“Ən yeni tariximiz məhz 15 iyun 1993-cü ildən başlayır” - Fotolar

“Ən yeni tariximiz məhz 15 iyun 1993-cü ildən başlayır” - Fotolar

Müsahibə
12 İyun 2019, 20:03 2967
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra olduqca çətin vəziyyətlə üzləşmişdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkədəki böhranı daha da dərinləşdirirdi. Bu, 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə o zamankı iqtidar ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Müdrik xalqımız bilirdi ki, ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da 1993-cü ilin 15 iyun tarixi xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu. 1997-ci ildə Milli Məclisin qəbul etdiyi qərarla həmin tarixi gün ölkəmizdə rəsmi bayram kimi qeyd edilir. Mövzuya dair "Kaspi” qəzetinin suallarını Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadəcavablandırır.
 
 
 
- Aydın müəllim, vaxtilə ölkəmizdə siyasi, iqtisadi və sosial böhran yaşandığı illərdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gətirilib. Həmin gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olub. Bu tarixi hadisənin əhəmiyyəti barədə fikrinizi bilmək istərdik.
- Azərbaycanın ən yeni tarixi məhz 15 iyun 1993-cü ildən başlayır. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev əvvəlcə Naxçıvandan Bakıya dəvət edilib, ardınca parlamentin sədri və prezident seçilib. Bununla da Azərbaycan öz real müstəqilliyini əldə edib. Çünki 1991-ci ildə müstəqillik qazanılsa da 1993-cü ilə qədər Azərbaycanda 4 prezident və 5 müdafiə naziri dəyişib. Dövlət büdcəsi formalaşdırılmayıb, normal dövlətçilik sistemi ortaya qoyulmayıb. Hakimiyyət uğrunda mübarizə ölkənin əsas problemlərinin həllini yubadıb. Vahid Silahlı Qüvvələr olmayıb. Hərbi silahlı birləşmələr ayrı-ayrı şəxslərin nəzarəti altında olub. Ölkənin düşünülmüş xarici siyasət formalaşdıra bilməməsi Azərbaycanı beynəlxalq birliyin dəstəyindən də məhrum edib. Belə bir vəziyyətdə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib. 1993-cü ilin iyun ayının əvvəli üçün Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın içərilərinə doğru irəliləyib. Ümumən Azərbaycanda həmin vaxt böyük bir böhran yaşanıb. Ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan bir şəxsin xalq tərəfindən yenidən hakimiyyətə gətirilməsi Azərbaycanın müstəqilliyini xilas edib. Bununla Azərbaycanın inkişafının əsası qoyulub. Ulu öndərin hakimiyyətə gəlməsi ilə dövlət intizamı yaranıb, vahid Silahlı Qüvvələr formalaşdırılıb. Azərbaycanda düşünülmüş bank-maliyyə, vergi, gömrük sistemi formalaşdırılıb. Tədricən ölkə qarşısında duran digər məsələlər də həllini tapıb. Uzaq dövrlərə hesablanmış islahatlar Azərbaycanda sabitliyin, stabilliyin yaranmasına, sahibkarlıq təbəqəsinin formalaşmasına, ölkəmizin beynəlxalq birlikdə layiqli yer tutmağımıza xidmət edib.
 

 
- Ulu öndər Heydər Əliyev sadəcə 15 iyun 1993-cü il tarixdə deyil, sovetlər birliyi dövründə də hər zaman xalqının yanında olub, ölkəmizin inkişafına xidmət edib. Onun xilaskarlıq missiyası barədə daha nələri qeyd edə bilərsiniz? 
- Bu barədə çoxsaylı müxtəlif faktlar, hadisələr sadalamaq olar. Azərbaycanda hər zaman, eləcə də müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyevin təcrübəsinə, dövlət idarəetməsinə böyük ehtiyac duyulub. 15 iyundan başlanan dövr bu reallığı bir daha təsdiq edib.
 
 
 
- Qeyd etdiniz ki, müstəqilliyin ilk illərində ölkənin düşünülmüş xarici siyasət formalaşdıra bilməməsi Azərbaycanı beynəlxalq birliyin dəstəyindən məhrum edib. Bu məsələnin üzərində xüsusi dayanmağınızı istərdim. O dövrdə ölkənin xarici siyasəti hansı səviyyədə idi?
- 15 iyuna qədər Azərbaycanda düşünülməmiş, ayrı-ayrı şəxslərə və ya maraqlara xidmət edən daxili siyasət olub. Ölkədə parçalanma, regionçuluq, dövlət mülkiyyətini mənimsəmə baş alıb gedib. Hakimiyyətin özünün daxilində prezident postu uğrunda açıq-aşkar böyük bir savaş gedib. Belə bir vəziyyətdə ölkənin xarici siyasəti də ürəkaçan olmayıb. Xarici qüvvələr Azərbaycan daxilində sərbəst şəkildə öz maraqlarına uyğun hərəkət ediblər. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsi ilə bütün bunlara son qoyulub. Həyata keçirilən bütün siyasət Azərbaycanın müstəqilliyinin qorunmasına, qanunçuluğun bərqərar olmasına, insanların hüquq və azadlıqlarının təmin olunmasına xidmət edib.
 
 
 
- Azərbaycan xalqı və dövləti tərəfindən ulu öndər Heydər Əliyevin xidmətlərinə verilən qiymət yetərlidirmi?
- İlk növbədə qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz Azərbaycan xalqının tələbi ilə olub. Onun siyasi hakimiyyətə gətirilməsi hər bir azərbaycanlının, o cümlədən ulu öndərin siyasi opponentlərinin də maraqlarına cavab verib. Çünki onun hakimiyyətə qayıtması ilə müstəqilliyimiz əbədi olub, ölkədə əmin-amanlıq, qayda-qanun, sabitlik bərqərar olub, Azərbaycanın inkişaf istiqaməti real məzmun əldə edib. Bütün bunların müqabilində qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin xidmətlərini hər zaman yüksək qiymətləndirib. Bu, onun adının hörmətlə çəkilməsində, fəaliyyətinin müxtəlif sahələrinin öyrənilməsində və yüksək siyasi qiymət verilməsində bir daha görünür.
 
- Sizcə, onun ideyalarının yaşadılması, gələcək nəsillərə çatdırılması, ümumən Azərbaycanın daha da inkişafı üçün başqa hansı işlər görülməlidir?
- Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətləri daim öyrənilir. Bununla bağlı cəmiyyətdə böyük işlər aparılır. Hətta ali məktəblərdə ulu öndərin siyasi irsinin öyrənilməsinə dair xüsusi fənlər də tədris olunur. Hər bir azərbaycanlı onun fəaliyyətindən irəli gələn nəticəni özü üçün bir örnək hesab edir. Hər bir kəs bilir ki, ancaq dövlətçiliyə bağlı olmaqla, yalnız dövlətin layiqli vətəndaşı olmaqla Azərbaycanın müstəqilliyini qorumaq olar.
 
Rufik İSMAYILOV