• çərşənbə axşamı, 19 mart, 15:41
  • Baku Bakı 8°C

Dünyaya sığmayan şair kinli ürəyə heç sığmaz

24.06.19 14:00 2497
Dünyaya sığmayan şair kinli ürəyə heç sığmaz
Düşünürəm ki, hər kəs tədqiq etdiyi obyekti sevərək öyrənməlidir. Otuz ildən artıq müddətdə İmad əd-Din Nəsimi Şirvaninin həyat və yaradıcılığını araşdıran Səadət xanım Şıxıyevanın bu ölümsüz şairimizə olan məhəbbəti isə ölçü hissini itirərək məcnunəliyi də adlayıb keçib. Mövlanə Məhəmməd Füzulinin Məcnunu İbn Səlam haqqında deyirdi:
Ol dostum idi, degildi düşmən,
Həm ol ona aşiq idi, həm mən.

Səadət xanım isə Nəsimini sevərək tədqiq edən həmkarlarına nəinki düşmən, hətta cani kimi baxır. Nəsimidən kim nə yazırsa, onun əhvalı dəyişir, qısqanclıqla cümlələri təftiş edib mütləq özündən bir köçürmə məqamı "kəşf” edir. "Köçürmə” Səadət xanımın lüğətində ən sıradan bir fikrin bənzəyişi mənasındadır. Bu xanıma elə gəlir ki, Nəsimi Şirvaninin küll ixtiyarı onun əlindədir və dedikləri də mütləq həqiqətdir! Böyük-kiçik bilmədən, sözünün çəkisini hesablamadan ondan yaşca və başca böyüklərə "hücumlar” edib və etməkdədir. Cavabı verilsə də, sakitləşmək bilmir. Özündən başqa hamını uğursuzluğunun müqəssiri bilir. Bu da onu həyəcanlandırır, özünün dediyi kimi, "6 aydır ki, səbrimi sınağa çəkirlər...” Bu altı ay ərzində mənim "İmadəddin Nəsimi” kitabım nəşr olunub axı... Vallah, billah bu sağlam sevgi deyil, Nəsimi Şirvani yumruq boyda kin-küdurətlə dolu olan ürəyə sığmaz!
Bu ilin 27 mayında "Kaspi” qəzeti İmad əd-Din Nəsimi Şirvaniyə həsr olunmuş xüsusi nömrəsində mənim "İmadəddin Nəsimi Şirvaninin musiqi dünyası” adlı müxtəsər məqaləmi çap edib. Bu Səadət xanıma xoş gəlmədiyi üçün Face-book səhifələrində haqqımda ədəbdənkənar sözlər yazıb. Buna görə əvvəlcə, məşhur ərəb atalar məsəlini xatırlayıb cavab vermək istəmədim, sonra fikirləşdim ki, yox, cavab verilsə yaxşıdır, çünki hər kəs öz yerini tanıyıb bilməlidir.
Nəsiminin musiqi dünyası mövzusu təzə deyil, bu barədə Səadət xanım orta məktəb şagirdi ikən, çox-çox öncələr də, hələ ötən əsrin 70-ci illərindən yazıblar. Nəsiminin 600 illiyi illərində korifey şairimizin yaradıcılığının bütün sahələri haqqında sovet ideologiyasının verdiyi rüsxət çevrəsində müxtəlif ixtisas sahibləri qələm işlədib. Hətta İraqın Mədəniyyət və İncəsənət nazirliyi Musiqi İncəsənəti departamentinin aylıq bülleteni olan musiqiyə aid "Gisara”(Gitara) dərgisinin 1979-cu il VI sayında, 28-29-cu səhifələrdə Sinan Səidin təqdimatı ilə "İmad əd-Din Nəsimi əl-Bəğdadi... və musiği” adlı ərəbcəyə tərcümə edilən məqalə çap olunub. "Bizim əsr” qəzetinin 10.08. 2003-cı il sayında nəşr olunan "İrfan rəmzləri: Musiqi” məqaləmdə Nəsiminin musiqi görüşlərindən də söz açmışam.
Qamışı düz kəsəndə "qəsab” (ney), yanpörtü kəsəndə isə "qələm” alınır. Musiqi və şeirin eyni qaynaqdan – qamışdan yarandığı barədə musiqiyə dair yazılan risalələr və kitablarda kifayət qədər çox məlumat var və mən orta əsrlər mütəxəssisi kimi musiqi və orta yüzilliklərin bir çoxlarının adını belə eşitmədiyi başqa elmlərini də aspirant olduğum vaxtlardan davamlı şəkildə öyrənirəm. Klassik alimlərdən öyrənirəm, zəif "mütəxəssis”lərdən öyrənməli nə var ki?..
2008-cı ildən işlədiyim Azərbaycan Milli Konservatoriyasında tədris etdiyim Muğam mətnlərinin dili fənni daxilində etno-orqanologiya, ədvar, məqam və muğamların mənşəyi, iqa-əruz-üsul elmləri, əbcəd notaqrafiyası barədə də tələbələrimə kurs keçirəm. Məni ondan köçürmədə ittiham edən Səadət xanım Şıxıyevanın saydığım elmlərin heç olmazsa, birindən xəbəri olmasına şübhə edirəm.
"Nə üçün bu belədir?” – sualına Səadət xanımın yaradıcılığında cavab tapmaq mümkün deyil. O, öz komplekstual baxışlarıyla elmdə təzə söz demək iddiasında ikən əsasən səhv, bəzən də mübahisəli nəticələrə gəlib çıxır. Mənim kimdənsə köçürməyə, xüsusilə elmi-analitik təfəkkürü ilə fərqlənməyən Səadət xanımın yazdıqlarından istifadə etməyə heç bir ehtiyacım yoxdur!!! Bir də, bu iddialı xanımın yazdıqlarını ciddi elmi araşdırma saymadığım üçün onları heç mütaliə həvəsində də deyiləm. Hərdən həmkarlar bu yazılardan sitat gətirəndə, yazıya baxıram, kimlərdən iqtibas edildiyi, gəlinən nəticənin düz olmadığı barədə tənqidlərimi həmkarlarıma şifahi bildirməklə kifayətlənirəm. Tənqidi fikirlərimi nəşr etməyi şənimə sığışdırmamışam ki, qadına cavab vermək köhnə kişi kimi bizə yaraşmaz. Görürəm ki, yox, gender söhbətinin yeri deyil, elm elmdir, batiletmə cavabı da elmə bir xidmətdir.
Mənim musiqi təhsilim var, yazdığım "Ulduz elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı” (2016), "Azərbaycana göndərilən Peyğəmbərlər” (2017) və "Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” (2019-da az bir hissəsi "Elm” nəşriyyatında "İmadəddin Nəsimi” adı ilə çap olunub) monoqrafiyalarımda yeri düşdükcə, muğam sistemimiz haqqında kifayət qədər söz açmışam. Orada etno-orqanologiya məsələlərinə də toxunmuşam. "Kaspi” qəzetindəki məqaləmdə monoqrafiyamdan bir neçə səhifəni ixtisarla vermişəm. Məqaləmdəki köçürmədə iftira olunan mətnim tam halda belədir:
" madəddin Nəsimi Şirvani Azərbaycan musiqi alətlərilə bağlı beytlər qələmə alıb. Nəfəslə çalınan "sur”, "nəfir”, "ney”, "ərğənun”, simli alətlərdən "tənbur”, "rübab” və "çəng” musiqi alətinin adı şairin qəzəllərində rast gəlinir:
Qopdu qiyamət fitnəsi, uruldu surun nəfxəsi,
İştə nəfirin seyhəsi, çalındı sanma çalına.

Gəldi fəğanə can yеnə nеy kimi, suzü dərd ilə,
Kim nə bilir bu хəstənin dərdi nədir, dəvasi nə?

Altı avaz, on iki pərdə yigirmi dörd şüəb,
Həm rübabü ərğənunam, çəng ilə tənburuyam.
Nəsimi Şirvani çəng alətini dominant kimi başqa musiqi alətlərinin mərkəzində görür, nəğmə və rəqslə bir neçə kombinasiyada təqdim edir:
1. ayrıca çəng,
2. çəng, rübab,
3. çəng, ney, qanun,
4. çəng, dəf, tənbur, rəqs
5. çəng, saz, dutar
6. dəf, çəng, ney
7. çəng, nəğmə, tənbur, rübab
8. dəf, çəng, çəğanə, nay, tənbur
9. mütrib

Musiqi alətlərinə bu cür yanaşma Mövlanə Məhəmməd Füzulinin "Həft cam” mənzuməsində də özünü göstərir. Nəsimi Şirvani çəngi dominant götürüb musiqi alətlərini bu cür düzməklə müxtəlif məclislərin keyfiyyətini göstərir. Burada, musiqi alətlərinin orkestirlənməsi sözgəlişi deyil, şah, əyan-əşrəf, qismən kasıb evlərinin şənlik məclisləri və dini sakral mühitdəki musiqi sferasına görə müxtəlif kombinasiyalarda qələmə alınıb.

