AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət başçısının Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisi

Dövlət başçısının Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisi

Siyasət
07 Avqust 2020, 17:25 2217
2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub
 
"Azərbaycan dövləti istənilən böhrana hazırdır. Çünki biz elə möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaq. Əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur”. Bu sözləri Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib.
Koronavirus pandemiyasının elə ilk günlərindən ölkə əhalisinin bütün təbəqə və sosial qruplarına dövlət qayğısı hiss olunmaqdadır. Prezident İlham Əliyevin diqqəti nəticəsində ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir.
Dövlət başçısı sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Prezidentin tapşırığı ilə bu istiqamətdə ardıcıl tədbirlər görülür. Müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həmişə diqqət çəkib. Həyata keçirilən layihələr nəticəsində minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Həmçinin dövlətin bu sahədə gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə bir çox mühüm layihələr icra olunur. Fond Qarabağ müharibəsi əlillərinə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara genişmiqyaslı dəstək göstərir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlət başçısı deyib: "Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700 mənzil verilib. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
Məlumat üçün bildirək ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev verilib. 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Hazırda isə, pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib. Ümumilikdə, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə növbəti sosial dəstək tədbiri - sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə proqramı avqust ayında da həyata keçiriləcək. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Nazirlikdən  verilən məlumata görə, ödəmə aprel-may ayları üzrə birdəfəlik ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına aid olan şəxslərə veriləcək.
Bu ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək. Bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq.
Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.
 

Milli Məclisin deputatı Pərvin Kazımzadə "Kaspi”yə açıqlamasında bildirdi ki, hər zaman hər bir azərbaycanlının yanında olan, onların dərd-səri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlət başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmələri də bunun daha bir nümayişi oldu: "Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə, Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Ölkə Prezidentinin bu fikirləri ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etdiyindən xəbər verir. Tutduğu məqamdan asılı olmayaraq, hər bir azərbaycanlıda ruh yüksəkliyi yaranır, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artır”.
 
 
Milli Məclisin deputatı Şahin İsmayılov isə bildirdi ki, Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan, yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində bütün resurslarından istifadə edir. Onun sözlərinə görə, bu sahədə işlər hər il artan xətt üzrə inkişaf edir: "Ötən illərdə olduğu kimi, bu il də biz bu sahədə çox böyük işlərin şahidi oluruq. Koronavirus pandemiyası bütövlükdə dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına da mənfi təsirlər göstərib. Lakin buna baxmayaraq, Prezident İlham Əliyev bu il də ölkəmizdə heç bir sosial layihənin dayandırılmayacağını elan etdi. Bu bir daha dövlətimizin başçısının Azərbaycan vətəndaşına verdiyi dəyərin göstəricisidir”.
Deputat bildirib ki, dövlət başçısının birbaşa diqqəti ilə son illər ərzində şəhid ailələrinə verilən təqaüdün məbləği 3 dəfə artırılıb: "Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə də hesablanır. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinin hər birinə aylıq sosial müavinət verilir (kommunal və s. xərclərə kompensasiya kimi). Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib. Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib. Qarabağ müharibəsi əlillərinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq sosial müavinət də ödənilir. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb”.
Deputat sonda vurğuladı ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşına qayğı durur. Ölkənin hər vətəndaşı bu və ya digər formada həmin qayğısını hiss edir. Bunun üçün isə güclü iqtisadiyyat, siyasi iradə və vətənə sevgi gərəkdir. Biz bütün bu xüsusiyyətləri Prezidenti İlham Əliyevin timsalında görürük.
 
Aygün