AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ən dəyərli müəlliflərin, ən maraqlı imzalarin ünvanı

Ən dəyərli müəlliflərin, ən maraqlı imzalarin ünvanı

17 Fevral 2020, 12:00 2936
Və ya 3 yaşlı artkaspi.az qələm adamların gözündə 
 
 
Fevralın 17-də  "Kaspi” qəzetinin "Ədəbiyyat” əlavəsinin mədəniyyət və ədəbiyyat əlavəsi kimi meydana gələn artkaspi.az saytının 3 yaşı tamam olur. Bu ilin mayında isə "Kaspi”nin indiyə qədər 4000-ə qədər sayı dərc edilmiş  "Ədəbiyyat” əlavəsinin 10 yaşı qeyd olunacaq. Ötən üç il ərzində artkaspi.az saytında 8000-dən çox ədəbiyyat, mədəniyyət, incəsənət mövzulu yazılar dərc etmişik. O cümlədən 300-dən müsahibə,  300-ə qədər mövzuda müzakirələr aparmışıq.
Biz bu illər ərzində daim çalışmışıq ki, ədəbiyyatımıza, mədəniyyətimizə sədaqətlə xidmət edək. Prezidentimizin ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına təkan verən Sərəncamlarını diqqətlə izləmişik. O qiymətli Sərəncamlara uyğun öz iş planımızı müəyyənləşdirmiş və çalışmışıq ki, yubileyləri qeyd olunan, fəxri adlara layiq görülən ədəbiyyat və mədəniyyət adamlarına daha diqqətlə yanaşaq, gərəkli mədəniyyət tədbirlərinin, forumların iştirakçısı olaq, bir sözlə, bir mədəniyyət və ədəbiyyat saytı olaraq dövlətimizin mədəniyyət siyasətinin inkişafına gücümüz daxilində xidmət göstərək. Muğam sənətimizin, rəssamlığımızın, bütövlükdə mədəniyyətimizin böyük himayədarı olan I Vitse-Prezident Mehriban xanım Əliyevanın mədəniyyətə diqqətini də bir mədəniyyət və ədəbiyyat saytı olaraq daim diqqətlə işıqlandırmışıq və çalışmışıq ki, ölkə rəhbərinin, I vitse-prezidentin gərgin əməyinin nəticəsi olan uğurlu mədəniyyət siyasətimizi layiq olduğu hörmətdə, ucalıqda oxucularımıza təqdim edək.
 
Xoşbəxtik ki, ölkəmizin mədəniyyət və ədəbiyyat adamlarında bir mənəvi ehtiyac yaratmışıq, heç zaman ədəbi qrupbazlığa, yersiz intriqalara, sözü, mənəviyyatı gözdən salan məqamlara, klassiklərə qarşı qarayaxmalara, tərbiyəvi mahiyyətdən uzaq materiallara yer verməmişik. Ədalətli olmağa, milli-mənəvi dəyərlərimizi qorumağa çalışmışıq. Daim bir devizimiz olub: "Biz imzaları yox, əsərləri dərc edirik”. Bu amalımıza sadiq olmuşuq, gözəl əsərlərə daim yer vermişik, istedadlı mətnlər diqqətimizdən kənarda qalmayıb, bizimlə əməkdaşlıq edən müəlliflərə daim ehtiramla yanaşmışıq.
Əziz oxucular, biz dövlətimizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulayaraq yolumuza davam deyirik...
 
artkaspi.az
 
Yazıçı Səfər Alışarlı: Ədəbiyyatımıza istedadla, təmənnasız xidmət edənlərdən biri də "Kaspi" qəzetinin "Ədəbiyyat” əlavəsini saytı olan artkaspi.az-dır. Mən o qəzetə müsahibələr vermişəm, orada hekayələrim çap olunub. Başqa müəlliflərin yazılarını oradan maraqla oxumuşam. Bu gün Azərbaycanda ədəbi materiala ictimai tələbat az olsa da, bəzi mətbuat orqanları, o cümlədən artkaspi.az öz imkanları daxilində ədəbiyyatımıza xidmətini uğurla davam etdirir. Belə ədəbi platformalar yalnız istedadlı qələm adamlarının ürəyinin və simasının işığında formalaşa bilir. İnanıram ki, artkaspi.az-ın bu işığı getdikcə artacaq və ədəbiyyatımızın inkişafına öz töhfələrini daha böyük şövqlə verəcək.
 
