• cümə axşamı, 28 mart, 16:28
  • Baku Bakı 16°C

Düşüncə kübarlığı və kitab-heykəllər

30.09.19 12:51 1796
Düşüncə kübarlığı və kitab-heykəllər
Akademik Rafael Hüseynov görkəmli ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, filologiya elmləri doktoru, akademikdir...
Elm və ictimai fikrimizin seçkin simalarından olan Rafael Hüseynovu radiodan, televiziyadan tanımışam. Səsi ilə, Sözü ilə, Təhkiyə və intonasiyası ilə. Publisistikası və elmi ilə... Sonra onu Xəlil Rza Ulutürkün arxivində işləyəndə öyrəndim. Xəlil Rzaya olan sevgisində, sayğısında izlədim...
Mikayıl Müşfiq sırası gəldi. Yenə təzə Söz, təzə Nəfəs. Daha sonra Rəsul Rza sırası və Anar gəldi...
Rafael Hüseynov sözün zirvəsinə, ucalığına klassika ilə gəlib. Ədəbiyyat və mədəniyyətimizin klassikası ilə. Burada elmin gücü, publisistikanın hökmü vəhdətdə olub. Ədəbiyyat tarixçiliyini nəzəriyyəçilik və tənqidçilik tamamlayıb. Və bu üçlüyün birliyinə ayət olan yanıqlı publisistik surğaclar... Bəli, Rafael Hüseynovun bədii publisistik təhkiyəsi elmin filologiyasını, psixologiyasını, etikasını və fəlsəfəsini özünə qapsayıb. Ən əsası estetikasını!...
Tədqiqatçı-alim Sözün meydanına Şirvan şairlərindən gəlib. Sonra Məhsəti, Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə, Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Səməd Vurğun sırası gəlib. Və insan ruhunun müqəddəs yazıları olan kitab heykəllər yaranıb... Rafael Hüseynov Ömrün zirvəsinə neçə-neçə kitab-heykəllərlə ucalıb...
Və deyim ki, bütün bunların hamısında böyük İstedad və Zəhmət məhvər olub. Mədəniyyət kübarlığı və elitarlığı ilə birlikdə... Elə bu səbəbdən də Milli Məclisin mədəniyyət komissiyasının rəhbəri olub...
Rafael Hüseynov Cavid ömrünə 1980-ci illərdən bağlanıb, "Vaxtdan uca” kitab-heykəlini yaradıb (Bakı, "İşıq”, 1987, 363 s.). "Əbədi Cavid”də” (Bakı, "Nurlan”, 2007, 840 s.) yetib.Kitaba Cavid təəssübkeşi, Xalq yazıçısı Anar qahmar durub, ona ön söz yazıb, təbliğində olub, "Cavid ömrünü” günümüzə bağlayıb.
Akademik Rafael Hüseynov 1988-ci ildə "Min ikinci gecə” kitab-heykəlini yapıb (Bakı, "İşıq”, 1988, 408 s.). Ön sözü xalq şairi Fikrət Qocanındır: "Taleyin yazdıqları”... Başlanğıcdan sonra "Yaddaş” gəlib, sonra"Muğanlı gecələr”, "Səssiz və rəngsiz dünyanın adamı”, "Leylilərdən biri”. Hər biri öz rəngləri, ornamentləri ilə. Bu "naxışlar” Muğamlı gecələr olub: İçəri şəhərin tarixi, Rast Ağacəbrayıl, Əbdülqədir Cabbarov, kamançaçı Mirzə Səttar, Bayatı-qacar Məşədi Baladadaş, tarzən Bəylər, Seyid Mirbabayev, Əli Şirazi, Mirzə Ağa Hacı Ağababaoğlu, Mirzə Nazar, Ağabala Ağcayıdoğlu, Tarzən Mirzə Fərəc Rzayevlə bağlanıb... Mansurovlar nəsli, səhnəmizin ilk Leylisi olan Əhməd Ağdamski ilə... Səssiz və rəngsiz dünyanın adamı, muğam xanəndəsi Mirzə Məhəmməd Həsənlə...
