• çərşənbə axşamı, 19 mart, 09:35
  • Baku Bakı 8°C

Düşmən təxribata davam edəcəksə, cavabını artıqlaması ilə alacaq

27.04.16 11:06 3016
Düşmən təxribata davam edəcəksə, cavabını artıqlaması ilə alacaq
Aprel ayının əvvəlində cəbhə xəttində yaşanan gərginlik zamanı Ermənistan silahlı qüvvələri sarsıdıcı zərbə alıb, çoxsaylı canlı qüvvəsini və hərbi texnikasını, artilleriya qurğularını, həmçinin işğal altında saxladıqları bir sıra yüksəklikləri itirərək geri çəkilmək məcburiyyətində qalıb. Beynəlxalq aləmin, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin tövsiyəsi, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri sayılan Azərbaycan və Ermənistanın razılığı ilə aprelin 5-dən etibarən yenidən cəbhə xəttində atəşkəs elan edilib. Lakin məkrli düşmən bu razılaşmaya yenə də əməl etmir. Ermənistan tərəfi bu günə qədər də təmas xəttində atəşkəsi pozmaqla əldə edilmiş razılığı pozur, həmçinin münaqişənin həlli üçün aparılan danışıqlar prosesinə təsir göstərməyə çalışır. Bu məqsədlə düşmən hərbçiləri hətta Azərbaycanın mülki şəxslərini də hədəfə alır, yaşayış binalarını, məktəbləri mərmi atəşinə tuturlar. Müdafiə Nazirliyinin yaydığı son məlumatlara görə, cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub. Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-ü axşam saatlarından başlayaraq, mövqelərimizi və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfi 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə mövqelərimiz istiqamətində 20-dək mərmi atıb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində hətta Tərtər rayonunun Şıxarx qəsəbə sakininə məxsus ev də dağıdılıb.
Cəbhənin bu istiqamətində düşmənin hərbi aktivliyinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal əməliyyat tədbirləri həyata keçirilib. Aprelin 24-də gecə saatlarında düşmən təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq mövqelərimiz istiqamətində atəş açıb və əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib. Mövqelərimizə yaxınlaşmaq istəyən düşmən tanklarının qarşısı atəşlə alınıb və bir ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib. Bundan dərhal sonra ermənilər Ağdərə istiqamətində geri çəkilməyə məcbur edilib. Ermənilərin Suqovuşan (Madagiz) hərbi bazası ətrafında yerləşən artilleriya qurğularına da cavab zərbələrindən sonra qarşı tərəf tam susdurulub. Erməni silahlı bölmələri aprelin 26-da da saat 01.05-dən 04.25-dək Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi onu da bildirib ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür.
Rasim Musabəyov: “Sarkisyan çalışır ki, təmas xəttində müşahidə qurğuları, müşahidəçilər cəlb olunsun”

Cəbhə xəttində erməni hərbi birləşmələrinin yenidən aktivləşməsi, tez-tez atəşkəsi pozması, mövqelərimizə soxulmağa cəhd etməsi, hətta dinc sakinlərin yaşadığı evləri hədəf almasına münasibət bildirən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan bu yolla Qərbi, Avropanı, həmçinin də Rusiyanı Azərbaycana təzyiq göstərməyə məcbur etmək istəyir. Onun sözlərinə görə, Sarkisyan çalışır ki, təmas xəttində müşahidəçi qurğular, müşahidəçilər cəlb olunsun və yalnız bundan sonra sülh danışıqlarına başlanılsın: “Serj Sarkisyanın niyyəti budur ki, status-kvo dəyişilməz olaraq qalsın, münaqişə dondurulub saxlansın, münaqişənin həlli üçün aparılan danışıqlar isə əbədi olsun. Bunun üçün də yenidən mövqelərimizə soxulmağa cəhd edir, təxribatlar törədir, tez-tez atəşkəsi pozurlar. Lakin Azərbaycan ordusu aprel ayının əvvəlində düşmənin bu cəhdlərinin qarşısını qətiyyətlə alıb, əks-hücuma keçərək Ermənistanın çənəsinin altına möhkəm bir zərbə vurub. Əgər belə davam etsə, Silahlı Qüvvələrimiz onların çənəsini bir də əzəcək. Amma Sarkisyan başda olmaqla ermənilər indiki situasiyada öz dədələri olan ölkələri şantaj edirlər, istəyirlər ki, həmin dövlətlər Azərbaycana təzyiq siyasəti yürütsünlər. Burda da başlıca məqsəd öz təhlükəsizliklərini təmin etmək, münaqişənin həllini uzatmaqdır”.
Elxan Şahinoğlu: “Təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var: “Birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər. Belə olan halda, kimsə cəbhə bölgəsində sakitlik gözləməsin. İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o, hələ cəmiyyətinə “Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış nəsə cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq”.
Fəzail Ağamalı: “Təmkin və dözümlülüyümüz sonsuza qədər davam etməyəcək”

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı isə qəzetimizə açıqlamasında bildirib ki, erməni hərbi birləşmələrinin cəbhə xəttində vəziyyəti gərginləşdirməsi Ermənistanın öz işğalçılıq siyasətini davam etdirmək niyyəti ilə əlaqədardır. Deputatın fikrincə, Serj Sarkisyan hakimiyyəti aprel ayının əvvəlində yaşadıqları məğlubiyyətin əvəzini nəyin bahasına olursa-olsun çıxmaq istəyir: “Ermənistan silahlı qüvvələri bu ayın əvvəlində əldən verdikləri yüksəkliklərdən heç olmasa birini geri qaytarmaq, bununla da erməni cəmiyyətindəki ruh düşkünlüyünü az da olsa aradan qaldırmaq istəyir. Bununla onlar Ermənistanda bu günə qədər uydurulan “qalib erməni ordusu” mifini saxlamaq niyyəti güdürlər. Onlar orduda və cəmiyyətdə ruh düşkünlüyünü aradan qaldırmaq üçün cəbhə xəttində təxribatlara can atır, mövqelərimizə soxulmaq istəyirlər. Bununla onlar həm də Azərbaycanı kompromisə getməyə məcbur etmək istəyirlər. Ermənistanın niyyəti budur ki, cəbhə xəttində əvvəlki mövqeyə qayıtmaqla, Azərbaycana yenidən təzyiqlər göstərsin. Tamamilə əminəm ki, Ermənistan prezidentinin, silahlı qüvvələrinin bu niyyəti Azərbaycan rəhbərliyinə tam çılpaqlığı ilə bəllidir. Ordumuz böyük qələbə və mübarizlik əhval-ruhiyyəsi ilə Ermənistana yenidən sarsıdıcı zərbə vurmaq əzmindədir. Əgər proseslər bu cür davam edərsə, istisna etmirəm ki, Azərbaycan ordusu düşmən üzərində üstünlüyünü cəbhə xəttində bir daha nümayiş etdirəcək. Bunun isə məsuliyyəti Ermənistan siyasi rejiminin, hərbi xuntasının üzərinə düşəcək”.
Millət vəkili Azərbaycanın paytaxt şəhərində BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinə də diqqət çəkib. O, dünyanın diqqətinin hazırda Bakıda cəmləşdiyini, belə bir zamanda Azərbaycan rəhbərliyinin və Silahlı Qüvvələrimizin təmkin nümayiş etdirdiyini vurğulayıb. Partiya sədri qeyd edib ki, bu təmkin və dözümlülük sonsuza qədər davam etməyəcək: “Ermənistanın hərbi-cinayətkar rejiminin göstərişi ilə erməni hərbçiləri cəbhə xəttində davamlı şəkildə gərginliyi artıracaqları, təxribatlara əl atacaqları, dinc əhalimizi atəşə tutacaqları təqdirdə, onlara ordumuz tərəfindən sarsıdıcı cavablar veriləcək. Bununla dünyaya bir daha nümayiş etdirəcək ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil, atəşkəs razılaşmasına, beynəlxalq hüququn tələblərinə məhəl qoymur. Ermənistan onu himayə edən Rusiya dövlət başçısının sülhməramlı addımlarını, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin çağırışlarını, BMT-nin qəbul etdiyi qətnamələri də vecinə almır. Belə olan halda işğalçı dövlət öz dərsini almalıdır. Düşmən Azərbaycanı təxribata çəkmək istəyəcəksə cavabını artıqlaması ilə alacaq. Bunun başqa bir yolu yoxdur. Aprelin əvvəllərində düşmənin təxribatlarının qarşısı necə alındısa, bu dəfə onlara ikiqat artıq cavab zərbələri endiriləcək ki, bununla da işğal altındakı torpaqlarımızın azad olunması prosesinə başlanılacaq”.
Sahib Alıyev: “Azərbaycan yenidən güc tətbiqinə qalxsa...”

Millət vəkili Sahib Alıyev cəbhədə vəziyyətin yenidən gərginləşməsinə münasibət bildirərkən deyib ki, Ermənistandakı hərbi xunta Azərbaycanı növbəti cavab əməliyyatına başlamağa təhrik edir. Onun sözlərinə görə, srağagün axşam Tərtərin özünün və bir neçə kəndinin yenidən top, minaatan və reaktiv sistemdən atəşə tutulması onu göstərir ki, düşməni yerində oturtmağın ancaq bir yolu var - güc tətbiqi: “Azərbaycan yenidən güc tətbiqinə qalxsa, bu, sadəcə dörd günlük döyüşlərlə bitməyəcək. Özləri anlamırsa, erməni havadarları bunu anlamalı, bir neçə generalı işdən qovmaqla vəziyyəti düzəldəcəklərini, ordumuzun qarşısında duruş gətirəcəklərini zənn edən, reallıq hissini itirmək üzrə olan Serj Sarkisyanı təkidlə danışıqlar stolu arxasında əyləşdirməli, ən nəhayət, işğalçı tör-töküntülərin Qarabağdan rədd olub getmələrini tezləşdirməlidirlər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər