• cümə, 29 Mart, 14:34
  • Baku Bakı 14°C

Ədəbi hadisələrlə zəngin il

13.01.20 12:00 1628
Ədəbi hadisələrlə zəngin il
Kitaba qayğı artdı, keyfiyyət yüksəldi, ədəbi proseslər, layihələr reallaşdı...
Yola saldığımız 2019-cu il siyasi, iqtisadi proseslərlə yanaşı ədəbi hadisələrlə də zəngin oldu. Ölkəmizin ədəbiyyat aləmində "Nəsimi ili” müxtəlif ədəbi hadisələrlə müşahidə olundu. Ədəbiyyat adamları "Müzakirə”mizə təəssüratlarını danışdılar.
Ölkəmizin bədii tarixi
Xalq şairi Fikrət Qoca 2019-cu ili ədəbi aləmdə uğurlu il kimi dəyərləndirir: «Ötən il xeyli əsərlər yazıldı, layihələr həyata keçirildi, müxtəlif səfərlərdə olduq. Yazıçılardan ibarət qrup Cocuq Mərcanlıya səfər etdi. Orada kitablarımızın təqdimatını keçirdik, sakinlərlə, məktəblilərlə, hərbçilərlə görüşdük. Mədəniyyət zamanın nəbzinə qoyulmuş termometr kimidir. Zaman dəyişdikcə, zamandakı dəyişiklik orada özünü göstərir. Ədəbiyyat bədii sənət olmasına baxmayaraq, tarix və gələcək üçün qalır. Çünki həmin əsərlərdə baş verən hadisələr öz əksini tapır». F.Qoca qeyd etdi ki, ötən il «Nəsimi ili»nin qeyd olunması ədəbi aləmdə ən böyük hadisələrdəndir: «Bu sərəncam ölkə başçısı tərəfindən atılan müdrik addım idi. 650 illik tarixi bir il çərçivəsində əhatə etmək böyük bir hadisədir. Nəsimi öz klassikası ilə bütün zamanların şairidir. İl çərçivəsində şairin haqqında çoxlu əsərlər çap olundu, müxtəlif dillərə tərcümə edildi. Mütəfəkkir şairin irsinin dünyada tanıdılması istiqamətində addımlar atıldı, musiqili kompozisiyalar yazıldı. Hər kəs öz fikrində Nəsimini hiss elədi. Ümumiyyətlə, Nizami, Füzuli, Məhsəti xanım kimi şəxsiyyətlər bizim poeziyamıza böyük incilər bəxş ediblər. Onların yaradıcılığını qorumaq, gələcək nəslə çatdırmaq borcumuzdur. Bu, ölkəmizin bədii tarixidir». Xalq şairi ölkədə keçiriləm kitab sərgi-yarmarkasına da toxundu: "Kitab sərgisi ənənəvi qaydada dünyanın bir sıra ölkələrində keçirilir. Azərbaycanda da artıq bu sərgi ənənəvi olaraq təşkil olunur. Kitabın təbliği, mütaliə vərdişlərinin formalaşması, oxu mədəniyyətinin bərpası üçün bu cür tədbirlər çox vacibdir”.
"Nəsimi ili” əsl ədəbi hadisə kimi
Yazıçı İlqar Fəhmi də ötən ilin ən böyük ədəbi hadisəsini ölkə başçısının sərəncamı ilə qeyd edilən «Nəsimi ili» adlandırır: «Bu, Nəsimi irsinə münasibəti, həmçinin klassikaya qayıdışı ortaya qoydu. Qələm adamları, yazı əhli bu irsə münasibətdə müxtəlif maraqlı əsərlər yazdılar. Ölkənin ədəbi və mədəni sferası "Nəsimi ili” ilə bağlı həyata keçirdiyi fəaliyyətlə yadda qaldı». Yazıçının sözlərinə görə, keçirilən digər ədəbi hadisələr məhz bu ilin fonunda baş verib: «Təbii ki, hər il müxtəlif kitab təqdimatları, sərgilər və ya festivallar keçirilir. Ancaq "Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər bir ilk idi. Yəni bu, bir şairə bu qədər diqqətin ayrılması, klassikaya belə hörmət unikal hadisə idi. Ona görə, "Nəsimi ili” mənim üçün əsl ədəbi hadisə idi və daha çox yadımda qaldı. Təbii ki, sıradan olan ədəbi tədbirlər də ənənəvi olaraq həyata keçirildi. Kitaba qayğının artırılması, keyfiyyətin yüksəldilməsi, ədəbi proses, layihələrin reallaşması yenə də öz axarı ilə davam etdi”.