Sonra "Zirvələr”, "Köhnə tanışlar”, "İtki” və "Gəzişmələr” gəlib. "Zirvələr” özündə "Qoşa qanad”ı birləşdirib, dağ və qartalı... "Gözəl Fatmanın qocalığı” yanğı ilə həsrəti... Üzeyir Hacıbəyov ilə Bülbülü – Səslə Sözü – muğam musiqimizi...
"Son Xan” – Xan Şuşunski və Bəhram Mansurov tantemi haqqındadır. Və Aşıq Vazehin nəticəsi Qurban Pirimov haqqında...
"Köhkə tanışlar” Kələntərlilər haqqındadır: Haşım Kələntərli, Yavər Kələntərli, Sürəyya Qacar, Cahan Talşinskaya haqqında. Görkəmli muğamçılar! "Vahidin tənhalığında” Əliağa Vahid dayanıb. Gecələri, qəzəllərilə! "Oxunmamış düsturda” Töhfə xanım Əliyeva və Məmmədəli Əliyev Sözün ehyasında nəfəs götürüb, yenidən oyanıb.
"İtki” bölümünün sırası daha genişdir: "Görmədiyin illərdən sənə salam” (Asəf Zeynallı), "Yarımçıq kəsilən Solo” (Pərviz Rüstəmbəyov), "Başqa günlərin Vaqifi” (Vaqif Mustafazadə), "Həsrət qatarı” (Rübabə Muradova), "Mayestroya ağı (Niyazi), "Ayrılıq” (Şəmsi Bədəlbəyli)... Və publisist ağrısı, düşüncə yanğısı...
"Gəzişmələr”də müəllif bizi Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Niyazi, Fikrət Əmirov, Asəf Zeynallı, Fatma Muxtarova, Bülbül, Əfrasiyab Bədəlbəyli, Şövkət Məmmədova, Qara Qarayev, Əhməd Bakıxanov, Tofiq Quliyev, Səid Rüstəmov, Soltan Hacıbəyov və başqalarının uşaqlığına qaytarır ("Niyazi və Həcər”, "Onlar da uşaq olublar”). Həm sözü, həm şəkillərilə!..
R.Hüseynov "Məhsəti Gəncəvinin izinə 1980-ci illərdən düşüb. "Məhsəti neçə varsa” kitab-heykəlini ucaldıb (Bakı, "Yazıçı”, 1989, 336 s.). Nəşrə professor Əkrəm Cəfər redaktorluq edib, rəyçisi filoloq, yazıçı Əlibala Hacızadə, nəşriyyat redaktoru Nərgiz Qurbanova olub.
R.Hüseynov Rəfibəylilərin izinə isə 1990-cı illərdən düşüb. 1996-cı ildə bir kitab-heykəl də yaradıb: "Rəfibəylilər” (Bakı, Azərbaycan”, 1996, şəkilli, 672 s.) Sonra onu "böyüdüb”, "Yurdun adındakı can – Azərbaycan” boyda edib...
"Millətimizin zərrəsi” kitab-heykəli (Bakı, "Azərbaycan”, 2001, 720 s.) böyük və fədakar azərbaycanlılar barəsindədir. Arifə Məmmədxanlı, Mikayıl Müşfiq, Həbibə Muradxanlı, Turan Cavid, Dilbər Axundzadə, Ənvər Məmmədxanlı, Rübabə Muradova, Bəhruz Kəngərli, Mirzə Heydər Nəsirbəyov, Hüseyn Cavid, Tahir Rəsizadə, Mirzə Bilal, Əkrəm Cəfər, Niyazi ömürləri oxunub bu kitabda.