Filologiya elmləri doktoru, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin işçisi Cavanşir Yusifli: Yeni nəşr təqvimiylə "Kaspi” qəzetinin  artkaspi.az saytının üç yaşı tamam olur. "Kaspi” qəzetinin müasir nəşrində tariximizə, ədəbiyyat və ədəbi mətnlərə verilən önəm, milli dəyərlərin qorunub-saxlanılmasına diqqət ilk baxışdan bilinən və təqdir edilən bir nəsnədir. Bu kontekstdə heç bir müqayisəyə yol vermədən deyə bilərik: qəzet və onun saytı ciddi nəşrlər sırasındadır; nəzərə alsaq ki, indi bu kimi ciddi nəşrlərin sayı elə çox deyildir. arkaspi.az-ın gənc kollektivinə işlərində uğurlar diləyirəm!
 
Yazıçı, "Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu: artkaspi.az saytının 3 yaşı mübarək olsun. Mən də bu saytı izləyənlərdən biriyəm. Saytın bəzi projelərində, o cümlədən "Mənim ilk kitabım", "Sevdiyim əsər" layihələrində məmnuniyyətlə iştirak etmişəm. Saytın yaradıcı kollektivi arasında Fərid Hüseyn, Xanım Aydın kimi istedadlı dostlarım var. Yeri gəlmişkən, Fəridin bu yaxınlarda "Kaspi nəşrləri” seriyasından "Sevdiyim əsər" rubrikası altında dərc olunmuş müsahibələri bir kitabda nəşr olundu, kitabın bir nüsxəsini mənə də bağışladı. Hesab edirəm ki, çox dəyərli, uzaq gələcəkdə də oxunası bir kitabdır. artkaspi.az-ın ərsəyə gəlməsində rolu olmuş hər kəsə gözaydınlığı verirəm. Allah əməyinizi itirməsin!
                    
AMEA-nın Ədəbiyyat İnstitutunun işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı: artkaspi.az üç əsrin ənənələrini yaşadan "Kaspi” qəzetinin bir qolu, davamçısı kimi bu məkanda dərhal öz yerin tuta bilmiş saytdır. Mədəniyyətə, ədəbiyyata, sənətə, azacıq da olsa, aidiyyəti olan elə bir insan təsəvvür edə bilmərəm ki, artkaspi-ni oxumdan, mədəni gündəmi hiss etmək üçün, ən azından, göz atmadan keçmiş olsun. Bu sayt öz səviyyəsi, elitarlığı, balansı qorumaq bacarığı, ədəbiyyat və mədəniyyət haqqında araşdırma-yazıları, tədqiqat-təhlil materialları, hətta informasiyaları ilə belə seçilə bilir. Ən dəyərli müəlliflər, ən maraqlı imzalar, ən maraqlı yazılar ünvanı olmaq çox çətindir. artkaspi bunu bacardı.
Əslində, gerçək sənət və ədəbiyyat insanları yaxşı bilirlər ki, dəyərlərin itirildiyi, qarışıq salındığı bir cəmiyyətdə "mədəni-ədəbi dəyər səviyyəsi”ni tutmaq da, qorumaq da çox çətindir. Bu səbəbdən də ağır və məsuliyyətli işi şərəflə yerinə yetirməyi bacaran dostlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram. Bundan sonra hələ uzun illər mədəniyyətimizə, ədəbiyyatımıza qürurla xidmət etməyinizi diləyirəm.
 
Şair-tərcüməçi Azad Yaşar: Nüfuzlu "Kaspi” qəzetinin "Ədəbiyyat” əlavəsinin sayt variantı olan artkaspi.az-ın 3 yaşı tamam olur. Mən bu saytın yaradıcı heyətini mən son dərəcə istedadlı və elə bir o qədər də səmimi insanlar kimi tanıyıram. Ötən illər ərzində "Artkaspi” səhifələrində kifayət qədər geniş mövzu palitrasına malik və fərqli formalı yazılar, müsahibələr, esselər, səfər və sənətşünaslıq yazıları, aforizmlər, tərcümələr və sair çap olunub. Onun elə nömrəsi tapılmaz ki, orada ən azı 5-6 maraqlı yazı oxumayım. Bu günlərdə saytın baş redaktoru Fərid Hüseynin təqdimatı keçirilən "Sevdiyim əsər. 101 ədəbi söhbət” kitabı isə ötən dövrdə müəllifin sözügedən əlavənin səhifələrində çap etdirdiyi yazılardan ibarət irihəcmli bir topludur. Yəni demək istədiyim odur ki, "Artkaspi”-nin səhifələrində gedən yazılardan hələ daha neçələri ayrıca kitab və toplu şəklində çap olunmağa layiqdir və inşallah, onlara da bir gün növbə yetişəcək. Bu gün şəxsən mən Azərbaycanda öz dolğunluğuna və əhatə dairəsinə görə artkaspi.az-la yanaşı qoyulacaq ikinci bir layihə tanımıram. Odur ki, bu xeyirxah və mədəni layihənin ömrünün uzun olmasını, bizi hələ uzun illər sevindirməsini diləyir, yaradıcı heyətə isə cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
 
