• çərşənbə axşamı, 16 aprel, 10:31
  • Baku Bakı 14°C

Erməni mediası Paşinyanı təhqir etdi

05.11.19 17:43 2286
Erməni mediası Paşinyanı təhqir etdi
Yerkramas baş naziri "yer üzünün ən qorxaq adamı” adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı erməni mediasında təhqir və tənqidlərin ardı-arası kəsilmir. Bu dəfə "Yerkramas” nəşri baş nazirin fəaliyyətini sərt tənqid edən yazı ilə çıxış edib. Bildirilir ki, bu gün Ermənistanın siyasi səhnəsi üç güclü qütbə bölünüb – birincisi, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi” Partiyası, ikincisi, müəyyən transformasiyalardan keçmə mərhələsində olan Ermənistan Respublika Partiyası, sonuncu isə Qərb fondlarının nümayəndələri. "Sonuncular məqsədli şəkildə Rusiyanın Ermənistanda təsir dairəsinin zəifləməsinə çalışır. Nəyin bahasına olursa-olsun Rusiya hərbi bazasının Ermənistandan çıxmasına çalışırlar. Eləcə də, Erməni Apostol Kilsəsinin fəaliyyətini, ənənəvi dəyərləri aşağılamağa cəhd göstərirlər”. Bu sözləri qəzetə açıqlamasında bir vaxtlar "Vətəndaş müqaviləsi” Partiyasının təsisçilərindən olan, Nikol Paşinyanın ən yaxın tərəfdarı olmuş Artur Ambarsumyan bildirir. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti idarə etmək qabiliyyətində deyil və il yarımdan artıq müddətində heç bir köklü islahat apara bilməyib. Belə bir ehtimal yaranır ki, o, heç də islahatlara can atmır. Sadəcə, özünün şəxsi maraqlarına cavab verəcək bir hakimiyyət formalaşdırmağa çalışır. Ambarsumyan belə bir fikir səsləndirir ki, "Ermənistanda hakimiyyət qanadlarının bölünməsi, müstəqil məhkəmə sisteminin mövcud olması və kütləvi informasiya vasitələrinin azadlığı bugünkü reallıqdan çox-çox uzaqdır - təhsil naziri idmandan ayrı olan kimi”. Onun sözlərinə görə, baş nazir hakimiyyətin bütün qanadlarını özünə tabe etdirməyənə kimi sakitləşməyəcək: "O, işğal altında olan Azərbaycan torpaqlarında yaradılan Dağlıq Qarabağda mütləq hakimiyyətini möhkəmləndirməyənə kimi prosesi davam etdirəcək”. Baş nazirin şəxsi keyfiyyətlərini xarakterizə edən keçmiş silahdaş vurğulayıb ki, "Paşinyan siyasətdə olmayanda normal adam olur. Lakin onun siyasi fəaliyyəti, həyat tərzi fərqlidir. "Ruslar demiş "zalım”dır”. Əlavə edir ki, "inqilabçı” baş nazirdə hakimiyyət dəyişikliyinə az qalmış totalitar düşüncə əlamətlərini müşahidə edib. "Vaxtilə Ararat Mirzoyan məni hakim partiyanın tərkibinə daxil olmaq üçün dilə tuturdu. Bununla Paşinyana rəqib olmağıma çalışırdı. Gümrüdə Vətəndaş müqaviləsi”nin yerli bölməsinin buraxılması o deməkdir ki, Nikolu partiyanın indiki vəziyyəti qane edir. Burada onun nə opponenti, nə də rəqib ola biləcək şəxslər var. Hər vəchlə mənim partiyadan getməyimə çalışırdı. Çünki onun əleyhinə səs verən üç nəfərdən biri idim”, - deyə Ambarsumyan bəyan edib. O belə bir fikir səsləndirib ki, Paşinyan gecə də, gündüz də yalan danışır və yer üzünün ən qorxaq adamıdır. 2008-ci il mart hadisələri ilə bağlı danışan Ambarsumyan əlavə edib ki, 2015-ci ildə Andranik Koçaryan "Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, həmin qətliamın qatillərinin adları bəllidir. Onların adlarını çəkmək üçün siyasi iradə gərəkdir. Başqa bir erməni nəşri "Qolos Armenii” isə baş nazirin populist "iqtisadi inqilab” "nailiyyətlərin”dən bəhs edib. Müəllif Marina Mkrtçyan yazır ki, "Nikol hələ müxalifətçiliklə məşğul olanda ucuz populizmlə məşğul olub. Gah yol spidiometrləri və videokameraların qoyulmasına qarşı çıxır, gah da qırmızı rəngli parklama xətlərinin ləğvini tələb edir, məcburi pensiya yığım sisteminin olması təklifini irəli sürürdü. Yəni, xal toplaması mümkün olan bütün fəndləri işə salırdı. Baş nazir olmağa yaxın müddətdə də çoxsaylı vədlər verir - iqtisadi yüksəlişin baş verəcəyini, investisiya bumu və böyük sayda miqrant axınının baş verəcəyini bildirirdi. Baş nazir seçildikdən sonra isə iqtisadi inqilabdan danışmağa başladı, vəd etdi ki, hamını cənnət gözləyir. Baş nazirliyindən il yarımdan çox vaxt keçir. Bu müddət ərzində daha çox baş nazir olmamışdan əvvəl verdiyi vədlərin heç birini yerinə yetirməməsi ilə yadda qaldı. Zaman göstərdi ki, iqtisadi inqilab və yoxsulluq həddinin keçilməsi yalnız Nikolun özünə və yaxın ətrafına aiddir. Korrupsiyaya qarşı mübarizəni əsas fəaliyyəti hesab edən David Sanasaryan korrupsiyada ittiham olunur. Və yalnız sorosçuların hesabına hələ də həbs olunmayıb. Başqa bir gülməli fakt isə budur ki, Yerevanda rüşvət almaqda şübhəli bilinən iki polis əməkdaşı tutulub. Bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarına Erebuni polis şöbəsinə iki inspektorun vətəndaşın xeyrinə məsələ həll etmək üçün ondan 200 dollar tələb etdiyi barədə məlumat daxil olub. Danışıqlardan sonra tərəflər 50 min dram (100 dollardan bir qədər çox) məbləğə razı olublar. Noyabrın 4-də polislərdən biri rüşvət alarkən cinayət başında yaxalanıb. Rüşvət tələb edən digər polis də saxlanılıb. Nəşr bu kimi halların da gözdən pərdə asmağa xidmət etdiyini yazır.
Daha sonra vurğulanır ki, "Mənim addımım”dan olan nazirlər və deputatların dövlət hesabına etdikləri səfərlərin sayı-hesabı bilinmir: "Arada fasilə də vermirlər. Nikol öz komandasının üzvlərinə məxfi şəkildə mükafatlar ayırır, əmək haqlarını artırır. Paralel olaraq kapital toplamaqla məşğuldurlar. O ki qaldı Nikola – dövlət büdcəsindən öz şəxsi əyləncəsi üçün iri məbləğdə pullar sərf edir. Qarət və mənimsəmə faktları ilə yanaşı, hərislik və meşşanlıq da səngimir. Baş nazir dəyəri 1 mln. dollar civarında olan yeni zirehli maşınlar alır, zorla ələ keçirdiyi və dəyəri 2 mln. dollar olan mülkdə təmir işləri aparır, ABŞ səfərində ailəsi ilə birlikdə dövlət hesabına yarım milyon dollar sərf edir, dövlət vertolyotunu şəxsi məqsədləri üçün istifadə edir. İndi də dəyəri 55 mln. dollar olan təyyarə almağa hazırlaşır. Bunu da onunla izah edir ki, köhnə təyyarə ilə okeanın o tayına uçmaq olmur. Faktiki olaraq Nikol uzaq məsafəli uçuşları komfortlu etməyə çalışır. Sadə vətəndaşlara isə artıq iki ildir ki, mütəmadi olaraq iqtisadiyyatın inkişafı barədə yalan vədlər verir, 5 faizlik inkişafdan dəm vurur”.
Azər NURİYEV


banner

Oxşar Xəbərlər