Ərdoğan: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”

Ərdoğan: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”

Siyasət
16 Oktyabr 2019, 15:33 145
"Türkiyə tarixin heç bir dönəmində mülki əhalini qətlə yetirməyib, soyqırımı törətməyib və törətməz”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.
 
"Qətliam görmək istəyənlər Əfqanıstana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxsın. Türkiyəni mülki əhalini öldürməkdə günahlandıranların gözü kor, qulağı kar, ürəkləri daşlaşıb”, - deyə Ərdoğan qeyd edib.

Prezident deyib ki, İŞİD terror təşkilatını təkmilləşdirən, maddi cəhətdən dəstəkləyən, faktiki olaraq idarə edən dövlətlər bu gün Türkiyənin qarşısına ən böyük İŞİD düşməni kimi çıxırlar. Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlara toxunan Ərdoğan Ərəb Dövlətləri Liqasını növbəti dəfə tənqid edib.

"Ərəb Dövlətləri Liqası indiyə kimi nə qədər suriyalı qaçqını qəbul edib? Suriyanı təşkilatdan çıxartdılar, indi də Türkiyəyə həqarət etmək üçün Suriyanı Ərəb Dövlətləri Liqasına geri qaytarmaq barədə layihə hazırlayırlar”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, Suriya problemi Şimali Afrika və Yaxın Şərqin yenidən dizayn olunması layihəsinin tərkib hissəsidir: "Bu layihənin ssenarisinin Avropa, Amerikada yazılması çoxdan məlumdur və bu problemin əvvəli 40 il öncəyə gedib çıxır. Məsələ İŞİD və ya PKK/PYD-də deyil. Bunun Türkiyənin bölünməsinə qarşı bir hərəkət olduğunu yaxşı bilirik. Türkiyə olaraq ya bu ssenarilərə boyun əyməli, ya da mübarizəmizə davam etməliyik”.

Ərdoğan ötən gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilmiş VII Zirvə Görüşündə iştirak etməsindən də söhbət açıb. Bildirib ki, Bakıya səfəri çərçivəsində başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Özbəkistan və Qırğızıstan Prezidentləri və Macarıstanın Baş Naziri ilə keçirdiyi görüşlərdə həm ikitərəfli əlaqələri, həm də regional məsələləri müzakirə edib.

Bu yaxınlarda Özbəkistanın Türk Şurasına üzv olduğunu xatırladan Ərdoğan qeyd edib ki, ötən il olduğu kimi, Macarıstan Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə də müşahidəçi statusunda iştirak edib: "Bu günə kimi "Bir millət, iki dövlət” deyirdik. Ötən gün dedim ki, bundan sonra bir millət, beş dövlət olduq. İnşallah Türkmənistanın da sıralarımıza qoşulması ilə bir millət, altı dövlət olub, regionda daha da güclənərək birlikdə addımlayacağıq”.