Yazıçı, "Kulis.az” saytının baş redaktoru Şərif Ağayar: Hələ internetin populyar olmadığı vaxtlar qəzetləri arxa səhifəsindən oxuyurdum. Çünki ədəbiyyat və mədəniyyətlə bağlı materiallar, adətən, arxa səhifələrdə verilirdi. Sonra saytlar yarandı və mən onları da "arxa səhifəsi”ndən vərəqləməli oldum. Çünki, eyni qayda burda da hökm sürürdü. Sanki ədəbiyyat, mədəniyyət cəmiyyətin daha az əhəmiyyətli sahəsi idi. Halbuki, elə deyildi. Halbuki, bu gün üzləşdiyimiz problemlərin çoxu elə məhz ədəbiyyatı, mədəniyyəti, ümumən kitabı daha az əhəmiyyətli hesab etməyimizlə bağlıdır. Sevinirəm ki, bu gün, barmaq sayıyla da olsa, "öndən vərəqlədiyim”, yəni ədəbiyyatı, mədəniyyəti prioritet sayan və əsas material kimi təqdim edən saytlar vardır. Artkaspi.az bu saytlardan biridir. 3 yaşını təbrik edirəm və ona azı 30 il ömür arzulayıram.
 
Yazıçı Mübariz Örən: Üç əsrə yaxın mürəkkəb tarix yaşamış "Kaspi" qəzetinin ədəbiyyat "pöhrəsi" olan artkaspi.az saytının 3 yaşı tamam olur. Bu azacıq vaxt kəsimində artkaspi.az-ın gördüyü işlərin müqyasını gözlərimiz önündə canlandırsaq, nə qədər titanik bir zəhmətin ortaya qoyulduğunu görmüş olarıq: ciddi, eyni zamanda maraqlı layihələr, yaradıcı adamlarla müsahibələr, ustad çıxışları, eyni zamanda yeni imzaların üzə çıxarılması, onlara gen-bol tribuna verilməsi, əsərlərinin müzakirələri, mədəniyyətin bütün sahələrini əks etdirən konseptual yazılara yer verilməsi, dünya ədəbiyyatının ən proqressiv cərəyanlarına işıq salan, onun rəngarəng palitrasını yaradan çıxışların, esselərin tərcümə olunub oxuculara təqdim olunması və s... artkaspi.az qısa müddətdə ölkənin ən ciddi iki-üç ədəbiyyat saytından birinə çevrilə, intellektual, savadlı, sənət eşqiylə qovurulan gəncləri öz ətrafına yığa bilib. Üç yaşı tamam olur, arzu edək otuz, əlli, yüz yaşı olsun, çünki o bizə lazımdır!
 
Tərcüməçi, ədəbiyyatşünas, "Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli: Fəaliyyətdə olduğu bu üç ilin nəticələri, gözümüzün qabağında qazanılan uğurları, bir çoxunun şahidi olduğumuz əlamətdar layihələri, yazıları göstərir ki, artkaspi kollektivi ötən müddəti qətiyyən boşa verməyib. Ədəbi, mədəni sahədə bir media qurumunun fəaliyyət göstərməsi bizim mühitdə bir qədər çətindir. Bu sayt da ola bilər, yazılı mətbuat nümunəsi də. Oxucu, reklam məsələsində problemlərin olduğu aydındır. Amma bu çətinlikləri bilən artkaspi kollektivi yenə də böyük əzmlə, ruh yüksəkliyi ilə dediyim istiqamətdə böyük uğurlar qazanıb. Bizim dəyərli şairimiz, həm fəal, həm fədakar ədəbiyyatçımız Fərid Hüseynin redaktoru olduğu bu sayt Azərbaycan, dünya ədəbiyyatı, mədəniyyət hadisələri, tərcümə və ədəbi əlaqələrlə bağlı çox ciddi işlər görüb. Saytın ümumi mənzərəsində bir sanballa yanaşı ciddiyyət özünü göstərir. Hətta populyar, oxucu qazanmaq məqsədli yazılarda da müəyyən sərhədləri saxlamaq meyli var. artkaspi.az-a yeni uğurlar arzulayıram. İmkanları geniş olsun, ədəbiyyatımıza yeni töhfələr versin.
 
Yazıçı, Azərbaycan Yazıçılar Birliyi Oğuz bölməsinin sədri Vüsal Oğuz: artkaspi.az saytı bizə doğma olan "Kaspi” qəzetinin sanki sonbeşiyi, balaca balasıdır. Yarandığı ilk günlərdən parlayan, özünü tanıdan, yerini tuta bilən, böyük işlər görən, ədəbiyyata, mədəniyyətə şərəflə xidmət göstərən, onu təmsil edən və eyni zamanda da qoruyan saytın 3 yaşını təbrik edirəm. Yaradıcı kollektivə daha da böyük uğurlar arzu edirəm. Uzunömürlü olsun həm "Kaspi”miz, həm "artkaspi”miz.
 
Şairə, "Ulduz” jurnalının şöbə müdiri Fərqanə Mehdiyeva: artkaspi.az saytını 3 ildir mütəmadi izləyirəm. Bir-birindən maraqlı yazılar oxucuların diqqətini cəlb edir. Bu sait bir də ona görə maraqlıdır ki... orda istedadlı gənclərimiz çalışır. Fərid Hüseyn, Xanım Aydın həmişə yaradıcılıqlarına hörmətlə yanaşdığım gənclərdir. Ömrü uzun olsun, neçə belə illərini keçirsin. Ədəbiyyata, cəmiyyətimizə beləcə ürəklə xidmətini  etsin... Yaşı üç olsa da xidməti tükənməzdir  artkaspi.az-ın.
 
Bakı Mühəndislik Universitetinin müəllimi, ədəbiyyatşünas Ülvi Babasoy: Artkaspi.az digər mədəniyyət və ədəbiyyat portallarından fərqlənir. Məxsusi estetik platforması olan ədəbiyyat faktıdır artkaspi.az. Xüsusi şəxslərin təbliğinə xidmət etmir. 3 il ərzində saytda yüzlərlə yazı və müsahibə dərc edilib. Ədəbiyyat və sənət faktına çevrilən bütün imzalara bu saytda yer var. "Kaspi” qəzeti və artkaspi.az saytı mənim imzamı da tanıdıb. Azərbaycan ədəbi mühitində, yaxşı mənada estetik dava yox səviyyəsindədir – demək istəyirəm. Ancaq dilim gəlmir. Sayt ədəbiyyat hadisəsi olan mətnləri çap etməklə, saytın konkret platforması ilə estetik mühit formalaşdırmaqdadır. Saytın fəaliyyəti davamlı olsun.  Bütün artkaspi.az-sevərləri təbrik edirəm.
 
Şair, AYB-nin mətbuat katibi Xəyal Rza: Dedilər ki, artkaspi.az saytının 3 yaşı tamam olur. Təəccübləndim. Çünki mənə elə gəlirdi ki, artkaspi.az-ın ən azı 15 yaşı var. Bu körpə yaşıyla böyük işlərin öhdəsindən gəlməyi necə bacarıb, bu sayt?! Görünür və bir daha sübut olunur ki, peşəkarlıq öz sözünü deyib. Peşəkar kollektiv qısa bir zamanda bu sayta layiq olduğu imici qazandıra bilib. Elə buna görə də artkaspi.az-ın oxucu problemi, oxunmaq dərdi də yoxdur. Dostlarımızı artkaspi.az-ın yaranış günü münasibətilə ürəkdən təbrik edirəm. "artkaspi”yə böyük yubileylər arzulayıram.
 
Yazıçı Kənan Hacı: artkaspi.az ədəbi prosesin nəbzini tuta bilən, təkcə Azərbaycanda deyil, dünya ədəbiyyatında gedən prosesləri izləyən və oxucuya çatdıran, bədii sözün məsuliyyətini dərk edən, Sözə vicdanla xidmət göstərən ədəbi portaldır. Ədəbi maarifçiliyə bütün zamanlarda ehtiyac olub və bu ehtiyacı peşəkar qələm adamları, yazıçılar, ədəbiyyatşünaslar, tərcüməçilər ödəyirlər. artkaspi.az məhz bu missiyanın  daşıyıcısıdır və mən mütəmadi olaraq bu saytı izləyirəm, orda yayımlanan yazıları oxuyuram və təqdir edirəm. Sözün açığı, biz hələ də dünya ədəbiyyatıyla ayaqlaşmaqda çətinlik çəkirik və belə bir məqamda artkaspi.az və onun kimi ədəbi portallar bizə hava, su kimi gərəklidir. artkaspi.az-ın 3 yaşını təbrik edirəm! Uzunömürlü olsun!
 
Yazıçı, tərcüməçi Əyyub Qiyas: Ədəbiyyata, mədəniyyətə, elmə, mənəviyyata xidmət edən hər şey, buna əmək sərf edən hər kəs müqəddəs işlə məşğul olur. artkaspi.az saytı da bu baxımdan 3 il ərzində xeyli uğurlu iş görüb, yeni layihələr, bir-birindən maraqlı yazılarla oxucuların zövqünü oxşayıb, bizi maarifləndirib, məlumatlandırıb. Mənə elə gəlir ki, "artkaspi.az”ın oxucu sarıdan problemi olmamalıdır, çünki peşəkar yaradıcı heyət bütün imkan və bacarığını bu işə sərf edir, oxunaqlı mətnlər, informasiyalarla daim yenilənir. Saytın 3 illik fəaliyyəti göz qabağındadır və bu münasibətlə əziz həmkarlarımı, qələm dostlarımı, bütün yaradıcı və texniki heyəti ürəkdən təbrik edir, uğurlu onilliklər, şərəfli tarix arzulayıram. 
 
Şair, Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov: Bu gün  bədii ədəbiyyata rəqib olan yüzlərlə süni vasitə, texnologiya var. Belə bir dünyada ədəbiyyatla yaşamaq, ədəbiyyat üçün yaşamaq asan iş deyil. atkaspi.az süni intellektin bədii düşüncəni deportasiya etdiyi dövrdə ədəbiyyata sığınacaq verən adalardan biridir. Təbriklər!
 
Yazıçı Sahilə İbrahimova: Mənim üçün insanlar önəmlidir. artkaspi mənim üçün Fərid Hüseyndir, Rəvan Caviddir, Xanım Aydındır. Müasirdirlər, zövqlüdürlər. Təbriklərə layiqdirlər.
 
Yazıçı Mirmehdi Ağaoğlu: artkaspi.az özünün yolu, istiqaməti olan saytdır. Burada hər dəfə bir-birindən maraqlı yazılar dərc olunur. Mən adı ötən il açıqlanan 2018-ci ilin Nobelçisi Olqa Tokarçuk ilə ilk dəfə orda tanış oldum. Türk yazarlarının müsahibələrini oxumuşum. Bunları niyə deyirəm? artkaspi.az ədəbiyyatın damarını tutan saytdır. Dünyada gedən ədəbi proseslərdən tez bir zamanda yerli oxucuları xəbərdar etməyə çalışır və məncə, bu, alınır. Özüm də arada-sırada bu saytda çap olunuram. artkaspinin yazarı və oxucusu olmaq gözəldir. Mən sayta uğurlar, nailiyyətlər arzulayıram! Və ümid edirəm ki, artkaspi.az daim ədəbiyyatımıza öz işığından pay verməyə davam edəcək.
 
Yazıçı, Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı: artkaspi.az saytı gündəlik oxuduğum və fəaliyyətini yüksək qiymətləndiyim ədəbi orqandır. Öz yolu, siması, rəngi olan etibarlı ədəbiyyat-mədəniyyət saytı yaratmaq, onun ciddiliyini qorumaq, inkişaf etdirmək fədakarlıqdır. Sayta çalışan dostlarımızı və oxucuları təbrik edirəm. İnanıram ki, artkaspi.az  Azərbaycanın mədəni mühitinin ən vacib parçası olmaq missiyasını hələ uzun illər uğurla davam etdirəcək.
 
Şair, axar.az saytının Ədəbiyyat şöbəsinin redaktoru Aqşin Evrən: artkaspi.az mənim hər gün baş çəkdiyim mədəniyyət kitabxanasıdır. Belə deyim, artkaspi.az mənim üçün  gündəlik saytdır, daim açıb vərəqləyirəm, hətta daha əvvəl dərc olunmuş bədii mətnləri yenidən oxuyuram. Çünki burada yayımlanmış materiallar daim canlı və yenidir.
İçində olduğumuz xaos dövründə, şok, qanlı başlıqların beynimizi "güllələdiyi” bir vaxtda artkaspi.az sükut içində, bağırmadan öz varlığını davam etdirir. Qəribədir ki, saytın simasına baxanda adamın beyni dincəlir. Bu mədəniyyət kitabında təqdimat etibarilə sadə, mahiyyət etibarilə çox dərin, estetik mətnlər toplanıb. Biz daha əvvəl mədəniyyət portallarının bağlanmasının şahidi olmuşuq. Amma hesab edirəm ki, bu saytın fəaliyyətini davam etdirməsi zəruridir.
"Biz imzaları yox, əsərləri dərc edirik...” deyən artkaspi.az-ı və burada çalışan dəyərli kollektivi təbrik edir, saytın 30 yaşını qeyd etməyi arzulayıram!
 
