibətləri, xüsusən də bazadakı vəziyyətlə bağlı daimi izləmə vasitələrinin olmaması məsələsini qaldırıblar.
"Nəticədə Rusiya səfirliyi psixoloji qarışıqlıq içinə düşmüşdü və erməni "Putinçilər” qəzəblənmişdilər. İndi həmin insanlar lal olublar, heç bir söz demirlər. Axı, Rusiya hakimiyyət orqanlarının koronavirusun qarşısının alınmasına qarşı yersiz, tamamilə məsuliyyətsiz münasibəti ilə, virus indi yeni gələn hərbçilər vasitəsilə yayıla bilər. Milli təhlükəsizlik problemi var, MTX və Müdafiə Nazirliyi açıq şəkildə Rusiya tərəfi qarşısında tələb qoymalıdır”, - deyə erməni hüquq müdafiəçisi qeyd edib. O bildirib ki, fövqəladə vəziyyət haqqında qanunun müddəaları, Ermənistanın Komendant qərarları onlara tətbiq edilmir, problem budur.
Yeri gəlmişkən qazın qiyməti mövzusu da Ermənistanda ictimaiyyətin olduqca həssas yanaşdığı məsələlərdən biridir. "Past” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, qaz tarifi ciddi sosial problemlər bağlıdır və qiymətin qaldırılması Ermənistanda zəncirvari bahalaşmalara səbəb ola bilər. Belə olacağı təqdirdə isə insanların maddi vəziyyəti daha da çətinləşəcək. "Qazın qiymətinin qaldırılması mövzusu hələ ötən ildən başlayaraq ciddi müzakirə mövzusu olub. Paşinyan bildirmişdi ki, Rusiya tərəfi ilə bu məsələ ətrafında aparılan müzakirələr nəticəsində Ermənistanın iqtisadiyyatına zərər vurmayacaq tarif müəyyənləşdirilməsi üçün razılıq əldə olunub. Lakin sosial-iqtisadi çətinliklər probleminə yayda qazın qiymətinin bahalaşacağını əlavə etsək, əhalinin həyat tərzinin kəskin şəkildə pisləşəcəyini, sosial gərginliyin artacağını proqnozlaşdırmaq olar”, - deyə nəşr qeyd edib.
 
Azər NURİYEV