Əli Kərimlinin 50 nəfərlə “inqilab” cəhdi

Əli Kərimlinin 50 nəfərlə “inqilab” cəhdi

Siyasət
08 Oktyabr 2019, 19:54 753
Heç kimə sirr deyil ki, radikal müxalifətin mitinq, piket keçirmək cəhdi xalqın, dövlətin maraqlarını ifadə etmək, hansısa problemin həllinə nail olmaq istəyindən qaynaqlanmır. Onlar üçün bu kimi aksiyalar gündəmdə qalmağa, iqtidara qarşı guya əsas güc kimi özlərini reklam etdirməyə, bunun qarşılığında da xaricdən daha böyük məbləğdə qrant almağa hesablanıb. 

Şəxsi maraqları naminə hətta şeytanla əməkdaşlığa hazır olan AXCP sədri Əli Kərimli və tərəfdarlarında vətənpərvərlik, ədalət hissi lap çoxdan ölüb. Hər hansı aksiyanın keçirilməsinə rəsmi olaraq icazə verilmədikdə, dərhal bundan yararlanmağa, özünün reklam etdirməyə çalışır. Sanki, Ə.Kərimli və başının dəstəsi hansısa meydanda toplaşsa dərhal ölkənin bütün problemlərini, Hətta dağlıq Qarabağ münaqişəsini anında həll edəcəkmiş, amma iqtidar qısqanclıqdan buna imkan yaratmayıb. Mitinqə icazə verilən zaman isə yolun uzaqlığını bəhanə edib cığallıq edirlər. Guya məsafə uzaqda olduğundan tərəfdarlarının mitinq keçiriləcək məkana getməsi qeyri-mümkünmüş. 

Əslində onların "qarnının ağırısı” başqadır. Bir qədər əvvəl qeyd olunduğu kimi, ötən illər ərzində sıraları seyrələn AXCP istənilən mitinqə bir sünnət toyuna dəvət edilən adam sayı tərəfdar ancaq toplaya bilir. Son vaxtlara qədər "Məhsul” stadionunda ard-arda keçirilən mitinqlər bu reallığı əks etdirir. Digər tərəfdən, bu mənzərəni görən hər hansı xarici donor təşkilat əli kərimlilərə siyasi fəaliyyət üçün pul ayırmaz. Belədə isə həmin o "liderlər” pulsuz qalar, övladını hərbi xidmətdən yayındıraraq Londonda yaşada, oradakı bahalı ali təhsil müəssisəsində oxuda, gecə barlarında eyş-işrət məclisləri qurdura bilməz. Ona görə də Ə.Kərimli inadkarlıqla tələb edir ki, şəhərin mərkəzində, əhalinin gur yerində aksiya keçirilməsinə icazə verilsin. Bu da boğazdan yuxarı, populist bəyanatlarla çıxış etsin, yoldan ötüb keçən, evinə və ya işə tələsən sadə vətəndaşları da öz tərəfdarları kimi qələmə versin.

Aksiya demişkən, Milli Şuranın şəhərin mərkəzində piket keçirmək üçün bir neçə gün bundan öncə Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə müsbət cavab verilib. O Milli Şuraya ki, 2013-cü ilin prezident seçkiləri öncəsi "Milyarderlər ittifaqı”nın sifarişi ilə Bakıda yaradılmışdı və siyasətə aidiyyəti olmayan bir nəfər də bu qurumun sədri təyin olunmuşdu. Beləliklə, təhlükəsizlik tədbirləri görülüb və bu gün həmin o Milli Şuranın piket keçirməsinə şərait yaradılıb. Ancaq hər zaman olduğu kimi bu dəfə də cəbhəçilər cığallıq edib, ictimai asayişi pozaraq qanunsuz əməllərə yol veriblər. Bununla da Ə.Kərimlinin 50 nəfərlə "inqilab” cəhdi növbəti özünüifşaya çevrilib. Mitinqə ehtiyac olmadığını bu piket növbəti dəfə nümayiş etdirib. Bir daha bəlli olub ki, AXCP normal şəkildə aksiya təşkil etmək iqtidarında deyil.

Ümumiyyətlə, Ə.Kərimlinin 50 nəfərlə "inqilab” etmək cəhdi AXCP və Milli Şura adlı qurumun miskin durumunu, verilən populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirib. Ə.Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb. Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları Ə.Kərimli və ətrafının niyyətinin heç də dinc aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək öz məkrli niyyətlərini reallaşdırmaq olduğunu göstərib. 

Hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə toplaşan Tofiq Yaqublu və digərləri süni ajiotaj yaradaraq, aksiyanı istədikləri kimi sərbəst keçirmək istədiklərini bəyan edib və narazılıqlarını bildiriblər. Aksiya başlamamışdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirib. Polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və sair bu kimi əməllər bir daha göstərib ki, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu ünsürlər heç vaxt düzəlməyəcəklər və ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışacaqlar. 

Bununla yanaşı, kənarda əlində "Xalq sizinlədir - cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə qarşı cəbhəçilərin hücumu, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərib. Ən önəmli məqam isə budur ki, xalqı etiraza, mitinqə, piketə səsləyən Ə.Kərimli özü piketdə görünməyib, ətrafını təlimatlandıraraq prosesi kənardan izləmək yolunu tutub. Piketin "bayraqdarı”, "öndəri” qismində isə həyat yoldaşının barmaqlarını, qızının dizini sındıraraq onlara fiziki-mənəvi işgəncə verən "demokrat” Fuad Qəhrəmanlı olub. Maraqlıdır, söz demək üçün imkan, meydan axtaran AXCP sədrinin deməyə sözü yoxdur, tükənib, yoxsa personası haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb?

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov qeyd edilən mövzu ilə bağlı bildirib ki, müxalifətin Azərbaycanda sosial bazası həddindən artıq zəif olduğundan, onların geniş piket keçirmək imkanları məhdudlaşıb. Millət vəkilinin qənaətincə, ona görə də, radikallar hər dəfə çalışırlar ki, şəhərin mərkəzində, insanların gur olduğu məkanlarda mitinq, piket keçirsinlər və qarşıdurmalar yaratsınlar: "Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun 8-ci maddəsində göstərilir ki, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən toplantılar qadağan edilir. Bu səbəbdən də, ölkədə ictimai asayişi təmin edən polislər məcburən bu cür piketlərin və mitinqlərin qarşısını alır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müxalifətə piket keçirmək üçün yer ayrılmışdı. Amma müxalifətçilər onlar üçün müəyyən olunmuş məkanda deyil, tamam başqa yerdə piket keçirməyə cəhd etdilər. Təbii ki, onlar bununla vətəndaşların gediş-gəlişinə, məktəblərin fəaliyyətinə, şagirdlərin dərsə gedib-gəlməsinə maneçilik törətdi və onların haqlı narazılıqlarına səbəb oldu”.

Millət vəkili deyib ki, burada əsas məqsəd sırf təxribata yönəlib və araqarışdırmaqdan ibarət olub: "Bunun bariz nümunəsi o idi ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri piketdə iştirak etmədilər. Piketdə iştirak edən şəxslər ancaq təxribat törətmək üçün planlaşdırılmış insanlar idi. İkinci bir tərəfdən şəxsiyyət, dövlət, millət əleyhinə, eləcə də qarşıdurma ilə bağlı olan şüarların verilməsi qanunvericiliklə qadağan olunduğuna görə qabaqcadan təşkilatçılar xəbərdar olunmuşdular. Lakin buna baxmayaraq, onlar çalışdılar ki, polisə müdaxilə etsinlər və nəticədə həmin epizodları çəkib "youtube” və digər sosial şəbəkələrdə yerləşdirməklə Avropanın başqa-başqa ölkələrinə göndərib bu gün Azərbaycanda olan ictimai-siyasi sabitliyə, iqtisadi inkişafa, demokratiyaya və sairə kölgə salsınlar. Onların əsas məqsədi bundan ibarət idi. Lakin məqsədlərinə nail olmadılar. Piket zamanı müşahidə etdik ki, müxalifətçilər tərəfindən orada olan vətəndaşlara qarşı təzyiqlər, təhqirlər oldu, hətta onları münaqişəyə cəlb etməyə cəhdlər də göstərildi. Amma bunlara yol verilmədi və qarşısı alındı”.

Bütün bunlar bir daha açıq şəkildə nümayiş etdirib ki, AXCP və Milli Şurada toplaşan radikal ünsürlər normal qaydada, sivil, qayda-qanuna riayət etməklə kütləvi tədbir keçirmək iqtidarında deyillər. Bunlar hər belə bir imkanı qanunları pozmaq, qarşıdurma yaratmaq və tamaşa təşkil edərək növbəti kampaniya üçün mövzu qazanmaq şansı kimi qiymətləndirirlər.
 
Rufik İSMAYILOV