• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

Dövlət Mahnı və Rəqs Ansamblı Fransanın Kle-Suiyi şəhərində konsert verib

25.03.19 19:19 960
Dövlət Mahnı və Rəqs Ansamblı Fransanın Kle-Suiyi şəhərində konsert verib
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Fransanın Kle-Suiyi şəhərində Novruz bayramı münasibətilə konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, milli rəqslərimizin təqdim olunduğu konsert Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və Kle-Suiyi şəhər meriyasının birgə əməkdaşlığı, həmçinin Azərbaycanın Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə reallaşıb.
Konsertdə Kle-Suiyi şəhərinin meri İv Albarello, ADA prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Vaqif Ağayev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı, bu şəhərdə fəaliyyət göstərən assosiasiyaların nümayəndələri, meriyanın işçiləri, habelə şəhər əhalisi və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən mer İv Albarello ölkəmizi ilk dəfə məhz Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mancelin sayəsində tanıdığını bildirib. Sonra mer ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O, Azərbaycanda olduğu zaman insanpərvər və qonaqpərvər bir xalqı kəşf etdiyini vurğulayıb. Natiq Azərbaycanın zəngin mədəniyyətini tərənnüm edən bir konsert proqramının Kle-Suiyi şəhərində keçirilməsindən şad olduğunu bildirib.
ADA prezidenti Jan-Fransua Mansel qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Jan-Fransua Mansel deyib ki, onun üçün Azərbaycanda dəyər verdiyi ikinci bir amil, dünyəvi dəyərlərin bərqərar olmasıdır. O, ölkəmizdə millətindən, dinindən asılı olmayaq insanların birgə mehriban şəraitdə yaşadığını söyləyib. Məhz bu dəyərləri Fransada tanıtmaq və təbliğ etməyin assosiasiyanın məqsədləridən biri olduğunu vurğulayıb.
Jan-Fransua Mansel qonaqlara UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olan sülh, dostluq, qardaşlıq rəmzi sayılan Novruz bayramı haqqında da ətraflı məlumat verib.
Qonaqlar Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimizə böyük maraqla tamaşa ediblər. Ansamblın solistləri əməkdar artistlər Ceyhun Qubadov, Viktoriya Şahmuradova və ansambl üzvləri Uzundərə, Yuzbir, Qoçəli kimi milli rəqslərimizdən ibarət olan rəngarəng rəqs tamaşası ilə mərasimə rəngarənglik bəxş ediblər.
Konsertin sonunda Azərbaycan və Fransa bayraqları "Azərbaycan” mahnısının sədaları altında ansamblın üzvləri tərəfindən səhnədə qaldırılıb, iki ölkə arasında dostluq rəmzi kimi birlikdə dalğalandırılıb.
Tədbir çərçivəsində qonaqlar azərbaycanlı rəssamlar Mehri Quliyeva və Ruziyə Şabanovanın Novruz bayramına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə də baxıblar.
banner

Oxşar Xəbərlər