R.Hüseynov Cümhuriyyətimizin "heykəllərinə” də göz yetirib, vaxtın, zamanın ölçülərini daha artıq gödəldib: Həsənbəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Pepinov, Bədəlbəyli qardaşları: Muxtar, Bədəl, Əhməd, sonra Ömər Faiq, Nigar Rəfibəyli, Nəzakət Ağazadə, Lütfəli Abdullayev, Sevda Pepinova, Əhməd Cavadı çağımıza, indimizə, cümhuriyyət ilimizə gətirib... Millətin zərrəsini həm də üç alimdə görüb: Qədir, Məmmədağa və Rəhim Sultanovlarda.
Kitab-heykəldə zərrə fəlsəfəsi Zülfü Adıgözəlov, Turxan Gəncəyi, Şövkət Ələkbərova, Bəhram Mansurov, Əli Səlimi və xanımı, habelə, Əbülfəz Elçibəy, Alim Qasımovda böyüdülüb, mənalandırılıb...
Alim 2005-ci ildə "Məhsəti Gəncəvi – özü, sözü, izi ilə” kitab-heykəlini "Nurlan”da ucaldıb, 560 səhifədə. 2013-cü ildə isə "Söz tək gözəl Məhsəti” kitab-heykəli yaranıb, Şərq – Qərbdə, 560 səhifədə. Bütün kitablar hüsn – vəcahətli, rəngli, ornamentli, şəkilli – sözlü...Və süslü...
"Əbədi Cavid” (Bakı, "Nurlan”, 2007, 840 s.) isə ürəyimizin, ruhumuzun riqqəti yox, həm də idrakımızın həsrətidir! Ruhani dərkin vəcdi!.. "Əbədi Cavid” Hüseyn Cavidi Vətənə qaytaran böyük Azərbaycanlı, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithafdır. Qədirşünaslıqla yazılmış ithaf... Kitab-heykəl... Nəşrin redaktoru Xalq yazıçısı Anar və akademiklər Bəkir Nəbiyev, Fuad Qasımzadədir...
Kitabda "Cavid pəncərəsi”, "Vaxtdan uca”, Cavid bayramı”, "Cavid dalğası”, "Beşinci Cavid”, "Cavid uğrunda” və "Cavid şamı” bölmələri verilib... Və minnətdarlıq!..
R.Hüseynov eyni zamanda muzey yaradıcısıdır, elmi-təşkilati rəhbərdir, qurucudur. Ədəbiyyat Muzeyinin yenidən təşkilatlanması, zənginləşdirilməsində böyük zəhmətkeşdir...
Kitablar yaddaş, saxlancdır, gəzəri heykəllərdir. Necə ki Rafael müəllim kitablarına sanki heykəl vüsəti verir. Ağırçəkili, şəkilli və möhtəşəm kitablar yazır, sərmayə xəraləyir... Tərtibatlı, nəfisli, naxışlı. Səsli, sözlü, rəngli. "Yerin altından qayıtmış gözəllik” kitab-heykəli 2009-cu ilin nəşri olub Ədəbiyyat muzeyinin arxeoloji nümunələri haqqındadır. 328 səhifəlik!.. Elə buradaca... Rafael Hüseynov milli-mənəvi irsi (yeraltı, yerüstü) xüsusi adlarda, toplularda saxlanc edir, bu günə, gələcəyin yaddaşına ötürür. Miras kimi! Adlar da tarixin nəfəsindən nəfər gətirir: "Risalə”, "Şərq”, "Xəzinə”, "Məclis”, "Qaynaq”... "Risalə” – araşdırmalar, "Şərq” –tərcümələr, "Xəzinə” – kataloqlar, "Məclis – dini mərasimlər, ildönümlər, görüşlər, "Qaynaq” isə – daşyazmalar, əlyazmalar, səsyazmalar toplusudur. Toplulardır.... Klassikanın, tarixi keçmişin yaddaşı...
Elə bu kitabın da səsi "Qaynaq”dan, daşyazmalardan gəlir. Kitabda arxeologiya nümunələri verilib. Gəncədən, Naxçıvandan, Şabrandan, Bərdədən, Beyləqandan – mədəniyyət mərkəzlərindən tapılıb. Maddi-mədəniyyət nümunələrinin tapıldığı orta əsrlər Azərbaycan şəhərlərindən. Kitabda arxeoloji nümunələrin rəngli fotoları, müfəssəl elmi təfsirləri, təhlilləri də verilib...
Rafael Hüseynov "Cavidlər”i 2009-cu ildə ərəb əlifbası ilə Kərim Məşrutəçi Sönməzin timsalında Tehranda (1388, 2009), "Dosa” nəşrtiyyatında da nəşr etdirib.
Cəmiyyətşünas-alimin "Yurdun adındakı can” (Bakı, "Elm”, 2010, 904 s.) kitabının ad və titulunda "Azərbaycan” sözü gizlənib. Bu, ürəyimizin, ruhumuzun riqqətidir!
Kitabın redaktoru professor Cəmil Həsənli və dosent Lətif Kərimlidir (Rəfibəyli). Kitab görkəmli Rəfibəylilər: Ələkbər bəy Rəfibəyli və Xudadat bəy Rəfibəylilər haqqındadır. Daha burada təfsilat vermirik.
Alim "İki xalqın övladı” kitabını xalqımızın milli qəhrəmanı Mehdi Hüseynzadəyə həsr edib (Bakı, 2011), onu Azərbaycan və italyan xalqlarının övladı – qəhrəmanı kimi təqdim edib.
R.Hüseynov Məhsəti Gəncəvini 1914-cü ildə fransız dilində, "Rübaidən rübaiəyə” (Bakı, Elm və təhsil”, 2012, 208 s.) kitabını 2012-ci ildə toplanması, ön sözü və şərhləri ilə birlikdə nəşr etdirib. Rus dilində "Qospoja Luna – Mexseti Qyandjevi” (Bakı, 2010, "Elm”, 608 s.) 2013-cü ildə yenə rus dilində, Tsapitsa derjovı rübai. Mexseti Qyandjevi” (Bakı, "Şərq-Qərb”, 2013, 640 s.). Hər biri şəkilli, rəngli, həcmli...
Xalq yazıçısı Anarın "Rəsul Rza, Sabir sağ olsaydı”, "Molla Nəsrəddin – dünən, bu gün” (Nurlan, 2011, 520 s.) nəşrinin "Dördü də sağ” adlı ön sözünün müəllifi Rafael Hüseynovdur.
Rafael müəllim "Şirvan şairləri” kitabında (Bakı, "Elm və təhsil”, 2012, 108 s.) Şirvan torpağından çıxmış, Şirvan ədəbi məktəbinin ənənələrini davam etdirmiş söz ustadları: Xaqani Şirvani, Zülfüqar Şirvani, İmadəddin Nəsimi, Zeynalabdin Şirvani, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabir irsindən bəhs edib.
Alimin "İmzamız. Sənət düşüncələri” kitabı 2012-ci ilin nəşridir (Bakı, "Elm və təhsil”, 2012, 800 s.). Elmi redaktoru, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Cəfər Qiyasidir.
Kitab müasir Azərbaycan dəzgah rəssamlığı haqqındadır. Üç mərhələsi göstərilib: qaya rəssamlığı, miniatür sənəti və kitab rəssamlığı; milli freskalar və divar rəssamlığı...
El bayramları, milli rəqslər, aşıq sənəti, xalq oyunları, tamaşaları, meydan teatrları, xalça və tikmə sənəti, milli geyim mədəniyyəti tədqiqata cəlb edilib. Salnamələr, ədəbi qaynaqlar, zəngin arxiv materialları müstəvisində. Orta əsrlərin ərəb, fars və türkdilli mərkəzlərindən, Avropa və Şərq səyyahlarının əsərlərindən istifadə yolu ilə.
Habelə, XIV əsrin Azərbaycan Muğam və İfaçılıq sənətinin zirvəsindən Əbdülqadir Marağayi, muğam və aşıq sənətinin misilsiz ustadı Mirzə Məhəmmədhəsən və Mirzə Bilal, Azərbaycan Musiqili teatr tarixi, opera və operettalarımızdakı qadın rolunun ifaçısı Əhməd Ağdamski Bədəlbəyli, korifey Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Bülbül, Fatma Muxtarovanın yolları izlənilib.
Akademikin "Sabirin saatı” elmi-publisistik kitabı (Bakı, "Elm və təhsil”, 2012) M.Ə.Sabirin 150 illiyinə həsr edilmiş nəşrdir. Nizami Muzeyinin nəşridir. Kitabda Sabir ömrü Saatın – vaxtın axarından keçirilib, rəngləri, şəkilləri, sözləri və monumentallığı ilə. Sabirin heykəli mislində.
Akademik Rafael Hüseynov Azərbaycan xanımı Məhsəti Gəncəvini demək olar ki, dünyanın yarısı qədər tanıdıb. Şərq ölkələri, habelə, Qərbdə... Məsələn, Məhsəti Gəncəvi kitabları rus, türk, hind, çin, yapon, koreya, fransız, ingilis və başqa dillərdə dünya mədəniyyəti, ədəbiyyatı ilə danışıb, ünsiyyət bağlayıb. Tədris auditoriyalarına ayaq götürüb, tədris olunub. Azərbaycanı, türk-Azərbaycan-müsəlman mədəniyyəti və şəxsiyyətlərini tanıdıb. Məsələn, türk dilində "Mehseti Gəncəvi” (Edebi portre, Bakü, Şərq-Qərb yayın evi, 2013, 100 s.; Məhsəti Gəncəvi (portret-oçerk) "Şərq-Qərb”, 1913, hind dilində, ərəb, çin, koreya dillərində. Şərq-Qərb, 2013, "Est-Onest” nəşriyyatı, 2013, fransız dilində.
"Məhsəti Gəncəvi nəğmələri” şairənin rübailəri haqqındadır. Farscadan tərcümə akademik Rafael Hüseynovun, bəstə Rizvan Sədirxanovundur. Ön söz də – "Gözəl Məhsətinin yeni qayıdışı” akademikindir. Musiqi redaktoru isə Kamilla Sədirxanovadır.
Alimin "Millət yaddaşının keşikçisi” kitabı (Bakı, "Elm və təhsil”, 2018, 128 s.) görkəmli pedaqoq-alim, publisist, mətnşünas, milli mətbuat tariximizin misilsiz araşdırıcısı, professor Şirməmməd Hüseynov haqqındadır. Kitabda "Vicdanını paklaşdıran ustad”, "İşıqlanmaq ehtiyacı”, "Bir qutu xatirə” və "Örnək adam” bölmələri özünə yer alıb. Fədakar alimin elm-mətbuat tarixindən keçən həyatı vicdandan işığa, işıqdan xatirələrə keçib, ədəbi-elmi şəxsiyyəti örnək ziyalı, örnək mütəxəssis kimi millətin yaddaşına köçüb. Həm millətin yaddaşı, həm də milli yaddaşın keşikçisi olub.
Rafael müəllim kitab tərtibi, redaktorluğu ilə ardıcıl məşğul olur, ön söz, rəy, şərhlər və izahlar yazır. Onun bu baxımdan bəzi kitablarına diqqət çəkmək istəyirik. Alim "İki ömrün işığı” (Bakı, 1987) kitabının tərtibçisidir. N.Şəmsizadə ilə birlikdə. Kitabda Rəsul Rza və Nigar Rəfibəyli haqqında məqalələr, çıxışlar, vida sözləri, xatirələr, şeir və poemalar, habelə, "Cənubdan səslər” yazıları toplanıb.
R.Hüseynov 1980-ci illərdə Baba Tahir Üryanın "Dübeytlərini (Bakı, "Yazıçı”, 1988) farsadan dilimizə çevirib və "Ulu babayla tanışlıq” adlı ön sözünü yazıb.
