• çərşənbə, 08 May, 04:33
  • Baku Bakı 13°C

Dünyada hər gün müzakirə olunan kitab

14.01.19 14:45 1493
Dünyada hər gün müzakirə olunan kitab
"Hamının bu həyatla üz-üzə dayandığı o məlum an fərqlidir. Həbsxanadan qaçıb uzun bir macəraya atılanda mənə elə gəlirdi ki, mənim durub keçmiş haqqında düşünmək imkanım olmayacaq. Amma mübaliğəli desəm, dərimin bədənimdən soyulub çıxdığı, ruhumun qarşıma keçib ona qulaq verməyimi tələb etdiyi anı mən də yaşadım. Tale məni üzüstə çırpdı. Belə ki, oğurluğun, vəbanın, cinayətin, terrorun, qanlı ticarətin içindən çıxmışdım. Ora qayıda bilməzdim. O həyatı tamamilə geridə qoymağın yolu bunu yazmaq idi. Həbsxanada çox çətinliklə əlyazmamım bir hissəsini xilas etdim. Və öz-özümə dedim ki, bu mənim çıxış yolumdur.. Xilasın yolu yaşadıqlarımı öz qanımla yazmaq da olsa, o yoldan gedəcəyəm” – Qreqori Devid Roberts.
Fəlsəfi baxışların, yüksək tempdə yaşanan macəranın, irqi ayrı-seçkiliyin, eşqin, qanunsuzluğun, qaçaqmalçılığın, ürək dağlayan həyat hekayələrinin həvəskar təsvirlərinin canlandırıldığı 900 səhifəni oxuduqdan sonra özünüzü "müdrik” status almış kimi hiss edə bilərsiniz. Çünki bütün həyatı "qanundankənar” olan Qreqori Devid Robertsin "Şantaram”ı bədii romandan çox, dünyada hər gün müzakirə olunan hər şey haqqında məlumat verən ensiklopediyanı xatırladır. Dünyada hər gün müzakirə olunan hər şeyin müzakirə olunmayan tərəflərinin ictimailəşdirildiyi kitabdan danışırıq. Bəs eşq? Eşqin müzakirə olunmayan tərəfi varmı? Varmış. Hər şeyi qanunsuz yaşayan adamların duyğularında, düşüncələrində də bir uyğunsuzluq var. Məsələn, eşqin ilahi qüdrətinin insaniləşdirildiyi az hekayə var. Ədəbiyyat belə hekayələrə uzunömürlülük haqqı vermir. Bəlkə də, bu da ədəbiyyatının mənfəətidir. Minillərdir ədəbiyyat bəlkə də, bu ilahi eşq mövzusundan, bu dürüstlük, mükəmməl qəhrəman obrazından mənfəət güddüyü üçün insani, sıradan olan hekayələri doğma hiss etsək də, onları sevmirik. Çünki ədəbiyyat bu hekayələrə bəşərilik statusu vermir. Sülh adamının bu qaranlıq hekayəsi kimi.

Eşq gücün düşmənidir

Həbsdən qaçaraq, Yeni Zelandiyada özünə Lindsey adı ilə saxta sənəd düzəldib, Bombeyə gələn, burada isə yaşadığı həyata kinayə edər kimi səslənən Şantaram təxəllüslü qəhrəmanın hekayəsini bitirdikdən cəmi bir neçə gün sonra oxucu nəsə çatışmayan bir şeyin axtarışına başlayır. İnsan Linbabanın macəralarından, duyğularından, insana "kaş mən də vaxtında belə edərdim” dedirdən seçimlərindən və hər nə olursa olsun, nəticəni lehinə dəyişə bilmək optimizmindən qopa bilmir. Çünki "Şantaram” sadə insanların adi həyatlarının qeyri-adi nüanslarını qabardan, eşq, intiqam, dost, düşmən, yaxşı, pis kimi klassik məfhumlara yeni yanaşma formalaşdıran romandır. Baş qəhrəman və təhkiyəçi Linin üzərində öz obrazını yaratmış müəllif oxucunu öz həyatını, qurduğu dostluqları, yaşadığı romantik macəraları yenidən, amma tamamilə fərqli prizmadan dəyərləndirməyə, ölçüb-biçməyə vadar edir. Yəni, bir tərəfdən də haqqında hər nə qədər "kommersiya maraqları”-na xidmət etdiyi iddiası səslənsə də roman ədəbiyyatın o bəşəri "reabilitativ” missiyasına xidmət göstərir. Bütün dünyagörmüşlüyünə, hiyləgərliyinə baxmayaraq, Linin könlünü çirkabın dibinə düşmüş Karlaya verməsi də həyatın minillik ironiyasından heç kimin qoruna bilməyəcəyini xatırladır. Lindən fərqli olaraq, onun vurulduğu Bollivud gözəlçəsi Karla isə nəinki bir romanın, heç bir eşq nağılının baş qəhrəmanı ola bilməyəcək qədər cılız və bəsitdir.
