• şənbə, 27 Aprel, 05:09
  • Baku Bakı 14°C

Əkəndə də subsidiya al, biçəndə də

14.12.19 09:00 1639
Əkəndə də subsidiya al, biçəndə də
Ekspertlər deyirlər ki, fermerlərə məhsulun həcminə görə əlavə subsidiyanın verilməsi, əkin strukturunun zənginləşdirilməsi və işin təşviqi baxımından önəmlidir
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala və Hacıqabulda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirdiyi görüşlərdə deyib ki, yeni subsidiya mexanizmi kənd təsərrüfatının inkişafını daha da stimullaşdıracaq. Aqrar Subsidiya Şurası əkin, məhsul, toxum subsidiyaları üçün əmsal və kvotaları müəyyənləşdirən zaman ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi amillərinə əsaslanıb. Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası artıq əmsalları açıqlayıb: "Məsələn, fermerlər pambıq becərilməsinə görə, həm əkin, həm də məhsul subsidiyası alacaqlar. Pambığa görə 1,1 əmsal müəyyənləşib, bu o deməkdir ki, pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa, dövlət, qəbul məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Yəni, əgər bir fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq. Aqrar sahəyə dövlət dəstəyinin genişləndirilməsi sayəsində kənd təsərrüfatının bütün istiqamətlərində inkişaf təmin ediləcək".
İlham Quliyev 2020-ci ildən aqrar subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcəyini deyib: "Artıq subsidiyaların verilməsində kağız sənəd dövriyyəsi aradan qalxır. Fermer yeni sistemdə qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaratmalıdır. Hazırda ölkə üzrə təxminən 410 mindən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Fermerlərdən 220 min nəfəri payızlıq əkinləri bəyan ediblər. Əkinlərin bəyan edilməsi EKTİS-in tətbiqində mühüm mərhələdir. Çünki, subsidiyanın miqdarı əkilmiş məhsul növündən asılı olaraq dəyişir. Bu səbəbdən, fermerləri payızlıq əkinləri bəyan etmə prosesində daha aktiv iştirak etməyə çağırıram".
Nazir müavini qeyd edib ki, fermerlər EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesində hansısa texniki problemlərlə üzləşərsə, Dövlət Aqrar İnkişaf Mərkəzinə, "ASAN xidmət" mərkəzlərinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə maarifləndirici sessiyalar həyata keçirir. Bu günədək 36 rayonda belə tədbirlər baş tutub. Görüşlərdə nazirliyin rəhbər heyəti ilə yanaşı, icra hakimiyyəti strukturlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Aqrar İnkişaf Könüllüləri, bələdiyyə sədrləri, fermerlər iştirak edirlər. Dekabrın 13-14-də analoji görüşlərin Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Balakən, Zaqatala, Qax və Şəkidə keçirilməsi nəzərdə tutulur. Fermer məhsulunu satarkən də subsidiya alacaqsa, bunu ikiqat motivasiya hesab etmək olar. Maraqlıdır, belə stimullaşdırma kənd təsərrüfatında canlanma yarada bilərmi?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirovsöylədi ki, indiyə qədər fermerlərə subsidiyalar əkin sahəsinə görə verilirdi: "Amma bu mexanizm stimullaşdırıcı deyildi. Çünki fermerlər üçün məhsuldarlığın aşağı olması, bir o qədər də önəm daşımırdı. Bu il fermerlər üçün ikinci bir istiqamət müəyyən olunub. Artıq subsidiyalar, əkin sahəsindən əlavə məhsul həcminə görə veriləcək. Əsas məqsəd məhsulun keyfiyyətinin daha da artırılmasıdır. Çünki istehlak olunan məhsulun keyfiyyəti subsidiyanın müəyyən olunmasında müəyyən rol oynayacaq. Bundan əlavə, ölkənin idxaldan asılı olduğu kənd təsərrüfatı məhsulları sifarişlə fermerlər tərəfindən əkiləcək. Qarabaşaq, soya və digər yem bitkilərinə bazarda böyük tələbat var. Nazirlik bu bitkiləri əkən fermerlərə əlavə olaraq məhsul subsidiyası verə bilər. Hər şeydən əvvəl, bu, əkin strukturunun zənginləşdirilməsi baxımından önəmlidir. Fermerlərə məhsulun həcminə görə əlavə subsidiyanın verilməsi onların işinin təşviqi baxımından önəmlidir. Bütövlükdə götürdükdə isə bu qərar aqrar məhsulların idxaldan asılılığını azalda bilər. Elə məhsullar var ki, onların ölkəyə gətirilməsi baha başa gəlir. Həmin məhsulların yerli istehsalına nail olmaq lazımdır. Məhsula görə subsidiyanın verilməsi bu və ya digər problemlərin həllində mühüm rol oynayacaq”.
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı bildirdi ki, fermerlərə müxtəlif formalarda subsidiyaların verilməsi çox vacibdir: "Çünki aqrar sahənin təşviqinə ciddi ehtiyac var. Məhsuldarlığın həcminin artırılması ciddi prioritetlərdən biridir. Bu mənada atılan addım, sırf məhsuldarlığın artırılması məqsədi daşıyır. Məhsulun həcminə görə subsidiyanın verilməsi nisbi anlayışdır. Yəni yüksək məhsuldarlığa görə fermer daha çox subsidiya ala bilər. Fermerlərimizin əksəriyyətinin torpaq sahəsi kiçikdir. Əksər fermerlərin təsərrüfatları kiçik ailə təsərrüfatlarından ibarətdir. Bu mənada kiçik təsərrüfatlarda məhsuldarlığın həcminə görə verilən subsidiya nisbətən az olacaq. Amma istənilən halda qərar fermerlərin öz təsərrüfatlarını böyütmək istiqamətində təşviqedici mexanizm ola bilər. Ona görə də, subsidiya verilərkən əkin sahələrinin ümumi həcmi nəzərə alınmalıdır. Subsidiya verilərkən məhsulun keyfiyyətinə də diqqət edilməlidir. Məhsulun həcminə görə verilən subsidiya əkin sahələrinin həcminin qısa zamanda böyüməsinə gətirib çıxaracaq. On minlərlə fermer bundan sonra öz fəaliyyətini daha da yaxşılaşdıracaq. Çünki bu qərara əsasən, çəkdiyin əziyyətin nəticəsinə uyğun olaraq, subsidiya alacaqsan. Bundan sonra orta məhsuldarlıq və məhsulun keyfiyyəti də yaxşılaşacaq. Ona görə də, bu qərarı müsbət bir addım kimi qiymətləndirmək olar”.
Şəbnəm
banner

Oxşar Xəbərlər