"Azərbaycan xalqının milli özünüdərkində Ədəbiyyat və mədəniyyətin yeri” beynəlxalq konfransın materiallarının (29-30 noyabr, Bakı 2010, 416 s.) redaktoru da R.Hüseynovdur. O, "Hüseyn Arif” (Bakı, 2004), "Tofiq Bayram” (Bakı, 2005) kitablarının redaktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri namizədi Gülzar İbrahimqızı isə tərtibçiləridir. "İsi Məlikzadə” kitabının (Bakı, 2004) elmi məsləhətçisi, professor Y.Babayevin "Təriqət ədəbiyyatı. Sufizm və Hürufizm” (Bakı, "Nurlan”, 2007) kitabının rəyçisi də akademik Rafael Hüseynovdur. Alim "Füzuli ensiklopediyası”nın (Bakı, "Nurlan”, 2005, 132 s.) buraxılışına məsul olub, nəşrə "Füzuli xəzinəsinə açar” adlı ön söz yazıb.
Türksoy kitabxanası seriyasından "Nurməhəmməd Əndəlib /şeirləri, poemaları, dastanları/” (Bakı, 2011) kitabına akademik redaktorluq edib. Kitabın tərtibçi və ön söz müəllifi isə professor Ramiz Əsgərdir.
"Qədim Türk dastanları” (Bakı, 2016, 214 s.) kitabının redaktoru və "Türkü türk edən təməllər və ya qocalmaz mənəviyyat abidələri” adlı ön sözün, Rafiq Yusifoğlunun "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” nəşrinin (Bakı, 2016) elmi redaktoru da Rafael Hüseynovdur.
2018-ci ildə "Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr edilmiş "Xalqları qovuşduran Xəyyam sözü” adlı beynəlxalq elmi konfrans keçirilib, akademik Rafael Hüseynov orada əhatəli məruzə edib, konfransın materialları (15-16 noyabr, Bakı, 2018) alimin "Qoca Xəyyamın cavan səsi” adlı ön söz ilə çap etdirilib.
Şahin Xəlillinin "Ceyms Oldric və Azərbaycan” (Bakı, 2018, 296s + 16) adlı ktiabı – elmi-publisistik, ədəbi esselər toplusunun elmi redaktoru akademik R.Hüseynov, rəyçilər əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və professorlar Qorxmaz Quliyev və Aynur Sabitova, layihə rəhbəri isə Azərbaycan Universitetinin rektoru professor Səadət Əliyevadır.
Rəsul Rzanın "Mən torpağam” şeirlər toplusunun (Bakı, "Gənclik”; 1988, 56 s.) tərtibçisi, "Məhəmməd Füzuli – 500” konfransının tezislər toplusu (Bakı, 1996), habelə, Türksoy kitabxanası seriyasından "Sultan Hüseyn Bayqara” Divanının (Bakı, MBM, 2011, 248 s.) redaktoru akademik R.Hüseynov, Azərbaycana uyğunlaşdıranı isə ön sözün məllifi Ramiz Əsgərdir. Eləcə də Abdulla Tukayın "Seçilmiş əsərləri”nin (Bakı, "Nağıl evi”, 2011, 268 s.) redaktoru da Rafael müəllim, tatarcadan çevirəni, tərtibi və ön sözü isə Ramiz Əsgərindir.
Nizami Gəncəvinin 875 illiyi münasibətilə "Nizami və dünya mədəniyyəti” mövzusunda respublika elmi konfransının materialları ( 24 noyabr , Bakı 2016. "Elm və təhsil”, 2016, 256 s.), habelə, Fazil Rəhmanzadənin "Rəşid var olan yerdə” kitabının (Bakı, "Apastroff” MMC, 2018, 556s.) redaktoru və ”Böyük Rəşidin yeni qayıdışı” adlı ön sözün müəllifi, Mikayıl Müşfiqin "Seçilmiş əsərləri”nin (Bakı, 2013, 596 s.) məsləhətçisi, Avrasiya Tərcüməçilər Birliyi yayınları seriyasından "Türk ədəbiyyatı tarixi” (2 cilddə, Bakı, MBM-Bengü, 2010, I cild, 602 s.; II cild – 658 s.) kitabının redaktoru da R.Hüseynov, türkcədən uyğunlaşdıranı, ön sözün müəllifi isə Ramiz Əsgərdir.
Akademik Rafael Hüseynovla şəxsən tanışlığım XXI əsrin əvvəllərinə aiddir. O zaman ki, Xəlil Rza Ulutürkün arxiv yazılarını üzə çıxarıb həyat yoldaşı Firəngiz xanımla nəşrə hazırlayır, kitablarını yayırdıq. 2009-cu ildə isə ölməz Hüseyn Cavid haqqında "Mənim Tanrım gözəllikdir...” ədəbi-tarixi memuarını çap etdirmişdik. Kitabda Hüseyn Cavidə görə Rafael müəllimə, onun böyük xidmətlərinə geniş yer verilmişdi. Kitabı ona təqdim edəndə əlavə iki nüsxə də istəmişdi. Sonralar bütün çap kitablarından ona təqdim edirdik. Çay tədarükü gördürər, konkret söhbətlər edərdik. Kitablarından da bizə hədiyyə edərdi. Avtoqraflarıyla. İndi də belədir. Sağ olsun! Təşəkkürlərlə doluyuq.
2010-cu ildə doktorluq dissertasiyam hazır idi. İşə Rafael müəllimin opponent olmasını təklif və xahiş etdim. Məmnun qaldı. Axı arada böyük Xəlil Rza Ulutürk vardı. O biri opponentlərim professor Nizaməddin Şəmsizadə və professor Şahin Xəlilli oldu. Çox hörmətli alimlərimizin hər birinə həmişə minnətdarlıq edirəm. Allah-taalaya şükürlərimlə, dualarımla doluyam. Beləliklə, onlar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna gəldilər, rəsmi opponent kimi çıxış etdilər, uğurlarını, iradlarını bildirdilər, yazılı rəylərini verdilər. Həmin rəylər BQU-nun Elmi əsərlərində çap olundu. Artıq o gündən 10 ilə yaxın vaxt keçir...
Yaxın günlərdə M.F.Axundzadə adına Milli Elmi Kitabxanada oldum və akademik Rafael Hüseynovun 65 illik sərgisinin zənginliyinə heyran qaldım...
Rafael müəllim Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars filologiyası üzrə təhsil alıb. AMEA-nın Fəlsəfə və Hüquq institutunda fəlsəfə tarixi şöbəsində əmək fəaliyyətinə başlayıb. Şərqşünaslıq institutunda İran filologiyası şöbəsində kiçik elmi işçi, həmin institutunda Orta əsrlər Şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi olub. 25 yaşında namizədlik dissertasiyası müdafiə edib. Ədəbiyyat muzeyində şöbə müdiri işləyib. Hazırda həmin muzeyin direktorudur.
Akademik Rafael Hüseynov orta əsrlər fars və türkdilli poeziyanın problemlərinə həsr olunmuş 30-dan çox ədəbiyyatşünaslıq əsərinin müəllifidir. O, "Baba Tahir Üryan və onun poetik irsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Məhsəti Gəncəvi rübailəri”, "İki ömrün işığı” (Rəsul Rza və Nigar Rəfibəyli haqqında), Bakı Dövlət Universitetində "Fars ədəbiyyatı”ndan, Azərbaycan Milli Konservatoriyasında "Mədəniyyət tarixi”, Xəzər universitetində "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan mədəniyyəti” fənlərindən dərs deyib. Xəzər universitetinin "Azərbaycan filologiyası və şərqşünaslıq” kafedrasının müdiri olub. Ədəbi fəaliyyətə şeirlə başlayıb. Efirdə "Nəğməli ömürlər”i, "Axşam görüşləri”ni səsləndirib.
Mən də fədakar elm və mədəniyyət xadimi, Milli Məclisin deputatı, akademik Rafael Baba oğlu Hüseynovu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, böyük uğurlar arzulayıram.

Əlizadə Əsgərli
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini,
Filologiya elmləri doktoru, professor






banner

Oxşar Xəbərlər