"Sevgini və taleyi, seçimlərimizin nəticələri ilə yaşamalı olduğumu anlamaq üçün uzun bir zaman keçirməli və dünyanın çox böyük bir hissəsini gəzməli oldum. Lakin bu heç də o demək deyil ki, qənaətim mütləq həqiqətdir. Hamının əsl həyat hekayəsi birini bağışlamaqla edam etmək arasında qalarkən etdiyi seçimlə başlayır”.
Qreqori Devid Roberts "Şantaram”-da özü kimi seçimlərinin nəticələri ilə barışmayan bir baş qəhrəman yaradıb. O, oğurluğu, qeyri-qanuni fəaliyyəti bir həyat yolu kimi seçib, irəliləmişdi. Həbsxana bu seçimin nəticəsiydi. Lakin, Roberts oradan qaçmaqla seçiminin nəticəsi ilə barışmadığını və taleyə meydan oxuya biləcəyini göstərdi. Amma bütün yüksək əzmli mübarizələrin, özünümüdafiə tədbirlərinin sonunda həyat yenə abstrakt bir məfhumun, mücərrəd bir qüvvənin ixtiyarına verilir. İnsan taleyin hökmünə bütün əzəməti ilə boyun əyir.
Lin həbsxanadan qaçmaqla, yeni yol seçməklə yüzlərlə tale ortağından fərqlənməyi sınayır. Onun hər addımda bir seçimlə üzləşməsi, taleyi hər addımda qabaqlamaq cəhdləri ən azından həyatını xilas edir.
Linin "Şantaram” təxəllüsü aldıqdan sonra oğurlanaraq, saxlandığı yerdə adına uyğun işlər görməsi oxucuya yeni həyatın başlanğıcı təsiri bağışlayır. Onun kasıblıq, qaçaqmalçılıq, əmək istismarı ilə mübarizə aparmağa başladığı səhnələr oxucunu ümidləndirir. Amma bu Robertsin əks etdirmək istədiyidirmi? Qətiyyən. Çünki müəllifin nəzərində əsl hekayə seçimdən sonra başlayırdı. Bu həyat tərzi Lin üçün sadəcə seçim idi, əsla ondan sonrakı yol deyildi.
"Şantaram”-da hər nə qədər auditoriyanın bələd olduğu gündəm mövzulara toxunulmuş olsa da, müəllifi bayağılıq, sıradanlıqda ittiham edənlərə haqq qazandırmaq heç də adil yanaşma deyil. "New-York Times” roman üçün hazırladığı təqdimat stendində sadalanan ifadələr arasına "anlaşılmaz bir eşq” epiteti yapışdırmış olsa da, bu fikirlə də qətiyyən birmənalı şəkildə razılaşmaq mümkün deyil. Bəli, Qreqori Roberts qanun qaçağı həyatı yaşamış, yüzlərlə macəradan keçmiş olsa da, "Şantaram” ədəbiyyata çox uzaq qalmış bu adamın ilk əsəridir və mütaliə zamanı peşəkar bir oxucuya, ədəbi tənqidçiyə hədsiz sıradan gələn nüanslar mütləq mənada özünü büruzə verir. Lakin romanın baş qəhrəmanı Linin təhkiyə etdiyi hekayələrin sosial yükünü, yaşanan cinayətlərin pərdəarxasını, Hindistan, Pakistan, Əfqanıstan əhalisinin bir insan ömrü üçün çox ağır olan qayğılarını işıq üzünə gətirməklə də müəllif bir bədii nümunəyə qoyulan tələbi qarşılayır. Amma təəssüf ki, Robertsin həyatının müəyyən hissələrini keçirdiyi yerlərə olan xoş duyğuları, səmimi arzuları, roman boyu önümüzə parlaq şəxsiyyətlər çıxarması bu problemləri bir həllə, bir çıxışa qovuşdurmasına kömək etmir.
