• cümə, 29 Mart, 11:20
  • Baku Bakı 5°C

Əbədiyyət girovu

09.09.19 11:00 1371
Əbədiyyət girovu
Orda, Kremldə kədərin girdabında
İyirminci əsri anlamaq istədi
Pasternakı anlamayan
O qəzəbli, sərt adam
N.Korjavin

Boris Pasternak 70 il yaşayıb. Bu yaş həddi, şair üçün demək olar ki, normal hesab edilə bilər. O, Peredelkindəki bağında, ailəsinin əhatəsində vəfat edib. Həbs edilməməsinə, hətta dindirilməyə də çağırılmamasına, düşərgələr haqqında isə ancaq şahidlərdən eşitməsinə baxmayaraq, yenə də payına onu XX əsr rus ədəbiyyatının əzabkeşləri sırasına qatacaq iztirablar düşmüşdü.
Boris Pasternakın taleyi və yaradıcılığına maraq göstərən insanların sayı hər il artır. Onun anadan olmasının 100 illiyi təkcə vətənində deyil, Avropa və Amerikada da qeyd edilmiş, Moskvada 1913-cü ildən bəri çap edilən əsərlərinin yeni nəşr dalğasının başlanması nəzərdə tutulmuşdur.
Boris Pasternak Vladimir Mayakovskinin müasiridir. Otuzuncu illərdə onun əvvəlki şöhrəti yox olmuş, insanların diqqətini isə istər vətəndə, istərsə də bütün dünyada ömrünün qürubunda – 50-ci illərdə cəlb etmişdir. Həmin vaxtdan bu diqqət (xüsusilə də vətəndə) zəifləmir, əksinə artır. Yeni poetik kəşflərin dəyərindən isə ayrıca danışmaq lazımdır. Və bütün bunlar Pasternakın yaradıcılığının, xüsusilə də ilk şeirlərinin çətin anlaşılan olmasına rəğmən baş verir.
Hətta MK-nin siyasi bürosunun üzvü, hərbi və donanma işləri üzrə xalq komissarı Lev Trotski kimi poeziya bilicisi də müəlliflə ilk görüşündə (bu görüş 1922-ci ildə Sergey Yeseninlə Kremldəki görüşdən əvvəl baş tutmuşdu) etiraf etmişdi:
– Mən hələ dünən sizin kitabınızın sıx kollarının arasında axtarış etmişəm. Sizin orada nə ərz etmək istədiyinizi bilmək olar?
– Bunu oxucudan soruşmaq lazımdır. Məsələn, elə siz özünüz təyin edin – deyə həmin dövrdə hakimiyyətdəki ikinci adam olan həmsöhbətinin yüksək mövqeyindən azca da olsa çəkinməyən müəllif cavab verir.
Valeri Bryusova bu görüşlə bağlı yazdığı məktubunda oxuyuruq: "Trotski səfəröncəsi məni yanına çağırıb, yarım saatdan artıq müddət ərzində mənimlə ədəbi predmetlər barədə söhbət etdi.
O, "Bacı”ya ("Bacım – həyatım mənim” kitabı nəzərdə tutulur – L.K.) və digər bir-iki şeirə də eyham vuraraq bəzi suallar verdi. Ümumiyyətlə heyran qaldım. Onu da deməliyəm ki, bu sualları verərkən öz nöqteyi-nəzərində tamamilə haqlıdır. Mənim cavab və izahlarım yeni sosial orqanizmin sosial hüceyrələri kimi fərdiyyətçiliyin müdafiəsinə yönəlmişdi”.
Xoşbəxtlikdən "yüksək mövqeyə sahib ədəbiyyatçı” metafora kollarının arasından keçməyə və "qeyri-oktyabr” ədəbiyyatı haqqındakı silsilə məqalələrinin dərc edildiyi "Pravda” qəzetinin səhifələrində "Bacım – həyatım mənim” kitabı haqqında bəhs etməyə tələsmirdi.
Dünya gücləri ilə görüş zamanı şair heç bir xahiş etmir, ümumi diqqət mərkəzində olduqda şəxsi mənafeyini güdmürdü. O, hər zaman özü olaraq qalıb axının əksinə üzdü, əgər kiməsə nə isə aydın olmasa şəxsi mövqeyini izah etməyə hazır idi, amma bu mövqedən (möhkəm sərhədlər arxasında olduğu kimi) kənara çıxmırdı.
Yazıçıların ilk qurultayının keçirildiyi Kolonnı zalda çıxış etmək imkanı əldə etdikdə o, qələm yoldaşlarına müraciət etməkdən çəkinmədi:
"Öz mövqeyinizə görə kimisə qurban verməyin... Xalqın və dövlətin nəhəng hərarətinin əhatəsində bizim ədəbiyyat əyanına çevrilmək təhlükəmiz var. İlkin mənbələrə, vətənə və nəhəng insanlara olan böyük sevginin xatirinə bu nəvazişdən uzaqda dayanaq.”
Əgər bu məsləhəti həmin vaxt mövqeləri xatirinə qurbanlar verərək, təkcə əyan yox, həm də yazıçılar ittifaqının prokurorlarına çevrilən Aleksandr Fadeyev, Aleksey Surkov və başqaları eşitsəydi, neçə-neçə faciəli səhvlər baş verməz, nəticədə ədəbiyyat qazanmış olardı...
Şair "nəhəng insanlar” dedikdə kimi nəzərdə tuturdu?
Ən başda Sovetlərin 1921-ci ilin sonunda baş tutan qurultayında, insanların toplaşdığı Bolşoy teatrda məlum tarixi nitqi oxuyan, ölkəni yeni iqtisadi siyasətə əməl etməyə çağıran Lenini görürdü.
Leninin çıxışı zaldakı hər kəs kimi Pasternakda da güclü təəssürat yaratdı, bu nitq sonralar "Yüksək nasazlıq” poemasının finalında yer aldı.
Onu üzbəüz gördüyüm zaman,
düşündüm, düşündüm mən dayanmadan
müəllifliyi və hüququ haqda.
Adı da cəsarət yaratdı o an.

Ardınca mənaları hələ indi anlaşılmağa başlayan kahinvarı sətirlər gəlir:

Bir çox nəsillərin sıralarından
Kim isə bir nəfər çıxır irəli.
Güzəşti yaşadan o dahi gəlib
Qisas alır keçən zamandan ötəri.


Poemanın təkrar nəşri zamanı 1928-ci ildə yazılmış bu sətirləri çıxarmışdılar. "Böyük dönüş”ün başlanğıcından sonrakı zülm ölkədəki hər kəs tərəfindən hiss edildi, bu isə müəllifin bir vaxtlar "nəhəng insanlar”ın sırasına kimləri aid etməsinə əsaslanırdı.
Şairin həyatının son on dörd ilində ən yaxın və etibarlı insan olan Olqa İvinskayanın Pasternakdan eşitdiyi və qələmə aldığı xatirələrində Stalinlə görüşün iyirminci illərin ortalarında baş tutduğu qeyd edilir. Rəhbər eyni zamanda üç böyük şairi yanına dəvət etmişdi – Yesenini, Mayakovskini və Pasternakı. Söhbətin eyni mövzudan – gürcü şairlərinin tərcüməsindən getməsinə baxmayaraq, onların hər biri ilə ayrı-ayrılıqda görüşən Stalin bu işə ən yaxşı rus şairlərini cəlb etmək istəyirdi.
"O, şövq yaratmağa çalışaraq danışırdı. Onlardan əsl yaradıcı pafos gözlənildiyini, "dövrün carçıları” rolunu öz üzərlərinə götürməli olduqlarını deyirdi.”
Mayakovskinin gürcü əsilli olmasına, Yesenin bir müddət orada yaşamasına baxmayaraq, heç biri tərcümə ilə məşğul olmamışdı. Pasternakın sonralar bir çox gürcü şairlərindən tərcümələr etməsində isə, həmin görüşün birbaşa rolunun olduğu istisna deyil.
Rəhbərlə söhbətdən bir çox illər sonra Stalin cinayətlərinin miqyası məlum olduğu zaman Pasternak onu bu cür təsvir edirdi:
"Yengəcə oxşayan bir adam alatoranlıqdan mənə doğru hərəkət etdi. Çopurla örtülü sifəti bütünlüklə sarı rəngdə idi. Həddən artıq enli gövdəli olan bu cırtdan-adam boy ölçüsünə görə on iki yaşlı oğlanı xatırlatsa da, olduqca qocaman sifətə malik idi”.
Amma bu obraz tezliklə formalaşmadı. İstər sovet, istərsə də bir çox xarici ədəbiyyatçılar kimi (onların arasında dünya mədəniyyətinin qabaqcıl adları yer alırdı) Pasternak da Stalinin güclü təsiri altında idi. Müəyyən zaman zülmün əsas səbəbkarı olan rəhbər həmin anda etiraz etməyi bacarmayan şairi "heyran etməyə” müvəffəq olmuşdu. Şair hətta törədilən qəddarlıqlara tarixi bəraət də qazandırmağa çalışır, tarixdə buna bənzər analogiyalar axtarıb tapırdı:
...Pyotrun xoşbəxt günlərinin başlanğıcı
Üsyan və edamların yoxluğu.

Bu sətirlərin tarixi 1931-ci il göstərilib.
"Otuzuncu illərin əvvəllərində yazıçılar arasında kolxozlara gedib kitab üçün yeni kəndlər haqqında materiallar toplamaq ənənəsi var idi. Mən də kitab yazmaq niyyəti ilə onlarla birlikdə səfərə yollandım. Mənim orada gördüklərimi sözlərlə ifadə etmək mümkün deyil. Bu, o qədər insanlıqdan kənar, təsviredilməz kədər, dəhşətli müsibət idi ki, az qala abstrakt vəziyyətə çevrilir, şüurun sərhədləri daxilinə sığmırdı. Mən xəstələndim. Bir il ərzində yata bilmədim.” Boris Pasternak xatırlayırdı.
Amma həmin sarsıdıcı hal sonuncu deyildi. Otuzuncu illərdə Moskva sürətlə böyüyür, göz önündə dəyişirdi. Qədim məhəllələr sökülür, küçələr genişlənir, hündürmərtəbəli evlər inşa edilirdi. Yetin altında metro qatarları şütüyür, faytonlar yoxa çıxır, sovet istehsalı avtomobillərin sayı artırdı.
1936-cı ilin ilk günündə keçirilən yazıçıların birinci qurultayında çıxış edərək Pasternakın yaradıcılığını yüksək qiymətləndirən Nikolay Buxarinin redaktoru olduğu "İzvestiya”nın səhifələrində şairin gələcəyə ümid vəd edən iki gözəl şeiri dərc edilmişdi. Onlardan birində Leninin adı ilə bərabər Stalinin də adı çəkilirdi.

Həmin günlər uzaqlarda qalıb –
Qədim daş divarın arxasında.
İnsan yox hərəkət yaşayır –
Dünya boyda əməlləri olan.