Şairə Sevinc Elsevər: Əvvəla "artkaspi.az” saytını üç yaşı münasibətilə təbrik edirəm! Bu sayt yarandığı vaxtdan onunla tez-tez əməkdaşlıq etmişəm. Əməkdaşları da ədəbi zövqlərinə inandığım adamlardır, həmişə də çağdaşları olan qələm adamı kimi şəxsimə qarşı hörmət, diqqət görmüşəm. İnanın, yazı adamı üçün bu çox dəyərlidir. Heç kimə sirr deyil ki, bu gün yazı adamlarının qazancı bir xoş söz, gülərüzlə qarşılanmaqdan başqa şey deyil. Amma ən vacibi də elə bu diqqət, bu sevgidir ki, onu mən hər zaman "artkaspi.az” saytının əməkdaşlarından hiss etmişəm. Eyni hisslər də məndə var onlara qarşı.  
İnanıram ki, həmişə də belə olacaq.
Sayt yarandığı gündən qələm adamlarının diqqətini maraqlı mətnlərlə, müsahibələrlə çəkib. Olduqca maraqlı layihələri olub. Son layihələrindən birində də can-başla iştirak eləmişəm. Öz şeirlərimdən bir neçəsini səsləndirmişdim, həm saytda yayımlanmışdı, həm də "Youtube”a yerləşdirildi. Bilirsiniz, bu işlər indi ola bilsin ki, adi görünür. Ancaq gələcəkdə ədəbiyyatşünasların karına gələcək, oxucular üçün maraqlı olacaq. 
artkaspi.az saytını mənim üçün xüsusi edən başqa bir cəhəti də saytda yayımlanan materialların "Kaspi” qəzetində də işıq üzü görməsidir. Dəfələrlə olub ki, hansısa saytda yazılarım gedib, amma bir müddətdən sonra o yazılar ya vəlvələdən, ya zəlzələdən yoxa çıxıb. Ancaq kağızda, qəzetdə çap olunmuş mətnlər daha etibarlı, daha qalıcı mənbədə qorunur.
Ədəbi prosesin davam etməsi və inkişafında artkaspi.az saytının rolu danılmazdı. Heyf ki, bu cür saytlar çox azdır. Qələm adamları üçün belə saytlar bir nəfəslikdir. artkaspi.az saytına uzun ömür, əməkdaşlarına isə bol-bol həvəs, ruh yüksəkliyi arzulayıram! Qoy o nəfəslik həmişə üzümüzə açıq olsun! Uğur sizinlə olsun! Yeni-yeni layihələrinizi həvəslə gözləyirik!
 
Yazıçı,  Respublika Xatirə kitab Redaksiyasının baş redaktoru Məmmədova Nəzakət: Amerika yazıçısı Mark Millerin dediyi kimi, yaxşı qəzet millətin öz-özü ilə söhbətdir. İctimai həyatımızın inkişaf etməsi üçün dövrü mətbuat ən yaxşı tribunadır. Çağdaş dövrümüzü dövrü mətbuatsız təsəvvür etmək qeyri-mümkün olduğu üçün, mən "Kaspi” qəzetinin  "Ədəbiyyat” əlavəsinin sayt variantı olan artkaspi.az-ı belə tribunalardan biri hesab edirəm. Yarandığı 3 il ərzində həm ictimai, həm də ədəbi həyatımızın zənginləşməsinə xidmət edən bu sayt daim dövrün nəbzini tutmağı, zənginliyi ilə mətbuat sahəsində iz qoymağı bacarıb.
Bilirsiniz ki, mətbuatın ən ümdə vəzifəsi bu günümüzü sabaha daşımaq, gələcəyin düzgün istiqamətlərini müəyyənləşdirməkdir. Məhz bu mexanizmin dəqiqliyi və qərəzsizliyi, o cümlədən zənginliyi gələcəyin konturlarını özündə ehtiva edir.
Dövrün nəbzini tutub, zamanla ayaqlaşmaq isə hər mətbu orqanına nəsib olmayan bir xüsusiyyətdir. Bütün bu müsbət xüsusiyyətləri özündə cəmləməyi bacaran artkaspi.az-ın bu 3 illik qısa zaman kəsimində keçdiyi uzun yol isə hər bir tərifə və təqdirə layiqdir. Buna mən, artkaspi.az-a verdiyim müsahibə zamanı daha da əmin olmuşam. Çünki qısa bir müsahibədə böyük və mənalı, özündə böyük mətləblər və incəlik daşıyan sualların qoyuluşu böyük bir məsuliyyətdən xəbər verir.
Sizi bu 3 il ərzində qazandığınız uğurlara görə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!
 
Şair, "Mücrü” nəşriyyatının direktor müavini Cəlil Cavanşir: Özümü artkaspi.az saytının sadiq oxucularından hesab edirəm. Yarandığı ilk günlərdən maraqla izləyirəm. Həm yerli ədəbiyyatımızı, həm də dünya ədəbiyyatında gedən prosesləri çox çevik və akademik şəkildə işıqlandıran artkaspi.az ədəbi mühitdə öz sanbalına görə seçilir. Bir müddət müəllif kimi əməkdaşlıq etdiyim üçün, saytın iş prinsipi ilə də tanışam. Bədii zövqünə güvəndiyim Fərid Hüseynin sayta redaktorluq etməsi, saytın estetik fərqliliyinə yaxşı mənada təsir edib. Ədəbiyyatın və mədəniyyətin təbliği baxımından bu saytın rolu danılmazdır. Həvəslə və maraqla izlədiyim saytlardandır. artkaspi.az-a və onun möhtəşəm kollektivinə ardıcıllıq və uğurlar arzulayıram. Ümid edirəm ki, gələcək illərdə də sayt öz fəaliyyəti ilə həm oxucuları, həm də ədəbiyyat adamlarını sevindirəcək. Kollektivin bütün zəhmətkeşlərini, ədəbiyyatsevərləri təbrik edirəm! Yolunuz, yolumuz açıq olsun!
 
Yazıçı, "Mücrü” nəşriyyatının direktoru Müşfiq Xan: Oxucu kimi belə görürəm: artkaspi.az azacıq qüvvə ilə böyük redaksiyanın işini aparmağı bacaran portaldır. Bu proses mənə çox yaxşı tanışdı, əlimin içi kimi bilirəm ki, peşəkarların sayəsində mümkün olur belə şeylər. Üçcə yaşınız tamam olur, səs-sədanızı ciddi oxucuların əksəriyyəti eşidib, məncə. Fəaliyyətinizdə uğurlar! Neçə gözəl yubileylərə! Təbrik edirəm!
 
Şair Elşən Mehdi: Artkaspi.azı 3 yaşı münasibəti ilə təbrik edirəm. Davamlı olmağını arzulayıram. Aydınlardan kimsə demişdi ki, mədəniyyətdə davamlılıq mədəniyyətin özündən vacib faktdır. artkaspi.az mənimçün ədəbiyyat və ümumən sənət üçün təkanverici portallardan biridir. Həm də xüsusiliyi ondadır ki, əməkdaşlarının əksəriyyəti gənc və istedadlıdırlar. Bu, həm bir oxucu, həm də ədəbiyyat adamı kimi mənimçün önəmlidir.
 
Şair Tural Turan: Fevralın 17-i artkaspi.az saytının 3 yaşı tamam olur. Üç əsrlik qəzetin – "Kaspi”nin "Ədəbiyyat” əlavəsinin 3 il ərzində gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatının parlaq gənc imzalarından olan Fərid Hüseynin rəhbərliyi altında sayt öz yolunu uğurla müəyyənləşdirdi. Öz cığırını aça bildi. Bu müddət ərzində artkaspi.az gənc yazarlara geniş meydan verdi. Hər kəsin çap olunduğu sayt kimi tanındı. Yeni şeir və hekayələrin tanıtım qapısı oldu. Bu üç il müddətində artkaspi.az həyatın poeziya, nəsr, fəlsəfə, kino sahələrinə geniş yer ayıraraq, oxucusunu baş vermiş, verməkdə olan və verəcək bütün hadisələrdən xəbərdar etmək kimi bir missiyanın öhdəsindən layiqincə gəldi. Oxucuların sevimli saytı olmaqla yanaşı, həm də keyfiyyətli materialları ilə də diqqət mərkəzində olmağı bacardı. Bu üç il ərzində tez-tez mənim də yazılarım, şeirlərim bu saytda yayımlandı. İlk oxucularını artkaspi.az-da tapdı. Adıçəkilən portalın oxucuları artıq şairlərin, yazıçıların ilk oxucusu olmaları ilə öyünürlər. Arzum budur ki, həmişə ən yaxşı poeziya və nəsr nümunələrinin ilk yayımçısı olasınız! Oxucunuz bol olsun, əziz artkaspiçilər! Sizə də üç əsrdən uzun ömür arzulayıram!
 
Yazıçı Alpay Azər: Məndə ədəbiyyat saytlarının artmasına münasibət birmənalı olmayıb. İllər öncə kult.az və kulis.az saytlarından sonra elə bilirdim ki, iki ədəbiyyat saytı kifayətdir Azərbaycan üçün. Sonra simsim.az və artkaspi.az saytları meydana gəldi və o saytları izləyəndən sonra bu fikrə gəldim ki, saytların çox olmasında elə də böyük bir qəbahət yoxdur. 3 yaşı tamam olan artkaspi.az oxuculara yönəlik strategiyanı düzgün seçdiyi üçün ədəbi gündəmə daxil ola bildi. Söhbət təbii, kreativlikdən, yeni, başqa saytlarda olmayan ideyaların həyata keçirilməsindən gedir. "Sevimli əsər”, bəzi çətin başa düşülən zərb məsələlərinin mənalarının açılması və başqa ədəbi layihələr göstərir ki, bu saytın yaşamağa haqqı var. Artkaspi.az-da işləyən dostlarımı saytın 3 yaşı münasibətilə təbrik edirəm, arzu edirəm ki, ən azı bu üçün yanına bir sıfır da gəlsin və saytın 30 illiyini qeyd edək.
 