"Bəzi duyğular qəlbin elə dərinliklərinə çökür ki, onları yalnız özünlə baş-başa qalanda yenidən tapa bilərsən. Bəzi həqiqətlər o qədər ağırdır ki, yalnız həya hissi onlarla ömür boyu yaşamağınıza kömək edə bilər. Bəzi hekayələr o qədər kədərlidir ki, ruhun əlindən sadəcə onu yaşayanlar üçün göz yaşı tökmək gəlir”.
"Şantaram” Amerika və Avstraliyada ilin ən çox satılan əsəri rekorduna imza atmış olsa da, ədəbi gücünü birmənalı şəkildə sübut edə bilməyib. Tənqidçilər müəllifi "qanunsuz bir həyatdan mənfəət əldə etməyə” çalışmaqda ittiham edərək, birmənalı şəkildə əsərin əbədiyaşarlığa layiq bir ədəbi çəkisi olmadığını bildiriblər. Bu haqda "Quora”, "TimesReview”, "Kirkus”, "EditionCNN” kimi platformalardakı yer alan fikirlər Robertsin bir müəllif kimi özünü ancaq növbəti əsərlərdə sübut etmək imkanının olduğuna işarə edir. Təəssüf ki, Robertsin sonrakı iki romanı heç də gözlənən uğuru qazanmadı.
Melbörn Universitetinin fəlsəfə bölməsinin professoru Troy Patterson "Şantaram” haqqındakı yazısında bu səslənən fikirlərə bir sualla qarşılıq verir: "Bütün bunlar geniş bir auditoriyanın fikrinə üstün gələ bilərmi? "Şantaram” qəribə, oxucunu özü ilə çəkib aparan bir həyat hekayəsidir. Qreqorinin narkotik aludəçisi, keçmiş məhbus, qanun qaçağı, təsadüfi uğur qazanmış müəllif olması "Şantaram”-ın əzəmətinə heç bir təsir göstərə bilməz. Bu hekayənin uğurunun özünəməxsusluğundan, təkrarsızlığından qaynaqlandığı danılmazdır”.
Müəllif isə 2009-cu ildə "CNN”-ə verdiyi müsahibədə haqqında səslənən iddialarla bağlı suala belə cavab verir: "Bəli, mən özümü, ədəbi istedadımı göstərmək üçün hələ çox dərc olunmalıyam. Amma mən "Şantaram”-a kimi 20 il yazmışam. Şeir, hekayə, esse, memuar… Mənim sadəcə oxucuların olduğu auditoriyaya çıxışım yox idi. Mən həmişə yazmışam, amma ictimai sima ala bilməmişəm. 10 il qaçaq həyatı, 10 il həbsxana. Bu isə mənim öz seçimimin nəticəsiydi və yanlış seçimlərimin əvəzini artıqlaması ilə ödədiyimi düşünürəm. "Şantaram” isə həyatımın gün işığı görməyən illərinin hədiyyəsidir. "Şantaram” işıq üzü görəndən sonra bir yazıçı kimi bütün nüfuzumu sosial qurumlar üçün xərclədim – ictimai maarifləndirmə təlimlərində, xeyriyyə işlərində, insan haqları və sosial ədalət uğrunda aparılan mübarizələrdə həmişə ön sırada yer aldım. Mən, bəlkə də, unudulacam. Amma "Şantaram”-ın kiminsə həyat hekayəsi olması, onun qeyri-adiliyini heç kim dana bilməyəcək. Həm də ki, bu öz yerini həmişə təmiz saxlamağa çalışan adamlar üçün yazılmayıb”.
Sonradan hekayənin ekranlaşdırılması üçün film sektorundan Russel Krov, Varner Bros, Piter Vayer, Erik Rot, Mira Nayer kimi aparıcı ssenarist və rejissorların müraciət etməsi və ən azı özü qədər uğurlu bir "Mumbai güzgüsü” ("Mumbai Mirror”) ekran əsərinin ərsəyə gəlməsi də "Şantaram”ın uğurunun bariz nümunəsidir.
"Eşqə bu qədər möhtac olmağımızın, ömür boyu ümidsizcə onu axtarmağımızın səbəblərindən biri də yalnızlığın, dərin utancın və kədərin yeganə dərmanı olmasıdır”.