Görünür, bu əsərlərin dərc olunması gizli qalmadı. Bütün ədəbi yenilikləri diqqətlə izləyən, mövcud olmayan oxucularının bəxti gətirmədiyindən siyasətə üstünlük verən şəxs özü də gənclik illərində rus dilində duyğu dolu şeirlər yazmışdı.
Həmin nəşrdən az sonra Yazıçlar ittifaqına Stalinin köməkçisi Poskrebışev zəng edərək Babel və Pasternakın Parisə beynəlxalq konqresə göndərilməsini tapşırdı.
Şair həmin zaman ona təqdim edilən nadir imkandan yararlanmalı olsa da, çıxıb getməyə üstünlük verirdi. Köməkçi yenidən zəng edib:
– Pasternak və Babel yoldaşlara çatdırın ki, bu, yoldaş Stalinin istəyidir... – dedi.
Təcili olaraq əşyaları toplamalı və order əsasında qapanmış atelyedə rəsmi görüş üçün nəzərdə tutulan kostyum tikdirməli oldu.
"İzvestiya”dakı nəşrdən bir il sonra böyük terror başladı, bir çox şairin (o cümlədən də, Parisə Pasternakla birgə yollanmış yol yoldaşının) boynu vuruldu.
Amma edam şairin özündən yan keçdi. Səbəbi isə hər kəsdə maraq doğurur...
Danışırlar ki, "ən nəhəng insan”ın təqdim etdiyi növbəti gizli siyahıda Pasternakın soyadı da olub, lakin "prokurator” hökmü "Bu mələyə toxunmayın” sözləri ilə ləğv edir.
Gürcü dilindən tərcümələrlə bağlı görüşdən başqa Stalinin şairlə daha ciddi, onun haqqında gəldiyi "mələk” qənaətinin daha da möhkəmlənməsinə səbəb olan telefon danışığı olub.
Zəngdən əvvəl faciə baş vermişdi. 1934-cü ilin bir yaz günündə Osip Mandelştam Puşkindən başlayaraq Rusiyanın bütün böyük şairlərinin ayaq basdığı Tver bulvarında Boris Pasternaka bu gün hər kəsə məlum olan şeirlərini oxuyur:
Ayağımız altındakı ölkəni hiss etmədən yaşayırıq –
on addımda da eşidilmir çıxışlarımız...

Bu cür yazıların oxunmasının müəlliflə bərabər, dinləyici üçün də təhlükəli olduğunu başa düşən Pasternak qəti şəkildə deyir:
– Nə mən bunları eşitdim, nə də siz bunları oxuduz. Çünki bilirsizmi indi qəribə, qorxulu hadisələr baş verir, insanları həbs edirlər, mən divarların da qulaqlarının olmasından qorxuram, bəlkə də, bulvardakı skamyaların da eşitmək, danışmaq bacarığı var. Ona görə də belə hesab edək ki, mən heç nə eşitməmişəm.
Amma bəzi sözgəzdirənlər bu qiyam dolu şeirlər haqqında lazımi orqanlara xəbər verirdilər.
Bax elə o zaman – Mandelştamın həbsindən sonra 1934-cü ilin mayında Volxonkada yerləşən kommunal mənzilin dəhlizindəki telefon zəng çaldı, Pasternak qulağına möhkəm sıxdığı dəstəydə Stalinin səsini eşitdi. Rəhbər danışmağa başlamamış şair qonşu uşaqların dəhlizdə oynadığı üçün dəstəkdə səsin aydın eşidilmədiyini deməyə macal tapdı. Uşaqları susdurmaq isə onun ağlına gəlmirdi.
– Deyin görək, Mandelştamın həbsi barədə sizin ədəbi çevrələrdə nə danışırlar? – birinci səs soruşdu.
– Bilirsizmi, heç bir söz deyilmir, çünki bizdə ədəbi çevrələr yoxdu. Heç kim heç nə demir, çünki kimsə nə deyəcəyini bilmir, qorxurlar.
Həbs edilənlə bərabər, həm də öz taleyinin bu söhbətdən asılı olduğunu başa düşən şair söhbəti bu cür özünəməxsus tərzdə davam etdi. Bəs birdən Stalin "Kremldəki dağlı” və bu qəbildən olan digər şeirlər barədə birbaşa sual versə, nə cavab verməli? Pasternak hesab edirdi ki, səmimi müsahib məlumatlı olduğunu həmin "intihar” sətirlərində ələ verə bilərdi.
Lakin onlar barədə söhbət olmadı. Bir anlıq susduqdan sonra şairin cavabını düşünən rəhbər başqa xüsusda sual verdi:
– Yaxşı, indi mənə de görüm, Mandelştam haqqında sən özün nə düşünürsən? Ona bir şair kimi münasibətin necədir?
– Əlbəttə o, çox böyük şairdi, amma bizim heç bir ortaq cəhətimiz yoxdur – biz şeiri sındırırıq, o isə akademik məktəb keçib... – deyə Pasternak söhbəti ədəbi müstəvidən uzaqlaşdırmağa çalışaraq cavab verdi.
Ardınca Stalinin qarşısına qoyduğu məqsəddən uzaq olan bu mövzu ətrafında danışıldı.
– Görürsən, sən yoldaşını müdafiə edə bilmədin, – deyən rəhbər vidalaşmadan dəstəyi qoydu. Bu cür dönüşü gözləməyən çaşqın Pasternak sadəlövhcəsinə Kremlə zəng etməyə çalışır, telefonçu qızlar isə cavab verirlər ki, "yoldaş Stalin məşğuldur”.

Pasternakın xatirələrini qələmə alan Olqa İvinskayanın təxmin etdiyi versiya budur. Mandelştamın həbsi gözləri qarşısında baş verən Anna Axmatova da memuarlarında bu barədə yazır. A.Axmatova kömək üçün Kremlə, Ümumrusiya Mərkəzi İdarə Komitəsinin katibi, həmin zamanlar qüdrətli şəxs olan Yenukidzenin, Pasternak isə hələ yüksək mövqeyini qoruyub saxlayan Buxarinin yanına tələsir. Axmatova qeyd edir: Stalin sual verməzdən əvvəl sərəncam verdiyini və Mandelştamla bağlı hər şeyin qaydasında olacağını söylədi.
Rəhbər Pasternakdan nə üçün narahatlıq keçirmədiyini soruşdu. "Əgər mənim şair dostuma bəla üz vermiş olsaydı, onu xilas etmək üçün az qala divara çıxardım”. Pasternak cavabında dedi: "Əgər mən narahatlıq keçirməsəydim, Siz bu məsələdən xəbərdar olmayacaqdız”. "Yazıçıların təşkilatlarına nə üçün müraciət etmədiz?” – "Yazıçı təşkilatlar 1927-ci ildən bəri bu işlərlə məşğul olmurlar”. – "Amma o, sizin dostunuzdu axı”. Pasternak duruxdu və Stalin uzunmüddətli sükutdan sonra davam etdi: "Həm də o, işinin ustasıdır”. Pasternak cavabında "Bunun məsələyə dəxli yoxdur” dedi. Boris Leonidoviç düşündü ki, rəhbər onun Mandelştamın şeirləri haqqında xəbəri olub-olmadığını yoxlayır, öz qərarsız cavablarını da bununla izah etdi. "Biz ancaq və ancaq Mandelştamdan danışırıq, mən nə vaxtdır sizinlə söhbət etmək istəyirdim” – "Nə barədə?” – "Həyat və ölüm haqqında”. Stalin bu sözləri eşidən kimi dəstəyi asır.
Pasternakın duruxmasının səbəbi aydın idi – o, Mandelştamı heç vaxt dost hesab etməmişdi. Onlar arabir görüşür, bəzən Mandelştam qonaq gəlir, yeni şeirlərini oxuyur, əsasən tərcümə ilə məşğul olmamaq kimi məsləhətlər verirdi. Amma bütün bunlar onun anlayışında dostluq deyildi. Pasternakın arvadına elə gəlirdi ki, Mandelştam onun ərinə münasibətdə özünü təkəbbürlü aparır. Onun ədəbiyyatçılar mühitindən həqiqi dostları gürcü şairlər və onların arvadları idi.
Nadejda Mandelştam yazırdı: Boris Leonidoviç həmsöhbətilə, hamımızla – mənimlə, Anna Andreyevna ilə (Axmatova – L.K.) olduğu kimi söhbət edirdi. Və biz hər üçümüz – A.A., O.E. (Osip Mandelştam - L.K.) və mən bunu yüksək qiymətləndirirdik".
Axmatovanın dediyinə görə onlar "ayrılmaz dördlük” olaraq tanınırdı.
"Gözlənilməz son hədd” zamanı nə deyilmişdi?
Bəlkə şairin telefon zəngindən uzun illər sonra heykəltəraş Zoya Maslennikovaya dedikləri nəzərdə tutulur?
"Şairlər gözəl qadınlar kimidi, onlar üçün bir-birinin dəyərini qiymətləndirmək asan deyil”.
Hətta bir az da aydın şəkildə bunları dedi:
"Əgər Mandelştamın sovet adamı olması haqqında təminat lazımdırsa, onu sizə verirəm”.
"Kreml dağlısı”, "Qatil” kimi şeirlərlə tanışlıqdan sonra bu sözləri demək onun ən azı cəsarətli olmasından xəbər verirdi.
Pasternak özünü başqaları kimi aparmırdı. Gah Pilnyaka və digər yazıçılara böhtan atılan zaman olduğu kimi gözlənilmədən ətrafdakıların gözü qarşısında rüsvay edilənlərin köməyinə tələsir (bu zaman alov onun özünü qarsımağa başlamışdı), gah da fransız yazıçısının SSRİ haqqında yazdığı kitaba görə mühakimə edildiyi məktubu imzalamaqdan imtina edir. Öz qərarını isə bu cür əsaslandırırdı:
– Mən kitabı oxumamışam.
Şair marşal Tuxaçevskini edam etməyi tələb edən xora da qoşulmaqdan imtina etmiş, qəzəbə tuş gəlmiş Buxarinə səmimi məktub yazmışdı. Görünür, Pasternakı cəzalanmaqdan "mələk”, az qala "təlxək” reputasiyası xilas etmişdi, məlum olduğu kimi zalımların qarşısında ancaq həqiqəti söyləməyə icazə verilirdi.
1937-1939-cu illər repressiyaları zamanı Pasternakın Stalinə qarşı düşüncələri kəskin şəkildə dəyişir, o, artıq Pyotru xatırlatmırdı.
Artıq Pasternak qardaşını, Tabidzeni, Mandelştamı, Meyerxoldu, yüzlərlə tanışını, qohumlarını, dostlarını həbs etdikləri kimi onu da hər an həbs edə biləcəkləri düşüncəsi ilə yaşamağa başlamışdı. Lakin, daim qorxu içərisində yaşamasına baxmayaraq, "simasını qorumağa” çalışırdı. Həmin dövr üçün normal davranış forması olmasına baxmayaraq, artıq Stalin haqqında şeir yazmırdı.
Fərqli düşüncələrinə görə onu tənqid etməyə başladılar, iclaslara dəvət etmədilər, ən əsası çap etməyi dayandırdılar.
Tərcümə fəaliyyətinə – əsasən gürcü dilindən tərcümələrə başladı.
Bununla da şəxsi yaradıcılıq donduruldu, amma şairin ömrü "böyük terror” illərində yarım qalmadı, əksinə hələ bundan sonra iyirmi ildən artıq yaşadı. "Qoca” sözünün şairin obrazı ilə heç cürə uyuşmamasına baxmayaraq, "Velikomuçenik” hünərini ahıl yaşlarında göstərmək nəsib oldu.
***
Pasternak şöhrətin ilk zirvəsinə otuzuncu illərin əvvəllərində çatmışdı. Mayakovskinin intiharından sonra sanki poeziya kralının taxtı boşalmışdı, "Doqquz yüz beşinci il”, "Leytenant Şmidt” poemaları isə müəllifi həmin məqama doğru aparırdı.
Bu istiqamətdə xüsusilə sevimli şairini öz ardıyca az qala uçuruma aparacaq olan Nikolay Buxarin daha çox cəhd göstərirdi.
Pasternak o nadir şairlərdən idi ki, səs-küylü şöhrətə, xüsusilə də hakimiyyət tərəfindən olan ictimai qayğıya ehtiyac hiss etmirdi. O, hətta səmimiliyinə şübhə yeri qoymayan etiraf da etmişdi:
Heç yaxşı əlamət deyil
Göyə ucalan insan.
Arxivlər yaratmağa nə gərək var ki,
Üstündə əsdiyin əlyazmalardan.

Pasternak bu gün hər bir möhtərəm arxivdə mühafizə ediləcək qaralamalarını sobada yandırırdı.
Onun şüuru məişətlə bağlı deyildi. O, qəlbinin mənəvi qanunları ilə yaşadığından, mənəvi yolu dünyəvi nizamsızlıqdan asılı deyildi. Buna görə də yığıncaqlarda və dövrü mətbuatda davamlı olaraq başının üzərində dolaşan uğursuz tənqidlər olduqca yüngül qarşılanır, iş qabiliyyətinə, əhvalına təsir etmir, adət etdiyi cığırdan sapması halı baş vermirdi. Bu isə onun bədxahlarının qəzəblənməsinə səbəb olurdu.
1933-cü ildə "Mühafizə fərmanı” avtobioqrafik nəsr əsəri qadağan edildiyi zaman şimşəklərdən biri guruldadı.
Şairin, həyatın yaxşılaşması və rejimin yumşalması xüsusunda keçmiş illüziyalardan qurtulması ilə onun rəsmi dairələrdən uzaqlaşdırılması başladı. Elə bu zaman sübut etdi ki, onun son zamanlar dilə gətirdiyi "mövqeyə görə şəxsiyyətini itirməmək” şüarı təkcə gəlişigözəl sözlər deyildi. O, incəsənətə münasibətdə Şostakoviçin musiqisi haqqında direktiv məqalələrlə təbliğinin həyata keçirildiyi istiqamətin əksinə gedirdi. Böyük bəstəkarı zəhərlədikləri yığıncaqda iştirak edən "Rəhbər” və "İlahi”nin ağzından birdən-birə bu sözlər eşidilmişdi: "Qışqırmayın, əgər qışqırırsızsa, hamınız eyni səslə qışqırmayın, müxtəlif səslərlə qışqırın.”
Bu mənəvi dağıntı haqqında şairin etirafı da diqqətçəkəndir: "1936-cı ildə, məhz bu qorxunc proseslər başladıqda mənim üçün hər şey mənasını itirdi. Zamanla baş verən bərabərləşmə isə onunla mənim aramda açıq-aşkar mübarizəyə çevrildi”.
Gördüyümüz kimi, Boris Pasternak müasirlərini düz iyirmi il qabaqlamışdı. O, N.S.Xruşovun partiyanın XX qurultayındakı çıxışından sonra insanların həqiqəti başa düşdüklərini mənən duyurdu.
İyirminci illərin sonundan şair şərti adı "İnqilab” olan "ölüm və həyat” haqqında, ədəbi nəslinin taleyindən bəhs edən povest yazmağa başladı. Povest böyük həcmli romanın bir hissəsi olmalı idi. Roman-epopeya haqqında düşüncələr şairi uzun illərdir təqib edirdi.
Bacısı Olqa Freydenberqin 5 oktyabr 1946-cı il tarixi qeyd edilmiş məktubundan məlum olur ki, o, 1902-1946-cı illər aralığında bütün zamanını, əvvəlcə "Oğlanlar və qızlar” adlanan romana həsr etmiş, həmin məktubun yazıldığı tarixdə nəzərdə tutulan əsərin dördüncü və ya beşinci hissəsini bitirmişdir. "Bütün bunlar olduqca ciddi işlərdir. Mən artıq qocalmışam, yəqin ki, tezliklə öləcəyəm, buna görə də azad fikirlərimi ifadə etməyi təxirə salmaq olmaz”.
1946-cı ildə özünü qoca hesab edən Boris Pasternakın 56 yaşı tamam olurdu. Elə həmin ilin payızında şairin, "Novıy mir” jurnalının redaksiyasında poeziya şöbəsinin əməkdaşı, tərcüməçi Olqa İvinskaya ilə tanışlığı baş tutur. Beləliklə, payına düşən əzabların öhdəsindən gəlməyə kömək edən sevginin təməli qoyulur.
Romanı yazmağa başladığı zamandan bəri onu heç kimdən gizlətmirdi. Hazır fəsilləri həm öz evində, həm də qonaqlıqda olduğu zaman dostlara, tanışlara oxuyurdu. O, sovet oxucusu üçün yazırdı. 23 yanvar 1947-ci ildə "Novıy mir” jurnalının redaksiyası ilə romanın dərci üçün bağlanmış müqavilə bunun əsas sübutudur. Qiraət zamanı dostlar məsləhət verir, əsasən "arxa plandakı fikrin inqilabi fonunu gücləndirmək və ətraflı təsvir etməyi” təklif edirdilər. Romanı dinləyən bağ qonşusu Konstantin Fedin Stalinin adının xatırlanmasından heyrətə gəldi. Pasternak isə bu iraddan nəticə çıxarmadı.
Yazıçıların birinci qurultayında şairin əleyhinə çıxış edən köhnə bədxahlardan olan Aleksey Surkov jdanovşinanın (Jdanov doktrinası. KPMK katibi A.Jdanov tərəfindən 1946-cı ildə əsası qoyulmuş sovet mədəni hərəkatı – X.N.) carçılarından biri olan "Mədəniyyət və həyat” qəzetində Pasternaka "hücum etmişdi”. Tam əsaslı şəkildə siyasi donosa aid edilməli olan məqalədə iddia olunurdu ki, "...sovet ədəbiyyatı onun poeziyası ilə barışa bilmir”.
Moskvada Pasternakın "əksinqilabi roman” yazması haqqında söz-söhbət yayıldı.
Aleksey Surkovun ardınca Aleksandr Fadeyev Pasternakın "ideya düşmənlərimizdən” biri olduğunu bildirdi.
Hücumlar 1948-ci ildə də davam etdi. Nəticədə "Seçilmiş”in çap edilmiş cildi məhvə sürükləndi. Bu hadisə aprel ayına təsadüf edirdi. Elə həmin ayda Pasternak yazırdı: "Şikayət etməyim üçün səbəb yoxdur, həyatımdan razıyam. Amma romanı tezliklə yazıb bitirmək istəyirəm”. Yazıçı artıq həmin dövrdə əsəri "Doktor Jivaqo” adlandırmaq qərarına gəlmişdi. Müəllifin təsəvvüründə şeir yazan əsas qəhrəman "Pasternak, Blok, Yesenin və Mayakovskinin ümumiləşmiş obrazı” idi.
Növbəti ildə Pasternak romanın ikinci hissəsini yazmağa başladı. Elə həmin dövrdə kosmopolitizmlə mübarizə baş qaldırdı. Hücumlar yenidən hərəkətə keçdi, bu dəfə onun nəsil-kökü ön plana çəkilirdi. Lakin bu təqiblər şairin uzun illərdir gözlənilən həbsi ilə müqayisədə heç bir şey idi.
Həbs 1949-cu ilin payızına təsadüf etdi. Lakin onu deyil, Olqa İvinskayanı həbs etdilər. Həbsdən on dörd gün sonra isə qadını, qarşısında Pasternakın imzalı kitabları düzülmüş müstəntiqin yanına apardılar.
"Sizin Pasternakla xaricə qaçmaq istəməyinizə səbəb nədir” müstəntiq A.S.Semyonov soruşdu. "Bizdə dəqiq məlumatlar var. Məsləhət görürəm ki, düşünüb cavab verəsiz, Pasternakın yazdığı romanın antisovet məzmunundan xəbəriniz varmı?”
Müstəniq İvinskayanın ifadəsini oxuduqda bəyan edir: "Siz lazım olanı yazmırsız. Yazmalısız ki, o, sovet gerçəkliyinə böhtan atır”.
İvinskayanın həbsindən yarım il sonra Pasternakı Lubyankaya çağırdılar. Telefonda onun tezliklə gəlməsi təklif edilirdi. İvinskayadan müsadirə edilmiş kitabları və məktubları Lubyankada ona təqdim etdilər.
Olqa İvinskayanı həbs edib sürgünə göndərmişdilər. Şairi isə həbs etməsələr də bu yolla cəzalandırırdılar.
O, bu zərbəyə də mətanətlə dözdü. "Mən yenə də istədiyim kimi yaşayıram, həyatım bahasına başa gəlsə də sağ-salamat və xoşbəxtəm”, – "sevgi qayığı” sürgün çaylarının soyuq sularında uzun müddətlik üzüb getdikdən bir il sonra yazırdı.
Xoşbəxtlik və həyat eşqini yazmaqdan alırdı. Roman bitdi, Hötenin, Şekspirin tərcüməsi yekunlaşdı.
Lakin gücü tükənirdi, 1952-ci ilin payızında ilk infarkt oldu. Bütün zavallılar kimi Pasternakın da beş saat uzanıqlı vəziyyətdə qəbulda gözlədiyi Botkinski xəstəxanasına apardılar, palatada yer boşalana kimi gecəni dəhlizdə keçirdilər. Hətta burada da – ölümlə təkbətək qalarkən pəncərədən görünən ağacların təpəsindən boylanan Moskvanın şəfəqlərinə nəzər salaraq, öz sözləri ilə desək, dua edir və "xoşbəxtlikdən sevinərək ağlayırdı”.
1953-cü ilin payızında Olqa İvinskaya da başqa günahsızlar kimi sürgündən qayıtdı. Pasternak isə bu zaman da "mənim zamanım hələ gəlməyib” düşüncəsi içərisində yorulmadan Yuri Jivaqonun dəftərinə roman və şeirlər yazırdı. Stalinin ölümündən bir il sonra şeirləri "Znamya” jurnalının aprel nömrəsində "Romandan on şeir” başlığı ilə dərc edildi.
"Havalar qısa müddətlik mülayimləşdi”, amma "ədəbiyyatın əyanları” ilə isinməyən münasibətlər, "rəsmi mühit”lə də son həddə idi. İfşa edilmiş kultun yerinə yeni "şəxsiyyətsizlik kultu” formalaşmağa başladığını ilk anlayan şəxslərdən biri Pasternak oldu.
Şəxsiyyət kultu itirib qüdrətini
Mənasız ifadələrin kultu
Meşşan və şəxsiyyətsiz kult
Yüz dəfələrlə böyüyüb.
Hər gün acizlik yaşayırıq
Yer tapmırıq özümüzə
Faktiki qruplar isə
Donuzsifətlilərdi ancaq.

Qar əridi, bahar gəldi, redaksiya isə "Doktor Juvaqo”nu çap etməyə tələsmirdi.
Konstantin Fedin məhdud çevrədə romanı "möhtəşəm” adlandırsa da, "Novıy mir” jurnalının redaksiya heyətinin müəllifə etiraz edən beş üzvünün imzaları arasında K.Fedinin də imzası yer almışdı. Bu hadisə 1956-cı ilin sentyabr ayının ortalarına təsadüf edirdi.
Amma bu imtinadan bir neçə ay əvvəl mayda belə bir hadisə baş verdi. V.M.Borisov və E.B.Pasternakın bioqraflarının yazdıqlarına görə "1956-cı ilin mayında Yazıçılar birliyinin əcnəbi kollegiyasının üzvlərindən biri Pasternakın evinə İtalyan kommunist partiyasının üzvü, Moskvadakı italyan radioyayımının əməkdaşı Sercio D’ancelonu tanışlıq məqsədi ilə qonaq gətirdi”.
Burada bir məqama aydınlıq gətirmək istərdim. Boris Leonidoviç romanın əlyazmasını mütaliə üçün vermirdi. Məqsədi əsərin sərhəddən uzaqda çap edilməsi idi, çünki romanın vətəndə nəşrinə inamı demək olar ki, qalmamışdı.
"İtaliyanın nəhəng naşiri Feltrinellinin emissarı (nümayəndə - X.N.) Sercio D’ancelo bu gün qonağım oldu – şair Olqa İvinskayaya xəbər verdi. O, mənim romanımla maraqlandı. Mən isə dedim ki, əgər əsər onların xoşuna gəlsə, onu istədikləri kimi istifadə edə bilərlər”.
"İstədikləri kimi istifadə edə bilərlər” – bu cümlə heç də "tanışlıq”a oxşamırdı.
Doğrudur, Pasternak özü əcnəbi naşirlərlə görüşə can atmır, onlara müraciət etmirdi. Lakin 1956-cı ilin mayın sonunda hadisələrin axarıyla atdığı həmin qəti addıma hazır idi. İtalyalı kommunist müəlliflə söhbət əsnasında diqqəti partiyanın XX qurultayından sonra ölkədə və dünyadakı siyasi iqlim dəyişikliyinə yönəltdi. Qısa müddətli söhbətin ardınca Pasternak evdə kimsəyə bir söz demədən, heç kimlə məsləhətləşmədən romanın əlyazmasını təqdim etdi. Vidalaşarkən isə italyana dedi: "Siz məni öz edamıma dəvət etdiniz”. Əslində isə o, hər şeyə hazır idi, hətta edama da.
Naşir əlyazma ilə tanış olduqdan sonra romanı italyan dilində nəşr etmək niyyətini xəbər verdikdə, Pasternak 30 iyunda göndərdiyi cavab məktubunda buna şad olacağını bildirdi. Əlavə olaraq isə: "Əgər onun bir çox vəd verən jurnallarda nəşri geciksə və siz onları qabaqlasaz, mənim vəziyyətim faciəvi olacaq” deyə qeyd etdi. Lakin nə edam, nə faciə, heç bir şey məşəqqətli romanı çap etmək istəyən müəllifin qarşısını kəsmək iqtidarında deyildi.
Həm Olqa İvinskaya, həm də şairi təhlükəli vəziyyətə saldığını başa düşən Sercio D’ancelo "işi təxirə salması” haqqında naşirə teleqram göndərməsi barədə
Pasternakı dilə tutsalar da vəziyyət dəyişmədi:
"Pasternak az qala qışqırırdı ki, biz onunla ləyaqətsiz insan kimi rəftar edirik. "Mənim bu yaxında "Doktor Jivaqo”nun çap edilməsi həyatımın başlıca məqsədidir”, deyə yazdığım Feltrinelli barəmdə nə düşünəcək?”
Moskvadan işin "yubandırılması” ilə bağlı göndərilən teleqram latın hərfləri ilə rus dilində yazılmışdı. Lakin bu addım heç bir nəticə vermədi. Verə də bilməzdi.
Çünki Y.Yevtuşenkonun xatirələrindən məlum olduğu kimi müəllifin naşirlə anlaşmasında "yalnız fransız dilində yazılmış teleqram və məktublara etibar etməli!” – deyə qeyd edilmişdi
"Doktor Jivaqo” 1957-ci ilin noyabrında italyan dilində çapdan çıxdı. Romanın yer kürəsində təntənəli yürüşü başladı, iki il ərzində o 24 dildə nəşr edildi!
İtaliyadakı nəşrdən bir il sonra İsveç Elmlər Akademiyası Pasternakı Nobel mükafatına layiq gördü. Ondan əvvəl bu şərəfə rus müəlliflərdən İvan Bunin layiq görülmüşdü. "Sonsuz minnətdaram, mütəəssirəm, fəxr edirəm, heyrətlənmişəm, utanıram”, – şair Stoqholma göndərdiyi teleqrafda qeyd etmişdi.
"Ədəbiyyat əyanları”, ilk növbədə də Pasternakı xəyanətdə ittiham etmiş Aleksey Surkov tamamilə başqa hisslər duyurdu.
Bir gün Konstantin Fedin bağ evinə gələrək bəyan etdi ki, Pasternakdan "öz xoşu ilə” mükafatdan imtina etməsi tələb edilir.
Stalin öz zamanında analoji mövzuların çapına qarşı olduğundan daha güclü təqib başlandı. İuda, zavallı doktor Yuri Jivaqo və müəllif eyni sıraya qoyulurdu. Nikolay Serqovantsev və Vladimir Firsovun rəhbərliyi ilə Litinstitutun tələbələrinin bir hissəsi şairi xaricə göndərmək tələbi altında nümayiş keçirdilər.
Məhz bu hədə-qorxu onu mükafatdan imtina etmək, rəsmi şəraitin təzyiqinə güzəştə getmək kimi mühüm qərar qəbul etmək düşüncəsinə gətirib çıxardı. Yenidən heç kimlə məsləhətləşmədən, heç kimə demədən teleqraf vasitəsilə məlumat yolladı:
"Mənsub olduğum cəmiyyətin sizin qiymətləndirmənizə verdiyi önəmdən dolayı layiq olmadığım halda uyğun gördüyünüz mükafatdan imtina etməliyəm. Xahiş edirəm, mənim könüllü imtinama görə inciməyin.” Teleqramın göndərildiyi 29 oktyabr Pasternakın həyatında ən qaranlıq gün oldu. Məhz həmin gün axşam ÜGLKİ MK (Ümumrusiya gənclərin Lenin kommunist ittifaqının mərkəzi komitəsi – X.N.) iclasında təşkilatın rəhbəri V.E.Semiçastnı çıxış edərək şairin SSRİ-dən uzaqlaşdırılmasını təklif etdi. Çıxışın əvvəlində onu "yaramaz qoyun”la müqayisə etdi. Sonra açıq şəkildə donuzla qarşılaşdırdı, bundan sonrakı müqayisələrdə də heyvanlara üstünlük verildi. Bu yaxınlarda V.Y.Semiçastnının bu aksiyanın təfərrüatından bəhs etdiyi müsahibəsində bu sözlərin müəllifinin əsl adı məlum oldu. Bu, donuz və qoyun obrazları ilə danışılan çıxışın layihəsinin rəhbəri N.S.Xruşov idi. Çıxışa M.A.Suslov tərəfindən düzəliş edilirdi.
Ən heyrətlisi budur ki, həmin zaman nümayişə çıxanlar, şairin Yazıçılar İttifaqından çıxarılmasına səs verənlər, mətbuatda qınayanlardan nə Semiçastnı, nə Xruşov, nə də Suslov romanı oxumamışdılar. Yaddaşlardakı 1937-ci il hadisələri təkrarlanırdı.
Şairin ömrünün 69-cu ilində payına bax belə dəhşətli əzablar düşdü.
Pasternak düşündü, təhdidlərdən qorxdu, mühacirətə yollanmaq barədə yazdı, amma elə həmin an kağızı cırdı: "Qoy günlər həminki qaydada keçsin, adət etdiyim narahatlıqlar və hətta həmişəki təqiblər davam etsin”.
Şairin evinə həkim göndərdilər ki, gözünü üstündən çəkməsin, özünə qəsd etməsinə imkan verməsin. 31 oktyabrda Pasternak Xruşova bu məzmunlu məktub yolladı: "...Mən anadan olandan bəri, həm həyatım, həm də işimlə Rusiyaya bağlıyam... Vətəndən kənara köçmək mənim üçün ölümə bərabərdi. Bu səbəbdən xahiş edirəm, mənə qarşı bu cür tədbir görməyəsiz. Əlimi ürəyimin üstünə qoyaraq deyə bilərəm ki, mən sovet ədəbiyyatı üçün nə isə etmişəm və hələ ona gərəkli ola bilərəm”. Məktubun göndərildiyi həmin gün Yazıçılar İttifaqının ümumi yığıncağında Pasternakı öz sıralarından uzaqlaşdırdılar.
Rus ədəbiyyatının şərəfinə həmin günlər poemalar, romanlar və pyeslər müəllifinin əleyhinə coşqunluq göstərən kütləyə qarşı meydanda döyüşçüyə çevrilmiş bir insan tapıldı. Bu "Doktor Jivaqo”nun çap edilməsi nəzərdə tutulan, lakin həyata keçirilməyən nəşriyyatın redaktoru idi. O, romanı bir neçə dəfə, əlində qələmlə oxumuş, məzmunun dərinliyinə varmış və bu zaman indi hər kəsə məlum olanları başa düşmüşdü. Həmin vaxt Anatoli Vasilyeviç Starostin ayağa durub dedi:
– Mənim əlimdə mükəmməl sənət əsəri var. Siz isə onu təqib vasitəsinə çevirmisiz.
Beləliklə, Yazıçılar İttifaqının üzvlərinin sayı bir nəfər qədər azaldı. Amma SSRİ vətəndaşlarının sayında azalma baş vermədi. MK-yə gəlmiş şairə elan edildi ki, ona Vətəndə qalmağa icazə verilib.
Pasternakın azadlıq arzusu ona baha başa gəldi. Qışqırıqlar səngiyəndə o, "Nobel mükafatı” şeirini yazdı:
Qovulan heyvan kimi keçdim ələ.
Hardasa insanlar, azadlıq, işıq var.
Mənimsə arxamda təqibin səs-küyü
Çıxış yolu yoxdu...
Bu şeiri ingilis müxbirə verib İngiltərədəki doğma bacılarına çatdırmasını xahiş etdi. Amma həmin şeir təkcə bacılara deyil, radio vasitəsilə bütün dünyaya yayıldı.
Pasternak bütün əzablara dözür, işləmək üçün özündə güc tapırdı. Pyes yazdı. Baş verənlərə görə isə təəssüflənmirdi, italyan naşirə onun üçün etdiklərinə görə minnətdarlıq edir, "uğursuz taleyinin onlara yaşatdığı xoşagəlməz hadisələr”ə görə üzr istəyirdi.
İtalyan naşirə verilən əlyazma Qərbin əlinə keçən yeganə nüsxə deyildi.
1957-ci ildə roman İtaliyada çap olunmazdan əvvəl müəllif daha bir əlyazmanı fransız ədəbiyyatçı Jaklin de Pruayara hədiyyə etmişdi. Bu, "yoxlanmasına macal tapılmadan”, "Novıy mir”in redaksiyasında nəticəsiz qalan və oradan lüzumsuz olaraq geri qaytarılan çap variantı idi. Bu mətn rus dilində 1978-ci ildə Jaklin de Pruayarın səyləri nəticəsində dərc edilir.
Gördüyümüz kimi, Pasternak çalışırdı ki, həyatının əsas zəhməti havada qalmasın. Əgər birdən roman müsadirə edilərdisə (təcrübələr göstərir ki, bu cür qorxuların əsası var idi), bir neçə nüsxəsinin azadlıqda qalmasının qayğısına qalmışdı.
Təbiət şairə heyrətamiz həyat eşqi və sarsılmazlıq bəxş etmişdi. O, 1958-ci il oktyabr həyəcanından sonra az müddət çalışdı. Tezliklə ikinci infarkt baş verdi, ardınca isə Aleksandr Tvardovskinin (Rus yazıçısı, şair, jurnalist, 1910-1971 – X.N.) düçar olduğuna bənzər xərçəng baş qaldırdı.
Şairin son nəfəsində arvadı Zinaida Nikolayevnaya söylədiyi iki kəlmə oldu. Birincisi – bağışla. İkincisi – sevinirəm. Qadın hər iki kəlməni özünə aid etdi. O, ehtimal etdi ki, şair arvadının qolları arasında vəfat etdiyi üçün sevinir. Mənim fikrimcə, sonuncu söz Zinaidaya aid deyildi. Pasternak ölüm yatağında sevinc hiss edirdi. Yalnız həmin anda – həyatdan ölümə sirli keçid zamanı onu hiss etmişdi. Uşaqlıqdan bəri inandığı digər dünyaya əzabsız qədəm basdığı üçün sevinirdi.
Lev Kolodnı
Rus dilindən tərcümə edən: Xatirə Nurgül

banner

Oxşar Xəbərlər