400-ə yaxın adda kitab
Naşir Şahbaz Xuduoğlu 2019-cu ili ədəbi aləmdə xüsusi aktiv il kimi dəyərləndirir: "Kitab yarmarkası keçirildi. Bu yarmarka çox yaxşı təşkil olunmuşdu. Bu sərgi onu göstərdi ki, kitab oxuyanların sayı artıb və ümumiyyətlə, yarmarkalar başlayandan hər dəfə artım bir qədər də hiss olunur. Son yarmarka isə ən çox izdiham olan yarmarka oldu. Buraya məktəblilər, tələbələr, ailələr gəlmişdi. Yarmarkada sanki bir bayram əhval-ruhiyyəsi var idi. Xüsusən də yarmarkanın bədii hissəsi, musiqi ilə müşayiət olunması zövq oxşayırdı. Fransanın müasir yazıçılarından biri Jan Kristof Rüfen bizim qonağımız oldu. Yazıçı yarmarkada iki kitabını təqdim etdi. Yəni tədbirin beynəlxalq hissəsi də ötən illərdə keçirilən sərgilərdən fərqlənirdi. İlk dəfə idi ki, böyük çaplı yazıçı Bakıda keçirilən kitab yarmarkasında iştirak edirdi. O, Fransanın ən böyük ədəbi mükafatının laureatıdır. Sərgi-yarmarkada kitab nəşri sahəsində xüsusi aktivlik müşahidə olundu. Həmçinin sərgi-yarmarka çərçivəsində çoxsaylı tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirildi. Bu müddət ərzində oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq imkanı qazandılar». Naşir ilin favorit romanının olub-olmadığını deməkdə çətinlik çəksə də, çoxlu yeni kitabların nəşr olunduğunu qeyd edir: «Ötən il bizim nəşriyyat əvvəlki illərə nisbətən daha çox kitab nəşr etdi. 400-ə yaxın adda kitab nəşr edib. Ümumi tiraj 300 mindən çox oldu. Bu baxımdan keçən il bizim üçün uğurlu illərdən biri oldu».
Kitab bazarının çöhrəsi dəyişib
«Mənim üçün hər bir il ədəbi hadisələr baxımından əhəmiyyətlidir» - deyən yazıçı Reyhan Yusifqızı keçən il «Qızıl kəlmə» mükafatını qazandığının sevincini yaşadığını deyir: «Həmçinin bir neçə yeni əsərimi hazırladım. «Dostum Mimi» kitabım rus dilində çap olundu. Türk Yayım Evi bu kitabın haqlarını aldı və onu türk dilində nəşr etdirdi. Kitab Türkiyədə satılmağa başladı. Bu, mənim üçün böyük hadisə idi. Çünki oxucu kütləmi genişləndirmək istəyirdim. Bu baxımdan türk oxucularını qazanmaq mənim üçün qürur idi». Yazıçının müşahidəsinə görə, il keçdikcə mütaliəyə hər il maraq artır: «Elə bil təbliğat çoxalır. Məsələn, layihələr meydana çıxır. 2019-cu ildəki kitab sərgisi yadımda çox yaxşı qaldı. Fikrimcə, bu sərgi əvvəlki illərdəkindən çox fərqli idi. Kitabla maraqlanan, onu əldə etməyə çalışan çoxlu insanlar gördüm. Əvvəlki sərgilərdə kitaba bu qədər maraq hiss etməmişdim. Hesab edirəm ki, hər şey təbliğata bağlıdır. Görünür bu, təbliğatın nəticəsidir ki, kitaba qarşı həvəs çoxalıb. Elə bil kitab bazarının çöhrəsi də dəyişib. Əvvəlki nəşrlərdən fərqli, rəngarəng dizayna malik kitablar meydana çıxıb. Düzdür, onların qiymətləri daha bahadır, ancaq baha olsa da, onlarla insanlar daha çox maraqlanırlar. Xüsusən, uşaq kitablarında şəkillərin, dizaynın böyük əhəmiyyəti var. Bu, uşaqları cəlb edir. Əvvəllər uşaqlara kitab axtaranda seçim az olurdu. Çeşidlər də artdığından, seçim çoxalıb. Hesab edirəm ki, proses belə davam etsə, 1-2 ilə biz öz kitab bazarımızla hətta fəxr edə bilərik”. Yazıçı keçən ilin «Nəsimi ili» elan olunmasını ədəbiyyata göstərilən diqqət kimi dəyərləndirir. "Ötən il bu çərçivədə çox maraqlı tədbirlər keçirildi. Mən bu tədbirlərin bir çoxunun iştirakçısı oldum. Həmçinin İsmayıl Şıxlının 100 illiyi qeyd olundu. Həm Bakıda, həm də rayonlarda bir sıra tədbirlər həyata keçirildi. Yazıçının yaradıcılığı ilə bağlı «Ölən dünyanıın yaddaşı» adlı qısa sənədli film də çəkildi».
İl məhsuldar oldu
Yazıçı Mübariz Örən də 2019-cu ili ədəbi hadisələrlə zəngin il hesab edir. Belə ki, maraqlı əsərlər yazılıb: «Hazırda mən həmin əsərlərdən ikisini oxuyuram. Onlardan biri Kamal Abdullanın «Sirlərin sərgüzəşti», digəri Aqşin Yeniseyin «Tale və tarix» əsərləridir. Həmçinin Pərvizin, Şərif Ağayaran romanları çap olundu. Demək olar ki, il məhsuldar oldu». Yazıçı qeyd edir ki, ötən il təkcə yeni əsərlərin çapı ilə deyil, həmçinin müxtəlif ədəbi hadisələrlə də zəngin olub: «Keçən il «Qızıl kəlmə» mükafatı təqdim olundu. Bu mükafata layiq görülən Salam Sarvan, Şərif Ağayar kimi ədəbiyyat adamları ilə birlikdə mən də var idim. Bu da bizim üçün bir hadisə idi. Daha sonra kitab sərgi-yarmarkası keçirildi. Bu, son illər kitaba nə qədər marağın artdığının göstəricisi oldu. Yarmarka əvvəlki illərə nisbətən daha canlı keçirildi. Hamıda bir ümid aşıladı ki, artıq kitab oxumağa olan meyl güclənib. İnanıram ki, gələcəkdə bu meyl daha da artacaq». Yazıçı hesab edir ki, ötən il ədəbi aləmi rövnəqləndirən ən böyük hadisə «Nəsimi ili»nin elan olunması və bu çərçivədə ilboyu görülən işlər olub: «Demək olar ki, keçən il ədəbiyyat ili oldu. Bu, biz ədəbiyyatçılara böyük stimul verdi. Bizi yazıb-yaratmağa daha da həvəsləndirdi. Hesab edirəm ki, hər bir ilin ədəbi hadisələrlə zəngin olması üçün əsərlər yazılmalıdır. Əsərlər yazılmasa, keçirilən heç bir tədbirin mahiyyəti olmaz. Fransada mənim, Şərif Ağayarın, Sahilə İbrahimovanın əsərlər çap olunacaq. Bu əsərlər tərcümə olunub, hazırda redaktə mərhələsindədir. Keçən il, həmçinin gənc yazarların müxtəlif əsərləri işıq üzü gördü. Ümumilikdə, ötən ili ədəbi hadisələr baxımından uğurlu saymaq olar”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər