• çərşənbə axşamı, 19 mart, 18:00
  • Baku Bakı 8°C

Ənənə ilə müasirlik qovuşanda...

16.09.19 14:00 1551
Ənənə ilə müasirlik qovuşanda...
Uzun əsrlər boyu xalqımızın beynəlxalq miqyasda "tanınma nişanı”na çevrilən el sənətinin müxtəlif sahələri orta əsrlərdə nə qədər iqtisadi-mədəni əhəmiyyət kəsb edirdisə, sonrakı dövrlərdə həmin yaradıcılıq sahələrinə ciddi münasibət duyulası dərəcədə öləziyib. Belə ki, kommunist rejiminin təlqin etdiyi "Sosialist realizmi” bədii prinsipinin maraq dairəsində milli-mənəvi qaynaqlara bağlı sənət sahələrinə diqqət demək olar ki, yox dərəcəsində idi. Zamanında xalqın həm də "çörək ağacı”na çevrilən bədii yaradıcılığı "özfəaliyyət sənəti” çərçivəsində saxlayan həmin rejim, onu yalnız bayramdan-bayrama yada salmaqla işini bitmiş hesab edirdi. Bu yaradıcılıq sahələrinin ölkə sənayesinin tərkib hissəsinə çevirməsinin davamlı şəkildə ləngidilməsi son nəticədə bir çox sənətkarlıq növlərinin aradan çıxmasına gətirib çıxardı.
Müasir şəraitdə-müstəqillik illərində beynəlxalq məkanda yalnız özündə ənənə ilə müasirliyi birləşdirən sənət növləri ilə tanınmağın danılmazlığı qarşılığında, gənc rəssamlarımızın əski bədii irsə münasibətini yalnız təqdir etmək olar. Bu mənada gənc batika ustası Əfşan Əsədovanın yaradıcılığı diqqət çəkir.
Onun yaradıcılığından söz açmazdan əvvəl oxucularımıza qısa da olsa onun məşğul olduğu sənət sahəsi barəsində bilgi vermək istəyirik. Bu gün daha çox "Batika” adı ilə tanınan bu sənət növünün vətəni Malayziya hesab olunsa da, Azərbaycanda onun sələfi sayıla biləcək, amma icra texnikasına görə nisbətən fərqli olan qələmkarlıq və kəlağayı kimi sənət növləri mövcuddur. Bu mənada müasir dekorativ-tətbiqi sənətin geniş yayılmış növü olan batikanın zərifliyinin milli kəlağayı və qələmkarlıq nümunələri ilə səsləşdiyini deyə bilərik.
İpək, pambıq və kətan üzərində ərsəyə gətirilən batikada rəssam düşündüyü ən müxtəlif mövzu və janrları gerçəkləşdirmək-bədii görkəm vermək imkanına malikdir. Əridilmiş mumu səthdə yerləşdirilmiş təsvir xətlərinin "qoruyucu”suna çevirən hər bir yaradıcı, tədricən rənglərin açıq çalarlarını tündlərlə əvəzləməklə, arzuladığı koloriti və görüntünü əldə edir. Elə Əfşan Əsədovanın batikalarında da vurğuladığımız zərifliyi və rəng zənginliyini görmək mümkündür...
Tanışlıq üçün deyək ki, rəssamlar ailəsində dünyaya göz açan Əfşanın bu sənətə gəlişində atası-görkəmli televiziya rəssamı, Əməkdar incəsənət xadimi Rafael Əsədovun və anası – məşhur xalça rəssamı Afaq Kərmovanın duyulası təsiri olmuşdur. Odur ki, zamanında həm özünün, həm də qardaşı Anarın rənglərə olan sevgisini hamı təbii qarşılanmışdır. Obrazlı desək, o vaxtdan bir qazanda iki yox, birdən – birə dörd baş "qaynamağa” başlamışdır. Bu mənada hər gün bir dam altında sənətlə bağlı baş tutan mükalimələrin onların hər birinin yaradıcılığına müsbət təsiri göz qabağındadır. Başqa sözlə desək, onların hər birinin sənətin müxtəlif sahələrində qazandığı uğurlar məşhur deyimin də artıq "köhnəldiyini” təsdiqləyir...
Əfşana gəldikdə isə, onun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını batika ixtisası üzrə bitirəndən cəmisi iki il sonra – 2016-cı ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı yaradıcı gənci” mükafatına layiq görülməsi gənc rəssamın fərdi yaradıcılıq axtarışlarının özünəməxsusluğuna verilən yüksək qiymətin göstəricisi olmuşdur. Əslində, bu dəyərləndirməni onun elə 2016-cı ildə Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda baş tutan yaradıcılıq hesabatı şərtləndimişdi. Bir il sonra onun Prezident təqaüdçüsü olması da həmin uğurların – dəyərləndirmələrin məntiqli davamı idi...
2016-cı ildə əksər yaradıcıların hesabat verməyə çox vaxt ehtiyat etdikləri bu məşhur məkanda əsərlərini həmkarları və tamaşaçılar qarşısına çıxaran Əfşan, təbii ki, atdığı addımın məsuliyyətini duyurdu. Odur ki, həmin gün onu təbrik etməyə gələn çoxsaylı sənətsevərlərin qarşısına çıxıb mikrofona yalnız "Bacardığımı eləməyə çalışmışam, baxın, özünüz qiymət verin!” sözlərini deyə bildi. Elədikləri isə, sözün əsl mənasında, kifayət qədər idi...
Doğrudan da, həmin gün sərginin ekspozisiyasında görməyə çox şey vardı. Gənc rəssam çoxsaylı əsərləri ilə öz tamaşaçılarını onların ovqatını birəbeş artıra biləcək dünya ilə qarşı-qarşıya qoymuşdu, desək, yanılmarıq. Öncədən deyək ki, görünənlərin ilk baxışda rəngkarlıq tablosu, yaxud da afişalarda qeyd olunduğu kimi "batika” olduğunu ayırd etmək çox çətindi. Odur ki, tamaşaçıların bu şübhəni dağıtmaq məqsədi ilə əllərini əsərlərə toxunmaları da təbii idi...
Ən tələbkar sənətsevəri belə duyğulandırmaq gücündə olan bu dekorativ-tətbiqi sənət nümunələri ilk baxışdan kompozisiya həlli və yüksək icra sənətkarlığı ilə diqqət çəkirdi. Batikanın görməyə adət etdiyimiz dekorativliyinin və şərtiliyinin burada həsədaparıcı incə və realist-gerçəkçi bədii şərhlə əvəzlənməsi çox gözlənilməz idi. Parça üzərində akvarelsayağı təravətə və zərifliyə bələnmiş müxtəlif təsvirlərin yaratdığı gözoxşayan auranın da qeyri-adiliyi danılmaz idi.
Qeyd etmək lazımdır ki, müəllifin yenicə toplanan bədii irsində mövzu rəngarəngliyi duyulsa da, burada natürmortların çoxluq təşkil etməsi adi gözlə belə görünəndir. Bu məşhur janrın imkanlarını gül-çiçəklərlə ifadə etməyə qərar verən Əfşan, "Güllər silsiləsi”ndə natürmortun "cansız” əşyalardan ibarət olması barəsində ənənəvi fikirlərin üzərinə şübhə toxumu səpməklə, onun ifadə imkanlarını kifayət qədər genişləndirməyə nail olmuşdur. Bu əsərlər ən müxtəlif güllərin gözəlliyin və "rahiyə”sinin tərənnümü olsa da, gənc rəssamın yasəmənlərə üstünlük verməsi duyulandır. Dəyərli bədiiləşdirilməsinə görə yaddaşlarda rus-sovet rəssamı P.Konçalovskinin əsərləri ilə yaşayan yasəmənlərə azərbaycanlı rəssamın bədii yanaşması çox yeni və yaddaqalandır. Onları müxtəlif güldanlarda görüntüyə gətirən müəllifin yasəmən salxımlarının ilk baxışda xaotik görünən ümumi tutumuna bəxş etdiyi axıcı ritmdə qəribə bir cəlbedicilik əldə etməyə nail olmuşdur. Yasəmənlərin bənövşəyi-bəyaz çalarlarında hifz olunan incə rahiyəni gözoxşayan bədii tərzdə rənglərlə ifadə edən gənc yaradıcı, kompozisiyanın bütövlüyü ilə ümumi görüntünün yaddaqalanlığını əldə etmişdir. Yeri gəlmişkən deyək ki, bu natürmortların kompozisiya həllindəki orijinallıq da özünəməxsusdur. "Güllər məkanı”ndan müəllifə gərəkli olan kadrın ayrıca təqdimatı kimi baxılan bu kompozisiyalarda bütün güllərin, o cümlədən də yasəmənlərin çərçivə daxilində qabardılması bədii həll baxımından müəllif tapıntısı sayıla bilər. Gözəllik dünyasına açılan bu pəncərələrdə öz incə duyğularını ifadə etməyə üstünlük verən rəssamın bu natürmortları duyulası miqyas daşıyıcısı kimi görünməklə, istənilən interyerə arzulanan auranı bəxş etmək gücündədir, desək, həqiqəti söyləmiş olarıq. Bu isə, əslində, hər bir batikanın da aid olduğu dekorativ-tətbiqi sənətin funksionallığını şərtləndirən amillərdən sayılır.
Təbii ki, hər bir rəssam kimi Əfşanın da maraq dairəsi natürmortlarla - güllərin təsviri ilə məhdudlaşmır. Onun əmək, dəniz, idman, fauna və s. mövzularda yaratdığı batikalarda da lirik-romantik ovqat duyulmaqdadır. Gənc yaradıcının "Quşlar”, "Velosipedçilər”, "Avtoportret”, "Qağayılar” və s. batikalarında mövzu və motivlərin məhz belə bədii həllini müşahidə etmək mümkündür. Bu əsərlərdə rəng-forma tutumunun bədii ümumiləşdirməyə yönəli gözoxşayan və yaddaqalan qovşağı mövcuddur. Odur ki, onların hər biri təmas uzun müddət unudulmur.
Bu gün Əfşan Əsədova həm də ümidverici teatr rəssamı kimi tanınır. Onun öz fəaliyyətini A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında davam etdirməsi də daşıdığı yaradıcılıq imkanlarının fərqli xüsusiyyətlərini əyaniləşdirmək istəyindən irəli gəlmişdir. Onun burada hazırlanan tamaşalara verdiyi bədii quruluşlarda da dramaturji materiala özünəməxsus münasibət olduğundan, kuklaların əhatələndikləri səhnəqrafiya vasitələri təbii baxılır...
Bütünlükdə gənc rəssamın özündə ənənə və müasirliyi birləşdirən yaradıcılığında tamaşaçını duyğulandırmaq istəyi çox güclüdür. Bu da hər yeni sərgi ekspozisiyasında sənətsevərlərin onun əsərlərini soraqlamasını şərtləndirmişdir. Qənaətimizcə, bu da hər bir yaradıcının əldə edə biləcəyi böyük mənəvi qazancdır...

Ziyadxan ƏLİYEV

banner

Oxşar Xəbərlər