1. ayrıca çəng

Zahidin mehrab içində zikrü taətdir işi,
Aşiqin məhbub önündə çəngi zirü bəmdürür.

Beytdə qeyd olunur ki, islamda zahidlik olmasa da, zahid məsciddə Qibləni göstərən mehrab önündə oturub zikr və itaətlə məşğuldur. Aşiqin isə öz sevgilisinin qənşərində çəngi zil və bəmdə köklənib. Zil və bəm sevinc və kədərə işarədir. Bir musiqi aləti kimi çəngə müraciət etmə təsadüfi deyil. Çəng bir musiqi aləti kimi görünüşcə, taleyinə boyun əyən aşiqə bənzədiyi üçün şairlər bu bənzəyişdə gözəl eyniyyət görüblər. Çəng-aşiq paralelləri aparan XV əsrdə yaşamış osmanlı şairi Əhməd Dai (1360 – 1421) 1446 beytlik "Çəngnamə” adlı ayrıca poema yazıb.
Çəngin uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir, aşağı tərəfinə bərkidilmiş hissə isə qol adlanır və bu hissədə aşıxlar yerləşdirilir. Simlərin bir ucu çanaq hissədə dəri üzərində yerləşən metal ilgəklərə, biri isə alətin qol hissəsində yerləşən taxta aşıxlara bağlanır. Alətin çanaq hissəsi ilə qol hissəsini birləşdirən uzun taxta çubuq ox adlanır.
300 ildən sonra mərhum Məcnun Kərimov tərəfindən bərpa olunaraq musiqimizə qayıtmış çəngin otuz simi var. Çanağın hündürlüyü 850 mm, qolunun uzunluğu 665 mm-dir. Xromatik sırası 30-31 səsdən ibarətdir. Çəng digər simli alətlərdən fərqli olaraq üsküklə, mizrabla, ağac toxmaqla, yayla deyil, yalnız sağ və sol əllərin barmaqlarının yumşaq hissələrini simlərə toxundurmaqla ifa olunur. Çəngdə bir oktava daxilində bütün xromatik qamma səslərinin ifa edilməsi mümkündür. Bərpa olunmuş çəngin diapazonu kiçik oktavanın "fa” səsindən ikinci oktavanın "si” səsinə qədərdir.

Gətir, gətir, gətir ol kaseyi-rəvanpərvər,
Gətir, gətir, gətir ol çəngi, bi Nəva göstər.

2. çəng, rübab
Çün Nəsimiyə bu Fəzl açdı hidayət qapusın,
Çalınız çəngü rübabı, içəlim nüqlü şərab.
Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət miladdan öncə I minillikdə ixtira edilib. X əsrdə yaşamış görkəmli alimƏl-Farabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir. İlkin Orta əsrlərdən XVII yüzilliyədək Azərbaycanda geniş istifadə edilmişdir. XVIII yüzil heç bir şairlərimizin şeirlərində artıq çəng alətinin adı çəkilmir.
Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər. Orta əsrlərdə Səlcuqlarla birgə Anadoluya çox sayda uyğur sənətkarlar da gəlibTəbriz (türk)və ümumiyyətlə Şərq miniatürünün inkişafına böyük təkan verirlər. Onlar eyni zamanda Orta Asiyada yayğın olmuş çalğı alətlərini də yaymış ola bilərdilər.AzərbaycandaQoşqar adlı həm dağ, həm çay (Daşkəsən rayonunun ərzaisində) var. Sonralar Çindəki uyğurların bir hissəsiÖzbəkistanaköçdükdə bu alət orada da geniş yayılır.
İmadəddin Nəsimi farsca divanında da çəng ilə rübabın qoşa səslənməsinə dair yazıb:
گر بگویم قصۀ شوق تو با چنگ و رباب
نالهای زار از چنگ و رباب آید برون
(Gər bequyəm qisseyi-şovqe-to ba çəngo rubab,
Naləhayi-zar əz çəngo rubab ayəd berun.
)

Tərcüməsi: Əgər sənin şövqlü hekayətini çəng və rübabla söyləyirəmsə,
Çəng və rübabdan naleyi-zar sədaları çıxır.

Burada şair hər iki alətin eyni zamanda səslənmə sədalarını düzgün təyin edə bilib. Başqa bir beytində də şair bu iki aləti qoşa dilləndirir:

از صدای ذکر سالوسان خود بین به بود
پیش حق صوتیکه از چنک و رباب آید برون
(Əz sədaye-zekr salusane-xudbin beh bovəd,
Pişe-Həqq sovtikə əz çəngo rubab ayəd berun.
)

Tərcüməsi: Özündənrazı, yalançıların zikr sədalarından daha yaxşıdır
Haqqın önündə çəng və rübabdan çıxan səslər.

Simli alətlərə pis münasibətlə deyilmiş cümlənin Peyğənbərimizin hədisi kimi qəbul edildiyi orta yüzilliklərdəki dini cəzalandırma sisteminin çox güclü olan zamanında belə, şair bu beytləri deməkdən çəkinməmişdi.

3. çəng, ney, qanun

Qurulmuş məclisi-şahi, çalınır çəngü ney, qanun,
Tərənnümlər qılır mütrib, ara yerdə şərab oynar.


Şairin şahanə məclislərdə iştirak etməsini özü söyləyir, yoxsa Nəsimi Şirvaninin sərgərdan gəzənlər içində təsvirləri onun haqqındakı təsəvvürləri təhrif edib.
4. çəng, dəf, tənbur, rəqs

Oynaram rəqqas olub çəngü dəfü tənbur ilən,
Çünki məndə şeş cəhət var, dönməzəm çarparadan.


Şair səma spritik rəqsi barədə söz açıb. İndi də səmazənlər çəng istisna olunmaqla, dəf (məhzər), tənbur və ney sədaları altında rəqs-zikrlə məşğul olurlar.

5. çəng, saz, dutar

Havada tutiyü qumru, çəməndə çəngü saz eylər,
Dutar ahəngini quşlar kimi zilü, kimi bəmdən.

Beytdəki "dutar” sözü eyham bədii fiquru kimi həm "tutmaq” felini, həm də ikisimli musiqi alətinin adını bildirir.

6. dəf, çəng, ney

Külli yerü gög Həqq oldu mütləq,
Söylər dəfü çəngü ney "ənəl-Həqq”.


Nəbzin ritmi (dəf), ürək telləri (çəng), nəfəs (ney) olmaq etibarıyla 3 musiqi aləti insanın bio-fizioloji rəmzi kimi çıxış edir. Musiqi ruha, ruh Allaha məxsus olduğu üçün musiqi alətləri "mən Haqqam” – deyə bilər. Bu fikir Nəsimi Şirvaninin başqa bir beytində də keçir:
Ənəlhəq çağırır çəngü dəfü nеy,
Yalançı laila-illaya düşmüş.


7. çəng, nəğmə, tənbur, rübab
Xoşdur əgərçi, cümləsi bir yerdə cəm ola,
Avazi-çəngü nəğməvü tənbur ilən rübab

Bu heyətdə olan musiqiçilər, üç sazəndə, bir nəvazəndə kasıb ailələrin şənliyində işləyib.

8. dəf, çəng, çəğanə, nay, tənbur
Dəfü çəngü ciğanə, nayü tənbur
Düzülsün daima zilü bəm olsun.

Zərb, nəfəs və simli alətlərin beşi bir ansamblda imkanlı ailələrin şənliklərini yola verirdi.

9. mütrib

Eşqi-Həqq irdi mütrib ilə çü saz,
Nəğmeyi-Davud ilə gəldim baz

Mütrib kimi hər ləhzə ənəlhəq dili söylər,
Еy nayə giriftar olan, dur yеnə çal nay.

Sun saqiya, kasən rəhiq, çal mütriba, еşq əzgüsün
Kim, məst olan bu badədən qəltanü həm hеyran gərək.


Beytlərdə mütrib irfan şeyxinin arxitipidir. Bəlkə də, Mövlanə Məhəmməd Füzuli "Həft cam” dastanını yazarkən Nəsimi Şirvaninin musiqi elminə bələdliyini aşkar göstərən bu sistemindən bəhrələnib.
Nəsimi Şirvaninin musiqi dünyası bugünki baxış bucağından çox nurlu və əsrarlı görünür”.
Mənim üçün nə qədər utanclı məqam olsa da, etiraf edim ki,"Sivilizasiya” adlı dərginin mövcud olduğunu eşitməmişdim. Bu dərginin 2017-ci ilə aid 2-ci sayında "Türk divan ədəbiyyatında musiqi terminləri” məqaləsindəki bölgüdən, guya mənim köçürdüyümü iddia edən Səadət xanımŞıxıyeva yazır: "Nəsimi şeirində musiqi alətlərinin istifadəsində də bir mütənasiblik (mütənasiblik nədədir və nəyi bildirir? - H.G.Q.) görünür. Şair musiqi alətlərini kiçik qruplar şəklində istifadə edir:
– dəf, çəng və ney;
– çəng və rübab;
– rübab, ərğanun, çəng və tənbur;
– çəng, dəf və tənbur.
(Bu qruplaşdırma və dəyərləndirmə mənə aiddir. Başqa birində rast gəlinmir)”.
Oxucu özü müqayisə edirsə, görər ki, bizim bölgüdə qanunauyğunluq sistemi, elm var, digərində isə xaotik, təsadüfi seyrçilik. Xanımın mətnindəki "Şair musiqi alətlərini kiçik qruplar şəklində istifadə edir” cümləsi nə deməkdir? Bəlkə Nəsimi konsertmeyster imiş? Əgər mənim mətnimi yaxşı oxusaydı, bu "qruplar”ın niyə məhz belə təqdim edildiyini fəhm edərdi.
Mənə olunan ikinci irad dəhşətli dərəcədə absurddur. "Qopuz” türk sözüdür, sonradan musiqi alətlərinin hamısına şamil edilsə də, ilkin anlamda ozanların oxusunu müşayiət edən bəsit alətə deyilirdi. Səadət xanımŞıxıyeva: "Ehtimal ki, muğamlardan bəhs edilərkən qopuzun da xatırlanması orta çağda "saz” sözünün, ümumiyyətlə, "musiqi aləti” anlamında istifadəsindən qaynaqlanır"– cümləsi elmi baxımdan səhvdir. Heç vaxt qopuzda muğam çalınmayıb. Qopuz kamanla ifa olunan ikisimli, diapazonu kiçik musiqi aləti idi. Muğam ifası üçün çoxsimli, hər oktavasında ən azı 17 səs olan çoxoktavalı musiqi aləti gərəkdir, çoxsimli çəng, səntur, qanun və tar, yedəkçi alət kimi çəğanə və ya balaban bunu gerçəkələşdirirdi, həmin alətlər isə "qopuz” deyilməyib. Mənim : "Saz”, indi təsəvvür etdiyimiz təkcə aşıq musiqisilə bağlı olmayıb, musiqi alətlərinə verilən ümumi addır" –cümləmi guya onun göstərdiyim cümləsindən köçürdüyümü iddia edir. Nə boyda başqasına həqarət və özündən müştəbehlik!?. Hətta ibtidai musiqi məktəblərində oxumayanlar da bilir ki, musiqi alətlərinə "saz”, ifaçılarına "sazəndə”, xanəndələrə isə "nəvazəndə” deyilib.Bunun üçün Səadət xanımın türkiyəli alim Mehtap Erdoğanın "Divan şiirinin kaynaklarından musiki ilmi ve musiki terimleriyle yazılmış bazi manzumeler” (Uluslararası Sosyal Araşdırmalar Dergisi Volume:3, İssue: 15. səh.28-55) adlı araşdırmasından köçürdüyü, filologiya və musiqi elmlərinə az dəxli olan məqaləsini oxumağa lüzum yoxdur! Onun özünün dediyi kimi "Daha neçə-neçə istinadsız bəhrələnmələr... Xəcalət hissi, həqiqətən, bunlara yaddır.”
Hacı Firudin Qurbansoy
Azərbaycan Milli Konservatoriyasında
İctimai elmlər kafedrasının müdiri

banner

Oxşar Xəbərlər