Şair Ümid Nəccari: Xalqımızın incəsənəti və xüsusilə ədəbiyyatımızın uğurunda şərəfli bir yolu keçmiş artkaspi.az saytının üç illiyini qeyd edirik; buna sevinirik ki, ədəbi portalların və qəzetlərin çətinliklə üzləşən dövründə artkaspi ayaqüstə dayana bilib və ədəbiyyata dəstək verməyi ilə xalqımızın gələcəyinə minlərlə ziyalı bəxş etməyi davam edir.
Üç yaşın qutlu olsun, artkaspi.az!
 
Şair, avaqnqard.net saytının baş redaktoru Səxavət Sahil: artkaspi.az saytının 3 yaşı tamam olması münasibəti ilə saytın əməkdaşlarını və oxucularını təbrik edirəm.  Bu günə qədər səhifələrində ədəbiyyat və maarifçiliklə bağlı yazılar dərc edən saytın ədəbi-mədəni mühitimizdə yeri böyükdür. Üzərinə düşən missiyanı həyata keçirən saytın bundan sonrada da bu cür fəaliyyət göstərməsini arzu edirəm!
 
Tərcüməçi, tele-jurnalist Ariz Tarverdiyev: Mənə elə gəlir ki,  artkaspi.az, ədəbiyyatımızın üzünə tutulmuş bir aynadır. Gördüyümüz rəngliliklər, fərqliliklərə rəğmən, aynada ədəbiyyatımızı tam aydın görə bilirik. Çağdaş ədəbiyyatın reallıqları fonunda gördüyünüz işlər çox dəyərlidir. Sizi təbrik edir, yaradıcılıq uğurları arzu edirəm!
 
Yazıçı, AYB-nin Moskva filialının Afaq Şıxlı: artkaspi.az-ın - yarandığı gündən bizim hamımızın olan saytın 3 yaşı tamam olur. Bu xüsusla, onun rəhbərliyini, əməkdaşlarını və müəlliflərini, eləcə də Fərid Hüseyni, Xanım Aydını və başqalarını ürəkdən təbrik edirəm!
2017-ci ildən mən bu saytın "Şairələr” layihəsinin rəhbəri və tərcüməçisi olmuşam. Bu layihə çərçivəsində, dünya poeziyasında iz qoymuş şairələrin şeirlərindən ən gözəl nümunələr tərcümə edilərək yayımlanıb. Onları oxucularımıza tanıtmaqda göstərdiyi təşəbbüsə görə bu sayta çox minnətdaram.
XIX əsrin məşhur tarixçi alimi, professor V.Klyuçevskinin qəzet haqqında dediyi bu sözləri xatırlamaq istəyirəm: "Qəzet oxucunu bilmədiyi şeylər haqqında düşünməyə, anlamadığı şeyləri bilməyə vərdiş etdirir”.
Xoşdur ki, bu sözləri artkaspi.az üçün də işlətmək olar.
Əziz artkaspi.az! Çox xoşdur ki, qayəniz – orijinallıq və intellektuallıqdır. Bəzi soyuq nəfəsli, yad baxışlı saytlara örnək olacaq səmimiliyinizə, təbiiliyinizə görə minnətdaram. Uzunömürlü və sevilib izlənilən olasınız!
 
Şair Ulucay Akif: İnsanın həyatında elə dəyərli  adamlar olur ki, uzun müddət danışmasan da, görüşməsən də, xəbər tutmasan da ona olan sevgin həmişə dəyişməz qalır. Hətta adamın içində bir rahatlıq hissi olur ki, həmin adam ordadır, var.
Sən demə, adam bu hissi sadəcə insanlara qarşı keçirmirmiş. artkaspi.az saytına olan duyğularım da təxmini bu cürdür. Elə gün ola bilər ki, mən o saytdan nəsə oxumayım, lap 1 həftə o sayta daxil olmayım, amma həmişə içimdə rahatlıq var ki, artkaspi.az kimi ciddi ədəbiyyat və mədəniyyət saytımız var. Məncə, elə həmişə də olmalıdır!
 
Hazırladı Rəvan Cavid