AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət büdcəsinin üzərinə düşəcək yük

Dövlət büdcəsinin üzərinə düşəcək yük

İqtisadiyyat
28 Noyabr 2020, 11:56 911
Ekspertlərin fikrincə, işğaldan azad olunan rayonlara yatırılan investisiya qısa müddətdə özünü doğruldacaq və  büdcəyə qaytarılacaq
 
44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər Silahlı Qüvvələrimizə təhvil verilib. Bununla daha bir rayonumuz erməni silahlı birləşmələrindən təmizlənib. Dekabrın 1-də isə Laçın rayonu bu qaydada Azərbaycana təhvil veriləcək. Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciət edən Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam ilə bərabər, Kəlbəcərdə, ümumən işğaldan azad olunan rayonlarımızda genişmiqyaslı quruculuq-abadlıq tədbirlərinin həyata keçiriləcəyini, bütün yaşayış məntəqələrimizin dirçəldiləcəyini, ora həyatın qaytarılacağını bəyan edib: "Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır”.
Prezident İlham Əliyev işğalçılıq siyasəti yürüdən Ermənistandan, yaşayış məntəqələrini talan edən, vandalizm aktı törədən, evləri yandıran, mal-qaranı tələf edən, təbiətə ziyan vuran ermənilərdən fərqli olaraq Azərbaycan xalqının qurub-yaradan olduğunu dilə gətirib. Bildirib ki, işğaldan azad edilən rayon, şəhər, qəsəbə və kəndlər yenidən dirçəlcək: "Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar”.
Təbii ki, bütün bu tədbirlər dövlət büdcəsi hesabına reallaşacaq. Ona görə də ötən illərdən fərqli olaraq, qarşımızdakı illərdə dövlət büdcəsi üçün yük nisbətən ağır olacaq. Maliyyə naziri Samir Şərifov da bu kimi bir çox məsələləri nəzərdə tutaraq bildirib ki, ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycanın 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin, hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlayışla qarşılanır. O, "Report”a açıqlamasında 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini bildirib: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun əks-hücum əməliyyatı nəticəsində Ermənistanın məğlub edilməsi və onun təslimiyyət bəyanatını imzalamağa məcbur edilməsi nəticəsində ölkəmizin əzəli torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyuldu. İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq”.
Maliyyə naziri vurğulayıb ki, azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur: "Bu isə həmin ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır. Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb. Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli–Alxanlı–Füzuli–Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln manatın maliyyələşdirilməsinə start verilib”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək genişmiqyaslı bərpa işləri üçün dövlət büdcəsindən lazımi səviyyədə vəsait ayrılacaq: "Sözügedən ərazilərdə yeni qəsəbələr salınacaq, sosial infrastruktur yaradılacaq, kommunikasiya xətləri çəkiləcək və sair. Demək olar ki, işğaldan azad olunan ərazilərdə hər şey tamamilə yenidən qurulacaq. Buna görə də növbəti illər üçün dövlət xərcləri artıb. Bütün işlər dövlət büdcəsi hesabına görüləcək. Dövlət büdcəsi də vergilərdən, gömrükdən daxilolmalarla və sair gəlirlərlə formalaşır. Bununla yanaşı, bizim Neft Fondumuz, strateji valyuta ehtiyatımız, Prezidentin və Nazirlər Kabinetinin ehtiyat fondları var. Bu kimi ehtiyat fondlarımızdan, gəlirlərimizdən, dövlət büdcəsindən, strateji valyuta ehtiyatlarımızdan yararlanmaqla bütün quruculuq işləri mərhələli şəkildə həyata keçiriləcək. Təbii ki, əgər bütün xərclər dövlət büdcəsi tərəfindən qarşılanmayacaqsa, onda ehtiyatlarımızdan istifadə olunacaq. İndiyə qədər olan təcrübədən də hər kəsə bəllidir ki, lazım gəldikdə Prezidentin Ehtiyat Fondundan hansısa layihənin reallaşmasına müəyyən vəsaitlər ayrılıb”.
İqtisadçı millət vəkili söyləyib ki, Azərbaycanın dövlət büdcəsini formalaşdıran konkret mənbələr var: "2021-ci il üçün nəzərdə tutulan dövlət büdcəmizdə müəyyən xərcləri differensiallaşdırmaqla qeyd edilən xərcləri qarşılamaq iqtidarındayıq. Onu da nəzərə almalıyıq ki, işğaldan azad olunan yaşayış məntəqələrində söhbət, sadəcə, sosial infrastrukturun qurulmasından getmir. Bu ərazilərdə məşğulluğun təmin olunması, turizm sektorunun, heyvandarlığın, sənayenin, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi də nəzərdə tutulub. Bunun üçün müəyyən sərmayələr yatırılacaq. Çəkilən xərclər çox az bir müddətdə özünü doğruldacaq və əlavə gəlirlər gətirəcək. İşğaldan azad olunan rayonlarımızın çox böyük iqtisadi potensialı, maliyyə imkanları var. Bütün bunlardan planlı və səmərəli şəkildə istifadə olunacaq. Yəni dövlət büdcəsindən həmin ərazilərə yatırılan investisiya qısa müddətdə özünü doğruldaraq dövlət büdcəsinə qaytarılacaq, əlavə gəlirlərimiz formalaşacaq. Bir sözlə, özü özünü doğruldacaq xərcə çevriləcək. Ona görə də, işğaldan azad olunan ərazilərimizdə görüləcək işlərlə əlaqədar olaraq dövlət büdcəsinin üzərinə düşən yükü qaldırmasında hər hansı problemin yaşanacağını düşünmürəm”.
Rufik İSMAYILOV