Bəlkə də, bu əsərlə heç vaxt açıqlamadığı məhəbbət hekayəsinə, heç kimin açıb, ictimailəşdirməyə ürək etməyəcəyi macəraya əbədiyaşarlıq qazandırmağa çalışan Roberts istəyinə müəyyən qədər nail olub. Belə ki, hazırda vətəni Avstraliyanın ən sevilən ictimai simalarından olan müəllifin əsəri 14 ildir ki, hər il yenidən tirajlanır. Meqan OQradi müəllif haqqında qələmə aldığı təəssürat yazısında roman haqqındakı fikirlərini bölüşür: "Qreqori ilə söhbətləşə-söhbətləşə böyük kitabxana-mağazaya çatdıq. "Şantaram”-ı işarə edərək, "tez diqqəti cəlb etməsi üçün bu qədər irihəcmli yazmısınız?” –dedim. Gülümsədi: "Bu mənim yaşayıb sonra yazdığım hekayə deyil, bu mənim yaşaya-yaşaya yazdığımdır. Ona görə belə irihəcmlidir. Bir günü bir roman boyu təsvir edənlər var, mən 20 ili 900 səhifə ilə tamamlamışamsa, pis nəticə deyil”. Orda yazara romanın cəmi 200 səhifəsini oxuduğumu demədim. Bir nümunə götürdüm, imza almaq adıyla… İndi isə dörd aya bitirdiyim roman haqqında nəsə qaralayarkən Robertsi xatırlayıram, romanı dönə-dönə gözdən keçirir, onun qeyri-peşəkarlığı haqqında səslənən fikirləri götür-qoy edirəm. Əsərin ilk hissələrində müəllifin dilindəki lənglik, nəyinsə xəyalı ilə nitqinin sürəti azalan təhkiyəçi oxucunun gözündən qaçmır. İnsan daxilən "kaş bu bir roman yox, elə memuar olardı” – hissi keçirir. Amma bütün hekayə həqiqətdirmi, məgər?! Linin həyatından bir yazar çıxa bilərdimi? Əsla. Böyük həvəs və maraqla oxuduğumuz Linin həyatını yaxşı yaşayan və yaxşı yaza bilən bir ədəbiyyat adamı yazıb”.
Romanda ən həyəcanlı təsvirlər Bombey əhalisinin həyat tərzi, dünyagörüşü, yaşam fəlsəfəsi, əfqan terror təşkilatının lideri Qadirin romana daxil olduğu hissələrdə canlandırılır. Bu səhnələrdə, Linin yerli əhalinin həyatı haqqında düşüncələrini, onların çətin şəraitinin şahidi olduqca keçirdiyi hissləri qələmə aldığı hissələrdə müəllif bütün istedadını sərgiləyir. Bu təsvirlər romanın əsl nəsr ustasının qələmindən çıxdığına oxucunu inandırır.
Ecazkar isveçli xanımın romana daxil olduğu hissələrdə isə Roberts hər ədəbiyyat adamı kimi şair olur. Onun bu qaranlıq dünyaya, bataqlığa aid olan qadına bəslədiyi duyğular olduqca kövrək, ümidsiz bir dillə, amma bir o qədər qüsursuz işlənib: "Mənim bu gücsüz bədənim sanki onun arabası idi. Nə zaman baxışlarımız toqquşsa, üzünü günəşə çevirib məni də özü ilə sürükləyirdi. Onun bədəni isə mənim içimdən axan çay idi. Nə zaman yaxınımda olsa, dəniz kimi qabarırdı sinəm. Dilimiz kim olduğumuzu çılğınca etiraf edirdi hər yerdə – insanıq, aşiqik”.
42 hissədən ibarət roman əslində səbirli bir oxucuya sükutun, sevginin və xoşbəxtliyin sirrini açır. Müəllif yaşadığı bütün çətinlik və əziyyətə baxmayaraq, əsla oxucunu ümidsizliyə vadar etmir. Romanı tamamlayan "Və həyat davam edir” cümləsi bəlkə də, əslində Robertsin qəhrəmanların həyatda olduğuna işarəsidir. Lakin oxucuya bir ümid aşılayır. Çünki həyatın təməlində xilas, azadlıq, əfv və ən əsası yola davam etmək arzusu dayanır.
Tərcümə etdi və hazırladı: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər